Məhkəmə qərarları › İş №2(006)-1049/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1049/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1049/2025 04.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı, Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2022-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar zərəçəkən şəxs qismində aldığı ağır xəsarətə görə 1500 AZN və həmin hadisə zamanı əmlakına dəymiş 3500 AZN məbləğində sığorta ödənişinin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində iddiaçının idarə etdiyi ** MA *** dövlət nömrə nişanlı Toyota Prius avtomobili Bakı şəhəri Xətai rayonun inzibati ərazisində ** EN *** dövlət nömrə nişanlı sürücü X4 idarə etdiyi Land-Cruiser-Prado markalı avtomobil ilə ehtiyatsızlıqdan vurularaq sonuncu tərəfindən yol nəqliyyat hadisəsi törədilməsinə səbəb olmuş və həmin hadisə zamanı iddiaçı çoxsaylı ağır xəsarətlər almışdır. Təqsirli şəxs tərəfindən zərərçəkən qismində iddiaçıya dəymiş ziyanın ödənilməsi nəzərə alınaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə CM-nin 263.1-1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən cinayət işinə xitam verilmişdir. xx.xx.2022-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığı ağır xəsarətlər səbəbindən tibbi məhkəmə ekpertizasının nəticəsinə uyğun olaraq aldığı xəsarətləri “ağır” qiymətləndirilmişdir. Eyni zamanda istifadəsində olan ** MA *** dövlət nömrə nişanlı Toyota Prius avtomobilinə 3500 AZN dəyərində maddi ziyan dəymişdir.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia tələbininin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X7 bildirmişdir ki, iddiaçıya dəymiş bütün zərər cinayət işi üzrə təqsirləndirilən şəxs olan X6 tərəfindən tam həcmdə ödənilmişdir. Bu səbəblə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.

5. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 bildirmişdir ki, iddiaçıya onun tərəfindən 25000 (iyirmi beş min) manat məbləğində ödəniş olunmuş, dəymiş zərər tam həcmdə ödənilmişdir. Bu səbəbdən iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

6. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

7. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə X6 tərəfindən onun idarəetməsində olan Toyota Land-Cruiser-Prado markalı, 90EN995 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi (toqquşma) və inzibati xəta törədilmiş, qəza nəticəsində İddiaçı ağır xəsarət almışdır.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-86/2024 nömrəli qərarından görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibinə xitam verilmişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-86/2024 nömrəli işinin materiallarında olan İddiaçı ərizəsindən görünür ki, dəymiş zərər ödənilmiş, X6 ilə barışmışdır və ona qarşı heç bir tələb və şikayəti yoxdur.

10. Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2022-ci il tarixli, **********114 nömrəli etibarnamədən görünür ki, “Toyota Prius” minik markalı, 10MA669 nömrəli nəqliyyat vasitəsinin mülkiyyətçisi X5 həmin nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini xx.xx.2029-cu il tarixədək İddiaçı etibar etmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə X6 tərəfindən onun idarəetməsində olan Toyota Land-Cruiser-Prado markalı, 90EN995 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi (toqquşma) və inzibati xəta törədilmiş, qəza nəticəsində İddiaçı ağır xəsarət almışdır.

12. Hadisə əsasında cinayət işi başlanılmış və Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-86/2024 nömrəli qərarı ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində olan cinayət təqibinə xitam verilmişdir.

13. Hazırda İddiaçı zərərçəkən şəxs qismində aldığı ağır xəsarətə görə 1500 AZN və həmin hadisə zamanı əmlakına dəymiş 3500 AZN məbləğində sığorta ödənişinin cavabdehdən tutulmasını xahiş edir.

c) Məhkəmənin mövqeyi:

14. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-86/2024 nömrəli qərarından aydın olur ki, İddiaçı ərizə verərək, dəymiş zərərin ödənildiyini, X6 ilə barışdığını və ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. İddiaçı zərərçəkmiş şəxs-mülki iddiaçı qismində çıxış etdiyi cinayət işi üzrə məhkəmə iclasında da məhkəməyə təqdim etdiyi ərizəsi ilə eyni məzmunda izahat verərək, ona dəymiş zərərin tam həcmdə ödənildiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin tələbinə əsaslanaraq məhkəmə həmin qərardakı bu nüansın hazırkı iş üzrə preyudisial (məcburi) əhəmiyyətə malik olmasını və tərəflərin bu faktı sübut etməkdən azad olmalarını, bu faktın yenidən mübahisələndirilməsinin yolverilməzliyini vurğulamağı zəruri sayır. Bu səbəbdən məhkəmə hesab edir ki, zərərvuran X6 tərəfindən iddiaçıya dəymiş zərərin əvəzinin tam ödənilməsi faktı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapdığı üçün bu faktın yenidən araşdırılmasına zərurət aradan qalxmışdır.

15. Belə olan halda məhkəmə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 19.4-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.7-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddiaçıya dəymiş zərərin əvəzi zərərvuran şəxsin özü tərəfindən tam həcmdə ödənildiyi üçün hazırkı iddia tələbi hüquqdan sui-istifadə xarakteri daşımaqla yanaşı, həm də əsassızdır. Belə ki, istinad olunan normaların tələbinə görə, iddiaçıya dəymiş zərərin əvəzi zərərvuran şəxsin özü tərəfindən tam həcmdə ödənildiyi üçün onun artıq sığorta ödənişini tələb etmək hüququ olmur, yəni bu, onun əsassız varlanması ilə nəticələnəcəkdir. Qanunun qeyd olunan maddəsi onu deməyə əsas verir ki, hazırkı iş üzrə sığorta ödənişini almaq hüququ artıq həmin zərəri ödəmiş şəxsə məxsusdur.

16. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin təmin edilməsinin iddiaçının əsassız varlanmasına və onun hüquqdan sui-istifadə etməsinə məhkəmə tərəfindən şərait yaradılmasına, habelə cavabdehin və üçüncü şəxsin hüquqlarının pozulmasına səbəb olacağından, iddia təmin edilməməlidir.

17. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni tapılırsa və işin faktiki faktiki halları iddia tələbinin tapılan qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia təmin edilir, tapılmırsa və ya faktiki hallar qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

18. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: 19.3-cü maddə. Mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs onun sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan və yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. 19.4-cü maddə. Mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə sığortaçı bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişini bu Qanunun 19.5-ci maddəsinin tələbi nəzərə alınmaqla, sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana verir. 19.5-ci maddə. Mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalının və ya sığorta olunanın zərərçəkənə ödəmiş olduğu məbləğ bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişi məbləğindən az olduqda, sığorta ödənişinin müvafiq fərqə bərabər olan hissəsi zərərçəkənə verilir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-560.2-ci maddə. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3, 560.3.3-560.3.4-cü maddə. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: - müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; - digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. 884.1-ci maddə. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 888.3-cü maddə. Mülki məsuliyyətin sığortası zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə (zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülki-hüquqi müqavilələrlə bağlı yaranan məsuliyyətə görə (müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətin sığortası) risklər sığortalanır. 935.1, 935.1.7-ci maddə. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddə. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 15.2-ci maddə. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 76.1-76.2-ci maddə. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddə. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddə. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4-cü maddə. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddə. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddə. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddə. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

22. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

23. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

24. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

25. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir.

Nəticə:

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar