Məhkəmə qərarları › İş №2(006)-1056/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1056/2021

17.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1056/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayədəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «zaminlikdən imtina və bankla razılaşmanın 4-cü bəndinin ləğv edilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «zaminlikdən imtina və bankla razılaşmanın 4-cü bəndinin ləğv edilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci ildə iddiaçının qardaşı Mansurov Asəf Bəylər oğlu Cavabdeh ASC-nin “Nizami” filialından 3880 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit götürülərkən iddiaçı həmin kreditin götürülməsinə zamin durmuşdur. Ölkədə problemli kreditlərin həlli ilə əlaqədar ölkə rəhbərinin verdiyi sərəncam qəsdən bank işçilərinin qeyri-qanuni hərəkətləri nəticəsində Prezidentin həmin sərəncamına şamil olunmadı, yəni bu kredit üzrə heç bir yumşaldılma tədbiri görülmədi. Ancaq borclu və bank arasında bir «Razılaşma» tərtib olundu. Razılaşma iddiaçının iştirakı olmadan qardaşının iştirakı ilə tərtib edilmişdir. Hansı ki, bu kreditin əsas ödəyicisi kimi iddiaçı iştirak edir. Bu razılaşmaya bir zamin olaraq iddiaçı imza atmamış və onun tərtib edilməsində iştirak etməmişdir. Razılaşmaya borclu imza atıbdır. Hansı ki, bankın pulunu iddiaçının pensiya kartından çıxırlar. İddiaçı bankdan kredit borcunu nə üçün restrukturizasiya etmədiklərini soruşduqda, cavabında bildirmişdir ki, hazırki işdə üçüncü zamin yoxdur, onun əvəzinə 150 manat ödənilsə, bir borclu və bir zaminlə bu işi həll edə bilərlər. İddiaçı bu deyinlənlərə inanıb, 150 manat ödədi, ancaq sonda rədd cavabını aldı. İddiaçıya təqdim olunan bir qərarda məzmun başqadır, digər qərarda isə (hansı ki, borclu ilə razılaşmışdılar) məzmunu başqadır. xx xxxx 2020-ci ildə tərtib olunmuş «Razılaşma»nın 4-cü bəndində qeyd edilmişdir ki, borclu ödənişlərini iki dəfə və daha çox gecikdirərsə, ödənişlərin 1.USD- 1.7170 AZN məzənnəsi ilə hesablanması barədə şərt qüvvədən düşmüş hesab edilir. Bank bu Razılaşmaya birtərəfli qaydada xitam verməklə, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-694/2016 saylı iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsini icraya yönəldəcək, bununla əlaqədar borclu banka qarşı heç bir irad, pretenziya və iddia irəli sürmür, gələcəkdə də sürməyəcək. Bu şərtlər ancaq və ancaq bankın varlanmasına xidmət edir və bankın müştərilərinin çətinə düşməsinə zəmin yaradır. İddiaçı kreditin ödənilməsi ilə əlaqədar 2000 manatadək banka pul ödəmişdir. Göstərilənlərə əsasən Cavabdeh ASC-nin “Nizami” filialı ilə bağlanılmış kredit müqaviləsi üzrə bankın hərəkətlərində iddiaçıya qarşı yaranmış qeyri-qanuni hallara görə iddiaçı ilə bağlanmış zaminlik müqaviləsinin ləğv edilməsi və bankla iddaçının iştirakı olmadan əsas borclu arasında tərtib edilmiş «Razılaşma»nın 4-cü bəndinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayədəsi X4 iddia tələbini qəbul etməyərək, rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)-694/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdehlər Mansurov Asəf Bəylər oğlundan, İddiaçı və X1 müştərək qaydada 3804 (üç min səkkiz yüz dörd) ABŞ dolları 70 (yetmiş) sent məbləğində əsas borc, 640 (altı yüz qırx) ABŞ dolları 50 (əlli) sent məbləğində faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə borcu və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, Cavabdeh ASC ilə İddiaçı və X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, № RBN-6370/MK_DEV saylı zaminlik müqavilələrinə əsasən zaminlər İddiaçı və X3 X7 Bəylər oğlunun bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərlərinə öhdəliklər götürmüşlər. İş materiallarında olan Cavabdeh ASC ilə Mansurov Asəf Bəylər oğlu arasında bağlanmış xx xxxx 2020-ci il tarixli razılaşmadan görünür ki, borclu banka olan 934,07 ABŞ dolları borcun Mərkəzi Bankın məzənnəsi 01%-lə AZN valyutasında kredit bocunu məzənnə dəyişikliklərindən asılı olmayaraq və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat vəsaitin 36 müddətinə, hər ay bərabər hissələrlə ödənilməsi öhdəliyini üzərinə götürür və hər ayın 10-dan gec olmayaraq 35 ayda 45 manat, 36-cı ay 28,80 manat, 30 manat dövlət rüsumu olmaqla ödəniləcəkdir. Həmin Razılaşmanın 4-cü bəndinə əsasən borclu ödənişlərini iki dəfə və daha çox gecikdirərsə, ödənişlərin 1.USD- 1.7170 AZN məzənnəsi ilə hesablanması barədə şərt qüvvədən düşmüş hesab edilir. Bank bu Razılaşmaya birtərəfli qaydada xitam verməklə, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-694/2016 saylı iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsini icraya yönəldəcək, bununla əlaqədar borclu banka qarşı heç bir irad, pretenziya və iddia irəli sürmür, gələcəkdə də sürməyəcəkdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi İddiaçı zaminlik müqaviləsində göstərilən şərtlərlə razılaşaraq Cavabdeh ASC ilə həmin müqaviləni bağlamışdır. Həmin müqaviləyə əsasən zamin borcalanın bu müqavilə üzrə götürdüyü kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. X7 Bəylər oğlu kredit müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyinə görə Bank kredit müqaviləsinin şərtlərini əsas götürərək zaminlər və borcludan müştərək qaydada borcu tələb etmiş və bu zaman Bank tərəfindən heç bir qanunun pozuntusuna yol verilməmişdir. Bundan əlavə, Cavabdeh ASC ilə Mansurov Asəf Bəylər oğlu arasında borclunun vəziyyətinin yaxşılaşdırılması məqsədilə razılaşma bağlanmışdır ki, həmin razılaşmada da iddiaçının hüquqlarının pozulmasına səbəb olan hala rast gəlinməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan əlavə, işin materiallarından göründüyü kimi hazırki iş üzrə Cavabdeh ASC ilə Mansurov Asəf Bəylər oğlu, İddiaçı və X3 arasında kredit borcunun ödənilməsi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və bununla əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Həmin məhkəmə aktında hazırki iddianın predmeti olan zaminlik müqaviləsinə artıq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən kredit müqaviləsi üzrə borcun qaytarılması ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «zaminlikdən imtina və bankla razılaşmanın 4-cü bəndinin ləğv edilməsi tələbi»nə dair dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «zaminlikdən imtina və bankla razılaşmanın 4-cü bəndinin ləğv edilməsi tələbi»nə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar