Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1091/2021 30.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh «xxxx» KB ASC-yə qarşı «müqaviləyə xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» KB ASC ilə aralarında bağlanılmış xx xxxxxxx 2014-cü il tarixli, 38KL/14 saylı “Əsas Kredit Müqaviləsi”nə istinadla tərtib edilmiş xx xxxxxxx 2014-cü il tarixli, 38KL/14-1 saylı Əlavə Kredit Müqaviləsinə xitam verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» KB ASC ilə aralarında xx xxxxxxx 2014-cü il tarixli, 3 8KL/14 saylı “Əsas Kredit Müqaviləsi” ilə «xxxx» KB ASC tərəfindən ona ******* (bir milyon) AZN (MANATİ) məbləğində 60 (altmış) ay müddətinə, xx xxxxxxx 2019-cu il tarixinədək müddət ərzində, həmin Müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanımaqla kredit verilməsi niyyəti göstərilmişdir. Lakin, həmin Müqavilənin konkret kreditin verilməsi məsələsini tənzimlənməsi və onun əsas mahiyyətinin açıqlaması Müqavilənin 8.1-ci bəndində aşağıdakı kimi ifadə edilmişdir: “Bu müqavilənin müddəaları heç bir halda “Borcverən”in “Borcalan”a kredit vermək vədi kimi təfsir oluna bilməz”. Göründüyü kimi həmin “sənəd” “Əsas Kredit Müqaviləsi” adlandırılsa da, faktiki olaraq qüvvədə olan qanunvericiliyin imperativ (məcburi) tələblərinə zidd tərtib edilmiş, cavabdeh «xxxx» KB ASC üçün hər hansı hüquqi nəticələr yaratması, dəyişməsi və ya aradan götürülməsinə xidmət etmir. Həmin “sənəd” yalnız görünüş üçün tərtib edilmişdir və onu bağlamaqda Bankın məqsədi istehlakçını (onu) inandırmaqdır ki, guya ona ******* (bir milyon) manat məbləğində kredit (yəni, növbətçi xarakterli) verilməsi görünüşü yaratmaqla ola bilsin ki, onun həmin məbləğdə maliyyə resurslarından yararlanmaq “şansının” ola bilməsi ehtimalını təkrar ehtimal (xəyal) etməkdir. Ona görə də cavabdeh həmin “müqaviləni” “bağlamaqla” kifayətlənərək, həmin müqavilə ilə öz üzərinə ümumiyyətlə heç bir hüquqi öhdəlik götürmədən istehlakçını (yəni, məni) vicdansızcasına aldadaraq, istehlakçıya məxsus mümkün gədər böyük həcmdə və dəyərdə daşınmaz əmlakını özünün girovluğuna (ipotekasına) alıb, gələcəkdə müxtəlif maliyyə və digər fənləri vasitəsilə həmin əmlakını özününküləşdirsin. Beləliklə, cavabdehlə aralarında bağlanılmış xx xxxxxxx 2014-cü il tarixli müqaviləyə əsasən ona gələcəkdə manatla kredit verilməsi razılaşdırılmış olsa da, bunun tam ziddinə olaraq həmin müqavilənin əlavəsi, yəni onun ayrılmaz tərkib hissəsi kimi göstərilən xx xxxxxxx 2014-cü il tarixli, 38KL/14-1 saylı “Əlavə Kredit Müqaviləsi” ilə mənə «xxxx» KB ASC-dən 18 (on səkkiz) ay müddətinə illik 21 (iyirmi bir) faiz dərəcəsi ilə 40.000,00 (qırx min) ABŞ Dolları məbləğində fərdi istehlak krediti verilmişdir. Daha sonra, xx xxxxxxx 2014-cü il tarixli, 38KL/14-1 saylı “Əlavə Kredit Müqaviləsi”nə edilən dəyişikliyə, yəni «xxxx» KB ASC ilə aralarında bağlanılmış xx xxxx 2015-ci il tarixli “Saziş”ə əsasən kreditin müddəti - 24 (iyirmi dörd) ay, illik faiz dərəcəsi isə 19,5% (on doqquz tam onda beş faiz) müəyyən edilmişdir. Beləliklə, son razılaşmaya əsasən o, 24 ay müddətində 40.000,00 (qırx min) ABŞ Dolları olan əsas borcla birlikdə, illik 19,5 faiz əlavə məbləğ ödəməli olacaqdır. 2015-ci ilin fevral ayından etibarən ondan borc və faizlərin ABŞ dollarının yeni məzənnəsi ilə ödənilməsi «xxxx» KB ASC tərəfindən tələb edilir. Qeyd edir ki, Azərbaycanda devalvasiya xx xxxxxx 2015-ci ildə baş vermişdir. Mərkəzi Bank manatın 1 dollara görə dəyərini 1.05 AZN məcburi təyin etmişdir. Devalvasiya 33.8% olmuşdur. xx xxxxxx 2015-ci ildə isə 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,55 manat səviyyəsində yenə də məcburi təyin edilmiş, hazırda isə manat üzən məzənnəyə keçərək 1,7 manat səviyyəsində qərarlaşıbdır. Belə ki, Mərkəzi Bankın bu iki qərarı nəticəsində Azərbaycan manatının ABŞ dolları qarşısında birdən-birə 99 faiz məcburi ucuzlaşdırılmasından, hazırda isə 123 faiz dəyər itirməsindən dolayı, yaranmış yeni biznes şəraitini nəzərə alaraq, xx xxxxxxx 2014-cü il tarixli, 38KL/14-1 saylı “Əlavə Kredit Müqaviləsi”nə bəzi dəyişikliklərin edilməsini cavabdehə xx xxx 2017-ci il tarixində təklif etdim və 10 (on) gün müddətində təklifinin cavablandırılmasını xahiş etmişdir. Lakin, cavab üçün təklif etdiyi 10 (on) gün müddətinin artıq xx xxx 2017-ci il tarixdə bitməsinə baxmayaraq cavabdeh bu günədək təklifinin qəbul edilib-edilməməsi haqqında cavab verməmişdir. Hesab edir ki, aşağıda göstərdiyi əsaslara görə, onun iddiası təmin edilməli, cavabdehə etdiyi təkliflərə uyğun olaraq, cavabdehlə aralarında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, 38KL/14-1 saylı “Əlavə Kredit Müqaviləsi” ləğv edilməlidir. Cavabdehlə hazırda mübahisələndirilən Kredit müqaviləsi bağlandıqdan sonra, Azərbaycanın Mərkəzi Bankı tərəfindən 2015-ci ilin fevral və dekabr aylarında həyata keçirtdiyi manatın devalvasiyası (yəni məcburi ucuzlaşdırılması) nəticəsində manat məcburi olaraq 99 faizədək məcburi dəyərsizləşdirilmiş, hazırki dövr üçün isə faktiki olaraq 123 faizədək dəyərini itiribdir. O, həmin müqaviləni imzalayarkən, 1 dollar 0,78 manat idi, sonradan 1,05 manat, daha sonar 1,56 manat məcburi təyin edilmişdir, indi isə təxminən 1,70 manat olubdur. Yəni, o, müqavilə öhdəliklərini yerinə yetirmək üçün, müqaviləni imzaladığı vaxt mövcud olan bazar şərtlərini nəzərə almışdır və həmin şərtlər daxilində borcunu qaytarmaqda heç bir problemi yox idi. İndi isə, ABŞ dollarının dəyəri manata nisbətdə birdən-birə 123 faizədək qalxmış, daxili bazarda isə malların və xidmətlərin qiymətləri qalxmış, lakin onun əmək haqqısı və sair gəlirləri həmin faiz dərəcəsinə uyğun qalxmamışdır. Rəsmi dövlət orqanları da mal və xidmətlərin qiymətlərinin qaldırılmaması ilə bağlı dəfələrlə kütləvi informasiya vasitələri ilə xəbərdarlıq etmişlər. Digər tərəfdən də, ABŞ dollarının dəyərinin birdən-birə məcburi kəskin artırılması xaricdən gətirilən malların qiymətinin artmasına, bu da öz növbəsində Respublikadakı mövcud biznes mühitinin əlverişsiz şəraitə düşməsinə səbəb olmuşdur. O, daha əvvəllər olduğu kimi, yəni həmin müqaviləni bağladığı vaxt ümid etdiyi gəlirləri əldə edə bilmir. Beləliklə də, həmin müqavilə bağlanarkən əsas götürdükləri şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Bu dəyişikliyi isə, onun “ağlabatan şəkildə əvvəlcədən görə bilməyi” mümkün deyildi. Şəxsən o, əvvəlcədən milli valyuta olan manatın ABŞ dolları qarşısında belə qısa müddətdə, bir dəfəyə və 10 faizdən çox məcburi ucuzlaşdırılacağını görə bilsəydi, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdı. Bu maddələrin məzmunundan göründüyü kimi, manatın Mərkəzi Bank tərəfindən, əvvəl sabit valyuta kimi təriflənib vətəndaşların arxayınlaşdırılması, qısa müddət sonra, il ərzində 99 faiz və daha çox məcburi ucuzlaşdırılması məhz, AR MM-nin 556-557-ci maddələrinin təsirinə düşür. O, əslində, dövlət orqanlarının verdiyi qərar nəticəsində öz öhdəliyini icra etmək imkanından məhrum edilmişdir. Cavabdehlə onun arasında bağlanmış indiki kredit müqaviləsində isə, faizlərin əsas borcla birlikdə, aylar üzrə ödənilməsi nəzərdə tutulub. Qanunları dəqiq bilmədiyindən, hər iki tərəfdən qanunun tələblərinə riayət edilməmişdir. Bu da onun ödəmə imkanlarını çətinləşdirən amillərdən biridir. Borc alan tərəf Azərbaycan vətəndaşıdırsa və kredit verən bank da yerli hüquqi şəxsdirsə, verilmiş borc yalnız manatla ifadə edilməlidir. Cavabdeh «xxxx» KB ASC isə xarici hüquqi şəxs deyil, yerli hüquqi şəxsdir. Deməli, kredit müqaviləsində borc (kredit) predmetinin xarici valyutada göstərilməsi qanuna ziddir. Bu qanun pozuntusunun özü də onun ödəmə qabiliyyətinə mənfi təsir edib. Qüvvədə olan mülki qanunvericiliyin isə əsas prinsiplərindən biri “qadağan edilməyibsə, deməli icazəlidir” prinsipidir. Ona görə də, hesab edir ki, bir halda ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hazırda xarici valyutada ifadə olunmaqla bağlanılmış olan kredit müqavilələrinin leqitimliyıni və onların pul öhdəliyi olmasını təsdiq etmişsə bu halda həmin pul öhdəliklərinə də manatla ifadə olunmuş pul öhdəlikləri kimi (onlarla bərabər). Qanun Analogiyası əsasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.7-ci maddəsinin tətbiq edilməsi məcburidir. Bundan əlavə olaraq, aşağıdakıları məhkəmənin diqqətinə çatdırır: Birincisi - yuxarıdakı mətndə qeyd etdiyi kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarının nəticə hissəsində manatın məzənnəsinin dəyişməsinin (yəni, təbii inflyasiya prosesində mal və xidmətlərin qiymətinin artması ilə müşaiyət olunan pulun tədricən dəyərsizləşməsi) - şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilinməməsi göstərilmiş olsa da, yaradıldığı zamandan 2016-cı ilədək olan dövr ərzində dövlət orqanının (qanunyaradıcı, həmçinin, icrası məcburi qərarlar qəbul etmək və göstərişlər vermək) səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən manatın məzənnəsinin bir gün ərzində məcburi şəkildə dəyişdirilməsinin (yəni, devalvasiya kimi pul islahatı vasitəsilə 33.8% məcburi dəyərsizləşdirilməsinin) - şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilinib bilinməməsi barədə heç bir hüquqi mövqe təsbit edilməmişdir. İkincisi - məntiqi ardıcıllığa əsaslanılsa görülər ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxx 2015-ci il tarixli Qərarında AR MM-nin 439-cu maddəsinin digər yarımmaddələrində istifadə olunan “pul öhdəlikləri” söz birləşməsi prinsip baxımından özündə yalnız MM-nin 439.1-ci maddəsində nəzərdə tutulan subyektlərin (yəni xarici fiziki və hüquqi şəxslərin) bağladıqları leqitim pul öhdəliklərini ehtiva etdiyi halda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2018-ci il tarixli Qərarında da “xxxx”xxxx” ASC kimi yerli hüquqi şəxslər özbaşınalıq edərək Konstitusiya və digər qüvvədə olan qanunların imperativ tələblərinə zidd olaraq bağladıqları xarici valyutadakı pul öhdəliklərinin ehtiva edildiyini birmənalı demək olmaz. Üçüncüsü - Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin (Normativ hüquqi aktlar) Vİİ hissəsinin tələblərinə əsasən əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilməməlidir. Qeyd olunan maddi hüquq normaları hazırki iş üzrə tətbiq edilməklə müəyyən edilir ki, Azərbaycan Respublikasının Konstitusiyasında manatdan başqa valyutanın Azərbaycan Respublikasında pul vahidi kimi və ya ödəniş vasitəsi kimi istifadə edilməsi qadağan edildiyi, onunla cavabdeh arasında bağlanılmış Əsas Kredit Müqaviləsində (1000000) manatın verilməsi nəzərdə tutulduğu və onunla razılaşdırıldığı təqdirdə, Konstitusiyanın və qüvvədə olan digər qanunların tələblərinə zidd olaraq onunla istehlak (Evin təmiri) məqsədli olan krediti müqaviləsi ABŞ dolları ilə bağlanılmışdır. Beləliklə də cavabdeh onunla qanunvericiliklə qadağan edilmiş şərtlərlə pul öhdəliyi müqaviləsi bağlamaqla həm qanunazidd hərəkət etmiş, həm də onun məlumatsızlığından istifadə etməklə və qanunsuz varlanmaq niyyəti ilə davranmışdır. Qeyd edir ki, onun cavabdeh “Unıbank”xxxx” ASC ilə aralarında hazırda mübahisələndirilən kredit müqaviləsi bağlanılan, yəni mübahisəli hüquq münasibətləri yaranan zaman (2014-cü ildə) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun (2015 və 2018-ci ildəki) yuxarıda göstərilən qərarları hələ qəbul edilməmişdirlər. Həmin qərarlar fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırmadığından, hüquq məsuliyyətini aradan qaldırmadıqlarından və ya yüngülləşdirmə-diklərindən Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən onların qüvvəsi geriyə şamil edilməməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X6 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə etiraz edərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. «xxxx» KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 38KL/14 saylı əsas kredit müqaviləsindən görünür ki, borc verən borc alana 1.000.000 manat məbləğində 60 ay müddətinə bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verməyi, borcalan isə krediti və faizləri borverənə qaytarmağı öhdəsinə götürmüşdür. «xxxx» KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 38KL/14-1 saylı əlavə kredit müqaviləsindən görünür ki, borc verən borc alana 18 ay müddətinə illik 21% dərəcəsi ilə 40.000 USD məbləğində kredit verməyi, borcalan isə krediti və faizləri borverənə qaytarmağı öhdəsinə götürmüşdür. Borc verən «xxxx» KB ASC ilə borc alan İddiaçı arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, 38KL/14-1 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2015-ci il tarixli Sazişdən görünür ki, 1. tərəflər arasında bağlanmış xx xxxxxxx 2014cü il tarixli 38KL/14-1 saylı kredit müqaviləsinə (bundan sonra “kredit müqaviləsi” adlandırılacaq) aşağıdakı dəyişikliklər edilmişdir: “1.1 Kredit müqaviləsinin 1.3 bəndində nəzərə tutlmuş kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 19.5 % (on doqquz tam onda beş) faiz, müddət isə xx.xx.2016-cı il tarixinədək müəyyən edilsin. 1.2 Bu Sazişlə kredit müqaviləsinə edilən dəyişikliklər nəzərə alınmaqla kredit üzrə borc qalığının “Borcverən”ə qaytarılmasının dövrülüyünün müəyyən edən yeni ödəniş cədvəli tərtib olunsun və həmin cədvəl kredit müqaviləsinə 2 (iki) saylı əlavə hesab edilsin. 1.3 Bu dəyişikliklər qüvvəyə mindikdən sonra “Borcalan” tərəfindən öhdəliyin yerinə yetirilməsi bir dəfəyə 10 (on) təqvim günü gecikdiyi halda “Borcverən” faiz dərəcəsini və cərimə faizlərini kredit müqaviləsi üzrə əvvəl müəyyən olunmuş dərəcəyə qaytara bilər. 2. Kredit müqaviləsinin digər şərtləri dəyişdirilmədən saxlanılsın. 3. Bu Saziş imzalandığı tarixdə qüvvəyə minir və kredit müqaviləsinin ayrılmaz hissəsi sayılır. 4. Bu Saziş qüvvəyə mindiyi andan kredit müqaviləsində 1 saylı əlavə qüvvədən düşmüş hesab edilsin”. İddiaçı tərəfindən «xxxx» KB ASC-yə ünvanlanmış xx.xx.2017-ci il tarixli təklifdən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixli, 38KL/14 saylı əsas kredit müqaviləsinə istinadla tərtib edilmiş xx xxxxxxx 2014-cü il tarixli, 38KL/14-1 saylı əlavə kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsini banka təklif edərək 10 gün müddətində münasibət bildirilməsini xahiş etmiş, əks halda məhləməyə müraciət edəcəyini bildirmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-383/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh «xxxx» KB ASC-yə qarşı «kredit müqaviləsinin şərtlərinin məhkəmə qaydasında dəyişdirilməsi» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-731/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-383/2019 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı onunla cavabdeh «xxxx» KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 38KL/14 saylı əsas kredit müqaviləsinə istinadla tərtib edilmiş xx xxxxxxx 2014-cü il tarixli, 38KL/14-1 saylı əlavə kredit müqaviləsi şərtlərinin məhkəmə qaydasında dəyişdirilməsi barədə iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 2(102)4312/2020 saylı, xx.xx.2020ci il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)-34/2020 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, 24.457 ABŞ dolları, faiz borcu üzrə 5.543,2 ABŞ dolları və cərimə borcu üzrə 1000 ABŞ dolları, cəmi 31.000,02 ABŞ dolları, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat pulun cavabdehlər İddiaçı və X5 müştərək qaydada tutularaq iddaçı «xxxx» KB ASC-nin xeyrinə ödənilməsi və tutulacaq 31.000,02 ABŞ dolları məbləğində kredit borcunun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablanması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh, mərhum X1 mülkiyyətində olan Lənkəran şəhəri, Nizami küçəsində yerəşən 0,0888 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 15 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 230.000 manat müəyyən edilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Beləliklə, işin mübahisələndirilməyən hallarından güründüyü kimi «xxxx» KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 38KL/14 saylı əsas kredit müqaviləsinə əsasən borc verən borc alana 1.000.000 manat məbləğində 60 ay müddətinə bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 38KL/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən borc verən borc alana 18 ay müddətinə illik 21% dərəcəsi ilə 40.000 USD məbləğində kredit verməyi, borcalan isə krediti və faizləri borverənə qaytarmağı öhdəsinə götürmüşdür. Mülki işdə olan kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında xx xxxx 2015-ci il tarixli sazişdən görünür ki, kredit razılaşması ilə müəyyən edilmiş faiz dərəcəsi və ödəniş planı dəyişdirilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)-34/2020 saylı qətnaməsinə əsasən İddiaçı və X5 cəmi 31.000,02 ABŞ dolları, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat pulun müştərək qaydada tutularaq iddaçı «xxxx» KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» KB ASC ilə aralarında bağlanılmış xx xxxxxxx 2014-cü il tarixli, 38KL/14 saylı “Əsas Kredit Müqaviləsi”nə istinadla tərtib edilmiş xx xxxxxxx 2014-cü il tarixli, 38KL/14-1 saylı Əlavə Kredit Müqaviləsinə xitam verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasinda öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansi müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitami haqqinda iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Bu Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Qeyd olunan Məcəllənin 439.7-ci maddəsinə görə, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddia ərizəsinin məzmununa diqqət yetirilsə aydın olar ki, iddiaçının tələbinin əsasını manatın ABŞ dollarına münasibətdə məzənnəsinin aşağı düşməsi təşkil edir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 422.2-ci maddəsinin məzmunundan müəyyən edilir ki, şəraitin dəyişdirilməsi və ya xitam edilməsi barədə razılıq əldə edilməmişdirsə, maraqlı tərəfin tələbi ilə məhkəmə qaydasında və yalnız MM-nin 422.2.1, 422.2.2, 422.2.3 və 422.2.4-cü maddələrində nəzərdə tutulmuş şərtlər olduqda mümkündür. Həmin şərtlər aşağıdakılardır: müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəf o qədər ziyan vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Bu Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxx 2015-ci il tarixli Qərarında göstərilir: “... bank qanunvericiliyinə əsasən bank, kreditləri faizlə verir, yəni əmanət münasibətlərində olduğu kimi kredit məbləği də faiz şəklində müvafıq artımla qaytarılmalıdır. Təbii ki, əmanətlər üzrə ödənilən faizlər kimi, kredit üzrə faizlər də adətən əsas borc məbləğinin valyutasında müəyyən edilir, çünki bank qanunvericiliyinə əsasən banklar valyuta risklərini tənzimləyərkən aktiv və öhdəliklər üzrə ödənilən faizləri açıq valyuta mövqelərinin hesablanmasına daxil edirlər... manat ödəniş vasitəsi ilə yanaşı, fiziki obyekt kimi əşya hesab edilir (Mülki Məcəllənin 135.1-ci maddəsi); xarici valyuta həmçinin əşya olmaqla, sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər (Mülki Məcəllənin 135.1 və 136.1-ci maddələri). Kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) müqavilənin predmetini təşkil etməklə, ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir (Mülki Məcəllənin 739.1-ci maddəsi). ... Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə, kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Bundan başqa həmin Qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” və həmin Məcəllənin 439.2-ci maddəsinin “əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləndirildiyi hallardan başqa, o, manatla ödənilir” müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməklə öz iradəsinə uyğun hərəkət etmiş və azad şəkildə müqavilələrin məzmununu, həmçinin öhdəliyinin ABŞ dolları ilə olmasını müəyyənləşdirmişdir. Belə ki, göründüyü kimi kredit tərəflərin razılaşmasına əsasən məhz ABŞ dolları ilə verilmiş, müqaviləyə və ödəniş cədvəlinə əsasən tərəflər kreditin hər ay hissə-hissə olmaqla ABŞ dolları ilə qaytarılması barədə razılığa gəlmişlər. Qeyd olunmalıdır ki, devalvasiya baş verdikdən sonra bankla iddiaçı arasında kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsi barədə razılaşma da bağlanmışdır. Bu hal da iddiaçının kredit müqaviləsi bağlanarkən bank tərəfindən aldadıldığı barədə dəlili inkar edir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı manatın ABŞ dollarına qarşı məzənnəsinin aşağı düşməsini əsas gətirməklə kredit müqaviləsinin şərtlərinin məhkəmə qaydasında dəyişdirilməsi tələbi ilə artıq məhkəməyə müraciət etmişdir. Lakin Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin iddia rədd edilmişdir. İddiaçı hazırda eyni əsasla müqavilənin ləğv edilməsini tələb edir. Belə ki, Mülki Məcəllənin 422.1. maddəsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə aydınlıq gətirmişdir. Normada qeyd edilir ki, şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Mülki qanunvericilik şəraitin elə dərəcədə əhəmiyyətli dəyişikliyini nəzərdə tutur ki, bu halı hər iki tərəf əvvəlcədən görə bilməzdi. Belə ki, tərəflər arasında bağlanmış əsas və əlavə kredit müqavilələrinin 6.4-cü bəndində qeyd olunmuşdur ki, müqavilə üzrə verilmiş kreditin valyutasının mübadilə məzənnəsinin “Borcalan” üçün əlverişsiz dəyişməsi nəticəsində yarana biləcək maliyyə itkisi riski “Borcalan”ın üzərinə düşür. Bu riskin baş verməsi, “Borcalan”ın kredit öhdəliyinin icrasından imtina etməsinə və ya öhdəliyin icrasını gecikdirməsinə haqq qazandırmır və heç bir halda “Borcalan”ın kredit öhdəliklərinin yenidən heasaablanmasına səbəb ola bilməz. Müqavilənin şərtindən göründüyü kimi tərəflər valyuta məzənnəsinin azalma və ya artma ehtimalını əvvəlcədən görmüşlər və beləliklə də onlar üçün devalvasiya gözlənilməz və aradan qaldırılması mümkün olmayan dəyişiklik kimi qiymətləndirilə bilməz. Beləliklə Mülki Məcəllənin 422-ci maddəsində təsbit edilən hallar mövcud olmadığından, məhkəmə hesab edir ki, iddiaçının şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halına istinad etməklə müqavilənin digər tərəfin ziyanına ləğv edilməsi barədə iddiası əsaslı hesab oluna bilməz. Belə ki, kredit müqaviləsi üzrə verilmiş pul kredit verənin mülkiyyətində olan istənilən valyutada ola bildiyindən və müqavilənin predmetini təşkil etməklə qaytarılmalı olan mülkiyyət kimi çıxış etdiyindən, hazırki iddia əsassız hesab edilməklə rədd olunmalıdır. Bundan başqa iddiaçı iddia ərizəsində Mülki Məcəllənin 556-cı maddəsinə əsaslanaraq icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verildiyini, bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilmədiyini qeyd etməklə qanunun verdiyi bu imkandan istifadə edərək həmin kredit müqaviləsi üzrə öhdəliklərini icra etməkdən imtina etmək hüququna malik olduğunu vurğulamışdır. Məhkəmə iddiaçının bu dəlilini də əsaslı hesab etmir. Belə ki, iddiaçı bankla müqavilə bağlayaraq öz üzərinə öhdəliklər götürmüş və hazırki iş üzrə də kredit müqaviləsi üzrə üzərinə götürüdyü öhdliklər üçün cavabdehlik daşıyır. İddiaçının ölkədə baş verən devalvasiya ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, devalvasiya – milli valyutanın xarici valyutaya nəzərən məzənnəsinin ucuzlaşdırılmasıdır, manatdan istifadə edən hər kəsə, o cümlədən hazırkı iş üzrə həm kreditverənə, həm də kreditalana təsir edir. Belə ki, devalvasiyanın baş verməsi nəticəsində bank gözlədiyi iqtisadi maraqlardan əhəmiyyətli dərəcədə məhrum olmuş, kreditə verilmiş vəsaitin cəlb edilməsi ilə bağlı çəkdiyi xərclərdə ziyana düşmüş, verilmiş kreditlərin qaytarılmasında çətinliklər yarandığına görə məcburiyyət qarşısında qalıb borc alanlara münasibətdə güzəştə getməli olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, iddiaçının irəli sürdüyü faktiki halların iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından mübahisənin predmeti olan «xxxx» KB ASC ilə aralarında bağlanılmış xx xxxxxxx 2014-cü il tarixli, 38KL/14 saylı “Əsas Kredit Müqaviləsi” və həmin müqaviləyə əlavə kimi tərtib edilmiş xx xxxxxxx 2014-cü il tarixli, 38KL/14-1 saylı “Əlavə Kredit Müqaviləsi”nin ləğv edilməsi tələbinə dair «xxxx” QSC-nin iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «xxxx» KB ASC-yə qarşı «müqavilələrə xitam verilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1091/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1091/2021
30.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver