Məhkəmə qərarları › İş №2(005)-696/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-696/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-696/2023 23.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, Cavabdeh Əmanətlərin Sığortalanması X5 "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması X5 "xxxx" ASC-nin, Respublika Xammal və Əmtəə birjasının ”Külək” MMC, Gəncə şəhəri üzrə İcra Şöbəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “cavabdeh Respublika Xammal və Əmtəə birjasının ”Külək” MMC –nin xx.xx.2021-ci il tarixli, 31/16 nömrəli X6 Protokolunun etibarsız hesab edilməsi və Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıda müəyyən olunmuş hallara əsasən qətnamə qəbul etdi. Təsviri hissə: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4416/2017 nömrəli xx.xx.2017-ci il tarixli Qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “kredit müaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin geri qaytarılması və tutmanın ipoteka premetinə yönəldilməsi” tələbinə dair iddia tələbi qismən təmin edilərək, cavabdehlər İddiaçı, X1 və X2 müştərək qaydada tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 03/3553/OBK nömrəli kredit müqaviləsi üzrə 34476.76 ABŞ dolları əsas borc, 15321.50 ABŞ dolları faiz borcu, cəmi 49798.26 ABŞ dolları kredit borcu qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq ödənilməklə, alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, cavabdehlər İddiaçı, X1 və X2 müştərək qaydada iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi ilə əlaqədar ödənilmiş 31 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməsi, xx.xx.2015-ci il tarixli 03/3553/OBK nömrəli kredit müqaviləsi üzrə cəmi 49798.26 ABŞ dolları kredit borcu qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq ödənilməklə, alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddia ərizəsi üzrə dövlət büdcəsinə iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumunun ödənilməsi xx.xx.2015ci il tarixli 03/3553/OBK nömrəli kredit müqaviləsi üzrə İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Əziz Əliyev küçəsində 0.0321 ha torpaq sahəsində yerləşən, 279 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, A-ümumi sahə 46.7 kv.m, A-yaşayış sahəsi 29.3 kv.m, Aköməkçi sahə 17.4 kv.m, A-mansard-0, A-zirzəmi 20.7 kv.m, A-açıq eyvan 16.3 kv.m, Atikinti altı sahə 74.5 kv.m, A-həcmi 253.5 kv.m, B-ümumi sahə 232.3 kv.m, B-yaşayış sahəsi 52.9 kv.m, B-köməkçi sahə 179.4 kv.m, B-mansard 172.4 kv.m, B-zirzəmi 0 kv.m, Baçıq eyvan 4.2 kv.m, B-tikinti altı sahə 168.4 kv.m, B-həcmi 1161.9 kv.m-dən 143 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evi (ipoteka predmeti) açıq hərracda satılması, İddiaçı mülkiyyətindəolan ünvan 2 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 140000 manat müəyyən edilməsi, Evin satışından əldə olunan puldan xx.xx.2015-ci il tarixli 03/3553/OBK nömrəli kredit müqaviləsi üzrə cəmi 49798.26 ABŞ dolları kredit borcu qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq ödənilməklə, alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddia ərizəsi üzrə dövlət büdcəsinə iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməsi, 143 nömrəli fərdi yaşayış evinin satış pulundan qalan hissə cavabdeh İddiaçı qaytarılması, İpoteka predmeti olan fərdi yaşayış evi satıldıqdan sonra, ən geci 1 ay müddətində ipoteka predmeti boşaldılması, cavabdehlər İddiaçı, X1 və X2 müştərək qaydada qiymətləndiricinin xidmət haqqı 200 manat alınaraq, "xxxx"MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Daha sonra Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4416/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədinin icra edilməsi üçün Cavabdeh1 tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Tələbin könüllü icra edilməsi ilə bağlı bildiriş tərflərə göndərilmişdir. Borclu tərəfindən həmin bildirişdə göstərilən müddət ərzində tələb könüllü icra edilmədiyindən, icra şöbəsi tərəfindən ipoteka predmetinin hərracda satılması üçün hərrac təşkilatına müvafiq sifariş məktubu ünvanlanmışdır. Hərrac təşkilatı tərəfindən ipoteka predmeti üzrə xx.xx.2021-ci il tarixdə saat 11:00-da ünvan 1 ünvanında hərracın keçiriləcəyi barədə məlumat verilmişdir. Qeyd olunan bildiriş X4 tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Təyin olunmuş gündə ipoteka predmeti satılmadığından əmlak ikinci dəfə xx.xx.2021-ci il tarixdə saat 11:00-da ünvan 1 ünvanında hərracın keçiriləcəyi barədə məlumat verilmişdir. Bundan sonra ipoteka predmetinin ipoteka saxlayana təklif edilməsi və onun razılığının alınması üçün Cavabdeh1nə məlumat verilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixində hərrac təşkilatı tərəfindən ipoteka predmetinin tələbkara təklif edilməsi ilə bağlı ptorokol tərtib edilmiş və həmin iclasda ipoteka predmetinin tələbkara 89250 manata satılması qərara alınmışdır. Daha sonra hərrac təşkilatı ilə tələbkar arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə bağlanaraq ünvan 2 ünvanda olan 279 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, A-ümumi sahə 46.7 kv.m, A-yaşayış sahəsi 29.3 kv.m, A-köməkçi sahə 17.4 kv.m, Amansard-0, A-zirzəmi 20.7 kv.m, A-açıq eyvan 16.3 kv.m, A-tikinti altı sahə 74.5 kv.m, Ahəcmi 253.5 kv.m, B-ümumi sahə 232.3 kv.m, B-yaşayış sahəsi 52.9 kv.m, B-köməkçi sahə 179.4 kv.m, B-mansard 172.4 kv.m, B-zirzəmi 0 kv.m, B-açıq eyvan 4.2 kv.m, B-tikinti altı sahə 168.4 kv.m, B-həcmi 1161.9 kv.m-dən 143 nömrəli fərdi yaşayış evinin 89250 manata satılması və tələbkar tərəfindən icra sənədinin icra edilməsi üçün çəkilmiş xərclərin tələbkar tərəfindən ödənilməsi razılaşdırılmışdır. Daha sonra qeyd olunan əmlak üzərində "xxxx" ASC-nin xüsusi mülkiyyət hüququ tanınmışdır. İddiaçı hazırki iddia tələbi ilə keçirilmiş X6 protokolun və alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC Gəncə filialı ilə iddiaçı arasında 12 avqust 2015-ci il tarixli, 03/3553/OBK saylı kredit müqaviləsi imzalanmışdır. Kredit öhdəliklərinin icrasının təmini üsulu kimi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən obyekt cavabdehin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit məbləğini qəbul etdikdən qısa müddət sonra manat devolvasiyaya uğramışdır. Eyni zamanda ipoteka ilə yüklü edilmiş Əziz Əliyev küçəsi ev 143 ünvanı ticarət obyekti kimi fəaliyyətini inkişaf etdirmək məqsədi ilə kredit götürülmüşdür. Təəssüf ki, Əziz Əliyev küçəsi də ticarət obyektinin fəaliyyətə başlaması ilə eyni zamanda həmin küçədə magistral su və kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar tamamilə bağlanmış və bu proses çox uzun müddət çəkmişdir. Bu barədə bankın Gəncə filialına yaranmış ciddi problemlə əlaqədar məlumat verərək müəyyən kompromis variantda qərar qəbul edilməsini xahiş edilmişdir. Günü-gündən vəziyyət əhəmiyyətli dərəcədə dəyişməkdə davam etməkdə idi. Heç bir güzəşt şərti olmayacağı bank tərəfindən bildiriilmişdir. Bu simvolik olaraq belə qiymətləndirilmişdir. İkinci Vətən müharibəsi gedişində Gəncə şəhəri düşmən tərəfindən raket zərbəsinə məruz qalmışdır. Həmin raketlərdən biri də yaşadığı evə və onun birinci mərtəbəsindəki qeyri-yaşayış obyektinin yaxınlığında yerə düşərək partlamış və nəticədə bina deformasiyaya uğrayaraq küllü miqdarda maddi ziyana düçar olmaqla yanaşı ailə üzvləri ağır dərəcəli stress keçirərək bu günədək əzab çəkməkdədirlər. İddiaçının şəhid qardaşı olmağı və ailəsinə qarşı yuxarıda sadaladığı problemlər bank tərəfindən laqeydliklə qarşılanmışdır. Bank kompromis vasitələrdən istifadə etmək, müqavilədə müəyyən güzəştlər etmək əvəzinə məhkəməyə müraciət etməyi üstün tutmuşdur. Vəziyyətin əhəmiyyətli dərəcədə dəyişdiyini müşahidə edən "NBC Bank” ASCnin Gəncə filialının əməkdaşları 08 sentyabr 2016-cı ildə Kredit Komitəsinə təqdimat verərək, güzəşt edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Təəssüf ki, təqdimat yalnız kağız üzərində qalaraq qərarın icrasından imtina edilmişdir. Vəziyyətinin normallaşmasına kömək edilməli olduğu halda, bankın hərəkəti (əslində hərəkətsizliyi) iddiaçının vəziyyətini daha çıxılmaz vəziyyətə salaraq mülkiyyətinin hərraca çıxarılması ilə nəticələnmişdir. Gəncə şəhər, Kəpəz rayon Məhkəməsinin № 2(043)-4416/2017 saylı 20 sentyabr 2017-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmişdir. Gəncə şəhər, Kəpəz rayon Məhkəməsinin № 2(043)-4416/2017 saylı qətnaməsinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1nə icra vərəqi təqdim edilmişdir. İcra işinin həyata keçirilməsi məqsədi ilə Gəncə şəhər, Kəpəz rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli, 2(043)-4416/2017 saylı icra vərəqəsi əsasında Cavabdeh1 AC 348169/17 saylı 03 mart 2021-ci il tarixdə hərracın keçirilməsinə dair sifariş məktubu "xxxx" MMC-nə təqdim olunmuşdur. Birinci hərrac 02 aprel 202]-ci il saat 11:00-a ünvan 3 ünvanda, ikinci hərrac 21 aprel 2021-ci il saat 11:00-a, ünvan 4 ünvana təyin edilmişdir. Həmin ərəfədə 2020-ci ilin oktyabr ayında düşmənin raket zərbəsindən deformasiyaya uğramış evinin bərpası ilə əlaqədar yaradılmış komissiya ilə birlikdə fəsadların aradan qaldırılması işində iştirak etməklə yanaşı, bombardmandan sonra ciddi xəstəliyə düçar olmuş həyat yoldaşının müalicəsi ilə məşğul olmuşdur. Hərrac barədə bildiriş iddiaçıya şəxsən təqdim olunmamış, həyat yoldaşı və oğluna təqdim olunan və imza atdıqları xəbəmamənin mahiyyətini dərk etməmişlər. Bu barədə iddiaçıya məlumat verməmişlər. Ona görə də iddiaçı hərracda iştirak edə bilməmişdir. Cavabdeh "Külək” MMC-nin 20 may 2021-ci il tarixli, № 31/16 saylı X6 Protokolunun etibarsız hesab edilməsinə və 20 may 2021-ci il tarixli ipoteka predmetinin cavabdeh ipoteka saxlayan "xxxx" MMC tərəfindən əldə olunmasına dair müqavilənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddia tələbinə etiraz edərək, izahatında bildirmişdir ki, lazım olan sənədlər tərəflərindən təqdim olunub. Borc ilə bağlıdırsa mübahisə iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verilə bilərdi. Lakin artıq həmin qətnamə qanuni qüvvəsini alıb. Hərracla bağlı bildirişlər lazımi ünvana çatdırılıb, protokol tərtib olunub, alqı-satqı keçirilib, qəzetdə də dərc olunub və hazırda həmin əmlak bankın balansına keçirilib. Hərracın keçirilməsi ilə bağlı hər hansı bir qanun pozuntusu baş verməyib. 2021-ci ildə protokol əldə etmişik. İki hərrac keçirilib və çıxarışda əldə edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Respublika Xammal və Əmtəə birjasının ”Külək” MMC, Gəncə şəhəri üzrə İcra Şöbəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə cavabdehlər Respublika Xammal və Əmtəə birjasının ”Külək” MMC, Gəncə şəhəri üzrə İcra Şöbəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iclasda iştirak edən şəxslərin izahatılarını dinləyib, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Hazırda etibarsızlığı müəyyən edilməsi nəzərdə tutulmuş mübahisə predmetinin əsasını qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra edilməsi təşkil etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiyal əlaqəsi yaranmış olur. Bundan başqa məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Respublika Xammal və Əmtəə birjasının ”Külək” MMC tərəfindən ünvan 2 ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 279 kv.m fərdi yaşayış evinə dair hərracların keçirilməsindən və sonda həmin əmlakın tələbkara 25 faiz aşağı qiymətlə təklif olunmağına dair protokol və qərarlardan məlumatsız olmuşdur. Qeyd olunan əsaslandırma ilə razılaşmayan məhkəmə aparılmış araşdırma zamanı cavabdehlər tərəfindən edilmiş hərəkətlərin qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qeyd olunan hüquqi mövqeni rəhbər tutan məhkəmə bildirir ki, qəbul edilmiş qətnamə üzrə verilmiş icra sənədi icra orqanı tərəfindən icraata götürülümüş və tələbin könüllü icra edilməsi üçün müvafiq bildiriş göndərilmişdir. Bundan sonra icra məmurunun ixtisaslaşmış təşkilata hərracın keçirilməsi barədə sifarişi vermişdir. İcra məmuru hərracın təşkilatçısına sifarişi “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib edərək, hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini sifariş məktubunda icra vərəqinə uyğun göstərmişdir. Bundan sonra hərrac təşkilatı verilmiş sifariş üzrə açıq auksion formasında ipoteka predmetinin satılması proseduruna dair hərəkətlər etmişdir. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldıqdan sonra hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirərək, tərəflərə poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. Daha sonra elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış tərəflərə göndərilmişdir. Keçirilmiş hərraclar baş tutmadığından ipoteka predmetinin qiyməti 25 faiz azaldılaraq hərrac təşkilatı tərəfindən tələbkara təklif olunmuşdur. Tələbkar təklif üzrə ipoteka predmetini müəyyən edilmiş dəyərdə qəbul etməsi barədə razılıq verdikdən sonra hərracın keçirilməsi barədə müvafiq protokol tərtib edilirək, ipoteka predmetinə dair tam mülkiyyət hüquqlarının ötürlməsi barədə hərracın yekunlarına dair alqı-satqı müqaviləsi bağlanmışdır.(“İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4, 41.5, 42.1, 43.7, 43.7-1-ci maddələri) Göründüyü kimi hazırda müvafiq dövlət orqanı və müstəqil qurumlar məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hüquq və vəzifələri yerinə yetirmişlər. Hazırda iddiaçı iddia predmeti üzrə etibarsızlığa əsas olan hal kimi, ona məxsus olan əmlaka dair hərracın keçirilməsindən məlumatlı olmaması ilə bağlı halları iş materiallarında olan hərracın keçririlməsi üzrə bildirişi qəbul etməsi ilə təkzib olunur. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, ipoteka predmetinin Respublika Xammal və Əmtəə birjasının ”Külək” MMC tərəfindən hərraclar qanunun tələblərinə müvafiq olaraq keçirilmiş və hərrac mərkəzi hərracın keçirilməsində haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması X5 "xxxx" ASC-nin, Respublika Xammal və Əmtəə birjasının ”Külək” MMC, Gəncə şəhəri üzrə İcra Şöbəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “cavabdeh Respublika Xammal və Əmtəə birjasının ”Külək” MMC –nin xx.xx.2021-ci il tarixli, 31/16 nömrəli X6 Protokolunun və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi”-nə dair iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması X5 "xxxx" ASC-nin, Respublika Xammal və Əmtəə birjasının ”Külək” MMC, Gəncə şəhəri üzrə İcra Şöbəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “cavabdeh Respublika Xammal və Əmtəə birjasının ”Külək” MMC –nin xx.xx.2021-ci il tarixli, 31/16 nömrəli X6 Protokolunun etibarsız hesab edilməsi və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi”-nə dair iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar