Məhkəmə qərarları › İş №2(005)-712/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-712/2022

24.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-712/2022 24.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş azyaşlı uşaqları 16 mart 2011-ci il təvəllüdlü X6 və 27 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 175 (yüz yelmiş beş), cəmi 350 (üç yüz əlli) manat məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2010-cu ilin mart ayında Cavabdeh ilə faktiki nikaha daxil olmuşdur. 2014-cü il avqust ayının 05-də nikah dövlət qeydiyyatına aldırmaqla rəsmiləşdirmişlər. Onunla 18 ilə yaxın bir müddətdə birgə təsərrüfat aparmışlar. Bu nikahdan iki övladı vardır: 16 mart 2011-ci il təvəllüdlü X6: 27 mart 2015-ci il təvəllüdlü X5. Son zamanlar onunla xarakterlərinin uyğun gəlməməsi səbəbindən aralarında tez-tez münaqişələr baş vermişdir ki, bu da uşaqlarda psixoloji sarsıntılar yaratmış, münasibətləri dözülməz həddə çatmış, birgə yaşamaqları mümkün olmamış, onunla nikah münasibətlərimiz kəsilmiş, nəhayət nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli 2(005)-550/2020 saylı qətnaməsi aralarında bağlanmış nikah pozulmuşdur. Nikah pozularkən azyaşlı uşaqları onun yanında qalmaları və onların yetkinlik yaşına çatanadək saxlanmaları barədə cavabdehlə aralarında razılıq əldə olunsa da o, üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, uşaqların qayğısına qalmaq, onların tərbiyəsi ilə məşğul olmaq və onların zəruri maddi təminatını həyala keçirmək kimi, valideyn olaraq üzərinə düşən vəzifələri, öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehlə 02 ildən artıq bir müddətdir ki, ayrı yaşayırlar. Həmin vaxtdan bu günə qədər olan müddətdə azyaşlı uşaqları onunla qalırlar, onun himayəsindədirlər. Onların maddi təminatlarını o, tək həyata keçirir, cavahdeh uşaqların saxlanması üçün ona hər hansı məbləğdə maddi vəsait ödəmir. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Nərimanov rayon qeydiyyat Şöbəsi tərəfindən 18.03.2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı 351771 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2020-ci ilin 03 ayının 18 günündə 102 № ilə qeyd edilmişdir. Bakı şəhəri Nərimanov rayon qeydiyyat Şöbəsi tərəfindən 25.07.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 55573 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 16.03.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 800 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçı qeyd olunmuşdur; 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat Şöbəsi tərəfindən 25.04.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 518309 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 27.03.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1780 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçı qeyd olunmuşdur; İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.01.2020-ci il tarixli, 2(005)-550/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı X3 Cavabdeh 05.08.2014-cü ildə Səadət Sarayında (X12) qeydə alınmış və 1132 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, 16.03.2011-cı il təvəllüdlü X6 və 27.03.2015-ci il təvəllüdlü X5 iddiaçı (anası) X3 yanında saxlanılması qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 30.11.2021-ci il tarixli 2021-007494 saylı arayışından görünür ki, tərəflər arasında hazırkı mübahisənin həlli üçün mediatora müraciıət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər Azərbaycan Respublikası Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanmasıüçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinəəsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər rəsmi nikah münasibətlərində olmuş və birgə yaşadıqları dövrdə iki övladları, 16 mart 2011-ci il təvəllüdlü X6 və 27 mart 2015-ci il təvəllüdlü X5 anadan olmuşdur. Hazırda Cavabdeh uşaqlar ilə maraqlanmır və onların saxlanmasında heç bir maddi yardım göstərmir. Bu səbəbdən iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia tələbi aliment təmin edilərək, Cavabdeh aliment sabit pul məbləğində tutulmalıdır. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, Cavabdeh hər ay hər uşağa 175 (bir yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. Belə ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulma vaxtı iddiaçının müvafiq tələblə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni alimentin tutulma vaxtı 22 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 16 mart 2011-ci il təvəllüdlü X6 və 27 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 175 (bir yüz yetmiş beş) manat, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma vaxtı 22 dekabr 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar