Məhkəmə qərarları › İş №2(006)-1027/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1027/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1027/2021 30.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «icbari sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «icbari sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı X5 1998-ci ildə Vətən uğrunda şəhid olub. İddiaçı qardaşı X2 həlak olması ilə əlaqədar onun varisinə (vərəslərinə) hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə Dövlət Sığorta Kommersiya Şirkətinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 18 avqust 2020-ci il tarixli, 07-07-340 saylı məktubu ilə iddiaçıya sığorta ödənişini verməkdən imtina edərək, bildirmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının həmin dövr üçün qüvvədə olan qanunvericiliyinə istinadən bildirilir ki, sığorta olunan və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən 3 il keçənədək sığorta orqanlarına müraciət etmək hüququ vardır. İddia müddətindən üç ildən artıq vaxt keçdiyinə görə, N. Ə. Aslanovun həlak olması ilə əlaqədar mərhumun varisinə (varislərinə) Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-münkündür. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin bu imtinası ilə qətiyyən razı deyil. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 8-ci maddəsində sığorta ödənişinin verilməsindən imtina olunan hallar açıq və konkret göstərilib. Qeyd edilən maddəyə əsasən sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişinin verilməsindən aşağıdaki hallarda imtina edilir: sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən sərxoş vəziyyətdə hərəkət etdikdə. Həmin maddədə sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən 3 il keçənədək sığorta orqanlarına müraciət etmədikdə, sığorta ödənişinin verilməsindən imtina olunması halı göstərilməyib. Qeyd edilən hal Azərbaycan Respublikası Mülki Məcəlləsində və ya sığorta fəaliyyətini tənzimləyən digər qanunlarda da nəzərdə tutulmayıb. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanladığı ərizədə də aldığı xəstəliklə əlaqədar mütəmadi olaraq müalicə aldığına görə sığorta məbləğinin alınması üçün vaxtında həmin orqana rəsmi qaydada müraciət edə bilmədiyini və qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləğini ala bilməməsini üzrlü hesab edərək, sığorta məbləğinin ona ödənilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən, iddiaçının qardaşı X2 şəhidliyinə görə 11000 (on bir min) manat məbləğində sığorta ödənişinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanmış 18 avqust 2020-ci il tarixli, 07-07-340 saylı məktuba əsasən, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının həmin dövr üçün qüvvədə olan qanunvericiliyinə istinadən bildirilir ki, sığorta olunan və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən 3 il keçənədək sığorta orqanlarına müraciət etmək hüququ vardır. İddia müddətindən üç ildən artıq vaxt keçdiyinə görə, N. Ə. Aslanovun həlak olması ilə əlaqədar mərhumun varisinə (varislərinə) Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-münkündür. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Quba rayon filialı tərəfindən İddiaçı ünvanlanmış 11 sentyabr 2020-ci il tarixli, 98 nömrəli məktuba əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 18 avqust 2020-ci il tarixli, 07-07-340 saylı məktubuna əsasən, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının həmin dövr üçün qüvvədə olan qanunvericiliyinə istinadən bildirilir ki, sığorta olunan və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən 3 il keçənədək sığorta orqanlarına müraciət etmək hüququ vardır. İddia müddətindən üç ildən artıq vaxt keçdiyinə görə, N. Ə. Aslanovun həlak olması ilə əlaqədar mərhumun varisinə (varislərinə) Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-münkündür. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən verilmiş 13.07.2020-ci il tarixli, 502 №-li arayışa əsasən, İddiaçı qardaşı X1 uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Mövcud qanunvericiliyin tələblərinə əsasən mərhum X5 şəhid hesab edilir. İş materiallarında olan Quba RİHB-nın Xınalıq İƏV üzrə nümayəndiliyi tərəfindən verilmiş 13 iyun 2011-ci il tarixli, AZ-İ № 456609 seriya nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətinə əsasən, X3 10.06.2011-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2011-ci ilin iyun ayının 13-cü günündə 06 № ilə qeyd edilmişdir. Ölümün səbəbi kimi ürəyin blokadası göstərilmişdir. Öldüyü yer kimi isə Quba rayonu, Xınalıq kəndi göstərilmişdir. İş materiallarında olan Quba rayonu Xınalıq icra nümayəndəliyi tərəfindən 16 mart 1998-ci il tarixli V-ЖГ № 303043 seriya nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətinə əsasən, X5 01.02.1998-ci ildə, 23 yaşında ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1998-ci ilin mart ayının 16-cı günündə 6 № ilə qeyd edilmişdir. Ölümün səbəbi kimi mina partlayışı nəticəsində həlak olması göstərilmişdir. Öldüyü yer kimi isə Füzuli rayonu, Alxanlı kəndi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Quba rayonu Xınalıq VVAQ tərəfindən verilmiş 12.09.1975-ci il tarixli, İİİ-ЖГ № 436491 seriya nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətinə əsasən, X5 26.06.1975-ci ildə Quba rayonu, Xınalıq kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1975-ci ilin sentyabr ayının 12-ci günündə № 76 ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Quba rayonu Xınalıq VVAQ tərəfindən verilmiş 06.06.1965-ci il tarixli, A3 № ******* seriya nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətinə əsasən, İddiaçı xx.xx.1965-ci ildə Quba rayonu Xınalıq kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1965-ci ilin iyun ayının 06-ci günündə № 45 ilə qeyd edilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir.Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; Həmin Qanunun 7-ci maddəsinə görə, həlak olması (ölümü) halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının notariat qaydasında təsdiq olunmuş şəhadətnaməsinin surəti; - vərəsəlik hüququnu təsdiq edən sənəd; - sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə yuxarıda göstərilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq edən rəyi İş materiallarından göründüyü kimi, İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı tərəfindən cavabdehə sığorta məbləğinin ödənilməsi barədə müraciət olunmasına baxmayaraq ona müsbət hər hansı cavab verilməmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, İddiaçı oğluna 11000 (on bir min) manat sığorta ödənişinin verilməsinə dair müvafiq öhdəlik cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 11.000 ( on bir min) manat məbləğində icbari sığorta məbləği tutularaq İddiaçı oğluna ( qardaşı X4 varisi kimi) verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar