Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1001/2024 12.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi İddiaçı1, Cavabdeh iştirakları ilə İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh tərəfindən alimentə görə yaranmış 6231 (altı min iki yüz otuz bir) manat borcun dərhal tutularaq İddiaçı1, aliment borcundan və ali təhsil almaqla əmələ gələn əlavə xərclərə görə 10222 (on min iki yüz iyirmi iki) manat məbləğində pul vəsaitinin isə dərhal tutularaq digər İddiaçı2 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 mart 2010-cu il tarixli, 2(006)-598/2010 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı1 ilə Cavabdeh arasında xx.xx.1999-cu il tarixdə Nəsimi rayon VVAQ şöbəsində 534 № ilə qeyd olunmuş nikah pozulmuş, xx.xx.2003-cü il tarixdə anadan olmuş İddiaçı2 və xx.xx.2006-cı il tarixdə anadan olmuş təvəllüdlü X1 analarının yanında qalması müəyyən edilmiş, Cavabdeh xx.xx.2010-cu il tarixdən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 və xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyul 2014-cü il tarixli qətnaməsinə əsasən isə Cavabdeh xx.xx.2014-cü il tarixdən başlayaraq hər iki uşaq üçün 206 manat alimentin tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. Sonradan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin başqa qətnaməsi ilə aliment məbləği artırılaraq xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 və xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. İddiaçı2 xx.xx.2021-ci il tarixdə yetkinlik yaşına çatdığına görə qanunla ona dair alimentin alınması başa çatmış hesab olunmuşdur. Baxmayaraq ki, İddiaçı2 institutda ali təhsil almaqda davam edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(006)-3061/2022 nömrəli qətnaməsi ilə xx.xx.2006cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün həmin məhkəmənin 15 aprel 2021-ci il tarixli, 2(006)-3049/2021 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı1 xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(006)-1724/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2(006)-3061/2022 nömrəli, 07 iyul 2022-ci il tarixli, qətnamə ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı1 xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. 11 yanvar 2010-cu il tarixdən başlayaraq 2023-cü il oktyabr ayınadək xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 və xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödənilməli olan alimentin məbləği 32417 (otuz iki min dörd yüz on yeddi) manat təşkil edir. Cavabdeh iki uşaq üçün qərəzli olaraq ödəmədiyi aliment üzrə qalıq borc məbləği 12462 (on iki min dörd yüz altmış iki) manat təşkil edir. Həmin aliment borcunun yarısı İddiaçı1 ödənilməlidir. İddiaçı2 2020-ci il tarixdə "xxxx"nə qəbul olmuş və hazırda həmin universitetin tələbəsidir. İddiaçı2 təhsil almaq üçün "xxxx" ASC-dən 2952 (iki min doqquz yüz əlli iki) manat və "xxxx" ASC-dən 450 (dörd yüz əlli) manat, ümumilikdə 3402 (üç min dörd yüz iki) manat məbləğində kredit götürərək həmin pul vəsaitini təhsil aldığı universitetin hesabına keçirməklə əlavə xərclər həyata keçirmişdir. Bundan əlavə İddiaçı2 universitetdə təhsil aldığı 3 (üç) il müddətində gündəlik yol və nahar üçün 5 (beş) manat hesablanmaqla 180 (bir yüz səksən), geyim paltarı əldə etmək üçün 3000 (üç min) manat və təhsil almaq üçün zəruri kitabların və ləvazimatların alınması üçün 1500 (bir min beş yüz) manat, ümumilikdə isə 4580 (dörd min beş yüz səksən) manat əlavə pul vəsaiti xərcləmişdir. Ümumi olaraq əlavə xərclər isə 7982 (3402+4580=7982 manat) manat təşkil edir. Bundan başqa, Cavabdeh tərəfindən ödənilməmiş 12462 (on iki min dörd yüz altmış iki) manat qalıq borc məbləğinin yarısı, yəni 6231 (altı min iki yüz otuz bir) manat hissəsi, həmçinin onun ali təhsil almaq üçün ödədiyi 7982 manat məbləğində xərci anası və atası arasında bölünərək sonuncudan çəkilmiş əlavə xərclər üçün olan 3991 (üç min doqquz yüz doxsan bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 ödənilməlidir. Ümumilikdə isə cavabdehdən 10222 manat (6231 manat və 3991 manat) məbləğində pul alınaraq İddiaçı2 ödənilməlidir. Cavabdeh etiraz-mülahizə ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz-mülahizə onunla əsaslandırılmışdır ki, Cavabdeh hazırda övladı Nağıyev Xanış üçün hər ay 220 manat sabit pul məbləğində aliment ödəyir. Onun alimentə görə xx.xx.2024-cü il tarixinə İddiaçı1 ümumilikdə 8871 manat aliment borcu yaranmış və bu barədə Göyçay rayon İcra və Probasiya Şöbəsi xx.xx.2024-cü il tarixli məktubu da vardır. İddia tələbi tamamilə qanunsuz və əsassız olduğuna görə rədd edilməlidir. Çünki Cavabdeh hal-hazırda da aliment ödəyir, aliment borcu ola-ola onun əlavə xərclərə cəlb edilməsi əsassızdır. Onun qazancı stabil və yüksək olmadığından, aliment borcunu tam olaraq ödəyə bilməmişdir. İndi də onun barəsində belə bir iddia qaldırılması əsassızdır. İddiaçılar ilə cavabdeh arasında uşağın daha bahalı məktəbdə təhsil almasına dair heç bir razılaşma olmamışdır. Bundan başqa, Cavabdeh maddi vəziyyəti uşağın əlavə xərclərini qarşılamağa imkan vermir. Qanun o halda buna yol verər ki, Cavabdeh maddi imkanı yüksək olaraq uşağın əlavə xərclərinə dəstək olmasın. Onun hazırki durumu isə o səviyyədə deyildir. Bu seçimi iddiaçılar özləri etdiklərinə və cavabdehin də aliment öhdəliyi olduğuna görə digər xərclərə görə cavabdehdən pul tələb edilməsi əsassızdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1001/2024 nömrəli, 12 fevral 2024-cü il tarixli qərardadı ilə İddiaçı1 Cavabdeh qarşı “6231 manat məbləğində pul (aliment borcu)” tələbinə dair iddia ərizəsinə və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin “6231 manat məbləğində pul (aliment borcu)” tələbinə dair hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmış, iddiaçılara göstərilən məsələlərlə bağlı məhkəmə aktının icrası qaydasında (8 indeksi ilə) aidiyyəti məhkəməyə müraciət etmək hüququna malik olmaları, həmçinin, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah edilmişdir. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi İddiaçı1 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: 20-01/410 nömrəli tələbə biletindən görünür ki, İddiaçı2 2020-ci ildə Bakı Qızlar Universitetinin “Sosial-pedaqoji” fakültəsinə daxil olmuşdur. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı2 tərəfindən "xxxx" MMC-nin hesabına 300.00 AZN təhsil haqqı ödənilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı2 tərəfindən "xxxx"nin hesabına 150,00 AZN təhsil haqqı ödənilmişdir. "xxxx" ASC (bank) ilə İddiaçı2 (tələbə və ya borcalan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli TTKR4755465A299 saylı çərçivə kredit müqaviləsinə xx.xx.2023-cü il tarixli 246002 saylı əlavədən görünür ki, bank tərəfindən illik təhsil haqqı xərclərini ödəmək üçün borcalana müqavilə üzrə kreditdən istifadə ilə bağlı 157 ay müddətinə (ödəniş qrafiki üzrə 185 ay), illik 6 faiz ödəmək şərtilə 922.50 (doqquz yüz iyirmi iki manat əlli qəpik) manat məbləğində tranş ayrılmışdır. Bakı 6 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/6-0665 nömrəli arayışından görünür ki, “əlavə xərclərdə (təhsil haqqı və s.) iştirak” tələbi ilə bağlı keçirilən ilkin mediasiya sessiyasında İddiaçı2 və nümayəndəsi İddiaçı1 iştirak etmiş, lakin Cavabdeh iştirak etməmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı2 2020-ci ildən Bakı Qızlar Universitetinin “Sosial-pedaqoji” fakültəsində ödənişli əsaslarla təhsil alır və təhsil haqqının ödənilməsi məqsədilə bankdan kredit götürmüşdür. Hazırda iddiaçı atasının onun təhsil xərclərinin ödənilməsində iştirak etmədiyindən, çəkilmiş xərclərin yarısının – 3991 manat məbləğində pulun atası – Cavabdeh tutulmasını tələb edir. Cavabdeh isə qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə ondan tutulması qət edilən aliment məbləğlərini tam ödəməyə imkanı çatmadığından borcunun yarandığını bildirərək, təhsil xərclərində onun da iştirakının tələb edilməsini əsassız hesab edir və iddianın təmin edilməməsini xahiş edir. İddia tələbi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı – yetkinlik yaşına çatan övlad ali təhsil alması üçün çəkdiyi xərcin yarısının atasından tutulmasını tələb etsə də, ailə qanunvericiliyi ilə valideynin belə bir öhdəliyi müəyyən edilməmişdir. Belə ki, qanunverici ali təhsil üçün çəkilən xərcləri Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən valideynlərin məhkəmə tərəfindən yetkinlik yaşına çatmış uşaqları üçün ödənilməsinə cəlb oluna bildiyi əlavə xərclərə aid etməmişdir. Məhkəmə qeyd edir ki, uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəliklərinin xitam olunması mübahisəsizdir. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarında ifadə edilmiş mövqeyinə əsaslanaraq məhkəmə qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Göründüyü kimi, valideynin əlavə xərcə cəlb edilməsi o zaman baş verə bilər ki, bu, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlərlə bağlı olsun (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.). Təhsil üçün çəkilən xərclər Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən valideynlərin məhkəmə tərəfindən ödənilməsinə cəlb oluna bildiyi əlavə xərclərə aid edilmir və məhkəmənin qənaətinə görə bu normaya istinadən əlavə xərc kimi təhsil üçün çəkilmiş xərcin digər valideyndən tələb edilməsi əsassızdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia təmin edilir, uzlaşmırsa, rədd edilir. Bu halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçının ali təhsil alması üçün çəkdiyi xərclərə dair sübutları məhkəməyə təqdim etməsinə baxmayaraq, həmin xərclər Ailə Məcəlləsində dairəsi müəyyən edilən hallarla əlaqədar çəkilmədiyindən, eyni zamanda, iddiaçının əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyacının olması halı müəyyən edilmədiyindən, İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası əsassız hesab olunaraq təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1001/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1001/2024
12.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver