Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-858/2024 12.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 oktyabr 2009-cu il təvəllüdlü qızı Babazadə Nilüfər və xx.xx.2012-ci il təvəllüdlü qızı Babazadə Mələyin yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində hər bir uşağa 220 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 27 may 2013-cü il tarixindən 1 saylı Bakı Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 2 qızları, Babazadə Nilüfər və Babazadə Mələk var. Cavabdeh övladlarının saxlanması üçün 8 aydır ona heç bir maddi yardım etmir, o və övladları hazırda maddi cəhətdən çox çətinlik çəkirlər və ata-anasının yanında yaşayır. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, rəsmi iş yeri yoxdur, özü taksi işləyir, anası, atası xəstədir. Atası infarkt keçirib, anası ürək xəstəsidir, onların dərmanlarına kömək edir. Hazırda durumu yaxşı deyil. O, aliment təyin edilərkən vəziyyətinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa müvafiq izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, maddi vəziyyətinin zəif olduğunu bildirmiş və iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 1 saylı Bakı “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 855435 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 xx.xx.2013-cü il tarixdə nikahları bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 359 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Babayeva” soyadı verilmişdir; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X4 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X3 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər xx.xx.2013cü il tarixdə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından iki övladları doğulmuşdur. Tərəflərin münasibətləri sonradan pisləşmişdir. Birgə təsərrüfat aparmırlar. İddiaçı övladlarının saxlanmasında cavabdehin iştirak etmədiyini əsas gətirərək, aliment tutulmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə uyğun olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, qanunvericilik valideynlər uşaqlarını saxlamadıqda nikah pozulmadan da uşaqların saxlanması üçün məhkəmə qaydasında onlardan aliment tutulması imkanını müəyyən etmişdir. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin valideynin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması yuxarıda qeyd edilən şərtlərdən birinin mövcud olduğu halda mümkündür. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması qanunla nəzərdə tutulmuş hallarda uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2023-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Göründüyü kimi, alimentin təyin edilməsi zamanı yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə istinad edilməsi düzgün olsa da, aliment məbləğinin məhz həmin yaşayış minimumu həcmində müəyyən edilməsinə dair qanunvericilikdə hər hansı birbaşa göstəriş yoxdur. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında alimentin məbləğinin qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərinə yaxın məbləğ kimi digər valideyndən tutulmalı olması qeyd edilmişdir. Qeyd olunmalıdır ki, hər il uşaqlar üçün yaşayış minimumu qanunla müəyyən edilsə də, qanunvericilik həmin məbləği alimentin minimum həddi kimi müəyyən etməmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində alimentin məbləği müəyyən edilərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təsbit edilməklə yanaşı, həmin Qanunun 19-cu maddəsi valideynlərin uşaqlar barəsində bərabər hüquq və vəzifələrinin olduğunu müəyyən edir. Eyni zamanda ailə qanunvericiliyi alimentin məbləği müəyyən edilərkən tərəflərin və uşağın mənafeyi ilə bağlı nəzərə alınmalı olan bir sıra diqqətəlayiq halların siyahısını müəyyən etmişdir. Belə ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən Qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, minimum yaşayış həddi özlüyündə bir meyar olsa da, alimentin məbləği müəyyən edilərkən formal olaraq hər bir uşağa görə həmin məbləğin və yaxud ona yaxın məbləğin mexaniki olaraq təyin edilməsi düzgün deyildir. Məhkəmə qətnaməsi icra olunmaq üçün çıxarılır, istər valideynlərin, istərsə də uşağın vəziyyətini hər hansısa bir şəkildə çətinləşdirməyə gətirib çıxarmamalıdır. Bu baxımdan hər iki tərəfin qanuni mənafeləri arasında ədalətli balansa nail olunması üçün tədbirlər görülməli, həmçinin konkret iş üzrə yalnız iddiaçının deyil, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallara da qiymət verilməlidir. Beləliklə, məhkəmə cavabdehin rəsmi iş yeri və gəliri barədə hər hansı bir sübut təqdim olunmamasını, bu səbəbdən alimentin qazancdan müəyyən hissə kimi tutulmasının mümkünsüz olduğunu, həmçinin iddiaçının birgə nikahdan olan uşaqların saxlanılması üçün sabit pul məbləğində aliment müəyyən edilməsi xahişini nəzərə alaraq, alimentin xx.xx.2023-cü il tarixindən başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək hər uşağa görə 210 manat sabit pul məbləğində təyin edilməsini məqsədəmüvafiq hesab edir. Bu baxımdan iddia qismən təmin edilməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumuna yaxın məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın başqa zəruri xərclərinin ödənilməsi valideynlərin uşağı maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Mülki Prosessual Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşağa görə 210 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2023-cü il tarixindən başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşağa görə 210 manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-858/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-858/2024
12.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver