Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-959/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 76, mənzil 58-ə köçməsi ilə bağlı yaradılan maneələrin aradan qaldırılması, həmçinin qeydiyyatda olduğu ünvana köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 76 ünvanında yerləşən 58 nömrəli mənzil 24 fevral 1964-cü ildə iddiaçının nənəsi X2 14274 nömrəli order əsasında verilmişdir. Sonradan bu mənzilə atası, anası, qardaşı, bacısı və özü qeydiyyata düşmüşdür. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir səbəb olmadan onunla münaqişələr aparmağa başlamış və onun həmin mənzildən çıxması üçün dəfələrlə zorakılıq hərəkətləri etmişlər. Onlar ailə üzvü olduğundan iddiaçı onların bu hərəkətlərinə dözüm nümayiş etdirmiş, mənzildə yaşayışını davam etdirmişdir. Lakin bu yaxınlarda anası və bacısı onu yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 76, mənzil 58-dən çıxmasını fürsət bilərək mənzildən onu məhrum etmiş və ona mənzilə girməyə icazə verməmişdirlər. Bu barədə dərhal sahə müvəkkilinə məlumat versə də, təəsüflər olsun ki, mənzilə köçə bilməmişdir. Sahə müvəkkili ona məhkəməyə müraciət elməyi tövsiyyə etmişdir. İddiaçı İİİ qrup əlilidir və hazırda yaşamağa yeri yoxdur. Cavabdehlərin onu qeydiyyatda olduğu mənzilə buraxmadıqlarını nəzərə alaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia tələbinin dəlillərinə uyğun oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 iddianı qəbul etməmiş və məhkəməyə verdiyi izahatında bildirmişdir ki, İddiaçı onun qızıdır, aralarında münasibətlər gərgindir. Qızı bir neçə dəfə onu evə gələrək döymək istəmişdir. Pərvanə ailə quraraq Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 76, mənzil 58-dən köçmüşdür. Hazırda ailəlidir, əri ilə birlikdə kirayədə yaşayır. Ailəsi olduğu üçün Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 76, 58 saylı mənzilə köçməsini istəmir. X10 onun keçmiş əridir, o da həmin mübahisəli ünvanda yaşayır. Bu səbəbdən iddiaçının mübahisəli evə köçürülməsi mümkün deyil. Cavabdeh2 iddianı qəbul etməmiş və məhkəməyə verdiyi izahatında bildirmişdir ki, mübahisəli ünvan 1 ünvanda atası, anası və özü yaşayır. Pərvanə onun bacısıdır, həmin evə köçməsinə razı deyil, çünki anası ilə yola getmir, tez-tez aralarında dava-dalaş olur. Dəfələrlə 102 xidmətinə müraciətlər olmuşdur. Anası Cavabdeh1 baxmaq üçün o həmin ünvanda yaşayır. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid X10 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 76, 58 saylı ev onun anasının evi olub. Özü anasının otağında qalır. Həmin ünvanda keçmiş arvadı Cavabdeh1, qızı Cavabdeh2 yaşayır. Onlar digər qızı İddiaçı evə gəlməsinə imkan vermirlər, ona maneçilik yaradırlar. Hətta döyərək evdən qovmuşdular. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ünvan 3 İstismarı Sahəsinin 09.12.2020-ci il tarixli, 853 saylı arayışına əsasən İddiaçı ünvan 2 ünvanda pasport qeydiyyatındadır; ünvan 3 İstismarı Sahəsinin 09.12.2020-ci il tarixli, 36 saylı arayışına əsasən İddiaçı (1983-cü ildən) X10 (1952-ci ildən), Cavabdeh1 (1960-cı ildən) Cavabdeh2 (1981-ci ildən), X11 (1985-ci ildən), X12 (2013-cü ildən) və X6 (2015-ci ildən) Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, 76 saylı evin 58 nömrəli mənzilində pasport qeydiyyatındadırlar. Bina Bakı Şəhəri İH-nə məxsusdur, sahibi Səfurə Əlibaba qızıdır; Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 23.05.2017-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 141995 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X7 ilə İddiaçı arasında 23.05.2017-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 40 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir; Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid orderin surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 76, mənzil 58-saylı evin sahibi X3r; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4981/2011 saylı, 14 oktyabr 2011-ci il tarixli qərardadından görünür ki, iddiaçı X10 cavabdehlər Cavabdeh1 və X8 qarşı yaşayış sahəsindən qeydiyyatdan çıxarılma, daşınmaz dövlət əmlakların özəlləşdirilməsi və daşınmaz əmlakda payların müəyyən edilərək məcbur satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Nərimanov rayonu A.Neymətulla küçəsində yerləşən 76 saylı evin 58 saylı mənzilindən qeydiyyatdan çıxarılması, həmin mənzilin özəlləşdirilməsi, fərqli paylara bölünməsi və məcburi satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyul 2011-ci il tarixli, 2(005)-2330/2011 saylı qətnaməsi ilə iddiaçı X10 cavabdehlər Cavabdeh1 və X8 qarşı Bakı şəhəri, Nərimanov rayonu A.Neymətulla küçəsində yerləşən 76 saylı evin 58 saylı mənzilində yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi, daşınmaz dövlət əmlakı olan həmin mənzilin özəlləşdirilməsi və daşınmaz əmlakda payların müəyyən edilərək, məcbur satılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4981/2011 saylı, 14 oktyabr 2011-ci il tarixli qərardadı ilə iddiaçı X10 cavabdehlər Cavabdeh1 və X8 qarşı Bakı şəhəri, Nərimanov rayonu A.Neymətulla küçəsində yerləşən 76 saylı evin 58 saylı mənzilindən pasport qeydiyyatından çıxarılma barədə iddia tələbi baxılmamış saxlanılmışdır; 11 dekabr 2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən qaldırılmış iddia üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır) 48-ci maddəsinə görə, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İstinad olunan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, “kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Mülki Məcəllənin 27-ci maddəsinə görə isə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı uzun müddət mübahisəsi gedən mənzildə yaşamış və özünə məxsus başqa yaşayış sahəsinin olduğu müəyyən edilməyən iddiaçının Bakı şəhəri, Nərimanov rayonu A.Neymətulla küçəsində yerləşən 76 saylı evin 58 saylı mənzilə köçmək tələbi əsaslıdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi mənzildə yaşayıb və hazırda keçmiş həyat yoldaşı onun burada yaşamasına maneçilik törədir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilən şəxsin mənzil və digər bu kimi yerlər üzərində hər hansı hüququ olmasın. Kollegiya hesab edir ki, mübahisəli mənzilə dair verilmiş orderdə Nurlana Novruzovanın adının olması onun həmin mənzilə köçüb orada yaşamaq hüququnu ehtiva edir, o isə bu hüququn ona tanıdığı imkandan istifadə edərək həmin mənzilə köçürülməsini tələb, məhkəmə də haqlı olaraq bu tələbi təmin etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur, ünvan 3 İstismarı arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, 76 saylı bina Bakı Şəhəri İH-nə məxsusdur. Həmin yaşayış sahəsi cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə qeydiyyatda olmaqla yaşamış İddiaçı da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi ev 76, mənzil 58 X1 olmuşdur. Mübahisəli ev tərəflərdən heç birinin adına dövlət qeydiyyatından keçməmişdir. X5 vəfat etdikdən sonra həmin evdə X10 (iddiaçının atası) ailə üzvləri ilə birlikdə yaşamışdır. İddiaçının daimi yaşayış yeri yoxdur. İşin bu halı tərəfləri izahatı və şahid ifadəsi ilə təsdiq olunur. İddiaçı qeyd edilən evdə pasport qeydiyyatında olduğunu, habelə həmin evin onların ata evinin olduğunu bildirərək, mübahisəli evə köçürülməsini tələb edirlər. Cavabdehlər iddianı qəbul etmir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli evə dair tərəflərin adına hər hansı hüquqmüəyyənedicə sənəd yoxdur. Eyni zamanda, iddiaçının pasport qeydiyyatda olmaqla nikaha daxil olmamışdan əvvəl yaşadığı həmin ünvanda hazırda cavabdehlər yaşayır. Məhkəmə iddia tələbinin köçürülmə hissəsinə hüquqi qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, evin özbaşına tikinti sayılması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın məqsədi insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına insa olunmuş tikili və s.)asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir: insan, təbiətinə görə ehtiyac duyduğu sığınacağı itirir. Ona görə də “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu normada istifadə olunan “mənzil” 6 anlayışı obyektiv amillə (yəni mənzil qanunvericiliyinin müəyyən etdiyi əlamətlərə görə) deyil, subyektiv amillə (yəni insanın obyektdən hansı məqsədlə istifadə etdiyi nəzərə alınaraq) müəyyən olunmalıdır. Əgər insan obyektdən yaşamaq məqsədilə istifadə edirsə, qeyd olunan normanın məqsədi baxımından həmin obyekt mənzil sayılır. Konstitusiyanın maddəsinə bu cür yanaşma qanunvericiliyə zidd deyil, çünki maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq var, maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq olanda isə genişləndirici şərhə yol verilir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, maddə 90.4).İnsanların yaşamaq məqsədilə istifadəyə etdiyi bütün obyektlərin, o cümlədən özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olunması maddənin mətnindəki “mənzil” ifadəsinin genişləndirici şərhidir. İddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Digər tərəfdən, məhkəmə idida tələbinin «maneələrin aradan qaldırılması» hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin oluna bilməz. Belə ki, proses iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. İddiaçı cavabdehin ona mübahisəli mənzildə yaşamasına hansı maneçilik yaratmalarına dair dəlilini, eləcə də məhkəmədə əsaslandıra bilməmiş, buna dair hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 76, 58 saylı mənzilə köçürülməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, iddiaç İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küç., ev. 76., 58 saylı mənzilə köçürülməli, iddia qalan hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 76, 58 saylı mənzilə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-959/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-959/2021
22.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver