Məhkəmə qərarları › İş №2(005)-71/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-71/2024

11.03.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-71/2024 11.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqının ödənilməsi və s. tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əmək haqqı ödənişləri üzrə ümumilikdə 4618 manat məbləğində olan borcunun Cavabdeh MMC-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh MMC-dən ödənilməyən əmək haqqına görə 4618 manat, son haqq-hesaba görə 469,63 manat və əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ən azı 1 faiz məbləğində ödəncin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 03 iyun 2019-cu il tarixdə o, əmək kitabçasında qeyd olunmuş 189 saylı əmrə əsasən “X3’ MMC-nin təmir və servis bölməsində usta (avtoelektrik) vəzifəsində işləmişdir. “01” avqust 2020-ci il tarixli, 138 saylı əmrə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə) əsasən öz xahişi ilə işdən azad olunmuşdur. İşdən azad olunduğu tarixdən hazıra kimi ona əmək müqaviləsində razılaşdırılmış əmək haqqının ümumilikdə 4 618 manat hissəsi ödənilməmişdir. Cavabdeh MMC tərəfindən fərdi əmək mübahisələrini həll edən komissiya yaradılmamışdır. Əsas və digər ödənişlərinin ödənilməsi üçün cavabdehə 08 sentyabr 2022-ci il tarixdə tərəfindən yazılı müraciət təqdim edilmişdir. Həmin məktub bugünkü günə qədər cavabsız qalmışdır. Cavabdeh məhkəməyə ərizə təqdim edərək İddiaçı əmək haqqının tam ödənildiyini qeyd etmiş və buna görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: - İddiaçı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-yə təmir və servis bölməsinə usta (avtoelektrik) vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2021-ci il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir; - Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, 174 saylı əmrinin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə AR ƏM-in 68.2-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xx.xx.2021-ci il tarixdən xitam verilmişdir; - Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh MMC mediasiya sessiyasında iştirak etməmişdir; - Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Cavabdeh MMC-də işləmiş, xx.xx.2023-cü il tarixinə Cavabdeh MMC-dən 4618,8 manat alacağı qalmışdır; - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4703 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş iş materiallarında olan əmək müqavilələri, əmək kitabçası, arayış məlumatları, iş vaxtının uçot cədvəli, bank hesabı çıxarışları məlumatlarına əsasən Cavabdeh tərəfindən İddiaçı ödənilməli olan əmək haqqı 4618,8 manat müəyyən edilmişdir. Hesablanıb ödənilməli olan son haqq-hesabın 469,63 manat məbləğində olması müəyyən edilmişdir. Ekspertiza xərci 100 manat təşkil edir; - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, İddiaçı hesablaşma hesabına 2300 manat pul köçürülmüşdür; - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli “əmək haqqı 2022” adlı çıxarışından görünür ki, İddiaçı hesabına 1500 manat pul köçürülmüşdür; - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli “əmək haqqı 2022” adlı çıxarışından görünür ki, İddiaçı hesabına 819 manat pul köçürülmüşdür; - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9120 saylı ekspert rəyinə əsasən, hesablanıb ödənilməli olan əmək haqqı və son haqqhesabın ümumilikdə 4618 manat məbləğində olması müəyyən edilir. Ödənilmiş məbləğlər nəzərə alınmaqla, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənilməli olan ödəncin məbləği 27.045,12 manat təşkil edir. Ekspertiza xərci 100 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2021ci il tarixdə Cavabdeh MMC-yə usta (avtoelektrik) vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2021-ci il tarixdə tutduğu vəzifədən öz xahişi ilə azad olunmuşdur. Hazırda iddiaçı əmək haqqı və son haqq-hesabın ödənilmədiyinə istinad edərək ödənilməyən əmək haqqına görə 4618 manat, son haqq-hesaba görə 469,63 manat pulun və əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ən azı 1 faiz məbləğində ödəncin tutularaq ona ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1 və 154.2-ci maddələrinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 172-ci maddəsinin 1 və 4-cü bəndlərinə görə, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Eyni Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Beləliklə, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Əmək müqaviləsinin əsas şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Hazırki mülki iş üzrə iddiaçı əmək haqqı və son haqq-hesabın ödənilmədiyini iddia etdiyindən həmin halı müəyyən etmək məqsədilə məhkəmə ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməli olan əmək haqqının 4618,8 manat, ödənilməli olan son haqq-hesabın 469,63 manat məbləğində olması müəyyən edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərində ümumilikdə 4619 manat pul ödənilmişdir. Məhkəmə 4618,8 manatın cəmi ödənilməli olan məbləğ olub-olmamasının, həmçinin hesblanmalı olan faizlərin müəyyən edilməsi məqsədilə yenidən ekspertiza təyin etmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə hesablanıb ödənilməli olan əmək haqqı və son haqq-hesabın ümumilikdə 4618 manat məbləğində olması müəyyən edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh öz növbəsində 4618 manat borcunun olduğunu etiraf etmişdir. Məhkəmə prosesi dövründə 4618 manat pulun iddiaçıya tam şəkildə ödənilməsi işin mübahisələndirilməyən halıdır. Bu hal cavabdeh tərəfindən təqdim edilmiş hesabdan çıxarışlarla da təsdiq olunur. İddiaçı da öz növbəsində məhkəmə iclasında verdiyi izahatlarında ödənilməmiş əmək haqqının iddia verildikdən sonra cavabdeh tərəfindən ödənildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, müvafiq hissədə iddiaçının tələbi cavabdeh tərəfindən ödənildiyindən iddia əmək haqqının ödənilməsi hissəsində təmin edilməməlidir. Son haqq hesaba görə 469,93 manat pulun ödənilməsi tələbi ilə bağlı isə qeyd olunmalıdır ki, yuxarıda göstərildiyi kimi sonuncu ekspert rəyindən göründüyü kimi, son haqq-hesab daxil edilməkə cavabdeh tərəfindən ümumilikdə ödənilməli olan məbləğ 4618 manat təşkil edir. Həmin məbləğ isə tam şəkildə ödənilmişdir. Bu səbəbdən son haqq-hesaba görə 469,63 manat pulun tutulması hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddia tələbinin əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə bir faizi məbləğində ödənc verilməsi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələblərinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Həmin maddəyə olan qeyddən görünür ki, bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Bu maddə həm mahiyyət etibarilə işçinin əmək haqqını vaxtında ala bilməməsinə görə məruz qaldığı itkilərin kompensasiyasını, həm də işəgötürənləri əmək haqlarının ödənilməsində gecikdirmələrdən çəkindirmək məqsədilə müəyyən olunmuş qanuni maliyyə sanksiyasını təşkil edir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Qərar). Məhkəmə iddiaçıya tələb etdiyi ödənilməmiş əmək haqqının ödənilməsinə baxmayaraq, əmək haqqının gecikdirilməklə verilməsi barədə iddiaçının dəlillərini əsaslı sayır və hesab edir ki, 4618 manat əmək haqqının hər gecikdirilmiş günü üçün Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən 1 faiz məbləğində verilməli olan ümumi ödəniş məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9120 saylı rəyinə uyğun müəyyən edilməlidir. Həmin rəyə əsasən, ödənilmiş məbləğlər nəzərə alınmaqla, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənilməli olan ödəncin məbləği 27.045,12 manat təşkil edir. Qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Göstərilənlər baxımından məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməli, 4618 manat əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün bir faiz məbləğində ödənc hesablanmaqla, cəmi 27.045,12 manat pul tutularaq iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən əmək haqqının gecikdirilməsinə görə 27.045,12 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 200 manat pul Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən əmək haqqının gecikdirilməsinə görə 27.045,12 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X1, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar