Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1093/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı Rzayeva (Aslanova) Günay Elman qızının, onun nümayəndələri X13 və X7, vəkili X6, cavabdehlər Cavabdeh1 və Aslanova (Əliyeva) Təzəgül Davud qızının iştirakları ilə İddiaçı Rzayeva (Aslanova) Günay Elman qızının cavabdehlər Cavabdeh1 və Aslanova (Əliyeva) Təzəgül Davud qızına qarşı "qızıl zinət əşyalarının qaytarılması və s." tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Rzayeva (Aslanova) Günay Elman qızı cavabdehlər Cavabdeh1 və Aslanova (Əliyeva) Təzəgül Davud qızına qarşı "qızıl zinət əşyalarının qaytarılması və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 2018-ci il tarixdə nikahı rəsmi qaydada qeyd etdirərək Cavabdeh1 ilə ailə qurmuş, nikahları AZ-İİ 268275 saylı nikah haqqında şəhadətnamə ilə rəsmiləşdirilmiş, nikahları həmin tarixdə akt qeydləri kitabında 944 nömrə ilə qeyd edilmişdir. Həmin nikahdan uşaqları olmamışdır. Cavabdeh1 ilə münasibətləri kəskinləşdiyi üçün ayrılmışlar. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə cavabdehdən ayrılaraq valideynlərinin evinə qayıtmış, hazırda iddiaçı Qusar şəhəri, Ə. Şixlinski küçəsi, 8 saylı ünvanda valideynlərinin evində yaşayır. Cavabdehlərə məxsus evdən qayıtdıqdan sonra iddiaçı ona məxsus cehiz əmlakı və geyim şeylərini geri götürmüş, lakin cavabdehlərin evində qalmış ona məxsus x xxxx 5470 (beş min dörd yüz yetmiş) manat dəyərində qızıl- zinət əşyalarını cavabdehlər iddiaçıya qaytarmaqdan imtina edirlər. Həmin qızıl-zinət əşyalarını onlardan tələb etdikdə iddiaçıya bildirirlər ki, qızıl-zinət əşyaları guya itirilib. Cavabdeh1 ayrıldıqdan sonra, qızıl-zinət əşyalarının cavabdehlər tərəfindən iddiaçıya qaytarılmaması barədə Qusar şəhər sakinləri X1, X9 və X8 iştirakı ilə müvafiq akt tərtib edilmiş, akt şahidlərin imzaları ilə təsdiq edilmişdir. Cavabdehdən tələb edilən qızıl-zinət əşyalarının mövcudluğu toy zamanı çəkilmiş dörd ədəd fotoşəkillərlə də sübuta yetirilir. Həmin əşyaların iddiaçıya qaytarılmamasını aktı imzalamış şahidlər təsdiq edə bilər. İddiaçıya məxsus olan, cavabdehlərin qaytarmadıqları qızıl-zinət əşyaları bunlardır: boyunbağı- 9,77 qram 750 əyar - 930 manat, üzük – 2,7 qram 585 əyar- 230 manat, kulon – 6,91 qram 595 əyar- 545 manat, qolbaq 17,23 qram - 1300 manat, brilliant nişan üzük 5,30 qram - 1450 ABŞ dolları (məzənnə üzrə 1450 x 170) = 2465 manat, cəmi 5470 manat. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Təzəgül Aslanovadan x xxxx 5470 ( beş min dörd yüz yetmiş) manat dəyərində qızıl-zinət əşyalarının və ya dəyərinin, həmçinin 30 manat dövlət rüsumu xərcinin alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı Rzayeva (Aslanova) Günay Elman qızı, onun nümayəndələri X18 və X15, vəkili X14 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Aslanova (Əliyeva) Təzəgül Davud qızı iddia tələbinə etiraz edərək, təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Belə ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İİ № 268275 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X19 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 944 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Aslanova soyadı verilmişdir. İş materiallarında olan Qusar şəhər sakinləri - X3, X17 və X16 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli aktda qeyd edilmişdir ki, xx xxxxx 2018-ci il tarixdə ünvan 2 saylı ünvanda yaşayan İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 15, mənzil 14 saylı ünvanda yaşayan Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, 2020-ci ilin yanvar ayında ərindən ayrılaraq valideynlərinin evinə yuxarıda göstərilən ünvana qayıtmış, hazırda həmin ünvanda yaşayır. Məlum olmuşdur ki, ona məxsus 5 adda müxtəlif qızıl-zinət əşyaları Cavabdeh1 qalmışdır. Qızıl-zinət əşyalarının itirilməsini əsas tutaraq Cavabdeh1 həmin qızıl-zinət əşyalarının qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərmişdir ki, o, iddiaçının anasıgilin qonşusudur. O, qonşusu Səyyarəgilə gedəndə görmüşdür ki, onlar qızları Günayı Bakıdan gətirməyə gedirlər. Günayı gətirəndə qızıllarının gətirmədiyinin şahidi olmuşdur. Sadəcə mebelləri gətirmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadə verərək göstərmişdir ki, o, iddiaçının bibisidir. Günayı Bakıdan gətirəndə mebelləri də gətirmişlər, lakin qızılları qayınanasında olduğundan gətirə bilməmişlər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər birgə nikaha daxil olaraq ailə qurmuşlar, bir müddət sonra ailə münasibətləri pozulmuş və ayrılmışlar. Hazırda iddiaçı ona məxsus 5470 manat dəyərində olan qızıl-zinət əşyalarını cavabdehlərdən tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehlərdə olmasını təsdiq edən hər-hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddiaçının sübut kimi istinad etdiyi şahid ifadələri konkret olmadığına görə onun tələbini əsaslandıra biləcək sübut növü kimi qiymətləndirilə bilməz. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Rzayeva (Aslanova) Günay Elman qızının cavabdehlər Cavabdeh1 və Aslanova (Əliyeva) Təzəgül Davud qızına qarşı "qızıl zinət əşyalarının qaytarılması və s." tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Rzayeva (Aslanova) Günay Elman qızının cavabdehlər Cavabdeh1 və Aslanova (Əliyeva) Təzəgül Davud qızına qarşı "qızıl-zinət əşyalarının qaytarılması və s." tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1093/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1093/2021
15.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver