Məhkəmə qərarları › İş №2(005)-82/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-82/2023

06.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-82/2023 06.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi X3, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 Cavabdehin nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanuni sahib kimi hüquqların pozulmasının aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pəncərənin bağlanması, yağış kanalizasiya xəttinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsində yerləşən cavabdehə məxsus tikilinin iddiaçının həyətinə baxan pəncərə boşluqları daşla hörülərək bağlanması və Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsində yerləşən cavabdehə məxsus tikilinin yağış kanalizasiya xəttinin məhəllədaxili xətdən cavabdehin vəsaiti hesabına ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Nərimanov rayonu, X5 küçəsində yerləşən ev 25 iddiaçının xüsusi mülkiyyətindədir, evin həyətyanı torpaq sahəsi və yerləşdiyi torpaq sahəsi istifadəsindədir. Həmin evin həyətində olan digər iki ədəd bir mərtəbəli ev cavabdeh tərəfindən satın alınmış, həmin evlər sökülmüş yerində isə 3 mərtəbəli tikili inşa edilmiş və iddiaçının evinin fasad hissəsinin qarşısındakı divarında çoxsaylı pəncərə boşluqları qoyulmuş, habelə qeyd edilən binanın yağış kanalizasiya xətti məhəllədaxili xəttə qoşulmuşdur ki, bunun da nəticəsində iddiaçının öz sahibliyində olan evdən istifadə, evə sahiblik etmək, evin sahibi kimi evində rahat yaşamaq, evindən təhlükəsiz və maneəsiz istifadə etmək hüquqları pozulmuşdur. Habelə cavabdehin tikilisinin yağış kanalizasiya xətti məhəllədaxili kanalizasiya xəttinə qanunsuz qoşulmuşdur. Bunu da "xxxx" ASC-nin Nərimanov rayon Sukanal İdarəsinin xx.xx.2021-ci il tarixli, 01-01/384 nömrəli məktubu təsdiq edir. Həmin məktubda göstərilmişdir ki, klinikanın yağış kanalizasiya xəttinin məhəllədaxili xətdən ayırıb həmin ərazi üzrə kanalizasiya kollektoruna qoşulması barədə cavabdehə xəbərdarlıq edilmişdir. Lakin bu günkü günə qədər cavabdehin mülkiyyətində olan binanın yağış kanalizasiya xətti ərazi üzrə kanalizasiya kollektoruna qoşulmamışdır ki, nəticədə yağış yağan kimi həyəti su basır, evdən çıxmaq mümkün olmur. Yağış yağanda həyətə yığılan suyun səviyyəsi 50 sm-ə qədər çatır. Cavabdeh iddiaçının evinə çox az məsafə saxlamaqla tikinti işləri aparmış, binalar arasında ara məsafəsinin saxlanılması üçün müəyyən edilmiş məsafələrə əməl etməmiş, bundan başqa da inşa etdiyi tikilidən tibb müəssisəsi kimi istifadə edir. Həmin klinikanın xəstələrinin yerləşdirildiyi palataların pəncərələri iddiaçının istifadəsində olan həyətə və evinin pəncərələrinə və qapısına açılır. Həmin pəncərələr daim xəstələr və işçi heyət tərəfindən açılır, nəticədə onun istifadəsində olan həyətindən, evindən şəxsi istifadə hüquqları pozulur, ailənin qadın olan üzvləri həyətdə nə bir iş görə bilirlər, nə də yay aylarında istirahət edə bilirlər. Hətta həmin pəncərə boşluğlarının 3-ü heç tikilnin layihəsində yoxdur. Klinikanın pəncərələrinin qanunsuz açılması həm Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2018-ci il tarixli, 05/06-PA/A-24/2-2867 nömrəli məktubu, həm də hazırda qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 301/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə də təsdiqlənir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi hər iki tələb əsassız və qanunsuz olduğu ücün rədd edilməlidir. Belə ki, iddiaçının qeyd etdiyi kimi Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən ev 27-də yerləşən iki ədəd evlər cavabdeh tərəfindən satın alınmışdır və yerində 3 mərtəbəli tikili inşa edilmişdir. Yəni, cavabdehin qanuni əsaslarla evlərin alınması, onun mülkiyyətinə keçməsi və yerində tikili inşa edilməsi işin mübahisəsiz haldır. Bundan başqa iddiaçının iddia ərizəsində guya cavabdehin tilikinin onun yaşadığı evə maneələr törətməsi barədə dəlilləri tamamilə əsassızdır. Cavabdeh tikilinin iddiaçının yaşadığı evə heç bir aiddiyyəti olmamaqla yanaşı, onun həyətində yaşaması ücün heç bir maneəsi yoxdur. Bakı İnzibati Məhkəməsinin qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçünçü şəxs hazırda iddiaçı olan İddiaçı qarşı iddiası təmin edilərək və cavabdehin əmlakına mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Eyni zamanda "xxxx" LTD MMC tərəfindən ona məxsus ünvan 1 ünvanda fərdi yaşayış evinin memarlıq planlaşdırmanın eskiz həlli də tərtib edilmişdir. Həmçinin "xxxx" ASC tərəfindən istehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması ücün texniki şərtlər barədə № 007/2/2099-ts sənəd də verilmişdir. Azərbaycan Respublikası Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 182 saylı sərəncamı ilə ünvan 2 ünvanlarda yerləşən fərdi yaşayış evlərinin birləşdirilmiş şəkildə qeyri yaşayış sahəsinə çevrilməsinə icazə verilmiş və mövcud vəziyyətdə qeyri yaşayış kimi sənədləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli S-57-159 nömrəli bildirişlə cavabdehə yaşayış sahəsindən qeyri yaşayış sahəsinə keçirilməsi barədə məlumat verilmişdir. xx.xx.2019-cu il tarixli Texniki rəydən də aydın olur ki, komissiya mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsini mümkün hesab etmişdir və xx.xx.2019-cu il tarixdən mübahisəli mənzilin qeyri yaşayış sahəsi kimi istismarına icazə verilmişdir. Azərbaycan Respublikası Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli İstehlakçının su təhcizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün 007/2/2019-ts nömrəli xx.xx.2016-cı il tarixli texniki şərt də vermişdir. Azərbaycan Respublikası "xxxx" ASC-nin Nərimanov rayon Sukanal idarəsinin xx.xx.2021-ci il tarixli 01-01/384 saylə İddiaçı ünvanlanmış C15097 nömrəli xx.xx.2021-ci il tarixli ərizəsinə cavab olaraq Nərimanov rayonu Ak.H.Əliyev ev25 ünvanında yerləşən “Nyumed” klinikasının kanalizasiya xəttinin məhəllədaxili kanalizasiya xəttinə qoşulması nəticəsində tez-tez tutulma hallarının baş verməsinə dair ərizəsinə əsasən sözügedən ünvana texniki baxış zamanı heç bir tutulma aşkar edilmədiyi göstərilmişdir. Göründüyü kimi, hüquqlarını müdafiə etdiyi şəxsə məxsus və onun mülkiyyətində olan obyektin bütün sənədləri qaydasındadır, mövcud tikinti norma və qaydalara uyğun həyata keçirilmişdir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı № ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsindəki 12 otaqlı, 206.79 kv.m yaşayış sahəsi, 305.89 kv.m ümumi sahəsi olan 25 nömrəli fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 180 saylı reyestr kitabının 16553 nömrəli vərəqində xx.xx.2011-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)- 301/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli 2(005)-877/2019 saylı qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin edilməsi Bakı şəhəri, ünvan 4 evin həyətinə 27 saylı ünvandan açılan qapının bağlanması, həmin qapının yanında inşa edilmiş pilləkənin sökülməsi, qapının bağlanması və pilləkənin sökülməsi Cavabdeh hesabına həyata keçirilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2016-ci il tarixli № 007/2/2099-ts nömrəli “İstehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün” Texniki şərtlərə dair sənəddən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən obyektin su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulma şərtləri müəyyən edilmişdir. X7 1.1-ci bəndinə əsasən Təsərrüfat-məişət məqsədləri üçün əlavə olunan cizgiyə əsasən d50 mm su kəmərindən diametri 32 mm birləşmə qəbul olunmuş. X7 1.2-ci bəndinə əsasən birləşmə nöqtəsindən obyektə qədər sifarişçinin vəsaiti hesabına quraşdırılacaq d32 mm, L=9 m su borusunun materialı polietilen, tipi PE-100, təzyiq sinfi PN10, sdr 17 qəbul olunsun. X7 2.1-ci bəndinə əsasən obyektdə yaranacaq tullantı suları əlavə olunan cizgiyə əsasən d150 mm təsərrüfat-məişət kanalizasiya kollektoruna axıtmaqla kənarlaşdırılsın. X7 2.2-ci bəndinə əsasən obyektə qoşulma quyusuna qədər kanalizasiya xəttinin diametri 150 mm qəbul edilsin. X7 3-cü bəndinə əsasən sifarişçi tərəfindən su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulma ilə bağlı razılaşmaya əsasən vəsaitin ödənilməsindən və qazıntı işlərinin aparılması üçün aidiyyati təşkilatların razılığı alındıqdan sonra qoşulmalar Nərimanov Rayon Sukanal İdarəsi tərəfindən yerinə yetirilməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli 01-01/384 nömrəli məktubundan görünür ki, idarənin qəza-bərpa briqadası tərəfindən sözügedən ünvana texniki baxış keçirilmişdir. Baxış zamanı məhəllədaxili kanalizasiya xəttində və baxış quyularında heç bir tutulma aşkar edilməmişdir. Əlavə olaraq əməkdaşları “Nyumed Klinikasının rəhbərliyi ilə görüşərək klinikanın yağış kanalizasiya xəttinin məhəllədaxili xətdən ayırıb, həmin ərazi üzrə kanalizasiya kollektoruna qoşulması üçün rəsmi qaydada xəbərdarlıq təqdim edilmiş və bu işlərin görülməsi üçün konkret vaxt verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3645 nömrəli ekspertiza rəyindən görünür ki, 1-ci sual üzrə Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Cavabdeh mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən qeyri-yaşayış tikilisinin kanalizasiya - yağış xəttinin (çirkab sularının və yağış sularının axıdıldığı xətt) "xxxx" ASC-nin verdiyi iş materiallarında olan texniki şərtə uyğun çəkildiyi müəyyən edilir. 2-ci sual üzrə "xxxx" ASC-nin verdiyi “texniki şərt”-in Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən qeyri-yaşayış tikilisinin təyinatına və həcminə münasibətdə mövcud standartlara uyğun olub-olmaması məsələsi tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olmadığından bu sual üzrə tədqiqat aparılmadı. 3-cü sual üzrə "xxxx" ASC-nin verdiyi texniki şərt cavabdeh X1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən qeyri-yaşayış tikilisinin su ötürücü xətlərinin diametri 100mm olduğunu və kanalizasiya xətlərinin (iki xətt) hər birinin 150mm olduğunu nəzərə alaraq, "xxxx" ASC tərəfindən tərtib olunmuş texniki şərtdə göstərilən parametrlərin qeyri-yaşayış tikilisinin həcminə uyğun gəldiyi müəyyən edilir. 4-cü sual üzrə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən qeyri-yaşayış tikilisinin İddiaçı mülkiyyətində olan evi ilə üzbəüz divarındakı pəncərə boşluqlarının ölçüsü iş materiallarında olan memarlıq planlaşdırma layihəyəsində nəzərdə tutulmamışdır. Lakin həmin pəncərələrin ölçülərinin və sayının tədqiq olunan qeyri-yaşayış tikilisinə dair tərtib edilmiş texniki pasportda qeyd olunan göstəricilərə uyğun olduğu müəyyən edilmişdir. 5-ci sual üzrə Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən Cavabdeh məxsus qeyri-yaşayış tikilisinin faktiki olaraq üç mərtəbə və mansard tikilisindən ibarət olduğunu nəzərə alaraq, həmin qeyri-yaşayış sahəsinin mərtəbəliyinin lahiyəyə uyğun gəldiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Nərimanov rayonu, X5 küçəsində yerləşən ev 25 iddiaçının xüsusi mülkiyyətindədir, evin həyətyanı torpaq sahəsi və yerləşdiyi torpaq sahəsi istifadəsindədir. Hazırda iddiaçı xüsusi mülkiyyətində olan evin qonşuluğunda yerləşən Cavabdeh xüsusi mülkiyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsində yerləşən 27 saylı tikilinin pəncərələrinin onun həyətinə tərəf qoyulması eyni zamanda istismarda olan tikilinin yağış kanalizasiya sularının xəttinin məhəllə daxili xəttən qoşulmasını onun xüsusi mülkiyyətində olan əmlakından istifadəsinə maneə yaratmasını bildirərək, qeyd olunan halların aradan qaldırılması üçün məhkəməyə müraciət etmişdir. Göründüyü kimi hazırda iddiaçının tələbi iki hissədən ibarətdir. Tələbin birinci hissəsi “Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsində yerləşən cavabdehə məxsus tikilinin iddiaçının həyətinə baxan pəncərə boşluqları daşla hörülərək bağlanması”, ikinci hissəsi isə “Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsində yerləşən cavabdehə məxsus tikilinin yağış kanalizasiya xəttinin məhəllədaxili xətdən cavabdehin vəsaiti hesabına ayrılması”-dır. Məhkəmə ilk növbədə tələbin birinci hissəsinə münasibətdə qeyd edir ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh xüsusi mülkiyətindədir. İnşa edilmiş qeyri-yaşayış sahəsi tikinti layihəsinə icazə və ya məlumatlandırma icraatı qaydasında razılıq verilməsi, eləcə obyektin razılaşdırılmış və icazə verilmiş layihəyə uyğun tikilməsi müəyyən edilmişdir. Tikinti obyektinə icazə və ya məlumatlandırma icraatı qaydasında razılıq verilməsi üzrə icraat çərçivəsində üçüncü şəxslərin hüquqlarının nəzərə alınması və qorunması Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli, 349 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nı ilə tənzimlənir. Hazırda tələbin birinici hissəsi üzrə cavabdehə məxsus qeyri-yaşayış sahəsinin tikilməsi və istismarının qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilməsi müəyyən edilmiş qaydada həyata keçirildiyi təsdiq olunur. Belə olan halda iddiaçının qonşuluqda olan qeyri-yaşayış sahəsinin müvafiq mərtəbəsində yerləşən pəncərələrin onun mülkiyyət hüquqlarına mane olması halı əsassızdır. Belə ki, Azərbaycana Respublikası Şəhərsalma və Tikiniti Məcələsinin 70.1-ci maddəsinə əsasən tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir. Qeyd olunan maddi hüquq normasının tələblərini iddia tələbinin birinci hissəsi üzrə aparılmış məhkəmə araşdırmasının tətbiqi zamanı, cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsinin bu normalara cavab verməsi müəyyən olunur. Belə ki, məhkəmə araşdırması zamanı xüsusi bilikdən kənara çıxan məsələlərə dair təyin edilmiş məhkəmə ekspertizası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/3645 nömrəli ekspertiza rəyinin 4-cü sualı üzrə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən qeyri-yaşayış tikilisinin İddiaçı mülkiyyətində olan evi ilə üzbəüz divarındakı pəncərə boşluqlarının ölçüsü iş materiallarında olan memarlıq planlaşdırma layihəsində nəzərdə tutulmamışdır. Lakin həmin pəncərələrin ölçülərinin və sayının tədqiq olunan qeyri-yaşayış tikilisinə dair tərtib edilmiş texniki pasportda qeyd olunan göstəricilərə uyğun olduğu müəyyən edilmişdir. Belə olan halda hazırda iddiaçı tərəfindən tələbin birinci hissəsi üzrə pozulmuş hüquqları müəyyən olunmur. Belə ki, qeyri-yaşayış sahəsinin inşa edilməsi üçün həm qanunvericliklə, həm də tikinti quraşdırma sahəsi üzrə pozuntulara yol verilməmişdir. Məhkəmə tələbin ikinci “Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsində yerləşən cavabdehə məxsus tikilinin yağış kanalizasiya xəttinin məhəllədaxili xətdən cavabdehin vəsaiti hesabına ayrılması” hisəsinə münasibətdə qeyd edir ki, iddiaçının tələbin bu hissəsi üzrə maddi sübut olaraq əsaslandırmasını "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli 01-01/384 nömrəli məktubu təşkil etmişdir. Lakin cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsinin su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün "xxxx" ASC-yə müraciəti zamanı ona təqdim edilmiş və "xxxx" ASC tərəfindən təsdiq olunmuş xx.xx.2016-ci il tarixli № 007/2/2099-ts nömrəli İstehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün” Texniki şərt əsasında həyata keçirilməsi müəyyən edilmişdir. Qeyd olunan hal mülki iş üzrə təyin edilmiş məhkəmə ekspertizası zamanı verilmiş xx.xx.2022-ci il tarixli, 10/3645 nömrəli ekspertiza rəyində öz təsdiqini tapmışdır. Belə ki, qeyd olunan ekspert rəyində 3-cü sual üzrə "xxxx" ASC-nin verdiyi texniki şərt Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən qeyri-yaşayış tikilisinin su ötürücü xətlərinin diametri 100mm olduğunu və kanalizasiya xətlərinin (iki xətt) hər birinin 150mm olduğunu nəzərə alaraq, "xxxx" ASC tərəfindən tərtib olunmuş texniki şərtdə göstərilən parametlərin qeyri-yaşayış tikilisinin həcminə uyğun gəldiyi müəyyən edilir. Eyni zamanda cavabdehin müraciəti zamanı "xxxx" ASC tərəfindən təsdiq olunmuş Texniki Şərtin 2.1-ci bəndinə əsasən obyektdə yaranacaq tullantı suları əlavə olunan cizgiyə əsasən d150 mm təsərrüfat-məişət kanalizasiya kollektoruna axıtmaqla kənarlaşdırılması müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsinin su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması ona təqdim edilmiş texniki şərtə uyğun olaraq qoşulmuşdur. Belə olan halda hazırda "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli 01-01/384 nömrəli məktubu cavabdehə təqdim edilmiş Azərsu” ASC tərəfindən təsdiq edilmiş texniki şərtə ziddir. Qeyd olunan ziddiyyətli məqam üzrə tərəflər arasında yaranmış mübahisəyə uyğun aparılan hüquqi qiymətləndirmə zamanı cavabdeh tərəfindən istehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üzrə qanun pozuntusuna yol verilməməsi müəyyən edilmişdir. Belə ki, “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 1.4-cü bəndinə əsasən, bu Qaydalara uyğun olaraq, hər bir istehlakçının su təchizatı və tullantı sularının axıdılması sistemlərindən (bundan sonra – STTSAS) istifadə etmək hüququ vardır. Həmin Qərarın -1.5-ci bəndinə əsasən istehlakçıların STTSAS-a qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada tənzimlənir. Həmin Qərarın 3.3.-cü bəndinə əsasən müəssisə istehlakçının su təchizatını texniki şərtlərə uyğun paylayıcı şəbəkəyə qoşulmuş diametri d-mm olan boru (birləşmə) vasitəsilə həyata keçirir. Həmin Qərarın 4.1-ci bəndinə əsasən istehlakçı "xxxx" ASC tərəfindən verilmiş texniki şərtə əsasən su təchizatı və kanalizasiya sistemlərinə qoşularaq, tələbatına görə, keyfiyyət standartlarına uyğun içməli su ilə təmin olunmaq və tullantı sularının kanalizasiya sisteminə fasiləsiz axıdılmasını (qəbulunu) Müəssisədən tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən hazırda tələbin ikinci hissəsi üzrə mübahisələndirilən münasibətləri tənzimləyə maddi hüquq normasından göründüyü kimi cavabdeh tərəfindən istehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi qanunauyğun həyata keçirilmişdir. Eyni zamanda məhkəmə yuxarıda qeyd olunan maddi huquq normaların imperativ tələblərini nəzərə alaraq, hazırki halda təhlil olunmuş normaların cavabdehə alternativ hərəkət imkanı tanımadığı müəyyən etmişdir. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsinin su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulmasının yeganə usulu qanunvericliklə təsdiq olunmuş qaydada texniki şərtlə mümkün olması, iddia tələbinin ikinci hissəsini hüquqi qaydada əsassız edir. Bu səbəbdən də qeyd olunan texniki şərti təsdiq edən qurumun əsas vəzifəsi istehlakçıya təqdim edilmiş qoşulma üzrə yeganə hərəkət imkanı tanıyan sənədin təsdiqi zamanı digər istehlakçılarla mübahisələrə yaranmasını nəzərə almasıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 275 nömrəli qərarı ilə təsdiq olunmuş İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması qaydalarının 1.3-cü bəndinə əsasən bu Qaydaların heç bir müddəası sifarişçinin mənafeyini ağırlaşdıran formada təfsir edilə bilməz. Texniki şərtlərin verilməsi üçün müraciətlərə baxarkən, inzibati prosedurlar bu Qaydalara zidd ola bilməz. Texniki şərtlər və qoşulma nöqtələrinə dair tələblər bütün hallarda əsaslandırılmalıdır. Göstərilən qaydalara əsasən məhkəmə hazırda tələbin ikinci hissəsi üzrə iddiaçının əsaslandırmasının yeganə maddi sübutu olan "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli 01-01/384 nömrəli məktubun verilməsini hansı hüquqi baza və ya qaydaya əsaslanaraq iddiaçıya təqdim edilməsi müəyyən etməmişdir. Bütün bu halları nəzərə alan məhkəmə bildirir ki, tərəflər arasında yaranmış və yaranacaq münasibətlərin tənzimlənməsinin təmin edilməsi, hüquq institutunun əsasını təşkil edir.Məhkəmə araşdırması zamanı iddiaçı ilə cavabdeh arasında yaranmış qonşuluq münasibətləri zamanı iddiaçının hüquqlarının pozulmasına dair tələblərinin qiymətləndirilməsi zamanı cavabdehin qanunla qorunan hüquqlarının nəzərə alınması zəruridir. Belə ki, Azərbaycan Respublikasının Kosntitusiyasının 71-ci maddəsinin İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Qeyd olunan ali qanun üzrə nəzərdə tutulmuş bu prinsip şəxslər arasında yaranan hüquq və vəzifələrinin tənzimlənməsinin əsasını təşkil edir. Hazırda qeyd olunan bu prinsipi rəhbər tutan məhkəmə tələb üzrə cavabdehin qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri yerinə yetirdiyini müəyyən edir. Eyni zamanda iş üzrə müvafiq ekspert rəyini vermiş ekspert Elmar Səidov keçirilmiş məhkəmə iclasında izahatında bildirmişdir ki, aparılmış ekspertiza zamanı cavabdehə məxsus qeyri-yaşayış sahəsinə baxış keçirilən zaman məhkəmə tərəfindən qoyulmuş suallara dair hallar iş materiallarında olan rəsmi sənədlər əsasında yoxlanılaraq rəy verilmişdir. Həmin suallar üzrə cavabdehə məxsus qeyri-yaşayış sahəsində aşkar edilmiş bütün hallar rəsmi sənədlərə uyğun olması təsdiq olunmuşdur. Bu səbəbdən iddiaçının qanunla qorunan hüquqlarının pozulması ehtimalının təsdiq edilməməsi məhkəmə araşdırması zamanı tələbin hər iki hissəsinə tətbiq edilmiş hüquqi qiymətləndirmənin nəticəsidir. İddiaçı tərəfindən tələbinin göstərilən halları üzrə məhkəməyə təqdim edilmiş sübutlar qiymətləndirilən zaman, məhkəmə cavabdehin qanunsuz hərəkətlərinin olmasına dair hər hansı halı müəyyən etməmişdir. Eyni zamanda məhkəmə çəkişməsi zamanı iddiaçı tərəfindən müəyyən edilmiş halları təkzib edən hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Hazırki tələbin dördüncü hissəsi üzrə iddianın əsasını təşkil edən hallar müəyyən edilməsi və ya ümumiyyətlə cavabdeh tərəfindən iddiaçıya zərər vurulması halına dair iddiaçı tərəfindən mötəbər sübutların məhkəməyə təqdim edilməməsi səbəbindən məhkəmə iddia tələbinin dördüncü hissəsi üzrə iddiaçının əsaslandığı halların əslində baş verməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qanuni sahib kimi hüquqların pozulmasının aradan qaldırılması” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “qanuni sahib kimi hüquqların pozulmasının aradan qaldırılması” tələbinə dair iddia tələbi təmin edilməsin. İddiaçı 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar