Məhkəmə qərarları › İş №2(006)-1090/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1090/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1090/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı «sığorta ödənişi məbləğinin tutulması tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı «sığorta ödənişi məbləğinin tutulması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, X5 ilə “xxxx'" ASC arasında 16.01.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Hyundai İX-35” markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh Çağrı Coşkun 28.10.2019-cu il tarixdə “Hyundai İX-35” markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Ə.Cəmil küçəsi ilə H.Məcidov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz C220” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC tərəfindən 590 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yasamal RPİ DYPŞ-nin “xxxx” ASC-yə təqdim etdiyi 29.10.2019-cu il tarixli, 091 - 51549-1219 saylı arayışa əsasən cavabdeh Çağrı Coşkun yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Sorğuya əsasən Cəmiyyətə təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 28.09.2020-ci il tarixli, 04/3621 saylı məktubunda qeyd olunur ki, cavabdeh Çağrı Coşkuna Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 21.10.2017- 21.10.2022-ci il tarixədək yaşama icazəsi verilmişdir və ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Hadisə ilə bağlı Cəmiyyətə təqdim olunmuş cavabdeh Çağrı Coşkuna məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, cavabdeh Çağrı Coşkun “Hyundai İX-35” markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomobili Türkiyə Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə etmişdir. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh Çağrı Coşkun yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Hyundai İX-35” markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Göstərilənlərə əsasən 590 manat sığorta ödənişi məbləğinin, 1400 manat işlərin görülməsi xərcinin və 30 manat dövlət rüsumunun, cəmi 2010 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı «xxxx» ASC tərəfindən məhkəməyə ərizə göndərilərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan sığorta aktının surətindən görünür ki, Cavabdeh sığortalanmış “Hyundai İX-35” markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomobili 28 oktyabr 2019-cu il tarixində həmin avtomobili idarə etmək səlahiyyəti olmadan idarə edərkən “Mercedes Benz C220” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur və nəticədə sığorta hadisəsi baş vermişdir. Həmin aktdan görünür ki, 28.10.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “Mercedes Benz C220” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 590 manat təşkil edir, «xxxx» ASC tərəfindən ödənilmiş sığorta ödənişinin məbləği 590 manat təşkil etmişdir. İşin materiallarında olan 15.11.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, «xxxx» ASC tərəfindən X1 hesabına 590 manat pul köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının Cavabdeh ünvanlanmış 18 dekabr 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sığorta hadisəsi zamanı sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmaması təsdiq olunduğu təqdirdə sığortaçının subroqasiya hüququ yarana bilər. İş materiallarında olan Yasamal RPİ DYPŞ-nin YHN tərəfindən verilmiş arayışdan görünür ki, AR DİN-nin BDYPİ-nin X2 baxış keçirilmiş, “Hyundai İX-35” markalı, 99 H0 376 dövlət qeydiyyat nişanlı avtomobilə dair idarə etmək hüququ üçün etibarnamənin 12.08.2016-cı il tarixdən 12.08.2021-ci il tarixədək Azərbyacan Respublikası Ədliyyə Nazirliyinin 27 saylı notariat kontoru tərəfindən türk vətəndaşı, müvəqqəti ünvan 2 ünvanında qeydiyyatda olan Coşkun Çağrıya verildiyi müəyyən edilmişdir. X3 AA946794 nömrəli sürücülük vəsiqəsi 18.05.2020-ci il tarixdən 26.04.2026-cı il tarixədək qüvvədə olmuş və eyni zamanda yuxarıda göstərilmiş nəqliyyat vasitəsini qanunvericiliyə uyğun olaraq verilmiş etibarnamə əsasında idarə etmə hüququ olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh sahibliyində olan və «xxxx» ASC tərəfindən sığortalanmış “Hyundai İX-35” markalı, 99 H0 376 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, “Mercedes Benz C220” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə sığorta şirkəti sığorta aktına əsasən ödədiyi pulu subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin 2-ci bəndinə əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh yol-nəqliyyat hadisəsi vaxtı yüksək təhlükə mənbəyi olan “Hyundai İX-35” markalı, 99 H0 376 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətinə malik olmuşdur. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobili Cavabdeh idarə etmək səlahiyyəti olmaqla idarə etdiyindən, iddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı «sığorta ödənişi məbləğinin tutulması tələbi»nə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı «sığorta ödənişi məbləğinin tutulması tələbi»nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar