Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1064/2024 22.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi ilə İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" KB ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə qalıq 4250 manat (2500 ABŞ dolları) məbləğində borcun ödənilməsi ilə eyni tarixdə bağlanmış 20 dekabr 2012-ci il tarixli, 020KVİ/12 saylı ipoteka müqaviləsinə xitam verilməklə ipotekanın dövlət qeydiyyatının ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" KB ASC arasında 20 dekabr 2012-ci il tarixdə 31.500 manat kredit verilməsinə dair əsas kredit müqaviləsi bağlanmış və ona 24.507 manat ödənilmişdir. Həmin müqavilə üzrə eyni tarixdə bağlanmış əlavə kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya 31.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Əsas kredit müqaviləsi üzrə iddiaçıya ayrılmış 31.500 manat məbləğində olan kredit xətti üzrə limitlə bağlanmış əlavə kredit müqaviləsi üzrə ziddiyyətli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə öhdəliklərinin icrasının təmini məqsədilə 20 dekabr 2012-ci il tarixdə bağlanmış 020KVİ/12 saylı ipoteka müqaviləsinə əsasən iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə cavabdehə 29.000 ABŞ dolları məbləğində borc ödənilmiş və hazırda isə 4250 manat (2500 ABŞ dolları) məbləğində borc ödənilməmiş qalmışdır. Hazırda cavabdeh iddiaçıdan 50000 manat pul tələb edərək, ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 2 saylı mənzili ipotekadan azad etmir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndəsi X3 teleqram vuraraq məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini və məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarında olan: “X2” ASC (borcverən) ilə İddiaçı (borcalan) arasında bağlanmış 20 dekabr 2012-ci il tarixli, 020KV/12 saylı əsas kredit müqaviləsinin 1.1-ci bəndindən görünür ki, borcverən borcalana 31.500 (otuz bir min beş yüz) AZN məbləğində pulu 60 ay müddətinə, 20 dekabr 2017-ci il tarixinədək bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir. “X2” ASC (borcverən) ilə İddiaçı (borcalan) arasında bağlanmış 20 dekabr 2012-ci il tarixli, 020KV-1/12 saylı əlavə kredit müqaviləsinin 1-ci bəndindən görünür ki, bu müqaviləyə görə borcverən müqavilənin 1.2 və 1.3-cü bəndlərində göstərilən məbləğdə və faizə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə bank tərəfindən borcalana verilən kredit məbləği 31.500 (otuz bir min beş yüz) ABŞ dolları təşkil edir. Kredit 30 (otuz) ay müddətinə, xx.xx.2015-ci il tarixinədək, 3 ay güzəşt, illik 23 (iyirmi üç) faiz ödəmək şərtilə verilir. Kreditin məqsədli təyinatı istehlak-mənzilin alınmasıdır. “X2” ASC (ipoteka saxlayan) ilə İddiaçı (ipoteka qoyan) arasında bağlanmış 20 dekabr 2012ci il tarixli, 020KVİ/12 saylı ipoteka müqaviləsinin: 1.1-ci bəndindən görünür ki, bu müqaviləyə görə ipoteka qoyan müqavilənin 1.2-ci maddəsində nəzərdə tutulmuş əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borcalanın (ipoteka qoyanın) öhdəliklərinin təminatı olaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixində 1 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində, reyestr nömrəsi **********15-05101- 093001, qeydiyyat nömrəsi ********* qeydiyyatı aparılmış, MH seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan və ipoteka kimi çıxış edən Şəmkir şəhəri, Həzi Aslanov küçəsində yerləşən 2 nömrəli evin 2 nömrəli mənzilini ipoteka saxlayana ipoteka qoyur. 1.2-ci bəndindən görünür ki, ipoteka saxlayanla ipoteka qoyan (borcalan) arasında Şəmkir şəhərində bağlanmış 20 dekabr 2012-ci il tarixli, 020KVİ/12 saylı əsas kredit müqaviləsinə görə borcverən (ipoteka saxlayan) borcalana (ipoteka qoyana) 31.500 (otuz bir min beş yüz) AZN məbləğində 60 ay müddətinə 20 dekabr 2012-ci il tarixinədək əsas kredit müqaviləsi çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir, borcalan (ipoteka qoyan) isə krediti və kreditdən istifadəyə görə əlavə kredit müqavilələrində nəzərdə tutulmuş faizləri əlavə kredit müqavilələrinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində göstərilmiş ödəniş tarixindən gec olmayaraq (bir qayda olaraq, kredit müddəti ərzində hər ayın kreditin borcalanın (ipoteka qoyanın) ssuda hesabına daxil olduğu müvafiq günündə) borcverənə (ipoteka qoyana) ödəməyi öhdəsinə götürür. Şəmkir Rayon Məhkəməsinin 2(076)-527/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, xx.xx.2012-ci il tarixli 020KV/12 əsas kredit müqaviləsi bağlanmış xx.xx.2012-ci il tarixli 020KV-1/12 əlavə kredit müqaviləsi üzrə İddiaçı və X1 müştərək qaydada 16.828,06 (on altı min səkkiz yüz iyirmi səkkiz dollar altı sent) ABŞ dolları əsas borc, 649.85 (altı yüz qırx doqquz dollar səksən beş sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 17.477,91 (on yeddi min dörd yüz yetmiş yeddi dollar doxsan bir sent) ABŞ dolları məbləğində pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə alınıb "xxxx" Kommersiya Bankı” ASC-yə verilməsi, tələbin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* saylı, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” əsasında ipoteka ilə yüklü edilmiş, ilkin satış qiyməti 35.000 manat qiymətləndirilmiş İddiaçı mülkiyyətində olan Şəmkir şəhəri, Həzi Aslanov küçəsində yerləşən 91.1 kv.m ümumi, 31.3 kv.m yaşayış sahəsindən ibarət olan 2 nömrəli binanın 2 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına 16.828,06 (on altı min səkkiz yüz iyirmi səkkiz dollar altı sent) ABŞ dolları əsas borc, 649.85 (altı yüz qırx doqquz dollar səksən beş sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 17.477,91 (on yeddi min dörd yüz yetmiş yeddi dollar doxsan bir sent) ABŞ dolları məbləğində pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə alınıb “X2” ASC-yə verilməsi, ipoteka predmeti olan Şəmkir şəhəri, Həzi Aslanov küçəsində yerləşən 91.1 kv.m ümumi, 31.3 kv.m yaşayış sahəsindən ibarət olan 2 nömrəli binanın 2 nömrəli mənzilin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində İddiaçı həmin mənzildən çıxarılması, İddiaçı və X1 müştərək qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqının əvəzi olan 30 (otuz) manat pulun alınıb “X2” ASC-yə verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun cavabdehlərə aid edilməsi, İddiaçı və X1 müştərək qaydada 30 (otuz) manat pulun alınıb “X2” ASCyə verilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-527/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsindən görünür ki, qətnamə xx.xx.2015-ci il tarixdə qanuni qüvvəsini almışdır. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin Hərracın nəticələri haqqında xx.xx.2016-cı il tarixli Y-127 nömrəli yekun protokoldan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-527/2015 saylı 08 aprel 2015-ci il tarixli icra vərəqəsinə və Şəmkir rayon İcra Şöbəsinin 2490/E-A saylı, xx.xx.2015-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı mülkiyyətindəki ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 2 nömrəli mənzilin ilkin satış qiyməti 35000 (otuz beş min) manat müəyyənləşdirilmiş, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan “X2” ASC əmlakı 22312.50 (iyirmi iki min üç yüz on iki manat 50 qəpik) manata almışdır. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, İddiaçı mülkiyyətindəki ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 2 nömrəli mənzil 22312.50 (iyirmi iki min üç yüz on iki manat 50 qəpik) manata “X2” ASC-yə satılmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan (Seriya: RX, № 0933683) görünür ki, ünvan 2 ünvanında yerləşən 2 nömrəli mənzil (reyestr nömrəsi: **********15-05101-093001) (qeydiyyat nömrəsi: **********) xx.xx.2016-cı il tarixdə tam mülkiyyət hüququ üzrə “X2” ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır; xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 62,50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya verilmiş borc üzrə öhdəliklərin təminatı olaraq iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2 nömrəli mənzilin cavabdehin xeyrinə ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi tərəflər arasında həmin tarixdə bağlanmışdır. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəlikləri tam icra edilmədiyindən, bank ona qarşı “borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsi tərəfindən 2(076)-527/2015 nömrəli iş üzrə xx.xx.2015-ci il tarixli qətnamə qəbul edilərək, bankın iddiası təmin edilmiş, xx.xx.2012-ci il tarixli 020KV/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış həmin tarixli 020KV-1/12 saylı əlavə kredit müqaviləsi üzrə İddiaçı və digər şəxsdən müştərək qaydada cəmi 17.477,91 (on yeddi min dörd yüz yetmiş yeddi dollar doxsan bir sent) ABŞ dolları məbləğində pulun ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə alınıb "xxxx" KB ASC-yə verilməsi, tələbin ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 2 nömrəli mənzilə yönəldilməklə, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 17.477,91 ABŞ dolları məbləğində pulun alınıb "xxxx" KB ASC-yə verilməsi, mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində İddiaçı həmin mənzildən çıxarılması qət edilmişdir. Qətnamə xx.xx.2015-ci il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, icra tədbirləri çərçivəsində xx.xx.2016-cı il tarixdə keçirilən açıq hərrac nəticəsində ipoteka predmeti olan mənzil 22312.50 manata banka satılmış, mənzil xx.xx.2016-cı il tarixdə tam mülkiyyət hüququ əsasında bankın adına dövlət qeydiyyatına alınmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" KB ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə qalıq 4250 manat (2500 ABŞ dolları) məbləğində borcunun olduğunu bildirərək, həmin borcun ödənilməsi ilə eyni tarixdə bağlanmış 20 dekabr 2012-ci il tarixli, 020KVİ/12 saylı ipoteka müqaviləsinə xitam verilməklə ipotekanın dövlət qeydiyyatının ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddia tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı aralarında bağlanmış xx.xx.2012-ci il tarixli əsas kredit müqaviləsi çərçivəsində olan əlavə kredit müqaviləsi üzrə banka 4250 manat (2500 ABŞ dolları) məbləğində kredit borcunun qalmasını mübahisələndirsə də, məhkəmə araşdırması zamanı iddiaçının həmin kredit müqaviləsi üzrə cavabdehə olan borcunun məbləğinin müəyyən edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcud olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, həmin qətnamə hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olmaqla, Şəmkir Rayon Məhkəməsi tərəfindən qətnamədə müəyyənləşdirilmiş faktların həmin prosesdə cavabdeh olan hazırki iş üzrə isə iddiaçı tərəfindən yenidən mübahisələndirilməsini və artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlara dair hazırki iş üzrə araşdırma aparılmasını mümkünsüz edir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehə olan qalıq borcunun məbləği barədə məsələ hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti ola bilməz. İddiaçının “qalıq borcun ödənilməsi ilə eyni vaxtda cavabdehlə aralarında bağlanmış 20 dekabr 2012-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi” tələbi ilə əlaqədar isə qeyd edilməlidir ki, bu tələb ilkin tələbdən törəyən tələb olmaqla yanaşı, iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən xitam verilməsi tələb edilən ipoteka müqaviləsi artıq mövcud deyildir. Belə ki, xx.xx.2015-ci il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə borcludan tutulması qət edilən məbləğin ipoteka müqaviləsi üzrə bankın xeyrinə ipoteka ilə yüklü edilmiş iddiaçının mülkiyyətində olan mənzilə yönəldilməsi, bu məqsədlə mənzilin açıq hərracdan satılması qənaətinə gəlinmişdir. Məhkəmə araşdırmasına təqdim edilmiş sənədlərdən o da müəyyən edilir ki, xx.xx.2016cı il tarixdə keçirilən açıq hərrac nəticəsində ipoteka predmeti olan mənzil 22312.50 manata banka satılmış, mənzil xx.xx.2016-cı il tarixdə tam mülkiyyət hüququ əsasında bankın adına dövlət qeydiyyatına alınmışdır. İpoteka saxlayan tərəfindən ipoteka predmeti açıq hərrac vasitəsilə əldə edildiyindən və ipoteka predmeti olan əmlak ipoteka saxlayanın mülkiyyətinə keçdiyindən məhkəmə hesab edir ki, ipoteka müqaviləsinə xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsinə dair tələbə məhkəmədə baxıla bilməz. Çünki iddiaçının qeyd olunan tələbi üzrə mübahisə artıq mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi kredit müqaviləsi üzrə qalıq borcunun məbləğinin müəyyən edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olduğundan, xitam verilməsini tələb etdiyi ipoteka müqaviləsi və ləğv edilməsini tələb etdiyi ipotekanın dövlət qeydiyyatı isə artıq mövcud olmadığından, hazırkı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına əsasən: Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmin qərara əsasən, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Beləliklə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0, 261.0.1, 261.0.2-ci maddələrinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir; 262-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Bu Məcəllənin 261.0.1ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər; 114.1 və 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya eyni cavabdehə qarşı, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunmalıdır. Həmçinin, iddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 62,50 (altmış iki manat əlli qəpik) manat məbləğində pul ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 62,50 manat məbləğində pul ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1064/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1064/2024
22.01.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver