Məhkəmə qərarları › İş №2(006)-1095/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1095/2023

11.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1095/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1.600 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 100 manat, vurulmuş mənəvi zərərə görə isə 800 manat olmaqla, cəmi 2.500 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 26 oktyabr 2022-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1 ədəd qeyri-standart yataq dəsti, (1 ədəd trümo, 1 ədəd taxt, 2 ədəd dolabça, 1 ədəd şifonyer, 1 ədəd dolab) 1 ədəd televizor altlığı və üstü, 1 ədəd mətbəx mebeli, mətbəx mebelinin qarşısında soyuducu yeri və bar xidməti, 1 ədəd divan (divan baxılıb qəbul edildikdən 3 gün sonra gəlinin qayınanası Ramidə xanım tərəfindən öz verdiyi dizaynı bəyənmədiyi üçün Ələmzarla arasında inciklik olduğu üçün müxtəlif bəhanələrlə divanı onlara geri qaytarmışlar, divanda heç bir problem yox idi, hansı ki, divan təhvil götürülüb 2-ci mərtəbəyə qaldırılmışdı. Sonradan onlara aydın olmuşdur ki, internetdə başqa divan bəyəndiklərinə görə müxtəlif bəhanələrlə onlara qaytarılmışdır, həmin divanın məbləğini də ümumi borcdan çıxmışdır) sifariş vermişlər, sifariş hazır olduqdan sonra cavabdehlər mebelləri qəbul etmişlər və mebellərin pulundan 5.000 manat ödəniş etmişlər, yerdə qalan 1.600 manat pulu isə qısa zaman ərzində toy mərasiminin səhəri ödəməyi öhdələrinə götürmüşlər. Lakin bir müddət sonra cavabdehlər borclu qaldıqları 1.600 manat pulu verməmişlər. Dəfələrlə şifahi formada müraciət, xəbərdarlıq etməsinə baxmayaraq cavabdehlər müxtəlif bəhanələrdən istifadə edərək pulu qaytarmamışlar. O, özü ilə birlikdə işləyən digər mebel ustaları X12, X8 və X5 ilə yaranmış vəziyyətlə əlaqədar olaraq polis orqanına müraciət edərək cavabdehlər tərəfindən 1.600 manat pulun onlara geri qaytarılması üçün tədbir görülməsini xahiş etmişlər. Ərizə müvafiq olaraq Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırılmış, cavabdehlərdən Cavabdeh2 izahatı alınmış, cavabdeh onlara mebel sifariş etdiyini və 5.000 manat nağd pul verdiyini, 1.600 manat pulu isə vermədiyini etiraf etmişdir (cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın və izahatın surətini iddia ərizəsinə əlavə edilmişdir). Nəticədə bir yerdə işləyən ustalarla onun arasında narazılıq yaranmış və o, əsəb, stress keçirmişdir. Həmçinin, Cavabdeh2 telefonda onun ünvanına nalayıq söyüşlər işlətmiş, həmin söyüşləri ailə üzvləri eşitmiş və narahat olmuşlar. Bu barədə 102 xidmətinə zəng etmiş, 6-cı Polis Bölməsində araşdırma aparılmış, lakin cavabdehlər izahat verməyə gəlməmişlər. Yaşanan stresslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmçinin o, məhkəməyə iddia ərziəsi ilə müracət etmək və sorğular verilməsi üçün vəkillə müqavilə bağlamışdır və bununla bağlı Abşeron Rayon Vəkil Bürosunun hesabına 100 manat pul ödəmişdir. Hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.600 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 100 manat, vurulmuş mənəvi zərərə görə isə 800 manat olmaqla, cəmi 2.500 manat pul alınaraq ona verilməlidir. İddiaçı əvvəlki və hazırki məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ona sifariş edilən məhsulun hər birini cavabdehlərə təqdim etmişdir. Mebellər divan, yataq çarpayısı, mətbəx mebeli, böyük dolab və trümodan ibarətdir. Mebellərin hər biri quraşdırılmışdır. Göstərdiyi xidmət üçün cavabdehlər tərəfindən ona 7.100 manat ödəniş edilməli idi, lakin cavabdehlər ona 5.000 manat ödəniş etmişlər. Qeyd etdiyi kimi, quraşdırdığı mebellərdən divan quraşdırılandan iki gün sonra ona geri qaytarılmışdır. Ona ödənilmiş məbləğdən divanın qiyməti, yəni 480 manat çıxılmışdır. Cavabdehlər ona 1.600 manat ödəniş etməlidirlər. Qarşı tərəfin hər bir kəlməsi yalan, böhtan və müxtəlif bəhanələrdir. Taxtın yanındakı dolabçaların ortasındakı açılmış dəliklər təqdim etdiyi şəkillərdə aydın şəkildə görünür ki, gecə işığı və telefon adaptoru taxmaq üçün razetka yerləridir. Taxtın döşəyinə gələrkən onu da şəkildə ortopedik və 25 sm qalınlıqda olduğunu qarşı tərəfə göstərmək mümkündür. Hətta o, çıxışında bildirmişdir ki, taxtın döşəyi ortopedik olduğuna baxmayaraq 15 sm hündürlüyündən dəyişdirilərək onlara 20, 25 sm qalınlığında ortopedik döşəklə dəyişdiriblər və bildirmişlər ki, döşəyi hündürlüyünə görə dəyişsinlər, cavabdeh tərəf də divanı qaytarmayacaq. Onlar döşəyi dəyişsələr də, divana gəlincə Ələmzar çıxışında bildirir ki, guya balaca bir şey yığıb gətirmişlər. Eyni zamanda o, bildirir ki, taxtın yanındakı dolabçalara gecə işığı alıb gətirməmişlər. Mebel ustası nə vaxt və harada görülüb ki, yığdığı mebelin üstündə gecə işığı alıb gətirir? Aspiratora gəlincə, mətbəx mebelini sifariş edərkən öncədən aspiratoru onlara göstərmişlər, göstərdikləri aspiratorları çətir tipli olduğu üçün mebelin həmin hissəsi o cür yığılır. Sonradan onlar fikirlərini dəyişirsə əlavə ödənişlə lazım olan materialın pulunu ödəyərək yığdıra biləcəklərini qarşı tərəfə bildirmişlər. Qarşı tərəf mətbəxin qapısının üstünə onlara mebel yığdırmışlar və Ələmzar and içərək qapının üstünə yığılan mebelə görə 80 manat pul ödəyəcəyini bildirmişdir. Mətbəx mebelini yığarkən onlar mebel arası kafeli vurdurmamış, hətta aspiratorun divarda dəlik-deşiyini belə açdırmamışlar. Bunlar isə kafel ustasının və daş ustasının işləridir. Mətbəx mebelinin qarşısında olan soyuducu yeri və bar üçün yer olan eyni ölçüdə sifariş verilib, həmin ölçüdə yığılıb, təhvil verilmişdir, qarşı tərəf bar xidməti yerini 10 sm əlavə bir şeylər yığıb məsafəni uzatmaq lazım olduğunu deyərək irad tutmuşdur. Əvvəla 10 sm ölçüdə heç nə yığıla bilməz. Ən əsası da heç birinə də ödəniş etmək istəmirlər. Gələn televizor altı təqdim etdikləri şəkillərdən aydın şəkildə başa düşülür ki, cavabdehlərin onlara tv-stendin internetdən atdığı şəkil və onların yığdıqları tv-stendin şəkilləri tamamilə uyğun gəlir, hər iki şəkillər də məhkəməyə təqdim olunub. Qarşı tərəf irad tutur ki, tv-stendin qapaqları membran və naxışları olmalıdır. Onlar tərəfindən cavabdehlərə bildirilib ki, atdıqları şəkil və verdikləri sifarişə tamamilə uyğundur. Əgər membran istəyirlərsə qapaqları petlədən çıxarıb həmin membranla əvəz edə bilərlər. Sadəcə bu mal ilə membranın qiymət fərqini ödəməlidirlər. Membranla düzəldib naxış vurdurub gətirib yerinə qoymaq mümkündür. Həmin zaman Ələmzarın oğlu Daşqın evdəki qadınların iradının səhv olduğunu onlara bildirmişdi. Məhkəmənin nəzərinə çatdırır ki, qarşı tərəf internetdə yeni divan görüb çoxsaylı bəhanələrlə divanı onlara qaytararkən ilk öncə divanın rənginin düzgün olmadığını irad tutmuşdur. Mətbəx mebelinin ara kafelini vurdurmadıqlarına görə onlar fikir bildirdikləri üçün Ələmzarın şahid qismində gətirdiyi ev yiyəsi Ramidə ilə birlikdə usta Novruz Abışovu nalayiq söyüşlərlə təhqir etmişlər. Ramidə onlara aşağıdakı boş otağını da yığdırmaq istəyirdi. Evindən çıxan zibilləri onlara təmizlətmişdir. Bunların hamısını edən Ramidədir. Onların etdikləri söyüşlərə görə ayrıayrılıqda Daşqın və Ramidənin oğlu qadınların adından onlardan dəfələrlə üzr istəyib və sonunda pulun ödənilməsində Daşqın da iştirak edib və söz verib. Ramidənin şahid qismində etdiyi çıxışından görünür ki, şahid kimi yox, birbaşa malları sifariş verən adam kimi çıxış edirdi və açıq-aşkar onlarla düşmənçilik aparırdı və məhkəmənin fikrini onların vergilərinin olub-olmadığına yönəldirdi və iddia edirdi ki, həmin malların qiyməti hardan və nəyə əsasən qoyulub, nəyə əsasən hesablanıb. Bildirmək istəyir ki, onlar fərdi şəkildə çalışırlar, özləri öz zəhmətlərini qiymətləndirirlər. Açıq-aşkar qiymət deyilib razılaşdırılıb. Ramidənin etdiyi çıxış başa düşülən deyil. Ələmzar çıxışında bildirmişdir ki, mebeli mağazadan almadıqlarının səbəbi evlərinə uyğun olmadığıdır. Ramidə isə Goran mebelin sahibi Əli müəllimlə fabrik malını sifariş etdiyini çıxışında qeyd etdi. Beləliklə Ramidə və Ələmzarın verdiyi ifadələrin ziddiyyətinə diqqət etmək lazımdır, guya göndərməmişlər. Daşqın ona görə onlara zəng vurub, onlar isə telefona cavab verməmişlər. Məhkəmənin sualına cavab olaraq bir daha bildirir ki, 5.000 manat pulu Novruza Ələmzar xanım vermişdir. Cavabdehlərlə mebellə bağlı Novruz razılaşmışdır. Cavabdehlərdən görüləcək işlərlə bağlı pulu Abışov Novruz almışdır. Cavabdehlərdən sifarişi Abışov Novruz götürmüşdür. O, cavadehlərlə işlərin görülməsi üçün müqavilə bağlamamışdır. Belə ki, buna ehtiyac görməmişdir. Abışov Novruz onun qayınıdır. Qaytarılan divan üçün ümumi məbləğdən 480 manat pul çıxılmışdır. Ümumi məbləğ 7.100 manat hesablanmışdır. Cavabdehlər ümumi məbləğdən ona 5.000 manat ödəniş etmişlər. Cavabdehlərin ona 1.600 manat borcu qalmışdır. İddia ərizəsini müdafiə edir və məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 əvvəlki və hazırki məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, qızının evlənməsi ilə əlaqədar mebel sifariş vermişdir. Evləri əyri olduğu üçün hazır mebel ala bilməmişdir, ona görə də mebel və ev əşyaları sifariş etməli olmuşdur. O, mebeli Novruz adlı şəxsə sifariş etmişdir. İddiaçını tanımır və ondan heç bir mebeli sifariş etməmişdir. Onlara mebellər gətirilərkən iddiaçı sürücü kimi gəlmişdir. O, mebel sifariş etdikdən sonra Novruz adlı şəxsə 14 oktyabr 2022-ci il tarixdə 5.000 manat məbləğində pul vermişdir. Novruz adlı şəxs də öz növbəsində mebelləri 5-7 noyabr 2022ci il tarixə kimi hazır etməli idi, lakin o, qeyd edilən tarixdə mebelləri hazır etməmişdir. O, Novruza dəfələrlə zəng etmiş, lakin Novruz zənglərə cavab verməmişdir. Hətta o, başqa mobil nömrədən Novruza zəng etsə də, zənglərə cavab verməmişdir. O, mebeli sifariş verərkən Novruzla 6.800 manata razılaşmışdır. Novruz ona 200 manat məbləğində endirim etmişdir. Digər cavabdeh Daşqın isə onun qardaşı oğludur. O, Daşqının telefonu ilə Novruza zəng etdiyi üçün onlar Daşqını tanıyırlar. Əslində olan isə Daşqının bu işlə heç bir əlaqəsi yoxdur. O, mebel sifariş edərkən Novruz adlı şəxslə müqavilə bağlamamışdır. Sifariş etdiyi əşyalara bunlar daxildir - divan 3 metr uzunluğunda olmalı olduğu halda 2 metr 30 santimetr olduğu üçün geri qaytarmışdır. Mətbəx dolabı olmalı idi, amma baş hissəsi yarımçıq olmuşdur. Mətbəxin qabaq hissəsi bar olmalı idi, lakin həm qısa, həm də oymaları olmadan təhvil verilmişdir. Televizor altı, qabağı membran olmalı idi, lakin sadə formada düzəldilmişdir. Ortopedik keyfiyyətli yastıq olmalı idi, lakin keyfiyyətsiz yastıq verilmişdir. Çarpayının qırağı güzgülü olmalı idi, lakin kəsilib elektrik mənbəyi (rozetka) qoyulmuşdur. Divan üçün ayrıca məbləğ hesablamamışdır, məbləğ ümumi ödədiyi məbləğə daxil olmuşdur. O, qeyd edilən əşyalardan divanı qaytarmışdır. O, verdiyim sifarişi düzgün qəbul etməmişdir. Verdiyi pulun geri qaytarılmasını və mebelin yığılıb aparılmasını tələb edir. İddia ərizəsini qəbul etmədiyini bildirərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh2 izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, şahid X12 əvvəlki məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Gorandan Əli müəllim ona zəng edərək, Ələmzar xanımın onun tanışı olduğunu, Ələmzar xanımgildən mebel sifarişi götürmək lazım olduğunu bildirmişdir. O da, Ələmzar xanımla danışmış və mebel sifarişini götürmüşdür. Mebelin dəyərini Ələmzarla razılaşmış və ilkin olaraq 5.000 manat məbləğində pulu götürmüşdür. O, avtoqəza keçirdiyi üçün yaddaşında bəzən problemlər yaranır. O, mebelləri cavabdehlərə 12 noyabr 2022-ci il tarixə kimi təhvil verməli idi və həmin tarixə kimi mebelləri təhvil vermişdir. Əslində cavabdehlər onlardan xahiş edirdilər ki, evdə təmir işləri getdiyi üçün mebelləri bir az gec gətirsinlər. İlk əvvəl divanla bağlı problem olmamışdır, lakin iki gündən sonra divanı geri qaytarmışlar. Divan qaytarılandan sonra ümumi məbləğdən 400 manat pul çıxılmışdır. Cavabdehlər ona ümumilikdə 6.600 manat pul ödəməli idilər. O, usta kimi fəaliyyət göstərir. O, mebelləri cavabdehə toya kimi təhvil verməli idi. Sonda “mebellər təhvil verilməsə idi məsuliyyəti kim daşıyacaqdı?” sualına - o, mebelləri təhvil verməsə idi, məsuliyyəti özü daşıyacaqdı cavabını vermişdir. X1 əvvəlki məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ələmzar xanım onun qudasıdır. O, iddiaçını sürücü kimi tanıyır. Oğlunu evləndirəndə evdə təmir işləri gedirdi. Goran mebel fabrikindən Əli adlı şəxsin vasitəsi ilə Novruz adlı şəxsə mebellər sifariş edildi. O, elə bilirdi ki, Novruz Goran mebel fabrikinin işçisidir. İddiaçıda hətta onların heç birinin nömrəsi yoxdur və onunla danışıq belə aparılmamışdır. Hesab edir ki, Şəmisdan iddiaçı ola bilməz. Onu da qeyd edir ki, Daşqın da cavabdeh olacaq şəxs deyil. İşlər görülərkən Novruzla yazılı bir müqavilə bağlanmamışdır. Novruz sifariş edilən mebelləri tam hazırlamamışdır. Onu da qeyd edir ki, sifariş verilən divan yaxşı olmadığı üçün geri qaytarılmışdır. Divan qaytarılandan sonra «Bizim Ev» mebel mağazasından yeni divan almışlar. Həmin əşyalar onun evinə yığılmışdır. Təhvil verilmiş əşyalar arasında sifariş verilmiş əşyalardan divan geri qaytarılmışdır. Digərləri isə keyfiyyətsiz quraşdırlmışdır. İddiaçı tərəfin gördüyü işlər yarımçıq olduğu üçün qalan 1.600 manat məbləğ verilmir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis mayoru A.S.Babaşovun qəbul etdiyi xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, ərizədə göstərilən xususatlar, həmçinin pul tələbi mülki xarakterlidir və mülki hüquq münasibətləridən irəli gələn mülki mühakimə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. - Qərardan görünür ki, araşdırma zamanı İddiaçı ərizəsində göstərilən məzmunda izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Masazır qəsəbəsində yaşayan X4 Daşqınla birlikdə onlara mebel düzəltməyi sifariş etmiş, özü, Novruz Abışov, Fərhad Xankişiyev və Rövşən Nəcəfovla birlikdə Aləmzarın sifariş etdiyi mebelləri düzəldib toyu olacaq qızının Mehdiabad qəsəbəsində yerləşən evinə apararaq təhvil vermişlər. Həmin qadın onların 5000 manat pulunu ödəsə də, qalan 1600 manat pulu xx.xx.2022-ci il tarixdə qızının toy mərasimindən sonra ödəyəcəyini bildirmişdir. Lakin ödəniş etmədiyi üçün dəfələrlə ondan və oğlu Daşqından pullarını tələb etsələr də, həmin şəxslər müxtəlif bəhanələr gətirmiş və pulu ödəməmişlər. Buna görə də məcbur qalaraq DİN-in 102 xidmətinə məlumat vermişdir. - Sözügedən qərarda əksini tapmış X7 izahatından görünür ki, xx.xx.2022-ci il tarixdə qızına cehiz verməsi üçün usta kimi tanıdığı Novruz adlı şəxsə mebel sifariş etmiş və 5000 manat nağd pul vermişdir. Həmin şəxs mebeli hissə-hissə gətirmiş, o, mebeli bəyənməsə də, qızının toy məclisi olduğuna görə məcbur qalaraq qəbul etmişdir. Novruz adlı usta ilə yanında gələn Şəmisdan adlı şəxslər ondan 1600 manat pul istədikdə sifarişlərin heç birini düzgün gətirmədiyini onlara bildirmiş və mebeli apararaq pulunu qaytarmasını tələb etmişdir. Əks halda məhkəməyə bu barədə müraciət edəcəyini qeyd etmişdir. - Qərardan həmçinin görünür ki, X12, X8 və X5 da İddiaçı verdiyi məzmunda izahat vermişlər. - Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü ildə imzası notarial qaydada təsdiq edilmiş X5 ərizəsində göstərmişdir ki, Behbudov Şəmistan və Abışov Novruz qarşı tərəf Cavabdeh1 və Cavabdeh2 qarşı qaldırdığı iddia ilə bağlı yığılmış mebellərin yığılmasında usta kimi onun da zəhməti və fəaliyyəti olmuşdur. Lakin bu günə kimi malların təhvil verilməsinə baxmayaraq o, da usta haqqını onların maliyyəçisi, yəni müdiri İddiaçı ala bilməmişlər. Çünki səbəbi sifariş verən tərəf müxtəlif cür bəhanələrlə pulun ödənilməyən hissəsini ödəməmişdir. Bununla bağlı ayrı-ayrılıqda hər biri Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermiş, 102 xidmətinin göstərişi ilə bağlı Mehdiabad Polis İdarəsinin Təhqiqat Şöbəsində rəis müavini qəbuluna qədər iştirak etmişlər. Həmin orada işə baxılmışdır. Onun da orda zəhmət haqqını ala bilmədiyi haqda izahatını vermişdir. Hazırda iş ilə bağlı şahid qismində məhkəmədə iştirak edə bilmir. Onun üçün izahatını Notarius yolu ilə təsdiqini göndərir. Xahiş edir, nəzərə alınsın. Bildirir ki, neçə illərdir mebel sahəsində çalışır. Vəzifəli, vəzifəsiz çox insanların sifarişlərini yığıb təhvil verən təcrübəli ustalardır. Qarşı tərəfin o qədər bilərəkdən yalan-yalan iradlarını gördükdə belə çıxır ki, onlar demək olar ki, onların fikrinə əsasən nəinki usta, onların mebel sahəsindən heç anlayışları belə yox imiş. Bildirmək istəyir ki, bunların iradları açıq-aydındır ki, pulun qalan hissəsini mənimsəsinlər. O, onsuz da İddiaçı onların zəhmət haqqlarını gözləyir. İddiaçı onların zəhmət haqqını verməyindən imtina etmir. Lakin məhkəmə prosesinin sonuna qədər gözləməklərini xahiş edir. Qarşı tərəfdən pulu ala bilmədiyi üçün verə bilmir. Divanla bağlı bildirmək istəyir ki, Şəmisdan verdiyi ifadədə dediyi məbləğ ümumi qiymətdən çıxılmış qarşı tərəflə razılaşdırılmışdır. İşi ilə bağlı iştirak edə bilmədiyini nəzərə almağını xahiş edir. Mebellərdən hər hansı bir qüsurdan və çatışmamazlıqdan söhbət belə gedə bilməz. Çünki özü də iştirak etmişdir. - Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü ildə imzası notarial qaydada təsdiq edilmiş X6 ərizəsinin məzmunu ilə X2 ərizəsində göstərilənlər demək olar ki, eynilik təşkil edir. - Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü ildə imzası notarial qaydada təsdiq edilmiş X9 ərizəsində göstərmişdir o, Goranboy rayonu, Goran mebeldən yazıb bildirir ki, icraatınızda olan İddiaçı və Abışov Novruzun, Cavabdeh1 və Cavabdeh2 etdiyi pul iddiasının aid olan yığılmış mebelləri Ələmzar və qudalarının yaxınları tərəfindən onlara verilmiş sifarişlərlə maraqlanıb yığdırılıb. Bakı şəhərində təhvil verilməsi xahiş edilmişdir. Onlar tərəfindən bildirilmişdir ki, edilən və deyilən mebellərin ölçüləri qeyri-standart sifarişə yığılması olan mallar olduğu üçün və Bakı şəhəri onlardan çox uzaq olduğu üçün orada yığdırmağın məsləhət olduğunu bildirmişlər. Əgər ustaları yoxdursa, dostların xətti ilə şifahi olaraq tanıdıqları Novruz adlı usta olduğunu bilir, Bakı şəhərində onlar kimi eyni qaydada bir neçə dəfə, yəni iki-üç dəfə bu cür sifarişləri olub ki, onlara uzaq olduğu üçün Novruz adlı ustaya zəng edib müraciət etmişlər, necə lazımdırsa yığıb lazım olan qaydada onlara təhvil vermişdir. O, qarşı tərəfə əlavə etmişdir ki, standartlara uyğun fabrik malı istənilsəydi uzaq da olsa təşkil edə bilərdi, ancaq standartlara uyğun olmayan mebellər olduğu üçün istəyirlərsə ustaları olmazsa həmin adı gedən Novruz adlı ustaya zəng edib onların xahişini edər malların yığılması üçün. Bildirmək istəyir ki, bugünə qədər Novruz adlı ustanı şəxsən üzbəüz görüşüb tanışlığı olmayıb, bildirdiyi kimi, tanışlıqları şifahi olub, bir neçə dəfə telefonla müştəri calayıb. Problemsiz şəkildə yığıb təhvil verib. Həmin ustanın instaqram saytında yığdığı mebelləri izləyərək bəyənib, həm də bildirdiyi kimi dostların xətti ilə şifahi tanışlığı olub. İndi usta Novruz və onunla işləyən komandası mebel üstə qarşı tərəflə çəkişdiyindən, mübahisə yarandığından o da ilk gündən xəbərdardır, məlumatı var. Sifarişi ustalara o caladığı üçün haqlı olaraq onunla əlaqə yaradıb əsassız yerə onları incitdiklərini və pullarını mənimsədiklərini onlara ustalar bildirmişdir. Xahiş etmişdilər ki, bu məsələ ilə maraqlasın və qarşı tərəflə söhbət aparsın və onların pulunun ödənilməsinə köməklik etsinlər. Lakin qarşı tərəfə dəfələrlə, günlərlə zəng edərək əlaqə yaratmaq istəsə də, onun nömrəsinə bilərəkdən heç biri cavab verməmişlər. Qarşı tərəf əgər ustalardan hər hansısa tutduqları iradlar haqlı olsaydı, ustaları o caladığı üçün cavabdeh kimi ona zəng edərək ustaların iradlarını bildirərdilər. Nəinki zəng etmək, sifariş verənlər onun telefonunu belə açmamışdılar. X17 və komandası onunla əlaqə saxlayaraq məlumatlar verirlər ki, guya ki, o qarşı tərəfə bildirmişdir ki, ustalar onlara fabrik malı gətirəcək və yaxud da o, onlara fabrik malı söz vermişdir və qarşı tərəfə bildirmişdir ki, bunları Əli müəllim göndərib. Bunlar tamamilə yalandır, o, bildirmişdir ki, əgər Bakıda usta tapmasalar onlar üçün fabrikdən mebelləri və ustaları göndərərdi. Sonuncu dəfə xx.xx.2023-cü il tarixində Ələmzara xahiş etmək niyyəti ilə zəng etdi ki, əsassız ifadələr, onun adından yalan çıxışlar etmək lazım deyil. Xahiş edir ki, ustalar əziyyət çəkdiklərinə görə halallıq vermirlər, halallıq versinlər deyə ustaların zəhmət haqqını ödəməyi xahiş etdim. Adı gedən xanım söhbət apardı və onun özünü borclu çıxardı. Artıq bu ustaların nə çəkdiyini başa düşür. Artıq özü də bu işdən narahatdır. Həmin ustalara bu işi o caladığı üçün çox narahatdır. Ustaların yığdığı mebelləri, şəkillərini gördüyü işlərə və qarşı tərəfin davranışlarına, ona belə yalan ifadələr qurduqlarına onda bu sahəni, yəni mebel sahəsinin adamı olduğu üçün hər şey ona aydındır. Artıq bu ustalara deməyə söz tapmır. Pullarını ala bilmədiyi üçün və sifarişi onlara o caladığı üçün çox narahatdır. Xahiş edir, nəzərə alınsın. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İşin faktiki hallarından görünür ki, mebellərin hazırlanması, hazırlanacaq mebellərin dəyəri, sifarişçiyə çatdırılması vaxtı ilə bağlı iddiaçı ilə cavabdehlər arasında hər hansı danışıq, razılaşma olmamış, bütün danışıqlar cavabdehlərlə hazırki iş üzrə şahid qismində ifadə vermiş X12 arasında olmuş, qiymət və sifarişin çatdırılması vaxtı razılaşdırılmış, 5.000 manat ödəniş məhz Novruz Abışova edilmişdir. İddiaçı mebelləri hazırlayan ustaların rəhbəri olmasını bildirsə də, (bu halı şahid və digər ustalar da təsdiq edir) bu fəaliyyətini təsdiq edən hər hansı sənədi və ya VÖEN-i təqdim etməmiş, izahatlarına əsasən onun ilə Novruz Abışov və digər ustalarla aralarında işəgötürən-işçi münasibətləri ilə bağlı müvafiq rəsmiləşdirilmələr (əmək müqaviləsi, iş birliyi barədə müqavilə və s.) aparılmamış, fərdi qaydada fəaliyyət göstərirlər. Məhkəmə təqdim edilmiş imzaları notarial qaydada təsdiq edilmiş digər ustaların ərizələrində göstərilənlərlə bağlı qeyd etməyi zəruri sayır ki, iddiaçı ilə cavabdehlər arasında hər hansı danışıq, razılaşma olmadığı və cavabdehlərlə bütün danışıqları X12 apararaq 5.000 manat ödənişi də o aldığı halda ərizə müəllifləri olan ustaların iddiaçıdan usta haqlarını ala bilməmələrinə dair göstərdikləri anlaşılan deyil. Bu səbəbdən, məhkəmə hesab edir ki, bu mübahisə üzrə cavabdehlərə qarşı pul tələbinə dair iddia irəli sürmək hüququ İddiaçı məxsus deyil. Digər sözlə ifadə etdiklə, hazırki iş üzrə iddiaçının iddia predmeti ilə bağlı mülkihüquq münasibətlərini mübahisələndirməyə subyektiv hüququ yoxdur. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Göründüyü kimi, İddiaçı subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələblərini irəli sürməsi tələblərinin əsassız olduğuna dəlalət edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi hüququnun yaranmaması səbəbindən iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçıya izah edilməlidir ki, cavabdehlərin sifarişini qəbul edərək, onlarla pul barədə razılığa gələrək, 5.000 manat ödənişi alaraq sifarişi faktiki olaraq icra etmiş X12 cavabdehlərə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə aidiyyatı məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar