Məhkəmə qərarları › İş №2(005)-826/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-826/2023

15.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-826/2023 15.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “cehiz əmlakın mənzildən çıxarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus: qonaq otağında divan, stol və stullar, komod güzgülü, servant, çil-çıraq, xalça; yataq otağında şifoner, yataq, güzgülü termo, uşaq yatağı, çil-çıraq; geyim əşyaları, mətbəxdə: elektrik soba, televizor, qab-qacaq, qızıl-zinət əşyaları; komplekt - üzük, sırğa, qolbaq sep İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 81 nömrəli evin 7-ci mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 81 nömrəli evin 7-ci mənzilin mülkiyyətçisidir. Cavabdeh gəlinidir. Oğlu ilə ailə qurduqdan sonra 2020-ci ilin yanvar ayında yaşamağa evləri olmadığından müvəqqəti olaraq onun mənzilində yaşamalarına icazə vermişdir. Cavabdeh cehiz əşyalarını da həmin mənzilə gətirdi. İlk vaxtlardan cavabdeh tez-tez əri ilə dalaşaraq ata evinə gedir və aylarla orada qalırdı. 2021-ci ildə də 8 ay həyat yoldaşını atıb atasıgildə yaşamışdır. 2022ci ilin fevral ayında oğlumla barışmış və evə qayıtmışdır, lakin 2-3 ay yaşadıqdan sonra yenə həyat yoldaşı ilə dalaşaraq oğlunu ata evinə göndərmiş, 3 gündən sonra isə özü də mənzilini tərk etmişdir. Hazırda nə oğlu, nə də ki ailəsi onlarla yaşamır, amma tez-tez onları narahat edirlər, təhqir edirlər. Onlar müstəqil ailədirlər, harada istəyirlərsə, yaşaya bilərlər, onun mənzilindən əşyalarını aparmalıdırlar. Cavabdehin cehiz əşyalarının evində qalması mülkiyyət hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddia ərizəsində göstərilən əşyaların ona məxsus olduğunu, artıq bir ilə yaxındır ki, atasının evində qaldıqlarını, cehiz əmlakını yerləşdirməyə yerləri olmadıqlarını bildirmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AR Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinin MH seriyalı, 186138 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Nərimanov rayonu, Təbriz küçəsi, 99 nömrəli evin 12 saylı mənzili İddiaçı xüsusi mülkiyyəti kimi 31 mart 1999-cu ildə qeydiyyatdan keçirilmişdir; AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 99 nömrəli evin 12 saylı mənzilinin söküldüyü nəzərə alaraq, xx.xx.2020-ci il tarixli ərizəyə əsasən mənzilin üzərində İddiaçı mülkiyyət hüququna xitam verilmişdir; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial təsdiq edilmiş görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 81 nömrəli evin 7-ci mənzili İddiaçı xüsusi mülkiyyəti olaraq xx.xx.2022-ci il tarixində ********** nömrə ilə qeydə alınmışdır; Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Cavabdeh iddiaçının oğlu X2 ilə rəsmi nikaha daxil olmuşdur. Ailə qurduqdan sonra İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 81 nömrəli evin 7-ci mənzilində yaşamışlar. Bir müddətdən sonra aralarında mübahisə yaranmış, cavabdeh əri və uşaqları ilə birlikdə başqa mənzilə yaşamağa köçmüşlər. Hazırda iddiaçı cavabdehə məxsus əşyaların onun mənzilində qalmasının mülkiyyət hüququnu məhdudlaşdırdığına istinad edərək, iddia ərizəsində göstərilən əşyaların mənzilindən çıxarılmasını tələb edir. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələrinin əsasları müəyyən edilmişdir. Həmin maddənin 1-ci hissəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Hazırki iş üzrə cavabdeh isə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin dispozitiv şərtləri çərçivəsində cavabdehin ailə üzvü və digər qohumları hesab edilmir. Qeyd edilən normaya əsasən, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Digər qohumlar anlayışına və onların əhatə dairəsinə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında aydınlıq gətirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarındakı hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh evin mülkiyyətçisinin ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir, həmçinin artıq 1 ilə yaxındır ki həmin mənzildə yaşamırlar və bu baxımdan mülkiyyətçinin razılığı olmadığı halda cavabdehin mənzildən istifadə etmək hüququ yoxdur. Cavabdehə məxsus cehiz əmlakın çıxarılması xahiş olunan ünvan 1 ünvanında yerləşən mənzil isə İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir, heç kəs cəmiyyətin maraqları naminə, qanuna və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.4-cü maddəsində sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Neqator iddia dedikdə, əşyaya sahiblik edən mülkiyyətçinin, əmlaka sahiblik, ondan istifadə və ona sərəncam səlahiyyətlərinin həyata keçirilməsində manelərin aradan qaldırılması haqqında üçüncü şəxsə yönəlmiş tələbi başa düşülür. Neqator iddia mülkiyyətçi və üçüncü şəxsin mübahisəli əşya üzrə bir-biri ilə müqavilə münasibətlərində olmadığı və hüquq pozuntusunun subyektiv mülkiyyət hüququnun xitamına gətirmədiyi hallarda irəli sürülür. Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi malikdir. Cavabdeh qismində isə öz hüquqa zidd davranışı ilə mülkiyyət hüququnun (titul sahibliyinin) normal həyata keçirilməsinə maneçilik yaradan şəxs çıxış edir. Beləliklə, istər mülki, istərsə də mənzil qanunvericiliyi baxımından cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarının yaranması və hazırda da mövcud olması, eləcə də mənzillə bağlı hər hansı əşya hüququnun mövcudluğu müəyyən edilmir. Bu baxımdan iddiaçının gəlini olan Cavabdeh özünə məxsus cehiz əmlakını və şəxsi əşyalarını İddiaçı məxsus mənzildə saxlamaqla ona mülkiyyətçi kimi öz hüquqlarının həyata keçirilməsinə maneə yaradır. Bu hal iddiaçını şəxsi əmlak üzərində sahiblikdən məhrum etməsə də, mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 81 nömrəli evin 7-ci mənzilindən (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən mənzildən) Cavabdeh məxsus, qonaq otağında yerləşən divan, stol və stullar, güzgülü komod, servant çil-çıraq, xalça; yataq otağında yerləşən şifoner, çarpayı, güzgülü termo, uşaq yatağı, çil-çıraq, geyim əşyaları; mətbəxdə yerləşən elektrik soba, televizor, qab-qacaq; qızıl zinət əşyaları, komplekt - üzük, sırğa, qolbaq, sep siyahıya alınmaqla çıxarılmalıdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 81 nömrəli evin 7-ci mənzilindən (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən mənzildən) Cavabdeh məxsus, qonaq otağında yerləşən divan, stol və stullar, güzgülü komod, servant çil-çıraq, xalça; yataq otağında yerləşən şifoner, çarpayı, güzgülü termo, uşaq yatağı, çil-çıraq, geyim əşyaları; mətbəxdə yerləşən elektrik soba, televizor, qabqacaq; qızıl zinət əşyaları, komplekt - üzük, sırğa, qolbaq, sep siyahıya alınmaqla çıxarılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar