Məhkəmə qərarları › İş №2(006)-110/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-110/2023

21.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-110/2023 21.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Kı̇ rman qızının cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilənin ləğv olunması və artıq ödənilmiş pul məbləğinin qaytarılması" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Kı̇ rman qızı cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilənin ləğv olunması və artıq ödənilmiş pul məbləğinin qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli xidməti müqavilənin ləğv olunması və tikinti işlərinin görülməsi üçün artıq ödənilmiş 4500 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 08 iyun 2021-ci il tarixdə "xxxx" MMC ilə aralarında tikinti işləri barədə xidməti müqavilə imzalanmışdır. Müqavilə üzrə sifarişçi, yəni o, xidmətlərinin göstərilməsini sifariş verib “İcraçı"ya razılaşdırılmış xidmət haqqı ödəməyi, "İcraçı" isə "Sifarişçi"nin müəyyən etdiyi qaydada Novxanı bağ massivində 30 kv metr ev və hasar tikinti islərinin aparılmasını öhdəsinə götürmüşdür. Görüləcək işlərin qarşılığında 11.600 manat məbləğin ödənilməsi qeyd olunmuşdur. O, müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri artıqlamasıyla yerinə yetirsə də, cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən yayınmışdır. Belə ki, onun tərəfindən növbəli şəkildə cavabdehə 2350 manat, 2000 manat, 2650 manat olmaqla cəmi 7000 manat pul ödənilmişdir. Cavabdeh iyun ayında tikinti işlərini icra etməyə başlamışdır. Lakin daha sonra tikinti işlərini səbəbsiz yerə dayandırmışdır. Dəfələrlə şifahi və yazılı formada müraciətlər edərək tikinti işlərinin davam etdirilməsini xahiş etsə də, cavabdeh hər dəfə bir bəhanə ilə öz üzərinə düşən öhdəlikləri icra etməkdən yayınmışdır. Belə ki, cavabdehlə son yazışmaları zamanı cavabdeh "xxxx" MMC-nin direktoru X4 özü də 30 sentyabr 2021ci il tarixdə tikinti işlərinin yekunlaşdırılacağını və evin onlara təhvil veriləcəyini bildirmişdir. Lakin bu danışmaqlarından sonar cavabdehə dəfələrlə müraciətlər etsələr də, artıq nə telefona cavab verir, nə də smsləri cavablandırır. Qeyd etmək istəyir ki, cavabdeh tərəfindən müqavilə bağlanan gündən bu günə kimi çox az işlər görülmüşdür. Belə ki, həyət hasara alınmış və həyətə 1800 daş və bir sıra tikinti materialları qoyulmuşdur. Cavabdehin tikinti işlərini gördürdüyü ustasının hesablamasına görə təxminən bu günə kimi 2500 manatlıq iş görülmüşdür. Avqust ayından bu günə kimi isə heç bir iş görülməmiş və cavabdehdən pulunu tələb etdikdə cavabdeh artıq ödənilmiş pulları qaytarmaqdan imtina etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, Xidməti müqavilədən görünür ki, “İcraçı”, yəni Cavabdeh MMC Novxanı Bağ massivində 30 kv.m. ev və hasar tikinti işlərinin aparılmasını, öz növbəsində “Sifarişçi” İddiaçı isə görüləcək işlərin qarşılığında 11600 AZN məbləğ ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə razılaşma sənədi ilə tənzimlənir. Müqavilənin digər bəndlərində ödəniş qaydası (4.5-ci bənd); müqavilənin müddəti (5-ci bənd) və s. müqavilə şərtləri təsbit olunmuşdur. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1432 ünvanında daşınmaz əmlak tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh MMC-yə pretenziya qaydasında müraciət edərək, 4500 manatın onlar tərəfindən geri qaytarılmasını, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/5809 saylı xx.xx.2023-cü il tarixli rəyin nəticə hissəsindən görünür ki, Abşeron rayonu, Novxanı bağ massivi, B-1432 ünvanında yerləşən 2,47 ha torpaq sahəsində 30 kv.metr ev və hasar tikintisinə dair Cavabdeh MMC tərəfindən həyətin hasara alınması və həyətə qoyulmuş daş və 1 sıra tikinti materiallarının (tikinti materialı və usta xərcləri) dəyərinin bazar qiymətlərinə uyğun olaraq 2795,0 manat məbləğində olduğu müəyyən olunmuşdur. Müqavilənin sonuncu səhifəsinə əlavədən görünür ki, iddiaçı tərəfindən xx.xx.2021ci il tarixdə 2350 manat, xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2021-ci il tarixdə 2650 manat olmaqla cəmi 7000 manat ödəniş edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini tam və keyfiyyətli şəkildə icra etməmiş, təmir işləri yarımçıq görülərək, tam başa çatdırılmamış, icra edilmiş iş həcmi isə keyfiyyətlə görülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin tam və keyfiyyətlə görülməməsi səbəbindən iddiaçıya maddi zərər vurulmuşdur. Belə ki, iddiaçı tərəfindən cavabdehə müqavilədə nəzərdə tutulmuş işlərin görülməsi üçün 7000 manat məbləğində ödəniş edilməsinə baxmayaraq, cavabdeh tərəfindən qeyd edilən ünvanda, sadəcə, 2795,0 manat məbləğində işlər görülmüşdür. Bu səbəbdən, iddia vurulmuş maddi zərərin ödənilməsinə dair hissədə əsaslı olmaqla, cavabdehdən iddiaçının xeyrinə vurulmuş maddi zərərə görə 7000-2795 manat, yəni 4205 manat pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin hallarından görünür ki, cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən iddiaçının tələbi müqavilənin birtərəfli ləğvi hissəsində də əsaslıdır və bu hissədə də təmin edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli Xidməti müqavilə ləğv olunmalı və tikinti işlərinin görülməsi üçün artıq ödənilmiş 4205 manat pul və ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməlidir. 100 manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli Xidməti müqavilə ləğv olunsun. Tikinti işlərinin görülməsi üçün artıq ödənilmiş 4205 manat pul və ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilsin. 100 manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar