Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-846/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh “xxxx” MMC-nə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC cəlb edilməklə) qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi, hərracın nəticələrinin ləğv edilməsi və ipoteka predmetinin yenidən qiymətləndirilməsinə dair” iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-ə və Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC cəlb edilməklə qarşı “əmlakın qiymətləndirməsi barədə hesabatın ləğv edilməsi, hərracın nəticələrinin ləğv edilməsi və ipoteka predmetinin yenidən qiymətləndirilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MMC tərəfindən əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi, “xxxx” MMC tərəfindən əmlakının 77 775 manat məbləğində satılması haqqında hərrac protokolunun ləğv edilməsi və həmin zərurətdən irəli gələn hüquqi nəticələr qanunsuz olduğundan etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan və sonradan ipotekaya qoyulmuş Abşeron rayonu, Xırdalan şəhəri, N.Zeynalova küçəsi, dalan 1 ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 nömrəli fərdi yaşayış evi “xxxx” MMC tərəfindən ilkin olaraq 122 000 manata, sonra isə 103 700 manata və sonunda 25 faiz aşağı 77 775 manata qiymətləndirilərək tələbkara satılmışdır. Qiymətləndirməni və hərracı keçirən təşkilat eyni təşkilatdır. Bu da bir daha hərracın qeyriobyektiv aparılmasını göstərir. Ona məxsus olana fərdi yaşayış evinin hərracdan satılması üçün qiymətləndirmənin kim tərəfindən, hansı şəraitdə və hansı qaydada aparılması barədə ona heç bir məlumat, bildiriş verilməmiş, hazırki bazar qiymətindən çox aşağı qiymətə 77 775 manata qiymətləndirmişdir. Həmin hərracın yekunları barədə olan Protokolu o, Abşeron Rayon İcra və Probasiya şöbəsindən əldə etmişdir. Halbuki, hərrac keçirilərkən onun iştirakı ilə keçirilməliydi və bu qaydanı pozmalarına baxmayaraq, hətta hərracdan sonra da bu haqda ona nə məlumat verməyiblər, nə də ki, həmin protokolu ona göndərməyiblər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X4 iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X2 iddiaçının iştirakı olmadan mülki işə baxılmasını və iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçının xx xxxxxx 2021-ci il tarixli məhkəmə iclasında məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına və iclasın vaxti və yeri barədə bildirişi imzalamasına baxmayaraq mülki işin baxılmasına gəlmədiyindən və gəlməməsinin səbəbləri barədə üzrlü səbəb təqdim etmədiyindən onun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 2(005)-4444/2020 nömrəli sorğusuna cavab olaraq “xxxx” MMC tərəfindən keçirilmiş hərraca dair bütün sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmuşdur. İş materiallarında olan Abşeron Rayon İcra və Probasiya şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş 17/75 № 23-3A nömrəli Sifariş məktubundan görünür ki, xx xxxxxx 2019-cu il tarixli qərarla icraatına başlanılmış Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1137/2018 saylı xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə tələbin yönəldiyi iş üzrə borclu İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, N.Zeynalova küçəsi, dalan 1 ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 nömrəli fərdi yaşayış evinin satılması ilə bağlı hərracın keçirilməsi sifariş edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən Abşeron Rayon İcra və Probasiya Şöbəsinə, İddiaçı və “xxxx” ASC-ə ünvanlanmış xx xxxx 2019-cu il tarixli 01/789 qeydiyyat nömrəli 01 nömrəli Açıq hərracın keçirilməsinə dair bildirişin təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1137/2018 saylı xx xxxxxx 2019cu il tarixli icra sənədi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, dalan 1 ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 saylı fərdi yaşayış evinin açıq hərracda 122 000 manata satılması və hərracın xx xxxxx 2019-cu il tarixdə saat 11:00-da keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan ƏİV seriyalı 071428 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin surətindən görünür ki, “xxxx” MMC tərəfindən İddiaçı (ünvan 3 ünvanlanmış məktub qapı bağlı olduğundan xx xxxx 2019-cu il tarixdə geri qaytarılmışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən Abşeron Rayon İcra və Probasiya Şöbəsinə, İddiaçı və “xxxx” ASC-ə ünvanlanmış xx xxxxx 2019-cu il tarixli 01/1271 qeydiyyat nömrəli 02 nömrəli Açıq hərracın keçirilməsinə dair bildirişin təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1137/2018 saylı xx xxxxxx 2019-cu il tarixli icra sənədi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, dalan 1 ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 saylı fərdi yaşayış evinin açıq hərracda 122 000-15%=103 700 manata satılması və hərracın xx xxxxx 2019-cu il tarixdə saat 11:00-da keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan ƏİV seriyalı 076581 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin surətindən görünür ki, “xxxx” MMC tərəfindən İddiaçı (ünvan 3 ünvanlanmış məktub xx xxxxx 2019-cu il tarixdə İddiaçı tərəfindən qəbul edilmişdir. İş materiallarında olan 01-xx xxxx 2019-cu il tarixli, 05-xx xxxxx 2019-cu il tarixli və 26 aprel-xx xxx 2019-cu il tarixli “Birja yenilikləri” qəzetlərinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, dalan 1 ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması ilə bağlı hərracların keçirilməsi tarixləri barədə elanlar verilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən xx xxxxx 2019-cu il tarixdə “xxxx” ASCə, həmçinin, məlumat üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə, İddiaçı göndərilmiş 01/1528 qeydiyyat nömrəli İpoteka predmetinin əldə olunmasına dair Təklif məktubunun surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, dalan 1 ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 saylı fərdi yaşayış evi təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 77 775 manat olmaqla tələbkara təklif edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş 23/07 nömrəli xx xxx 2019cu il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, dalan 1 ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 saylı fərdi yaşayış evi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1137/2018 saylı xx xxxxxx 2019-cu il tarixli icra sənədinə, Abşeron rayon İcra və Probasiya Şöbəsinin 17/75-23-3A saylı xx xxxxxx 2019cu il tarixli sifariş məktubuna əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 122 000 manat, əmlakın təkrar hərracdakı satış qiyməti 103 700 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti 77 775 manat olmuş, əmlak tələbkar tərəfindən alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1137/2018 saylı xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, həmin qətnamə ilə mübahisəli əmlak satışa çıxarılarkən ilkin satış qiyməti 122 000 manat müəyyən edilmişdir. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İş materiallarından müəyyən edilir ki, iddiaçı hərracla bağlı lkazımi qaydada məlumatlı olmuşdur. Məhkəmə işin hallarını və qüvvədə olan qanunvericiliyin tələblərini əsas götürərək belə hesab edir ki, iddia tələbi “qiymətləndirmə barədə rəyin ləğv edilməsinə dair” hissədə də rədd edilməlidir. Belə ki, işin materiallarından və iddia ərizəsindən də göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1137/2018 saylı xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsində ipoteka predmeti olan daşınmaz əmlak satışa çıxarılarkən ilkin satış qiyməti 122 000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilən əsaslara görə “qiymətləndirmə barədə rəyin ləğv edilməsinə dair” hissədə də iddia qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə yuxarıda göstərilən maddi normaları və işin hallarını əsas götürərək iddia tələbinin “hərracın nəticələri haqqında müqavilənin və protokolun ləğv edilməsinə dair” hissəsində rədd edilməli olduğu qənaətinə gəlmişdir. Belə ki, məhkəmə iddiaçının əsas gətirdiyi, mənzillə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə ona məlumat verməməsini, hərracın onun xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu, ipoteka qoyan və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, həmin bildirişlər ipoteka qoyana rəsmi qaydada təqdim olunmuş, beləliklə ipoteka qoyanın əmlakın hərraca çıxarılmasından tam olaraq xəbəri olmuş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Beləliklə, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracla bağlı zəruri olan bütün prosessual hərəkətlər edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq hərrac keçirildiyindən və ipoteka predmeti qanuni olaraq tələbkara təklif edildiyindən hərrac təşkilatının 82/01 nömrəli xx xxxxxx 2019-cu il tarixli hərracın yekunları barədə protokolun və hərracın nəticələri haqqında müqavilənin ləğv edilməsi üçün əsas müəyyən edilməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “xxxx” ASC cəlb edilməklə) “əmlakın qiymətləndirməsi barədə hesabatın ləğv edilməsi, hərracın nəticələrinin ləğv edilməsi və ipoteka predmetinin yenidən qiymətləndirilməsinə dair” iddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə ondan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-846/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-846/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver