Məhkəmə qərarları › İş №2(005)-866/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-866/2023

30.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-866/2023 30.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC və Cavabdeh1 MMC-nin həkimi Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Buta Clinic"dən və həkim Cavabdeh2 “Baku Clinic”in hesbına köçürəcəyi 4500 manat pulun ödənişini təmin edilməsini və vurulmuş mənəvi ziyana görə iddiaçının xeyrinə 10000 manat məbləğində pulun müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı daha yaxşı xarici burun görünüşünə sahib olmaq üçün burun əməliyyatı üçün 2022-ci ilin aprel ayında Cavabdeh1ə müraciət etmişdir. Ona həkim Xəyal Hüseynovun burun əməliyyatını həyata keçirəcəyi bildirilmişdir. Xarici burun deformasiyası və burun çəpər əyriliyi diaqnozunun nəticəsində LOR-həkimin məsləhəti ilə cərrahi müdaxiləyə ehtiyac olduğunu ona bildirildi. Xarici burun deformasiyasını və burun çəpər əyriliyini aradan qaldırması üçün Cavabdeh1 klinikasının kassasına 1300 manat ödəniş etdi. xx.xx.2022-ci il tarixində burun əməliyyatını həkim Cavabdeh2 tərəfindən icra olundu. xx.xx.2022-ci il tarixində 1 gün xəstəxanada qaldıqdan sonra həkim onu evə buraxdı. Burun cərrahi müdaxiləsi olunduqdan sonra İddiaçı məlum olub ki əməliyyat edən həkim Cavabdeh2 olub. İddiaçı evə gəldikdən sonra, bir müddət sonra özündə yaxşılığa doğru heç bir dəyişiklik hiss etmədi. Əksinə bu əməliyyatdan sonra sağlığında bəzi problemlər yarandı. Həkim Cavabdeh2 tərəfindən burun əməliyyatı çox uğursuz keçirilib. Bununla da onun Cavabdeh1 ilə daha çox problemləri yarandı və münasibətlər daha çox gərginləşdi. Ən böyük problemi və şikayəti isə nəfəsalma problemi və burun qığırdağının əyriliyi idi. Bu şikayətlə bağlı yenidən klinikaya, həkimə müraciət etdi. İki ay çəkişmələrdən, gərgin münasibətlərdən sonra Cavabdeh1in rəhbərliyi avqust ayında 1300 manatı İddiaçı geri qaytardı. Belə ki nə əməliyyat öncəsi nə də sonrası əməliyyat edən kimliyi İddiaçı məlum deyildir. Baş həkimlə danışığı zaman Xəyal Rüstəmov burun əməliyyatını həyata keçirəcəyini bilirdi. Lakin "xxxx" də çalışan həkim Cavabdeh2 burun əməliyyatı edib. Bütün hadisələrlə bağlı həm baş həkimlə, həm Fərrux adlı şəxslə aralarında olan “whatsapp” vasitəsi ilə yazışmaları var. Sonuncu dəfə Fərruxla 2022-ci ilin oktyabr ayının 17-si danışmışdı. Bundan sonra nə Fərruxla, nə də Baş həkimlə əlaqə saxlaya bilməmişdir. Bu müddət ərzində İddiaçı mənəvi və fiziki olaraq çox çətin və gərgin günlər yaşadı. “Buta Cİinac”ı qeyri-professional və kobud personalı, əməkdaşları, həkimləri tərəfindən İddiaçı mənəvi zərər vurulmuşdur. Cavabdeh1in rəhbərliyi və həkimi burun cərrahi müdaxiləsinin uğursuz keçdiyini və burun qığırdağının əyriliyini inkar etmirlər. Hal-hazırda səhhətində yaranan problemi aradan qaldırmaq üçün, “Baku Clinic”ə, Sami Samin adlı həkimə müraciət etmişdir. Sözügedən həkimin müayinəsindən sonra İddiaçı zəmanətli, məsuliyyətli və yüksək keyfiyyətli burun əməliyyatım keçirəcəyini bildirib. Bunun üçün də “Baku Clinic”ə 4500 manat məbləğində ödəniş etməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 MMC-yə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları 0871492 nömrəli xəstəlik tarixindən çıxarış-epikrizdə qeyd olunur ki, xəstəyə kardioloqun və anestezioloqun baxışı olmuşdur. xx.xx.2022-ci il tarixində xəstə üzərində "Septorinoplastika" cərrahi əməliyyatı aparılıb. Əməliyyat fəsadsız keçib. Əməliyyatdan sonrakı dövrdə xəstəyə antibakterial, simptomatik müalicə aparılmış, ağırlaşma qeyd olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, KEŞ-562 saylı rəydə qeyd olunur ki, Cavabdeh1də X1 adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, ona “Xarici burun deformasiyası və burun çəpər əyriliyi’’ diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Diaqnoza uyğun olaraq onun üzərində “Rinoseptoplastika” cərahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı sağ burun keçəcəyinin yan qığırdağından burun qığırdağının götürülməsi ilə əlaqədar burun yan toxuması içəriyə yatmışdır. Bu da tənəffüs pozğunluğu ilə müşayiət olunur. Bununla əlaqədar balıqqulaqlarının yandırılmasına ehtiyac var. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı burun əməliyyatını həyata keçirmək üçün cavabdeh “Baku Clinic”ə yaxınlaşmış və müayinələrdən sonra xx.xx.2022-ci il tarixində "Septorinoplastika" cərrahi əməliyyatı olunmuşdur. Əməliyyatdan sonra İddiaçı sağlamlığında problemlər yaranmışdır. Belə ki, İddiaçı sağ burun keçəcəyinin yan qığırdağından burun qığırdağının götürülməsi ilə əlaqədar burun yan toxuması içəriyə yatmışdır. Bu da tənəffüs pozğunluğu ilə müşayiət olunur. Bununla əlaqədar balıqqulaqlarının yandırılmasına ehtiyac var. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Mülki qanunvericiliyin yuxarıda sadalanan maddələrinin məzmununa görə cavabdehin yol verdiyi mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn mülki məsuliyyətə cəlb olunması üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bu baxımdan deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun: 59-cu maddəsinə əsasə Tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinəyetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. «Özəl tibbi fəaliyyət» haqqında Qanunun: 9-cu maddəsinə əsasən Özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərin verdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar. 16-cı maddəsinə əsasən tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək, xəstənin sağlamlıqvəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək, xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifəsidir. Məhkəmə ilk öncə iddianın əsaslılığını müzakirə edərək, həmin tibb mərkəzində fəaliyyət göstərən həkimlərin hərəkət və ya hərəkətsizliyinin qanunsuz olub-olmaması ilə əlaqədar iş materiallarında olan sübutların araşdırılmasının zəruri olduğunu qeyd edir. Mülki işin materiallarından görünür ki, aparılmış əməliyyatın nəticəsi olaraq İddiaçı mütəxəssis müayinəsi zamanı sağ burun keçəcəyinin yan qığırdağından burun qığırdağının götürülməsi ilə əlaqədar burun yan toxuması içəriyə yatmışdır. Bu da tənəffüs pozğunluğu ilə müşayiət olunur. Bununla əlaqədar balıqqulaqlarının yandırılmasına ehtiyac var. Məhkəmə hesab edir ki, bu hal iddiaçının sağlamlığına ziyanın vurulması ilə Cavabdeh1 MMC-nin həkimlərinin iddiaçı üzərində əməliyyat aparması arasında səbəbli əlaqə olduğunu təsdiq edir. Digər tərəfdən iddiaçının əməliyyat olunması üçün ödənilmiş 1300 manatın İddiaçı geri qaytarılması cavabehin uğursuz əməliyyat aparmasını dolayı yolla təsdiqi anlamına gəlir. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh1 MMC hazırda baxılan iş üzrə məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iclaslarda nümayəndəsinin iştirakını etməmiş, iddiaya qarşı hər hansı etirazlarını bildirməmişlər. Azərbaycan Respublikası Prosessual Mülki Məcəlləsinin 184.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Cavabdeh1 MMC iclaslarda iştirak etmədiyi və iddiaya etirazlarının bildirmədikləri halda iddiaçının məhkəmə iclaslarında verdiyi izahatları və təqdim etdiyi yazılı sübutlar, o cümlədən məhkəmə tərəfindən təyin olunmuş ekspertiza ilə əldə edilmiş rəy Cavabdeh1 MMC-nin həkimlərinin hərəkətləri nəticəsində iddiaçının sağlamlığına zərər vurulduğunu təsdiq edir. Məhkəmə hesab edir ki, iddiaçının sağlamlığına Cavabdeh1 MMC-nin həkimləri tərəfindən zərər vurulması təsdiq olunduğundan yuxarıda sadalanan qanunvericilik normaları əsas götürülməklə onlar iddiaçının sağlamlığına dəyən zərərə görə Cavabdeh1 MMC məsuliyyət daşıyır və bu zərərin əvəzini ödəməlidirlər. İddiaçının yenidən burun əməliyyatına ehtiyacının olması iş üzrə keçirilmiş tibbi-ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Həmin müayinə və əməliyyat xərcinin dəyərinin 4500 manat olmasını isə Cavabdeh1 MMC hər hansı məhkəmə iclasında iştirak etməmiş və mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə sağlamlığa vurulmuş zərərin əvəzi olaraq 4500 manat pulun Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə tutulması hissəsində iddianın təmin edilməsi üçün qanuni əsasların olduğu qənaətinə gəlir. Məhkəmə digər cavabdehə münasibətdə iddia tələbləri ilə bağlı qeyd edir ki, iddiaçının cavabdeh kimi göstərdiyi məhz Cavabdeh2 iddiaçının sağlamlığına zərər vurması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə sübutlarla əsaslandırılmadığından bu hissədə təmin edilə bilməz. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarından da göründüyü kimi, mənəvi zərər şəxsin pozulmuş hüququnun müstəqil nəticəsidir. «Pozulmuş hüquq» dedikdə məhkəməAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsində vurğulandığı kimi, «qanunla qorunan hüquq»ların pozulmasını nəzərdə tutur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” İş materiallarından aydın olur ki, Cavabdeh1 MMC-nin hərəkətləri nəticəsində iddiaçının sağlamlığına zərər vurulması, bunun nəticəsində iddiaçının tənəffüs almasının çətinləşməsində təzahür edən fiziki iztirab çəkməsi halı müəyyən olunur. Həmçinin əməliyyatın üzərindən 1 ildən çox vaxt keçməsi iddiaçının kifayət qədər uzun müddət bu iztirabla yaşadığını göstərir. İş materialları ilə sübuta yetirilmiş bu halı nəzərə alan məhkəmə mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması üçün qanuni əsasların olduğu qənaətinə gəlir. Zərərin məbləğinə gəldikdə isə məhkəmə mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də Cavabdeh1 MMC-nin təqsirini, əmlak vəziyyətini nəzərə alaraq mənəvi zərərin 500 manat məbləğində müəyyən edilməsini qanuni və ədalətli hesab edir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 MMC-dən maddi zərərə görə 4500 manat və mənəvi zərərə görə 500 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən maddi zərərə görə 4500 manat və mənəvi zərərə görə 500 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar