Məhkəmə qərarları › İş №2(005)-924/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-924/2022

06.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-924/2022 06.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “istilik komunikasiya xəttlərinin bərpası” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMMC cavabdeh "xxxx" MMC-yə qarşı “istilik komunikasiya xəttlərinin bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 26 saylı binanın istilik kommunikasiya xətlərinin "xxxx" MMC tərəfindən bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 26 saylı binada 2017-ci ildən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmışdır. Lakin binanı inşa edən şirkətin nümayəndələri binanın istilik kommunikasiya xətlərinin bir hissəsini söküb aparmış, digər hissələrini də 05 aprel 2021-ci il tarixdə sökərkən bu söküntü əməllərindən 102 xidmətinə məlumat verilmiş, polis əməkdaşları gəlmiş və bu işin mülki qaydada həll olunmasını bildirmişlər. 2017-ci ildə binanı inşa edən şirkət tərəfindən istilik sistemi dayandırılmışdır. Hazırda yeni yaradılan cəmiyyət tərəfindən bina idarə olunur və gələcəkdə həmin istilik sistemini bərpa etmək nəzərdə tutulur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 05.05.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların X5 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın sürətindən görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 7411.30 qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin mülkiyyətindədir. - 10.05.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların X5 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının sürətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.6210 torpaq sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. - 01.05.2017-ci il tarixli 1117-MM4-0046 nömrəli X3 X5 Şəhadətnamədən görünür ki, hüquqi şəxs "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti dövlət qeydiyyatına alınmışdır. - 16.09.2019-cu il tarixli 1117-MM4-0046 nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən çıxarışın sürətindən görünür ki, Nümayəndə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətin qanuni təmsilçisidir. Cəmiyyətin daşınmaz əmlak kompleksini, birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək fəaliyyət predmeti və məqsədidir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 20.07.2004-cü il tarixli qeyri yaşayış fonduna daxil olan özəl obyektlərin Texniki Passportundan görünür ki, texniki passportun “əsas tikintilərin və xidməti tikintilərin, həyətdaxili qurğuların və təyinatı və xarakteristikaları” bölməsində ünvan 1 ünvanında tikilimiş çox mənzilli yaşayış binasına xidmət edən “Qazanxana” binası yerləşmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Həmin Məcəllənin 35.4-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Həmin Məcəllənin 35.5-ci maddəsinə əsasən çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsi digər şəxslərin məhdud istifadə hüququ ilə yüklü edilə bilər. Bu Məcəllənin qüvvəyə mindiyi günədək mövcud olan obyektlərə digər şəxslərin gediş-gəlişinin təmin edilməsi üçün zəruri olan hallarda torpaq sahəsinin yüklülüyünə qadağa qoyulmasına yol verilmir. Torpaq sahəsinin məhdud istifadə hüququ ilə yenidən yüklü edilməsi torpaq sahəsinin belə yüklülüyünü tələb edən şəxslə çoxmənzilli binanın sahə mülkiyyətçiləri arasında olan razılaşma ilə müəyyən edilir. Torpaq sahəsinin ondan məhdud istifadə hüququ ilə yüklülüyünün müəyyən edilməsi və bu yüklülüyün şərtləri ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 35.6-cı maddəsinə əsasən çoxmənzilli bina məhv olduqda, o cümlədən təsadüfi dağıldıqda, söküldükdə yaşıllaşdırma-abadlaşdırma elementləri ilə birlikdə binanın yerləşdiyi torpaq sahəsinə və göstərilən torpaq sahəsində yerləşən həmin binaya xidmət göstərməsi, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş digər obyektlərə binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyət hüququnda payları çoxmənzilli bina məhv olanadək, o cümlədən təsadüfi dağılanadək, sökülənədək həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq saxlanır. Göstərilən mülkiyyətçilər mülki qanunvericiliyə uyğun olaraq bu maddədə nəzərdə tutulan əmlaka sahiblik edir, ondan istifadə edir və barəsində sərəncam verirlər. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 26 saylı bina "xxxx" MMC tərəfindən inşa edilərkən mərkəzləşdirilmiş qaydada isti suyun verilməsini təmin etmək məqsədi ilə həmin bina istilik kommunikasiya xətləri ilə təchiz edilməsi və binada olan mənzillər sakinlərə satılanda mərkəzləşdirilmiş istilik kommunikasiya xətləri mövcud olması, hətta bir müddət isti su mərkəzləşdirilmiş qaydada həmin xətlər vasitəsi ilə verilsə də, 01 may 2017-ci il tarixdə həmin binada olan mənzillərin mülkiyyətçiləri tərəfindən "xxxx" MMMC yaradılmış, cari ilin aprel ayında isə binanın mərkəzləşdirilmiş istilik kommunikasiya xətləri "xxxx" MMC tərəfindən sökülməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 26 saylı binanın mənzillərinin mülkiyyətçiləri öz yaşayış sahələri üzrə mülkiyyət hüququ əldə etməklə yanaşı həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan bir sıra obyektlərlə, həmçinin ümumi istifadə də olan mərkəzləşdirilmiş istilik kommunikasiya xətlərinə də ümumi paylı mülkiyyət hüququ mülkiyyətçilərə keçmiş, daha sonra 26 saylı binanın mənzillərinin mülkiyyətçiləri həmin daşınmaz əmlak kompleksini birgə idarə etmək, həmçinin binanın ümumi əmlakının istismarını, istifadəsini təmin etmək məqsədi ilə 01 may 2017-ci il tarixdə "xxxx" MMMC yaratmışlar. Lakin buna baxmaraq "xxxx" MMC cari ilin aprel ayında mülkiyyətində olmayan istilik kommunikasiya xətlərini sökmüşdür. Göründüyü kimi qanunverici vurulmuş ziyanın ödənilməsi tələblərini müəyyən etmişdir. Hazırda iddiaçıya zərərin cavabdehin qanunazidd hərəkətləri nəticəsində vurulması işin mübahisəsiz halı olduğdan, bu tələblərə əsasən ziyanvuran qanunazidd təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində vurduğu ziyanın əvəzinin ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda qeyd olunana maddi hüququn normaları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 26 nömrəli binanın istilik kommunikasiya xətləri "xxxx" MMC tərəfindən əvvəlki vəziyyətinə qaytarılmaqla bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 26 saylı binanın istilik kommunikasiya xəttlərinin bərpa edilməsi cavabdeh "xxxx" MMC-yə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar