Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-938/2024 05.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X2, Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı uşağın ananın yanında saxlanması və aliment tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2020-ci il təvəllüdlü X4 onun yanında saxlanılması, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin və mediasiya sessiyası üçün ödənilmiş 50 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu il tarixdə Cavabdeh ilə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X8 adlı bir uşaqları anadan olmuşdur. Ailə qurduqları vaxtdan münasibətləri normal olsa da, sonradan ailə keçimsizliyi səbəbindən münasibətləri pozulmuşdur. Cavabdehlə aralarındakı ər-arvad münasibətlərini kəsmişlər. Aralarındakı nikah qeydiyyatı formal xarakter daşıyır. Gələcəkdə ər-arvad kimi birgə yaşamaları və ailənin saxlanması qeyri-mümkündür. Münasibətlərinin pozulduğu vaxtdan cavabdeh ona birgə nikahdan olan uşaqlarının saxlanması üçün maddi yardım etmir. O isə təkbaşına uşağı saxlamaqda maddi çətinlik çəkir. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nikahın bağlanması haqqında akt qeydləri kitabında 2019-cu ilin mart ayının 31 günündə 731 nömrə ilə qeydə alınmış nikahlarının pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X4 onun himayəsində saxlanılması, uşağın saxlanılması üçün qanunla nəzərdə tutulmuş alimentin qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, onunla cavabdeh X9 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 731 nömrə ilə qeydə alınmış nikah aktının pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı, iddia ərizəsi ilə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə müraciət edərək aliment tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Çox çalışsa da, ilkin iddia üzrə iddiaçının aqressiv və valideynləri ilə qruplaşaraq ona qarşı qərəzli hərəkətlərinə görə onunla yaşamaq çox çətindir. Buna baxmayaraq cəhd göstərirdi ki, ailə dağılmasın, lakin bu mümkün olmadı. Faktiki olaraq neçə aydır ki, həyat yoldaşı ilə ayrı yaşayırlar. Belə ki, iddiaçı və valideynləri onun iddiaçıdan qabaq nikaha daxil olduğu şəxsdən olan oğlunun onlarla birgə yaşamasına etiraz edərək ailənin dağılmasına səbəb olmuşlar. İddiaçı həqiqəti əks etdirməyən ifadələrlə məhkəmənin fikrini başqa istiqamətə yönəltməyə çalışmışdır. Belə ki, iddiaçının irəli sürdüyü tələblərinin heç bir əsası yoxdur və ola da bilməz. Çünki o ailə başçısı kimi ailənin istər maddi, istər mənəvi və digər tələbatlarının təmin edilməsi cəhətdən üzərinə düşən missiyalarını layiqincə yerinə yetirmiş, son dərəcədə ailə üzvlərinin, həyat yoldaşının və uşaqlarının qayğısına daim həssaslıqla yanaşaraq fədakarlıq etmişdir. Onların geyim əşyalarının, qidalanmalarının, səhhətlərinin yaxşılaşdırıması, istirahət və əyləncələrinin mütəmadi şəkildə təmin edilməsini qənaətbəxş şəkildə həyata keçirmişdir. Lakin iddiaçının psixoloji problemləri ucbatından ailədə tez-tez mübahisələr yaransa da, o, onun sinir sistemi pozğunluğunu nəzərə alaraq onunla mübahisələrdən yayınmağa çalışmaqla yanaşı eyni zamanda onun mütəxəsis həkimlərin müayinəsinə və müalicə edilməsi üçün təkliflərini etsə də, o bundan müxtəlif bəhanələrlə yayınmışdır. Həmçinin iddiaçıya bu təklifləri də etdikdə qışqır bağırla mübahisələr yaradaraq onun və uşaqlarının mənafeyinə, şərəf və ləyaqətinə, hörmətsiz ifadələr işlətməklə ailəni nüfuzdan salan hərəkət və ya hərəkətsizliklər edərək xəbəri və icazə olmadan tez-tez ailəni tərk edib valideynlərinin yanına və s. gedərək ruhi xəstələr kimi onunla rəftar etmişdir. Onun bu cür davranış tərzinin olması ailədə nə geyim əşyalarının vaxtlı-vaxtında təmizlənməsinə səliqə səhmanın yaradılması, nə uşağın səhhəti ilə maraqlanmaması, həmçinin yalnız bütün günü smartfon telefonda sosial şəbəkələrdə vaxtını, gününü keçirməklə məşğul olurdu. Bu barədə onun valideyinlərinə bildirsə də, heç bir müsbət nəticəsi olmamışdır. O və digər yaxınları tərəfdən onun özü və qohumlarına təkliflər edilsə də, onun müalicə edilməsi və ailənin bütövləşərək övladlarının gələcək mənafelərinin qorunması mümkün olmamışdır. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, onlar ailə quranda Cavabdeh əvvəllər 2 dəfə ailəli olmasını ailə üzvlərindən gizlətmişdir. Evliliklərinin ilk günlərindən aralarında normal münasibət olmamışdır. O, mütəmadi olaraq onu boşayacağını bildirirdi. Sonradan əvvəllər yaşadıqları evə köçsələr də, kommunal xərclərini az ödəmək məqsədilə onlar çox vaxt atasıgildə yaşayırdılar. Onların qidalanmalarında, pal-paltarla təmin olunmalarında həyat yoldaşının heç bir rolu olmamışdır. Onun əvəzinə bütün bunları atası və qardaşı etmişdir. O, onun bütün qızıl-zinət əşyalarını onun icazəsi olmadan evdən apararaq satmış, əldə olunan pul vəsaitlərini özü üçün xərcləmişdir. O, ondan qızıl-zinət əşyalarını soruşanda, o, hər dəfə ona yenilərini alacağına söz vermiş, lakin sonradan onu aldadaraq, sözünü tutmamışdır. Ailə qurduqdan 1 həftə sonra, 1 il 6 ay ərzində onlar atasına məxsus evdə, onun valideynləriylə birgə yaşamışdılar. Bu müddət ərzində həyat yoldaşı Cavabdeh evə, ailəyə bir qəpik belə xərcləməmiş, əvvəldən yığdığı borclarını, kreditlərini ödəmişdir. Evin, ailənin bütün xərcləri atası tərəfindən ödənilirdi. Sonuncu dəfə, 11 iyun 2023-cii il tarixdə həyat yoldaşı Cavabdeh onu oğlu Cavidanla birlikdə atası evinə gətirmiş, özü isə yaşadıqları evə qayıdaraq, bütün şəxsi əşyalarını götürərək, əvvəllər qeyri-rəsmi münasibətdə olduğu qadının evinə getmiş və bir daha geri qayıtmamışdır. Həmin tarixdən onların nikahları formal xarakter daşıyır. Onun səhhətində heç bir problem yoxdur. Tam sağlam adamdır. Həyat yoldaşı musiqiçi olduğundan toylara gedirdi və bu səbəbdən həmişə evə çox gec və içkili vəziyyətdə gəlirdi. O, heç vaxt onunla maraqlanmamış, uşağın saxlanılması üçün maddi yardım göstərməmişdir. Bu səbəbdən onu övladı Cavidanla birlikdə tez-tez atası evinə gətirərdi və onlara valideynləri baxardılar. Həyat yoldaşı Cavabdeh boşanmağın səbəbi kimi göstərir ki, guya o, onun birinci nikahdan elan 15 yaşlı oğlu Amili saxlamaqdan imtina etmişdir. Onun sözləri həqiqəti əks etdirmir. Belə ki, müvafiq məhkəmə qətnaməsinə əsasən uşaq anasının himayəsində saxlanılmışdır. Amilin anası Türkiyədə yaşayır. Amil öz isə Yevlax şəhərinə baba-nənəsi ilə yaşayır və orada orta məktəbə oxuyur. Cavabdeh heç vaxt ailəyə bağlı insan olmamışdır. Nikahın pozulması hissəsində iddianı qəbul edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X3 iddia və etiraz ərizəsinin məzmununa müvafiq izahat verərək, onun tam təmin edilməsini xahiş etmiş, nikahın pozulmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, mübahisələri əvvəlki nikahdan olan oğlunun onların yanında qalması ilə iddiaçının razılaşmaması səbəbindən başlamışdır, hazırki nikahdan olan uşağın ananın yanında saxlanmasına etiraz etmir, lakin 2-ci qrup əlil kimi aldığı 360 manat pensiyaya uyğun, əvvəlki nikahdan olan oğlunun saxlanma xərcləri nəzərə alınmaqla aliment təyin edilməsini xahiş edir. Musiqiçi kimi işləsə də işi hər zaman olmur. Bu səbəbdən iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 063923 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 xx.xx.2019-cu il tarixdə nikahları bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 739 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Əliyeva” soyadı verilmişdir; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X8 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdehin xx.xx.2008-ci il təvəllüdlü X10 adlı övladı vardır. Atası Cavabdeh, anası X5r; - ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya xərci 50 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər xx.xx.2019cu il tarixdə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından bir övladları doğulmuşdur. Tərəflərin münasibətləri sonradan pisləşmişdir. Birgə təsərrüfat aparmırlar, nikahları formal xarakter daşıyır. İlkin iddia üzrə iddiaçı uşağın onun yanında saxlanması və aliment tələbi ilə, qarşılıqlı iddiaçı isə nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Hər iki tərəf nikahın pozulmasına razıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20.1 və 21.3-cü maddələrinin tələblərinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Bu halda nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Beləliklə, məhkəmə hər iki tərəfin nikahın pozulmasına razı olmasını, habelə tərəflərin birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyünü nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 11-ci bəndində göstərilmişdir ki, nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ərarvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə uşağın mənafeyini, onun yetkinlik yaşına çatmadığını, ana qayğısına ehtiyacının olduğunu, həmçinin cavabdehin uşağın ananın himayəsində qalmasına etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından olan xx.xx.2020-ci il təvəllüdlü X8 ilkin iddia üzrə iddiaçı-anası İddiaçı yanında saxlanılmalıdır. Məhkəmə ilkin iddia tələbinin alimentin tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Eyni Məcəllənin 78.1-ci maddəsinə uyğun olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Göründüyü kimi, alimentin təyin edilməsi zamanı yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə istinad edilməsi düzgün olsa da, aliment məbləğinin məhz həmin yaşayış minimumu həcmində müəyyən edilməsinə dair qanunvericilikdə hər hansı birbaşa göstəriş yoxdur. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında alimentin məbləğinin qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərinə yaxın məbləğ kimi digər valideyndən tutulmalı olması qeyd edilmişdir. Qeyd olunmalıdır ki, hər il uşaqlar üçün yaşayış minimumu qanunla müəyyən edilsə də, qanunvericilik həmin məbləği alimentin minimum həddi kimi müəyyən etməmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində alimentin məbləği müəyyən edilərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təsbit edilməklə yanaşı, həmin Qanunun 19-cu maddəsi valideynlərin uşaqlar barəsində bərabər hüquq və vəzifələrinin olduğunu müəyyən edir. Eyni zamanda ailə qanunvericiliyi alimentin məbləği müəyyən edilərkən tərəflərin və uşağın mənafeyi ilə bağlı nəzərə alınmalı olan bir sıra diqqətəlayiq halların siyahısını müəyyən etmişdir. Belə ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən Qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, minimum yaşayış həddi özlüyündə bir meyar olsa da, alimentin məbləği müəyyən edilərkən formal olaraq hər bir uşağa görə həmin məbləğin və yaxud ona yaxın məbləğin mexaniki olaraq təyin edilməsi düzgün deyildir. Məhkəmə qətnaməsi icra olunmaq üçün çıxarılır, istər valideynlərin, istərsə də uşağın vəziyyətini hər hansısa bir şəkildə çətinləşdirməyə gətirib çıxarmamalıdır. Göstərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, uşağın saxlanması üçün aliment məbləğinin müəyyən edilməsi zamanı uşağın əvvəlki yaşayış səviyyəsinin saxlanılmalı olması və aliment ödəməli olan valideynin maddi vəziyyəti nəzərə alınmalı, müəyyən edilən aliment məbləği qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğdə olmalıdır. Bu baxımdan hər iki tərəfin qanuni mənafeləri arasında ədalətli balansa nail olunması üçün tədbirlər görülməli, həmçinin konkret iş üzrə yalnız iddiaçının deyil, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallara da qiymət verilməlidir. Beləliklə, məhkəmə ilkin iddia üzrə cavabdehin rəsmi iş yeri və gəliri barədə hər hansı bir sübut təqdim olunmamasını, bu səbəbdən alimentin qazancdan müəyyən hissə kimi tutulmasının mümkünsüz olduğunu, həmçinin ilkin iddia üzrə iddiaçının birgə nikahdan olan uşağın saxlanılması üçün sabit pul məbləğində aliment müəyyən edilməsi xahişini, eləcə də cavabdehin 2-ci qrup əlil kimi aldığı pensiyanın məbləğini, əvvəlki nikahdan yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq, alimentin xx.xx.2023-cü il tarixindən başlayaraq uşaq yetkinlik yaşına çatanadək 200 manat sabit pul məbləğində təyin edilməsini məqsədəmüvafiq hesab edir. Bu baxımdan ilkin iddia aliment hissəsində qismən təmin edilməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumuna yaxın məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın başqa zəruri xərclərinin ödənilməsi valideynlərin uşağı maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. “Mediasiya haqqında” Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırki iş üzrə iddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir və cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 739 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalı, xx.xx.2020-ci il təvəllüdlü X8 anası İddiaçı yanında qalmalı, xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq uşaq yetkinlik yaşına çatanadək 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Həmçinin mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İlkin iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən, qarşılıqlı iddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 739 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. xx.xx.2020-ci il təvəllüdlü X4 anası İddiaçı yanında qalması müəyyən edilsin. xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq uşaq yetkinlik yaşına çatanadək 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-938/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-938/2024
05.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver