Məhkəmə qərarları › İş №2(005)-738/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-738/2023

02.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-738/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi X10 Mehdi qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “qızıl-zinət əşyalarının qaytarılması, qızıl-zinət əşyaları olmadıqda onların dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin açıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı “qızıl-zinət əşyalarının qaytarılması, qızıl-zinət əşyaları olmadıqda onların dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz sahibliyində olan, ona hədiyyə kimi verilmiş, nişan üzüyü (qiyməti təxminən 14.000 manat), bir dəst brilliant qarnitur (boyunbağı, bilərzik, üzük, sırğa) (qiyməti təxminən 35.000 manat), bir ədəd brilliant qaşlı qolbaq (qiyməti təxminən 4500 manat), bir ədəd brilliant qaşlı boyunbağı (qiyməti təxminən 1500 manat), bir dəst (brilliant qaşlı sırğa və üzük) qiyməti təxminən 1000 manat, və qiyməti təxminən 1000 manat olan brilliant qaşlı tək qaş üzükdən ibarət qızı-zinət əşyalarının, qızıl-zinət əşyaları olmadıqda onların dəyərinin cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X4 ilə 03 avqust 2019-cu il tarixdə nikaha daxil olmuşdur. Aralarındakı nikah xx.xx.2022-ci il tarixli, 2(005)-2682/2022 saylı qətnamə ilə pozulmuşdur. Birgə nikahlarından övladları yoxdur. O gəlin köçdüyü evdə keçmiş ərinin valideynləri ilə birlikdə yaşamışdır. Nikahda olduğu müddət ərzində təxminən 6 (altı) ay birlikdə yaşamışlar. Birlikdə yaşadıqları müddət ərzində ailəyə keçmiş qayınanası rəhbərlik etmiş, onun icazəsi olmadan o ata evinə belə normal gedə bilməmişdir. Birgə yaşadıqları dövr ərzində cəmi 3 dəfə atası evinə getmişdir. Bir dəfə qayınanası Safuranın bacısıgilə bir dəfə də cavabdehin qardaşı oğlunun Narşərab restoranında keçirilən ad gününə getmişdir. Keçmiş qayınanası ona ilk gündən dedi ki, qız atası evinə 3 ayda bir getməlidir. Nişan mərasimində ona qiyməti təxminən 14.000 manat olan brilliant qaşlarla bəzədilmiş nişan üzüyü, xınada üzəriləri yüksək karatlı brilliant qaşlarla bəzədilmiş, qiyməti təxminən 35.000 manat olan bir dəst qarnitur (boyunbağı, bilərzik, üzük, sırğa), ərəb qızılı deyilən üzəri qaşlarla bəzədilmiş qiyməti təxminən 4500 manat olan qolbaq, Narşərab restoranında keçirilən ad günündə brilliant qaşlarla bəzədilmiş, qiyməti təxminən 1500 manat olan boyunbağı, toydan bir neçə gün sonra evdə gündəlik istifadə etmək üçün brilliant qaşlarla bəzədilmiş, qiyməti təxminən 1000 manat olan dəst (sırğa, üzük) və qiyməti təxminən 1000 manat olan brilliant qaşlı təkqaş üzük hədiyyə şəklində ona verilmişdir. O ər evində olduğu qısa müddət ərzində bu qızıl-zinət əşyalarından yalnız 2 dəfə istifadə etmişdir. Bütün qızıl zinət əşyaları keçmiş qaynanasıgilin evlərində olan seyfdə saxlanılırdı. Onun icazəsi olmadan heç bir halda seyfdən hər hansı qızıl-zinət əşyalarını götürüb istifadə edə bilməzdi. Hətta gündəlik istifadə üçün ona alınmış qızıl-zinət əşyalarını da həmişə seyfdə saxlayırdı. O qızılı gündəlik istifadə etməkdə maraqlı olmamışdır. O artıq cavabdehlə birgə yaşamağın mümkün olmadığını görüb özü atasının evinə dönmüş və gələrkən də özü ilə heç bir əşya və qızıl-zinət əşyası götürməmişdir. Əslində istəsəydi belə bu mümkün deyildi. Yuxarıda qeyd etdiyi kimi bütün qızıl-zinət əşyaları cavabdehin ailəsinə məxsus dəmir seyfdə saxlanılırdı və həmin seyfin açarı isə cavabdehin anasında olurdu. O ata evinə gəldikdən sonra bir daha cavabdehin evinə qayıtmadı. Aralarındakı nikah məhkəmə qaydasında pozulduğu ərəfədə, 09 iyun 2022-ci il tarixdə cavabdehin obyektində işləyən, adını bilmədiyi bir oğlan 2 çamadan və 3-4 karton qutuya qablaşdırılmış əşyaları onlara gətirib vermişdir. Oğlan getdikdən sonra tərəfindən çamadanlar açılmış, çamadanda ona alınmış şuba və palto, bir neçə ayaqqabı, çantaları, cavabdehin evində işlətdiyi yarımçıq ətirlər, ona alınmış tək qaş brilliant üzük, cavabdehə atası tərəfindən alınmış nişan üzüyü və bir neçə qab olduğu aşkar edilmişdir. Cavabdeh hədiyyə kimi ona alınmış yuxarıda göstərdiyi heç bir qızıl-zinət əşyasını geri qaytarmamışdır. Cavabdehlə aralarında qohumluq-qudalıq əlaqəsi var. Belə ki, cavabdehin qardaşı onun bibisi qızının əridir. Ona alınmış hədiyyələrin geri qaytarılması barədə bir neçə dəfə cavabdehin ailəsinə xəbər göndərilməsinə baxmayaraq həmin hədiyyələri qaytarmaqdan imtina etmişlər. Hesab edir ki, ona hədiyyə edilmiş əşyalar onun mülkiyyəti olduğu üçün başqasının qanunsuz sahibliyindən geri alınaraq ona verilməlidir. Yuxarıda göstərilən qızıl-zinət əşyaları, qızıl-zinət əşyaları olmadıqda isə onların bazar dəyəri cavabdehdən alınaraq ona ödənilməlidir. Tam əminliklə bildirir ki, mübahisəli qızıl-zinət əşyaları tərəfindən götürülməmiş və hal-hazırda cavabdehin sahibliyindədir. Buna görə də hesab edir ki, iddia tələbim tam təmin edilməlidir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsi üçün məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişdir ki, iddiaçı onun qardaşı qızıdır. Qızıllar iddiaçıya hədiyyə kimi verilib və o qızıllar iddiaçının haqqıdır. İddiaçı evdən çıxanda özü ilə yalnız tək qaş nişan üzüyü gətirib digər qızıllar isə cavabdehə məxsus evdə qalıbdır. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, iddiaçı onun bacısıdır. Toydan sonra bacısının qaynanası qızılları əlindən alıb seyfə qoyub və yalnız bir dəfə taxmaq üçün bacısına verib. Ondan sonra qızılları yenidən seyfə qoyubdur. 6 aydan sonra bacısı evi tərk edəndən sonra qızılları özü ilə götürməmişdir. Məhkəmə tərəflərin izahatlarını, məhkəmə çıxışlarını və şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2(009)-2682/2022 saylı qətnaməsindən görünür ki, X1 Zəhra Zakir qızı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə qeyd edir ki, baxılan iş üzrə iddia tələbinin qızıl-zinət əşyalarının təmin olunması üçün iddiaçının tələb etdiyi qızılların mövcudluğu, nikaha daxil olanadək ona mənsubluğu və hədiyyə edildiyi, həmçinin tələb olunan qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. Məhkəmə iddia tələbi üzrə qızıl-zinət əşyalarının qaytarılması ilə bağlı qeyd edir ki, hazırda iddia tələbində qeyd olunan qızıl-zinət əşyalarının mövcudluğu, onun iddiaçıya mənsubluğu və hədiyyə edilməsi məhkəmədə mübahisələndirilmir. Ancaq hazırda qızılzinət əşyalarının cavabdehin valideynlərinin yaşadığı Bakı şəhəri, F.X.Xoyski küçəsi, ev 111, 16 saylı mənzilində qalması ilə bağlı hallar məhkəmədə mübahisələndirilir. Məhkəmə hesab edir ki, bu növ mübahisələrdə tələb olunan qızıl-zinət əşyalarının cavabdehin yaşadığı evdə qalıb-qalmadığını müəyyən edilməsi baxımından iddiaçının evdən getdiyi şərait xüsusi əhəmiyyətə malikdir. Belə ki, məhkəmə araşdırması zamanı aşkar edilmişdir ki, iddiaçı cavabdehin uzun müddət evə gəlməməsi ucbatından evdən çıxıb getmişdir. Tərəflər arasında mübahisə, dava-dalaş olmamışdır. Sonuncu isə iddiaçının öz ata evinə getməsinə heç bir etiraz etməmişdir. Mübahisədən sonra 09 iyun 2022-ci il tarixdə cavabdehin obyektində işləyən, adını bilmədiyi bir oğlan 2 çamadan və 3-4 karton qutuya qablaşdırılmış əşyaları onlara gətirib vermişdir. Lakin həmin çamadanlarda iddiaçıya hədiyyə kimi verilmiş qızıl-zinət əşyaları olmamışdır. İşin faktiki hallarından görünüdüyü kimi, cavabdeh qiyabi qətnamənin ləğvini tələb etsə də, icraat təzələndikdən sonra da məhkəmə iclasında iştirak etməmiş, iddia tələbinin dəlillərinə münasibətdə təkzibedici izahatlar verməmiş, bununla yanaşı məhkəməyə hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Belə olan halda məhkəmə araşdırması zamanı təsdiq olunur ki, iddiaçıya məxsus qızıl-zinət əşyaları cavabdehin yaşadığı evdə qalmışdır. Odur ki, tələb olunan qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olduğu tərəflərin və şahidlərin izahatlarının qarşılıqlı təhlili və işin mübahisəsiz halları ilə sübuta yetirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qızıl zinət əşyalarının dəyərinin cavabdehdən tutulması hissəsində əsaslıdır. Məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, cavabdeh isə qızıl-zinət əşyalarının iddiaçıda olmasına dair hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, həmin qızıl-zinət əşyalarının dəyəri müəyyən edilmədiyindən, iddia ərizəsində qızıl-zinət əşyalarının hansı ölçüdə olan qızılzinət əşyaları olması barədə hər hansı bir məlumat göstərilmədiyindən, tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilərək, yaranmış mübahisənin tam, hərtərəfli araşdırılmasından ötrü nə iddiaçı tərəfindən, nə də ki, cavabdeh tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət verilməmiş, bu hissədə cavabdeh iddia tələbini mübahisələndirməmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinin ümumi məzmununa görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və o, qızıl-zinət əşyalarını qaytarılmasını tələb etmək hüququna malikdir. Həmin qızıl-zinət əşyaları cavabdeh tərəfindən könüllü olaraq iddiaçıya hədiyyə olaraq verilsə də, ailə münasibətlərinin pozulmasından sonra əşyaların cavabdehdə qalması qanunsuzdur və həmin əşyalar mülkiyyətçisi olan iddiaçıya qaytarılmalıdır. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 262 (iki yüz altmış iki) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, iddia ərizəsində qeyd olunan nişan üzüyü (qiyməti təxminən 14.000 manat), bir dəst brilliant qarnitur (boyunbağı, bilərzik, üzük, sırğa) (qiyməti təxminən 35.000 manat), bir ədəd brilliant qaşlı qolbaq (qiyməti təxminən 4500 manat), bir ədəd brilliant qaşlı boyunbağı (qiyməti təxminən 1500 manat), bir dəst (brilliant qaşlı sırğa və üzük) qiyməti təxminən 1000 manat, və qiyməti təxminən 1000 manat olan brilliant qaşlı tək qaş üzükdən ibarət qızı-zinət əşyalarının, qızıl-zinət əşyaları olmadıqda onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddia ərizəsində qeyd olunan - nişan üzüyü (qiyməti 14.000 manat), bir dəst brilliant qarnitur (boyunbağı, bilərzik, üzük, sırğa) (qiyməti 35.000 manat), bir ədəd brilliant qaşlı qolbaq (qiyməti 4500 manat), bir ədəd brilliant qaşlı boyunbağı (qiyməti 1500 manat), bir dəst (brilliant qaşlı sırğa və üzük) qiyməti 1000 manat və qiyməti 1000 manat olan brilliant qaşlı tək qaş üzükdən ibarət qızı-zinət əşyalarının, qızıl-zinət əşyaları olmadıqda onların dəyəri 57000 manat cavabdeh X2 alınaraq alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar