Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1076/2023 21.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2020-ci il tarixində zərərçəkən avtomobil sahibi 99VE481 DQN-lı avtomaşının sahibi İddiaçı iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Lakin cavabdeh təşkilat qiymətləndirməni düzgün saymamış və çoxlu vaxt itkisinə bilərəkdən yol vermişdir. Və beləcə ona qarşı hüquq və mənafelərinin tapdalanmasına və süründürməçiliyə səbəb olmuşdur. O, hadisədən sonra 6 gün gözləmiş və ödəniş olunmadığı üçün avtomobili məcbur təmirə yönəltmiş, lazım olan ehtiyat hissələri dəyişdir. Ümumilikdə 1580 manat məbləğ xərclənmişdir. Lakin sığorta şirkəti 7 gündən sonra qısa SMS şəklində məlumat göndərmişdir. Bu müddət ərzində sığorta şirkətinə dəfələrlə müraciət etdikdən sonra heç bir nəticə əldə olunmamışdır. Həmin məbləğ ona geri ödənməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Dəfələrlə müraciət etdikdən sonra xx.xx.2021-ci il tarixində zərərin müəyyən olunması ilə təmir müəssisəsinə yaxınlaşmış, ona bildirmişlər ki, servisdən çıxıb küçədə gözləsin. Bir müddətdən sonra əməkdaş maşına vizual olaraq baxış keçirtmiş və bildirmişdir ki, ona məlumat veriləcək. Yenə də dəfələrlə cavabsız müraciətlərindən sonra xx.xx.2021-ci il tarixində eyni sms-i təkrarən ona göndərmişlər. Yəni xx.xx.2021 tarixində olan sms-i. Nəhayət 10 dekabr tarixində X3 Bankın nümayəndəsi avtomobilə baxış keçirmiş və özündə qeyd etmişdir ki, qeyd olunan ehtiyat hissələrinin hamısı dəyişdirilmişdir. Hətta ABS-in daccik-i lap yeni və dublikat olduğunu şifahi şəkildə ona bildirmişdir. Müştəriekspert rəyi ilə 12 dekabr 2021-ci ildə tanış olmuş, 1580 manat və 8 ehtiyat hissəsindən cəmi 2 ehtiyat hissəsini və usta haqqını qiymətləndirmişlər. Sonra o, ekspert ilə telefon əlaqəsi saxlamış və etirazını bildirmişdir. O isə cavab vermiş ki, birinci “2 detaldan çox detal qeydə ala bilmərz, məhdudiyyət var” ikinci “qiymətləndirməni sığorta şirkəti özü verir, o, sadəcə rəy yazır”, buradan belə qənaətə gəlinir ki, bu qiymətləndirmə və rəy müstəqil ekspert rəyi deyil. Ondan da əlavə, sığorta şirkətindən dəfələrlə hadisənin fotoşəkilini istəsə də, dəfələrlə vəd olunmuş, amma heç bir fotoşəkil göndərilməmişdir. Bu zaman ərzində Paşa Sığorta şirkəti tərəfindən məruz qalaraq real zərərə uyğun olmayan şəkildə, az miqdarda sığorta ödənişi barədə təklif almışdır. Uzun bir müddətdən sonra hüquqi yardım üçün vəkilə müraciət etmiş, sığorta hadisəsindən sonra keçən müddət ərzində həmin hadisənin vurduğu zərəri təsdiq edən ziyanları sığorta şirkəti tərəfindən əldə edilməmişdir. Məsələn, sığorta obyekti olan və zərər vurulmuş əmlakın ilkin görüntüsü və rəsmi müayinəsi sığortalananda olmadığı halda heç bir məlumat yoxdur. Məbləğin mümkün qədər azaldılmasına səy göstərməsi halları mövcuddur. Ona görə də yüksək sığorta məbləğin ödənilməsinə əsas olan sığorta hadisəsi baş verdiyi andan etibarən sığortalananın hüquqi yardım alması daha məsləhətlidir. Sığorta məbləğinin həcmi barədə rəsmi bildirişi sığortaolunana təqdim etməlidir. Qısa SMS isə rəsmi bildiriş demək deyil. Sığorta olunan ondan hər gecikdirilən gün üçün sığorta məbləğinin 01%-i qədər dəppə pulu ödənilməlidir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ona ödənilməli olan 1580 manat sığorta ödənişinin, mənəvi ziyan qismində 5000 manatın, ödənilmiş dövlət rüsumunun və çəkilmiş əlavə xərclərin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Sonradan İddiaçı iddia tələbinin həcminin azaldılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək 5000 (beş min) manat mənəvi ziyan kimi tələb edilən məbləği 1 (bir) manat kimi nəzərə alınmasını xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ona məxsus avtomobilə ümumilikdə 1580 manat dəyərində maddi ziyan dəymişdir. O, bununla bağlı cavabdeh şirkətə dəfələrlə müraciət etsə də, onlar hər dəfə müxtəlif bəhanələrlə bundan imtina etmişlər. Çoxsaylı müraciətlərindən sonra şirkət tərəfindən müstəqil ekspert təyin olunmuş və ekspert tərəfindən verilmiş rəy də qeyri-obyektiv olduğundan o, bununla razı olmamış və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edirlər və iddianın qismən təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
7. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2020-ci il tarixdə iddiaçıya məxsus olan «Hyundai Tucson» markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili digər avtomobil vuraraq qəza törətmiş və nəticədə sığorta hadisəsi baş vermişdir. Avtomobilinə dəymiş zərər hesablanmış, qüsur aktına əsasən zərərin miqdarı 1570 manat təşkil etmiş və buna dair akt tərtib edilmişdir. İddiaçı baş vermiş hadisə ilə bağlı sığorta ödənişinin alınması üçün cavabdehə müraciət etmiş, lakin sığorta şirkəti dəymiş ziyanı 272 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı avtomobilə dəymiş zərərə görə müəyyən olunmuş qiymətlə razılaşmadığından yenidən müstəqil ekspertə müraciət edilmiş və «X4» MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktı ilə iddiaçının avtomaşınına dəymiş ziyan 2070 manat təşkil etmişdir. Hazırda iddiaçı cavabdehdən vurulmuş ziyanın əvəzi kimi dəymiş 2070 ( iki min yetmiş manat) məbləğində sığorta ödənişinin, həmçinin 40 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir.
b) Mülki işin materialları:
8. Belə ki, mülki işin materiallarında olan X2 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli qüsur aktın surətindən görünür ki, «Hyundai Tucson» markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilmiş, avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 1570 manat vəsait hesablanmışdır.
9. Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” hesabatından görünür ki, «Hyundai Tucson» markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmiri üçün 272 manat vəsait hesablanmışdır.
10. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli müstəqil ekspert rəyindən görünür ki, «Hyundai Tucson» markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə baxış keçirilmiş, avtomobilin hadisə nəticəsində arxa hissəsinin zədələndiyi məlum olmuşdur. Zərbə nəticəsində avtomobilin bamperi, stopu zədələnmişdir. Avtomobilin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan, işlərin dəyəri: ehtiyyat hissələri: arxa sağ stop 120 manat, arxa bamper 220 manat, işçilik: armaturçu 50 manat, rəngsaz 110 manat, dəmirçi 60 manat, ümumilikdə 560 manat vəsait hesablanmışdır.
11. Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, hadisə üzrə müvafiq prosedura uyğun olaraq ilkin qiymətləndirmə 272 manat məbləğdə müəyyən olunmuşdur. Dəymiş zərərin yenidənqiymətləndirilməsi üçün qarşılıqlı razılaşmaya əsasən müstəqil ekspert Elşən Mehdiyev təyin edilmişdir. Zərər müstəqil ekspert tərfindən 560 manat məbləğində qiymətləndirilmiş və xx.xx.2021-ci il tarixdə **********05 saylı mobil nömrəyə müvafiq sms bildiriş göndərilmişdir. Müvafiq sığorta ödənişinin əldə olunması üçün əmlaka məxsus sənədlər, mülkiyyət hüququ olan şəxsin şəxsiyyət vəsiqəsi, bank hesab rekvizitlərinin və razılıq ərizəsinin şəkillərini müvafiq nömrəyə göndərilməsi xahiş olunmuşdur.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2121 saylı, 12 iyun 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “MAG” LLC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı «Hyundai Tucson» markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1245 manat müəyyən edilmiş, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı «Hyundai Tucson» markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 272 manat müəyyən edilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği ilə əlaqədar olmuşdur.
14. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
15. Həmin Məcəllənin 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
16. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.
19. “İcbari sığorta haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir.
20. Həmin Qanunun 4.1-ci maddəsiən əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir.
21. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.
22. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, «Hyundai Tucson» markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə dəymiş ziyanın məbləği baş verən tarixə “MAG” LLC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən təxminən 1245 manat, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən 272 manat müəyyən edilmişdir.
23. Göründüyü kimi, yuxarıda əks etdirilən aktlar üzrə hesablanmış məbləğlər arasında böyük fərq vardır.
24. Bu halda məhkəmə hesab edir ki, 272 manat vəsait avtomobilə vurulmuş ziyanın aradan qaldırılması üçün kifayət etmədiyindən ümumi ağlabatan məbləğ müəyyən edilməli, rəydə əks edilmiş məbləğlər ümumi hesablanmaqla 758,50 manat (1245+272=1517:2=758,5) həddində olmalıdır.
25. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
26. Məhkəmə iddia tələbinin “mənəvi zərərə görə 1 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən həmin tələbinin əsaslı olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir.
27. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
28. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
29. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir.
30. Bundan əlavə, Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Məhkəmə hesab edir ki, iddia tələbi 758,50 manat (iddia tələbinin 48 %) məbləğində maddi ziyanın tutulması həddində təmin edildiyindən, həmçinin iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut məhkəməyə təqdim edildiyindən, dövlət rüsumunun əvəzi kimi 37 AZN-nin (otuz yeddi manat) 17,40 AZN-ni (on yeddi manat, qırx qəpik) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməli, 19,60 AZN-ni (on doqquz manat, altmış qəpik) isə iddiaçıya aid edilməlidir.
32. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 AZN-nin (əlli manat) 23,50 AZN-ni (iyirmi üç manat, əlli qəpik) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 26,50 AZN-ni (iyirmi altı manat, əlli qəpik) isə İddiaçı tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.
33. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
35. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
36. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İddiaçı məxsus olan «Hyundai Tucson» markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə dəymiş ziyan kimi 758,50 AZN (yeddi yüz əlli səkkiz manat əlli qəpik) məbləğində pul tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi kimi 37 AZN-nin (otuz yeddi manat) 17,40 AZN-ni (on yeddi manat, qırx qəpik) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin, 19,60 AZN-ni (on doqquz manat, altmış qəpik) isə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 AZN-nin (əlli manat) 23,5 AZN-ni (iyirmi üç manat, əlli qəpik) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 26,50 AZN-ni (iyirmi altı manat, əlli qəpik) isə İddiaçı tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov