Məhkəmə qərarları › İş №2(005)-885/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-885/2023

10.03.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-885/2023 10.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış xxxxxxx000101 nömrəli əmək müqaviləsinə əsasən o, Cavabdeh MMC-də qəlibçi vəzifəsində çalışmışdır. Həmin tarixdən xx.xx.2022-ci ilə kimi həmin vəzifədə işləmiş, işlədiyi müddətdə ərzində rəhbərlik tərəfindən hər hansı inzibati cəza almamışdır. İşlədiyi müddətdə də, həmçinin məzuniyyət günlərində də işləmiş və buna görə heç bir ödəniş almamışdır. Bütün bunlara baxmayaraq, Cavabdeh MMC-nin baş idarə müdiri X3 xx.xx.2022-ci ildə 93 nömrəli əmrlə onunla olan əmək müqaviləsinə xitam verilmişdir. Müvafiq əmr qanunsuz və əsassızdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Cavabdeh MMC tərəfindən ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi, eləcə də istifadə edilməmiş məzuniyyət və işləmədiyi ayların əmək haqqı ödənişinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, cavabdehə müvafiq ödənişlər həyata keçirilərək verilmişdir. Bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2021-ci il tarixli Elektron portaldan çıxarışa əsasən İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli Elektron portaldan çıxarışa əsasən İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İddiaçı tərəfindən yazılmış və imzalanmış Cavabdeh-na ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən ərizəçi tutduğu vəzifəsindən xx.xx.2022-ci il tarixdən azad olunmasını xahiş etmişdir; xx.xx.2022-ci il tarixli , 93 saylı əmrə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı 222,97 (iki yüz iyirmi iki manat doxsan yeddi qəpik) manat məbləğində son haqq-hesab ödənişi almışdır. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2023-cü il tarixli Cari hesabdan çıxarışa əsasən İddiaçı müvafiq əmək haqqı ödənişləri həyata keçirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 69-cu maddənin 1-ci bəndinə görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci bəndinə əsasən, Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; Əmək Məcəlləsinin 172-ci maddəsinin birinci hissəsinə görə, aylıq əmək haqqı işçilərə bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə, əmək haqqı illik dövr üçün hesablanan işçilərə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi isə ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Maddənin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məhkəmə hesab edir ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmri mübahisələndirməmişdir. Hazırkı tələbi məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi, eləcə də, istifadə edilməmiş məzuniyyət və işləmədiyi ayların əmək haqqı ödənişinin cavabdehdən alınaraq ona ödənilməsi barədədir. Əmək qanunvericiliyinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli, eyni zamanda bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, № 93 saylı əmri ilə işdən azad olunmuş, əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən müqaviləsinə xitam verilmiş, cavabdeh tərəfində iddiaçının qanunvericiliydə irəli gələn bütün hüquqları gözlənilmiş, bu səbəblə iddia rədd edilməlidir. İddia tələbinin « Araz-2011 A” MMC tərəfindən ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi» hissəsinə münasibətdə əsassız hesab edir. Belə ki, iş materialları ilə iddiaçının vəzifə maaşına müvafiq olaraq son-haqq hesab ödənilməsi işəgötürən tərəfindən təmin olunmuşdur. İddiaçı işdən çıxma barədə xahişini əks etdirən ərizəsində onunla əmək münasibətinə xx.xx.2022-ci il tarixdən xitam verilməsini göstərmiş və bundan sonra o, əmək funksiyasını yerinə yetirməmişdir. Belə olan halda, əlavə 2 ay üçün əmək haqqının ödənilməsi barədə tələbi əsassızdır, rədd olunmalıdır. Məhkəmə iddia tələbinin “istifadə edilməmiş məzuniyyətə görə ödənişin cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC-nin 2022-ci ilin avqust ayı üçün əmək haqqının hesablanma cədvəlinə əsasən İddiaçı tərəfindən cari il üçün məzuniyyət hüququndan istifadə edilmiş və buna görə müvafiq ödəniş Cavabdeh MMC tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı və s.” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar