Məhkəmə qərarları › İş №2(006)-1036/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1036/2022

12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1036/2022 12.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən sığorta ödənişi üçün 770 (yeddi yüz yetmiş) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 800 (səkkiz yüz) manat məbləğində pulun tutularaq, onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 24.08.2021-ci il tarixdə saat 11:35 radələrində idarə etdiyi “Mercedes C280” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ünvan 1 ünvanın yaxınlığında hərəkətdə olarkən zəncirvari qəza baş vermişdir. Belə ki, X2 idarə etdiyi “Hyundai Elantra” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə onun idarə etdiyi avtomobil də daxil olmaqla bir neçə avtomobilə ciddi zərər dəymişdir. Hadisə nəticəsində avtomobilin həm ön, həm də arxa hissədən zədələnmişdir. Hadisə yerinə yol-patrul xidmətinin əməkdaşı ilə yanaşı qəzanı törədən sürücünün sığortaçısı-cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi də gələrək zədələnmiş avtomobillərlə bağlı öz qeydlərini aparmışdır. Aparılmış inzibati araşdırmanın yekununda “Hyundai Elantra” markalı avtomobilin sürücüsü X2 qəzanı törədən şəxs qismində məsuliyyətə cəlb edilmiş və Bakı şəhər DYPİ-nin 24.08.2021-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə təqsirli bilinərək cərimə edilmişdir. Bir müddət sonra sığorta şirkətilə əlaqə saxladıqdan sonra məlum olmuşdur ki, avtomobilinə dəymiş ziyanla bağlı ona yalnız 280 manat ödəyəcəklər. Bu, dəymiş zərərdən qat-qat aşağı olduğundan məsələ ilə bağlı Mərkəzi Banka da şikayətlə müraciət etməli olmuşdur. Bundan sonra ona sığorta şirkəti yeni qiymətləndiricini müəyyən etmək üçün ona 3 nəfər eksperti təklif etmişlər. Sonradan ona məlum olmuşdur ki, ona təklif edilən ekspertlər sığorta şirkətilə daim işləyən və yalnız onların razılığı ilə qiymət müəyyən edən şəxslərdir. Yeni qiymətləndirmə zamanı ona 375 manat məbləğ müəyyən edilmişdir. Lakin, bu məbləğ avtomobilinin qəzadan əvvəlki vəziyyətdə təmiri üçün kifayət deyil. Belə ki, uzun münaqişədən sonra qiymətləndirmə hesabatını alıb onunla tanış olarkən müəyyən etmişdir ki, "xxxx" MMC-nin qiymətləndiricisi zərərin məbləğini hesablayarkən qəsdən təhriflərə yol vermiş, hesabata bütün zədələnən hissələri daxil etməmiş, hesablanan material və usta xidmətləri isə hazırki bazar dəyərindən çox aşağı hesablanmışdır. Avtomobilinə dəyən real zərərin məbləğini müəyyən etmək məqsədilə bugünə qədər bir neçə servisə müraciət etmişdir. Həmin servislər bir qayda olaraq, avtomobilinin təmirbərpa işləri üçün ümumilikdəən azı 750-800 manat ödənişin tələb olunacağını bildirmişlər. Buna misal olaraq, "xxxx" MMC tərəfindən təqdim edilmiş nöqsan aktına əsasən avtomobilinə dəymiş real zərərin məbləği 770 manat həcmində qiymətləndirilmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəməən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X4 iddia tələbini müdafiə edərək, idda tələbinin təmin olunması barədə məhkəmə tərəfindən ədalətli şəkildə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Mercedes Benz C280 minik markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adınadır. İş materiallarında olan İXP ******* nömrəli, 24.08.2021-ci il tarixli İnzibati Xəta haqqında Protokoldan görünür ki, X2 24.08.2021-ci il tarixdə, saat 12:00-da “Hyundai Elantra” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulması nəticəsində X2 tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 04 dekabr 2021-ci il tarixli, 360 №-li "xxxx" MMC tərəfindən verilən nöqsan aktına əsasən, Mercedes Benz-C280 markalı, dövlət qeydiyyat nişanı **- SF-*** olan avtomobilə dəymiş ziyan 770 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan 035266 №-li Arayışa əsasən, X1 idarə etdiyi “Hyundai Elantra” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi nəticəsində qabaq hissəsi xarici əzintilər almışdır. İddiaçı idarə etdiyi avtomobilin isə arxa və qabaq hissəsində əzintilər olmuşdur. İş materiallarında olan 25.08.2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, Mercedes Benz-C280 markalı, dövlət qeydiyyat nişanı **-SF-*** olan avtomobilə dəymiş ziyan 300 manat məbləğində dəyərləndirilmişdir. İş materiallarında olan 06.09.2021-ci il tarixli, AZSB-262/21 №-li Hesabata əsasən isə Mercedes Benz-C280 markalı, dövlət qeydiyyat nişanı **-SF-*** olan avtomobilə dəymiş ziyan 375 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 07.02.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə “məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə” vəsatət göndərmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1036/2022 saylı, 07.02.2022-ci il tarixli qərardadından görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. Məhkəməyə 04 aprel 2022-ci il tarixində Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 14 mart 2022-ci il tarixli, 9/1226 saylı ekspert rəyi daxil olmuşdur. Həmin ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin 04.12.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1996-cı il buraxılışlı “Mercedes C280” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 770 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 36.1.8-ci maddəsinə əsasən, daşınmaz əmlakın təbii fəlakətlər zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 40.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqqının məbləği əmlakın təyinatından və xüsusiyyətindən asılı olaraq faiz dərəcəsi ilə ifadə olunan tariflərin sığorta məbləğinə tətbiq edilməsi ilə müəyyənləşdirilir. Bundan başqa, MM-nın 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və məhkəmə baxışı zamanı təyin edilmiş “məhkəmə-əmtəəşünaslıq ekspertizasının” 14 mart 2022-ci il tarixli 9/1226 saylı rəyindən müəyyən edildi ki, Mercedes C280” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 770 manat məbləğindədir. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Odur ki, ekspertin rəyi iş üzrə sübut kimi qəbul edilməklə, avtomobilə dəymiş zərərin məbləğini məhkəmə 770 manat məbləğində müəyyən edir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, «məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 124-cü maddəsinə görə «İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutulmalı və Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən sığorta ödənişi üçün 770 (yeddi yüz yetmiş) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 800 (səkkiz yüz) manat məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilsin. Mülki iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar