Məhkəmə qərarları › İş №2(006)-1028/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1028/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1028/2021 24.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və üçüncü şəxs Məmmədov Rüfət Əlican oğluna qarşı "sığorta ödənişinin verilməsi tələbi"nə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs Məmmədov Rüfət Əlican oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi tələbi"nə dair iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və üçüncü şəxs Məmmədov Rüfət Əlican oğluna qarşı "sığorta ödənişinin verilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Məmmədov Rüfət Əlican oğlunun faktiki sahibliyində olan Masallı rayonu, Ərkivan qəsəbəsi ünvanında 0.10 ha torpaq sahəsində yerləşən 3 otaqlı, 43,1 kv.m yaşayış, 37,4 kv.m köməkçi, ümumilikdə 80,5 kv.m sahədən ibarət fərdi yaşayış evi 22.10.2017-ci il tarixində “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari qaydada sığortaya cəlb olunmuşdur. 02.12.2017-ci il tarixində sözügedən daşınmaz əmlakda yanğın hadisəsi baş vermişdir. Baş vermiş yanğın hadisəsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən ibtidai araşdırma aparılmış və 10.05.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Yanğın hadisəsi nəticəsində daşınmaz əmlaka Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02.05.2018-ci il tarixli, 1042 saylı tikinti-texniki ekspert rəyinə əsasən 17 120 manat məbləğində zərər dəymişdir. Sığortalı Məmmədov Rüfət Əlican oğlu sığorta ödənişi ilə bağlı hüquq və tələblərinin bir hissəsini, yəni 8000 (səkkiz min) manat məbləği iddiaçı fiziki şəxs İddiaçı güzəşt etmişdir. Bu barədə cavabdeh sığorta şirkətinə bildiriş göndərilmişdir. Göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 8000 (səkkiz min) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Öz növbəsində, müstəqil tələb irəli sürən üçüncü şəxs Məmmədov Rüfət Əlican oğlu cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sığortalı Məmmədov Rüfət Əlican oğlunun faktiki sahibliyində olan Masallı rayonu, Ərkivan qəsəbəsi ünvanında 0.10 ha torpaq sahəsində yerləşən 3 otaqlı, 43,1 kv.m yaşayış, 37,4 kv.m köməkçi, ümumilikdə 80,5 kv.m sahədən ibarət fərdi yaşayış evi 22.10.2017-ci il tarixində “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari qaydada sığortaya cəlb olunmuşdur. 02.12.2017-ci il tarixində sözügedən daşınmaz əmlakda yanğın hadisəsi baş vermişdir. Baş vermiş yanğın hadisəsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən ibtidai araşdırma aparılmış və 10.05.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Yanğın hadisəsi nəticəsində daşınmaz əmlaka Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02.05.2018-ci il tarixli, 1042 saylı tikinti-texniki ekspert rəyinə əsasən 17 120 (on yeddi min yüz iyirmi) manat məbləğində zərər dəymişdir. Rüfət Məmmədov sığorta ödənişi ilə bağlı hüquq və tələblərinin bir hissəsini, yəni 8000 (səkkiz min) manat məbləği iddiaçı fiziki şəxs İddiaçı güzəşt etmişdir. Bu barədə cavabdeh sığorta şirkətinə bildiriş göndərilmişdir. 13.10.2020-ci il tarixində sığortalı Rüfət Məmmədova qismən, yəni 3050 (üç min əlli) manat məbləğində sığorta kompensasiyası verilmişdir. 16.10.2020-ci il tarixində sığorta ödənişini gecikdirdiyinə görə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin işçisi Böyükağa Maliyevə şiddətli töhmət verilmişdir. Göründüyü kimi, 15 000 manat sığorta məbləğindən 8000 manat güzəşt edilən məbləğ, 3050 manat ödənilən məbləğ və 150 manat azadolma məbləği çıxıldıqdan sonra Rüfət Məmmədova 3 800 (üç min səkkiz yüz) manat sığorta ödənişi verilməlidir. Aparılan hesablamalara əsasən (məhkəməyə müraciət edilən tarix 21.02.2021- ci il - sığorta hadisəsinin baş vermə tarixi 02.12.2017-ci il = 1177 gün ) sığorta ödənişi məbləğinin ödənilməsi 1177 (min yüz yetmiş yeddi) gün gecikdirilmişdir. Qanunun tələbinə əsasən gecikdirilmiş 1177 (min yüz yetmiş yeddi) gün üçün 3 800 (üç min səkkiz yüz) manat sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu 4472 (dörd min dörd yüz yetmiş iki) manat təşkil edir. Göstərilənlərə əsasən müstəqil tələb irəli sürən üçüncü şəxs Məmmədov Rüfət Əlican oğlunun xeyrinə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən “Azərsığorta” 3800 (üç min səkkiz yüz) manat sığorta ödənişi məbləği, 4472 (dörd min dörd yüz yetmiş iki) manat dəbbə pulu, ümumildə 8272 (səkkiz min iki yüz yetmiş iki) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3 iddia tələblərinə etiraz edərək, hər iki tələblərin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürən üçüncü şəxs Məmmədov Rüfət Əlican oğlunun nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək, işə onların iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb, işdə olan sübutlara qiymət verərək belə hesab edir ki, İddiaçı iddia ərizəsi, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs Məmmədov Rüfət Əlican oğlunun iddia ərizəsi təmin edilməməlidir. İşin materiallarında olan sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə sığortalı Məmmədov Rüfət Əlican oğlu arasında bağlanmış 22 oktyabr 2017-ci il tarixli, BA № 513384 saylı “Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi”ndən görünür ki, Məmmədov Rüfət Əlican oğlunun Masallı rayonu, Ərkivan qəsəbəsi ünvanında 0.10 ha torpaq sahəsində yerləşən 3 otaqlı, 43,1 kv.m yaşayış, 37,4 kv.m köməkçi, ümumilikdə 80,5 kv.m sahədən ibarət fərdi yaşayış evi sığorta şirkəti tərəfindən sığortalanmışdır. Sığorta müddəti 22.10.2017-ci il tarixdən 21.10.2018-ci il tarixədək, sığorta məbləği 15.000 manat, azadolma məbləği isə 150 manat müəyyən olunmuşdur. İş materiallarındakı Azərbaycan Respublikası FHN-nin Əməliyyat-İstintaq İdarəsinin təhqiqatçısı, kapitan X2 «Cinayət işi başlanmasının rədd edilməsi barədə» 10 may 2018-ci il tarixli qərarının surətindən görünür ki, 02 dekabr 2017-ci il tarixdə, saat 20 radələrində Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən Məmmədov Rüfət Əlican oğluna məxsus fərdi yaşayış evində baş vermiş yanğında cinayət hadisəsi olmadığını nəzərə alaraq cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2018-ci il tarixli, 1042 nömrəli ekspert rəyindən görünür ki, Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən Məmmədov Rüfət Əlican oğluna məxsus fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin ümumi dəyəri bazar qiymətlərinə uyğun olaraq təqribən 17120 manat məbləğində müəyyən edilir. İş materiallarında olan tələbkar İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanladığı “Güzəşt edilmiş sığorta ödənişinin verilməsi barədə” tələbdən görünür ki, sığortalı Məmmədov Rüfət Əlican oğlunun faktiki sahibliyində olan, Masallı rayonu, Ərkivan qəsəbəsi ünvanında 0.10 ha torpaq sahəsində yerləşən 3 otaqlı, 43,1 kv.m yaşayış, 37,4 kv.m köməkçi, ümumilikdə 80,5 kv.m sahədən ibarət olan fərdi yaşayış evi 22..10.2017-ci il tarixində “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari qaydada sığortaya cəlb olunmuşdur. 02.12.2017-ci il tarixində sözügedən daşınmaz əmlakda yanğın hadisəsi baş vermişdir. Baş vermiş yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən ibtidai araşdırma aparılmış və 10.05.2018-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Yanğın hadisəsi nəticəsində daşınmaz əmlaka Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02.05.2018-ci il tarixli, 1042 saylı tikinti-texniki ekspert rəyinə əsasən 17 120 (on yeddi min yüz iyirmi) manat məbləğində zərər dəymişdir. Sığortalı Məmmədov Rüfət Əlican oğlu sığorta ödənişi ilə bağlı hüquq və tələblərinin bir hissəsini, yəni 8000 (səkkiz min) manat məbləği İddiaçı güzəşt etmişdir. İş materiallarında olan Məmmədov Rüfət Əlican oğlu və İddiaçı arasında bağlanmış 04.06.2020-ci il tarixli “tələbin güzəşti barədə” müqavilədən görünür ki, tələbin ilkin sahibi Məmmədov Rüfət Əlican oğlu 27.12.2017-ci il tarixində Masallı rayonu, Ərkivan qəsəbəsi ünvanında baş vermiş sığorta hadisəsi nəticəsində fərdi yaşayış evinə əmlaka dəymiş zərərə görə sığorta öhdəliyi daşıyan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı malik olduğu hüquqları və tələbləri qismən, yəni 8000 manat həddində tələbin yeni sahibinə İddiaçı güzəşt etmişdir. İş materiallarında olan Məmmədov Rüfət Əlican oğlunun 11.10.2020-ci il tarixli izahatından görünür ki, ona məxsus fərdi yaşayış evində yanğın baş vermişdir. Onun evinə dəymiş ziyanın təxmini məbləği 3200 manat ziyan dəymişdir. Həmin ev 22.10.2017-ci il tarixdən 21.10.2018-ci il tarixədək sığorta şirkətində sığortalı olmuşdur. Sığorta ödənişi ödənildikdən sonra gələcəkdə heç bir maddi tələbi olmayacaq. İş materiallarında olan 15.10.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Məmmədov Rüfət Əlican oğlunun hesabına 3050 manat pul köçürülmüşdür. İrəli sürülən iddia tələbləri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.8-ci maddəsinə əsasən təbii fəlakət sayılan – zəlzələ, leysan və yer sürüşməsi sığorta hadisəsi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Qeyd olunan Məcəllənin 922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (həmin Məcəllənin 922.2-ci maddəsi). Eyni Məcəllənin 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 935.1.8 və 935.1.10-cu maddələrinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, habelə icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Məhkəmə qeyd edir ki, 02.12.2017-ci il tarixində baş vermiş yanğın hadisəsi ilə əlaqədar baş vermiş sığorta hadisəsi Şirkət tərəfindən araşdırılmış, Məmmədov Rüfət Əlican oğlunun iştirakı ilə hadisə baş verən ünvana baxış keçirilmiş və ona ödəniləcək sığorta ödənişi məbləği ilə bağlı razılığa gəlinmişdir. Bütün bu proseslər 11.10.2020-ci il tarixli akt və Məmmədov Rüfət tərəfindən verilmiş izahatda öz əksini tapmışdır. Şirkətin və Məmmədov Rüfət Əlican oğlunun razılaşmasına əsasən kompensasiya məbləği 3200 manat təşkil etmiş və azadolma məbləği çıxıldıqdan sonra Şirkət tərəfindən ödəniş həyata keçirilmişdir. Bununla Şirkət müqavilə üzrə üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hal-hazırki iş üzrə Məmmədov Rüfət Əlican oğlu ilə aralarında 22.06.2020-ci il tarixində tələbin güzəşt olunmasına dair müqavilə bağlandığını əsas gətirərək ona 8000 manat məbləğində pulun ödənilməsini əsas gətirir. Lakin qanunvericiliyin tələbinə əsasən Şirkətə bu barədə müvafiq məlumat verilməmiş və Şirkət tərəfindən sığorta hadisəsi tərəflərin razılığına əsasən tənzimlənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 195-ci maddəsinə əsasən, tələbin güzəşti barədə borcluya məlumat verilənə qədər o, tələbin ilk sahibi qarşısında öhdəliklərini icra edə bilər. Göründüyü kimi tərəflər arasında bağlanmış tələbin güzəşti barədə müqavilə olmasına baxmayaraq, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə bu barədə məlumat verilənədək Şirkət tərəfindən tələbin ilk sahibi, yəni Məmmədov Rüfət Əlican oğlu qarşısında öhdəliklər tam icra edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hər iki iddia tələbi əsassızdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, həm iddiaçının, həm də müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiaları təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və üçüncü şəxs Məmmədov Rüfət Əlican oğluna qarşı "sığorta ödənişinin verilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs Məmmədov Rüfət Əlican oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya və müstəqil tələb irəli sürən üçüncü şəxsə aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar