Məhkəmə qərarları › İş №2(006)-1089/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1089/2023

24.07.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1089/2023 24.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müqaviləyə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müqaviləyə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin olunaraq, onunla cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********52 nömrəli kredit müqaviləsinə xitam verilməsi, 1080 manat məbləğində borcun silinməsi və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********52 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 60 (altmış) ay müddətinə (xx.xx.2024-cü il tarixinə qədər) 1800 (bir min səkkiz yüz) manat məbləğində kredit verilmiş və bununla bağlı ödəmə cədvəli tərtib edilmişdir. İddiaçı hər ay qeyd edilən məbləğdən artıq məbləğdə pullar ödəyərək müqavilədə nəzərdə tutulan pulu ödəmişdir. Lakin buna baxmayaraq, onun ödənişləri dayandırılmamış, əksinə olaraq ona məxsus əlilliklə bağlı ödəmə kartından pullar çıxılmaqda davam edir. İddiaçı bununla bağlı cavabdeh "xxxx" ASC-yə müraciət edərək narazılığını bildirsə də, onun sözlərinə əhəmiyyət verilməmiş və bank tərəfindən bildirilmişdir ki, guya iddiaçının 1080 manat məbləğində borcu qalmışdır. Ona məxsus ödəmə kartından pullar çıxılmaqla cavabdeh "xxxx" ASC iddiaçının pullarını mənimsəyir. Bu səbəbdən iddiaçı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Cavabdeh "xxxx" ASC iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin əsassız olduğundan rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, xx.xx.2019-cu il tarixində bankla 60 ay müddətinə, illik 29%-lə 1800 manat məbləğində kredit müqaviləsi bağlamışdır. Ödəniş cədvəlinə uyğun hər ay qeyd edilən məbləğdən artıq məbləğdə pullar ödəyərək müqavilədə nəzərdə tutulan pulu ödəməsinə baxmayaraq, iddiaçıdan ümumilikdə 1080 manat məbləğində pul tutulmuşdur və hələ də tutulmaqda davam edir. Odur ki, hazırda müqavilənin ləğv edilməsi və borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının borcunu tam ödəməsi ilə bağlı qeyd etdikləri həqiqətə uyğun deyildir. Belə ki, tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, BPM**********52 nömrəli kredit müqaviləsinə dair kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən borclu İddiaçı 60 ay müddətinə aylıq 57.2 manat ödəməsi nəzərdə tutulmuşdr. Kredit müqaviləsi üzrə ödənilən və qalıq borclar barədə maliyyə arayışına diqqət yetirdikdə görünər ki, iddiaçı müəyyən dövrədək ödənişləri vaxtlı-vaxtında həyata keçirsə də, xx.xx.2021-ci il tarixdən sonra qrafikə uyğun ödəniş həyata keçirməmiş, yalnız 1 ildən çox müddət, daha dəqiqi, 417 gün keçdikdən sonra xx.xx.2022-ci il tarixində 150 manat məbləğində ödəniş etmişdir və bundan sonra bu cür kiçik ödənişlər edərək borcunu bağladığı qənaətinə gəlmişdir. Halbuki borclu ödəniş etmədiyi 417 gün müddətində faizlərin hesablanacağını nəzərə almalı və qalıq borcunu faizlərlə birlikdə müəyyənləşdirməli idi. Borclu kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün onunla bank arasında kredit münasibətləri problemli kredit hesab olunmuş, buna görə də bank artıq borcun qaytarılması istiqamətində müqaviləyə uyğun olaraq silinmələr aparmağa haqlı olmuşdur. İddiaçı bank tərəfindən hesabından bu günədək 1080 manat silindiyini bildirsə də, iddiaçının hesabdan çıxarışından, həmçinin maliyyə arayışından da görünür ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi iddiaçının hesabından ümumilikdə 780.72 manat pul tutulmuşdur. Maliyyə arayışına əsasən İddiaçı xx.xx.2023-cü il tarixinə banka olan qalıq borcu - 825.17 manat əsas borc, 46.98 manat faiz borcu olmaqla, cəmi 872.15 manat məbləğində təşkil edir. İşin faktiki hallarından da görünür ki, iddiaçının bütün ödənişləri vaxtından öncə və vaxtında icra etməsi, borcunu bağlamasına baxmayaraq bank tərəfindən tutulmaların həyata keçirilməsi ilə bağlı qeyd etdikləri əsassızdır. Bank iddiaçıdan 780.72 manat məbləğində pul tutmaqda haqlı olmuşdur və həmçinin qalıq borcun da müqaviləyə uyğun olaraq tutulmasında haqlı olacaqdır. Cavabdeh "xxxx" ASC xx.xx.2023-cü il tarixdə ərizə təqdim edərək, iddiaçının banka 559.71 manat borcu olduğunu, bank tərəfindən ona güzəşt və köməklik edilərək mövcud borcunun silindiyini, bank qarşısında öhdəliyinin olmadığını, özünə də bu barədə məlumat verildiyini bildirmişdir. İddiaçı həmin tarixdə ərizə təqdim edərək, iddia tələbinin həcmini artırmış və "xxxx" ASCnin ondan artıq tutduğu kredit pulunun geri qaytarılmasının da təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 məhkəməyə gəlməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, iclasın iştirakları olmadan keçirilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1089/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbinin “borcun silinməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: xx.xx.2019-cu il tarixli razılıq ərizəsindən görünür ki, İddiaçı onunla "xxxx" ASC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, BPM**********52 nömrəli kredit müqaviləsinə əsasən ona ayrılmış 1800 (bir min səkkiz yüz manat 0 qəpik) AZN məbləğində kredit məbləğinə görə aylıq ödəniş vaxtı çatdıqda, eləcə də ödəniş məbləği gecikdirildikdə, ödənilməli olan aylıq ödəniş məbləğinin və gecikdirilmiş əsas borc, hesablanmış faiz və cərimə məbləğlərinin onun "xxxx" ASCdə olan əmək haqqı, pensiya və digər hesablarından akseptsiz qaydada bloklaşdırılmaqla gecikdirilmiş öhdəlik həcmində silinməsinə razılıq vermişdir. Həmçinin, bu razılıq, kredit üzrə ödəniş qrafikinə əsasən aylıq ödənişə 15 (on beş) təqvim günü qaldıqda onun hesablarına pul vəsaiti daxil olduqda müvafiq ödəniş məbləğinin əvvəlcədən hesablarından akseptsiz qaydada silinməsini əhatə edir. Eyni zamanda, kredit müqaviləsinin 8-ci maddəsinə əsasən vaxtından əvvəl tələbetməni mümkün edən hallar olduqda onun hesablarının bloklaşdırılmasına və kredit borcunun tam şəkildə akseptsiz qaydada silinməsinə razılıq verir. Bu ərizə yuxarıda göstərilən öhdəliyin ölçüsü və ya icra müddəti gələcəkdə dəyişdiyi hallarda da onun razılığını ifadə edir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********52 nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalan İddiaçı şəxsi məqsədlər üçün 60 (altmış) ay müddətində (xx.xx.2024 tarixədək) 1800 AZN (bir min səkkiz yüz manat 0 qəpik) məbləğində, kreditdən istifadəyə görə illik 29% (iyirmi doqquz) faiz ödəmək şərtilə kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borcverənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilən təyinat (şəxsi istehlak məqsədləri) üzrə istifadə etməyi öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli BPM**********52 nömrəli kredit müqaviləsinə əlavə № 1 – kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, İddiaçı müqavilə üzrə aylıq ödəniş məbləği 59 ay müddətində 57.2 manat, 60-cı ay isə 48.63 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, onunla "xxxx" ASC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, BPM**********52 nömrəli kredit müqaviləsinə xitam verilməsi və borcun silinməsi barədə göstəriş verilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, aralarında bağlanmış kredit müqaviləsinin və ödəniş cədvəlinin şərtləri razılaşdırılaraq, onun tərəfindən imza ilə təsdiqlənmişdir. Bank tərəfindən cari şərtlərə uyğun olaraq müvafiq kredit müqaviləsi üzrə güzəştlərin edilməsi məqsədəuyğun hesab edilməmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixli, BPM**********52 nömrəli kredit müqaviləsinə əsasən 825.17 (səkkiz yüz iyirmi beş manat on yeddi qəpik) əsas, 46.98 (qırx altı manat doxsan səkkiz qəpik) manat faiz, cəmi 872.15 (səkkiz yüz yetmiş iki manat on beş qəpik) manat məbləğində borcu vardır. "xxxx" ASC tərəfindən Binəqədi Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı tərəfindən borc tam ödənildiyindən Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusunun xx.xx.2022-ci il tarixdə 8İ-1397 nömrə ilə qeyd edilməklə apardığı icra qeydi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3019 saylı 01 iyun 2023-cü il tarixli ekspert rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, BPM**********52 nömrəli kredit müqaviləsi şərtləri əsas götürülməklə İddiaçı xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) banka olan borcu 181,48 manat məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2023-cü il tarixə: əsas borc üzrə 178,04 manat, faiz borcu üzrə - 3,44 manat. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş hallar ondan ibarət olmuşdur ki, xx.xx.2019-cu il tarixdə İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında BPM**********52 nömrəli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, cavabdeh iddiaçıya şəxsi istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29 % ödəmək şərtilə 1800 manat məbləğində kredit vermiş, müqavilə üzrə aylıq ödəniş məbləği 59 ay müddətində 57.2 manat, 60-cı ay isə 48.63 manat məbləğində müəyyən edilmişdir. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyini lazımınca icra etmədiyindən bank tərəfindən onun digər hesabına (özünün razılığı əsasında) akseptsiz qaydada tutma yönəldilmişdir. İddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqaviləyə xitam verilməsini məhkəmədən xahiş etmiş, cavabdeh tərəf isə məhkəmə araşdırmaları gedən dövrdə barışıq əldə olunması məqsədilə müqavilə üzrə iddiaçıya güzəşt edərək, onun müqavilə üzrə qalıq borcunu silərək, borcunun olmadığını bildirmişdir. İddiaçı isə bununla razılaşmayaraq, tələbin həcmini artırmış və müqavilə üzrə ondan tutulmuş ödənişlərin məbləğinin artıq olmasını mübahisələndirdiyindən məhkəmə tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən verilmiş rəy əsasında müəyyən edilmişdir ki, iddiaçının həmin müqavilə üzrə cavabdehə əsas borc üzrə - 178,04 manat, faiz borcu üzrə - 3,44 manat olmaqla, cəmi 181,48 manat məbləğində borcu qalmışdır. İddiaçı məhkəmə iclasında iddianın təmin olunaraq aralarında olan müqaviləyə xitam verilməsini və artıq tutulmuş pulun geri qaytarılmasını, cavabdeh tərəf isə ərizə təqdim edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbinin “müqaviləyə xitam verilməsi” hissəsi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsindən görünür ki, iddiaçı müqavilə üzrə öhdəliklərinin tam icra edildiyinə əsaslanaraq hazırki tələbini irəli sürür. Lakin işin faktiki hallarına və işdə olan mötəbər sübutlar əsasında müəyyən edilir ki, iddiaçının xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehə ödənilməmiş borcu mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi əsassız olduğundan tələb bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Məhkəmə iddia tələbinin “müqavilə üzrə artıq tutulmuş pulun geri qaytarılması” hissəsi ilə əlaqədar isə qeyd etməyi zəruri hesab edir ki, tələbin bu hissəsi müvafiq qaydada sübuta yetirilmədiyindən, işdə olan mötəbər sübutlarla təkzib edildiyindən tələb təmin edilməməlidir. Belə ki, iddiaçı aralarında olan müqavilə üzrə cavabdeh tərəfindən mövcud borcundan artıq məbləğdə pulun ondan tutulduğunu iddia etsə də, bu iddiasını təsdiq edə biləcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası nəticəsində əldə edilmiş ekspert rəyi əsasında müəyyən edilmişdir ki, iddiaçının müvafiq müqavilə üzrə cavabdeh banka cəmi 181,48 manat məbləğində borcu qalmışdır. Belə olan halda, iddiaçının müqavilə üzrə cavabdeh tərəfindən artıq məbləğdə pulun ondan tutulmasına dair iddiası ilə əlaqədar göstərdiyi dəlillər əsassız, heç bir sübuta söykənməyən, formal mülahizələrdən ibarət hesab olunaraq məhkəmə belə qənaətə gəlir ki, tələb bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin: 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müqaviləyə xitam verilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müqaviləyə xitam verilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar