Məhkəmə qərarları › İş №2(006)-1007/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1007/2025

21.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1007/2025 21.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «azyaşlı uşaqlara alimentin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «azyaşlı uşaqlara alimentin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşaqlarının maddi cəhətdən təminatını ödəmək üçün əvvəlki il daxil olmaqla hər ay üçün 400 manat pul vəsaitinin azyaşlı uşaqlarının xeyrinə aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 08 aprel 2013-cü ildə Cavabdeh ilə ailə həyatı qurmuşdur. Nikah haqqında şəhadətnamənin nömrəsi: 843449. Birgə ailə həyatı 2017-ci ilin iyul ayına qədər davam edib. 2017-ci ildən o, atasının evinə köçmüşdür. Nikahda olduğu müddətdə onların 2 (iki) övladları dünyaya gəlmişdir: xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2018-ci il X13. Yoldaşı Əliyev X12 Federasiyası Yekaterenburq şəhərində yaşayıb, bizneslə məşğul olduğu üçün bir müddət Yekaterenburq şəhərində yaşamışlar. Birinci övladı İbrahimin bir yaşında olduğu zaman epilepsiya xəstəliyi aşkarlandı. Uşağın müalicəsinə çoxlu pul vəsaiti lazım olur, uşağı qıcolma tutduğu zaman onu təcili Nevroloji Xəstəxanaya çatdırmaq lazım olur. Astara rayonunda bu xəstəliyə müalicə mərkəzi olmadığından uşaqları ilə Bakı şəhərində kirayə mənzildə qalmağa məcburdur. Yoldaşı Əliyev X8 bizneslə məşğul olduğu üçün maddi vəziyyətləri yaxşı idi. Ayrıldıqdan sonra uşaqlarına arabir 500 (beş yüz) manat pul köməklik edirdi, sonradan kömək göstərməkdən imtina etdi. Uşaqları saxlamaqda ona atası və qardaşı kömək edirlər. Daha sonra iddiaçı ərizə təqdim edərək Cavabdeh azyaşlı uşaqlarının maddi cəhətdən təminatını ödəmək üçün hər uşaq üçün ayda 250 manat, cəmi 500 manat ödənilməsinə dair qərar verilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, aliment ödəməyə razıdır. Lakin hazırda işsizdir və bu səbəbdən hər ay 400 manat aliment ödəməyə maddi imkanı yoxdur. Qeyd olunanların nəzərə alaınaraq, məhkəmədən iddianın qismən təmin olunaraq aliment məbləğinin 300 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: 4 saylı Uşaq X1 adına ambulator kitabçadan çıxarışından görünür ki, X6 dəqiqləşmiş epilepsiya və əqli və intellektual zəiflik diaqnozu qoyulmuşdur. Bakı 3 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/3-01715 saylı, xx.xx.2022-ci il tarixli ilkin mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə saat 10:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdeh mediasiya prosesinə gəlməmişdir. İddiaçı 50 manat mediasiya xərcini ödəmişdir.Lənkəran rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 843449 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında xx.xx.2013-cü il tarixdə nikah haqqında akt qeydləri kitabında 304 nömrə ilə qeyd edilməklə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. X16 tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli elektroensefaloqrafiyanın surətindən görünür ki, X6 ocaqlı epilektik fəaliyyət diaqnozu qoyulmuşdur. 12 saylı Uşaq X2 adına ambulator kitabçadan çıxarışından görünür ki, X11 yüngül dərəcəli əqli gerilik diaqnozu qoyulmuşdur. AZE seriyalı 11257278 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.2014-cü il tarixdə Rusiya Federasiyası, Yekaterinburq şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. AZE seriyalı 11983505 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına əlavə edilmiş 8.4- 1-ci bənddə göstərilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının cavabdehdən bir uşağın saxlanması üçün 250 manat olmaqla, iki uşaq üçün 500 manat məbləğində alimentin tutulması və cavabdehin isə uşaqların saxlanması üçün cəmi 300 manat aliment ödəməsinin mümkünlüyü barədə dəlilləri ilə bağlı bildirir ki, uşaqların maddi təminat səviyyəsinin maksimum qorunub saxlanması, habelə uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olması nəzərə alınmaqla, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdiyi tarixdən başlayaraq tərəflərin birgə nikahdan olan övladları xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il X3 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulması məqsədəmüvafiqdir. Beləliklə məhkəmə iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar