Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-722/2022 25.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi 119 saylı evin, 121 saylı mənzilini kirayəyə verməsi müqabilində əldə etmiş olduğu 11880 manat gəlirindən 5900 manat məbləğində pul vəsaitini (1/2 hissədə) onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsinə əsasən tərəflərin nikah münasibətlərinə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Cavabdeh qarşı "birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi" tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi 119 nömrəli evin, 121 nömrəli mənzilinin yetkinlik yaşına çatmayan uşaqların mənafeyi nəzərə alınmaqla və "Nissan Tiida" markalı **-DE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin bölünməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-243/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia ərizəsinin qismən, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi 119 nömrəli evin 121 nömrəli mənzilə İddiaçı ½ hissədə payı müəyyən olunması və mülkiyyət hüquqlarının tanınması, qalan hissədə ilkin iddia ərizəsinin təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı "fərdi yaşayış evinə payların müəyyən edilməsi və həmin evə köçürülmə" tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməsi, ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia tələbi üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. Sonradan hər iki tərəf birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 1019/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hər iki apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-243/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən - ilkin iddia tələbinin təmin edilmiş və qarşılıqlı iddia tələbinə aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh birgə nikah dövründə əldə olunmuş əmlakı 2019-cu ilin fevral ayından etibarən aylıq 360 manat kirayəyə vermiş və aylıq kirayə haqqından əldə olunmuş pul vəsaitini öz şəxsi ehtiyacına sərf etmişdir. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmə tarixinə qədər olan bu müddət 33 ay təşkil edir, ödənilən aylıq kirayə haqqının 360 manat olması və nəticə etibarı ilə birgə nikah dövründə əldə olunmuş əmlakın kirayə verilməsindən cavabdeh tərəfindən 11880 manat məbləğində gəlir əldə edilməsi aşkardır və mənzilin kirayə verilməsinə onun notarial qaydada razılıq ərizəsi verməyəcəyini qabaqcadan bilərək, qəsdlə və bilərəkdən həmin yaşayış sahəsini kirayəyə vermiş və əldə olunmuş gəliri (pulu) qanunla müəyyən edilmiş qaydada bölməkdən yayınmış və nəticə etibarı ilə onun qanunla qorunan hüquqlarının pozulmasına, maddi və mənəvi zərər vurmasına səbəb olmuşdur. Paylı mülkiyyət hüququ ilə (1/2 hissədə) ona məxsus mənzilinə baxış zamanı həmin mənzildə həqiqətəndə Şahin adlı şəxsin öz ailə üzvləri ilə birlikdə yaşaması aşkar olunmuşdur. Bununla əlaqədar olaraq tərəfindən Bakı şəhəri Yasamal rayon Polis İdarıəsinin 27-ci Polis Bölməsinə ona məxsus fərdi yaşayış evində yaşayan, şəxsiyyəti ona məlum olmayan və ona məxsus cehiz əşyalarından istifadə edən şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və eyni zamanda fərdi yaşayış evindən hansı hüquqi əsasla yaşamalarının araşdırılması, bu fakta hüquqi qiymət verilməsi barədə ərizə ilə müraciət etmişdir. Hüquq mühafizə orqanın aparmış olduğu araşdırma nəticəsində həqiqətəndə həmin ünvanda kirayəçinin ailə üzvləri ilə birlikdə yaşamaları müəyyən edilmiş, aylıq 360 manat kirayə haqqını cavabdehə ödədiklərini bildirmişlər. Lakin Yasamal RPİ-nin 27-ci PB-nin xx.xx.2021-ci il tarixli cavab məktubu ilə ərizədə göstərilən xüsusatların mülki xarakterli olması səbəbi ilə mülki iddia qaldırmaq hüququnun olduğu izah edilmiş və toplanmış materialların şəxsi xarakterli olması səbəbi ilə surətlərinin ona verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndə və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan; AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-243/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsindəki 119 nömrəli evin 121 nömrəli mənzilə İddiaçı ½ hissədə payı müəyyən olunması və mülkiyyət hüquqlarının tanınması qətnamə edilmişdir. Bakı şəhəri Yasamal RPİ 27-ci Polis Bölməsinin İddiaçı ərizəsi əsasında görülmüş işlərə dair arayışın surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında yaşayan şəxslərin şəxsiyyətini müəyyən olunması, həmin mənzildən istifadəsinin hüquqi əsasını müəyyənləşdirilməsini və həmin mənzilin ümumi sahəsinin ½ hissəsindən çıxarılması ilə qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Araşdırma dövründə məlum olmuşdur ki, həmin mənzildə X2 və onun 4 nəfər ailə üzvü yaşayır. Həsənov Şahin izahat verərək bildirmişdir ki, qeyd olunan mənzildə təqribən 9 ilə yaxın müddətdir ki, aylıq 250 manat Cavabdeh kirayə haqqı ödəməklə yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Qeyd olunan müddəalara əsasən cavabdeh ilə digər şəxs arasında kirayə müqaviləsi olmasa da, öhdəlik münasibətlərinin mövcudluğu ilə bağlı mübahisəli halı araşdırma baxımından məhkəmə hesab edir ki, iddiaçının ərizəsində qeyd etdiyi məbləğ cavabdeh tərəfindən mənzili kirayəyə verməklə əldə olunması barədə inandırıcı sübut təqdim etməmiş, həmçinin cavabdeh tərəfindən həmin fakt etiraf olunmamışdır. Bundan başqa iddiaçı iddia ərizəsində qeyd edilən mənzili 2019-cu ilin fevral ayından kirayəyə verildiyini qeyd etsə də, lakin Şahin adlı şəxsin Bakı şəhəri Yasamal RPİ 27-ci Polis Bölməsində verdiyi izahatda təqribən 9 ilə yaxın həmin ünvanda kirayə qaldığını bildirmişdir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində və Şahin adlı şəxsin Polis bölməsində verdiyi izahatda mənzilin kirayə verilməsi müddətində ziddiyyət var. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı mülki işdə iddiaçı iddia ərizəsində cavabdeh paylı mülkiyyətin kirayə verməklə müəyyən məbləğdə pul əldə etdiyini göstərsə də, iddianın əsasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə hesab edir ki, kirayə müqaviləsi olmadığından iddiaçının hazırkı iddiasının hüquqi əsası yoxdur, iddiaçı iddiasını əsaslı və qanuni edən kirayə verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-722/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-722/2022
25.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver