Məhkəmə qərarları › İş №2(006)-1101/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1101/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1101/2025 04.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya şirkətinə qarşı sığorta ödənişi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən “X2 Tam Sığortası” üzrə xx.xx.2022ci il tarixli, KSK000000164 saylı əmlakın icbari sığortası Şəhadətnaməsinə əsasən sığortalanmış “Mersedes Benz C240 minik” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtomobil yararsız vəziyyətə düşdüyünə görə 11.000 manat və ödənimiş 123 manat dövlət rüsumunun tutulması və ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılışdır ki, “Mersedes Benz C240 minik” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə ona məxsusdur. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə aralarında “X2 Tam Sığortası” üzrə xx.xx.2022-ci il tarixli, KSK000000164 saylı sığorta müqaviləsi imzalanmış və həmin avtomobil sığorta olunaraq “kasko” növü üzrə sığorta təminatı almışdır. Mülkiyyətində olan həmin avtomobil 23 yanvar 2022-ci il tarixdə Tərtər şəhəri, P.Ərəbov küçəsində yanaraq sığorta hadisəsinə məruz qalmışdır. Buna görə də avtomobili sığortalı olduğuna görə sığorta ödənişinin ona ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Lakin, həmin sığorta şirkəti 20 avqust 2024-cıi il tarixli məktubu ilə sığorta ödənişindən imtina etmişdir. Hesab etmişdir ki, sığorta şirkətinin ona sığorta ödənişinin ödənilməsindən imtina etməsi əsassız və qanuna ziddir. Bina görədə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiyası Şirkəti etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbi ilə bağlı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd olunan sığorta hadisəsi reallığı əks etdirmədiyinə dəlalət edən əsaslı dəlillər vardır. Belə ki, xx.xx.2025-ci il tarixində əməkdaşları tərəfindən yanan avtomobilə yerində baxış keçirilmiş, foto və video qeydlər aparılmışdır. Qeyd olunan fotoşəkillərlə iddiaçı ilə şirkət arasında müqavilə bağlanan zaman təqdim olunan avtomobilin çəkilmiş şəkilləri müqayisəli təhlil edilmişdir. Məlum olmuşdur ki, müqavilə bağlanan zaman şirkətə təqdim olunan avtomobillə, yanan avtomobil eynilik təşkil etmir. Belə ki, yanmış avtomobillə müqavilə bağlanan zaman şirkətə baxışa təqdim edilən avtomobilin salonlarının rəngi, spidometri, ön buferi, diskləri və s. hissələri fərqlənir. Beləliklə məlum olur ki, iddiaçı şirkətin ləğv prosesində olduğunu və köhnə əməkdaşların hazırda şirkətdə çalışmadığından yenidən ödəniş almaq üçün cəhd etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə, işdə iştirak şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş KSK********** saylı Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, sığortalı İddiaçı məxsus “Mercedes Benz C240” markalı ** KD *** dövlət qeydiyyat nişanlı avtomobil 363 manat sığorta haqqı müqabilində xx.xx.2022-ci il tarixinədək 11000 manat məbləğinə sığortalanmışdır. Həmin sığorta şəhadətnaməsində sığorta təminatı olaraq həmçinin yanğın və partlayış qeyd olunmaqla, azadolma (franchise) 100 manat göstərilmişdir. İş materiallarında olan ləğv prosesində olan Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya şirkəti tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçıya ünvanlanmış sığorta ödənişinin ödənilməsindən imtina edilməsi barədə bildirişdə göstərilmişdir ki, onunla şirkət arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KSK0000002S64 saylı "X1 Tam Sığortası" üzrə müqavilədə sığortalanmış nəqliyyat vasitəsini idarə edən sürücülərin siyahısında X5 barədə məlumatlar (ad soyad, ata adı) aşkar edilməmişdir. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təəssüf hissi ilə bildirilmişdir ki, onunla Şirkət arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KSK********** saylı "X1 Tam Sığortası” üzrə müqavilədə sığortalanmış nəqliyyat vasitəsini idarə edən sürücülər siyahısında X6 barədə məlumatlar (ad, soyad, ata adı) qeyd edilmədiyindən sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsaslar mövcud deyildir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C240” markalı ** KD *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı Qasım oğludur. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Tərtər şəhəri, Polad Ərəbov küçəsində İddiaçı məxsus minik avtomobilində baş vermiş yanğın barədə Fövqəladə Hallar Nazirliyinin DYNX-nin Aran regional DYNİ-nin DYNŞ-nin inspektoru tərəfindən xx.xx.2022ci il tarixdə tərtib edilmiş “Yanğın haqqında Akt”ından görünür ki, yanğın hadisəsi baş vermiş minik avtomobili Tərtər şəhəri, Polad Ərəbov küçəsində X8 məxsus fərdi yaşayış evinin həyətyanı məhələsində hərəkətsiz vəziyyətdə, sönülü olmuşdur. Həmin aktda yanğının səbəbi kimi avtomobilin sahibi İddiaçı verdiyi izahata əsasən qısa qapanma ehtimalı göstərilmişdir. İş materiallarında olan Tərtər rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, qərarın təsviredici hissəsində göstərilənlərə əsasən HK-1/1251 nömrəli material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmin qərarda həmçinin X3 izahatında göstərilmişdir ki, İddiaçı X4 özünə məxsus «Mercedes-Benz C-240» markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etmək üçün ona etibarnamə vermişdir. 23 yanvar 2022-ci iİ tarixdə avtomobil ilə Tərtər şəhəri, Polad Ərəbov küçəsində yaşayan bacısının evinə qonaq getmiş orada olarkən avtomobildə yanğın baş verməsi barədə xəbər verilmişdir. Dərhal yanğın söndürməyə çalışmış, lakin buna nail ola bilməyərək «101» qaynar xəttinə zəng edib yanğın barədə məlumat vermişdir. Bir müddətdən sonra gələn yanğınsöndürənlər yanğını söndürərək yayılmasının qarşısını almışlar. Yanğın nəticəsində avtomobil yanaraq yararsız vəziyyətə duşmuş, İddiaçı 12500 manat maddi ziyan dəymiş lakin xəsarət alanlar olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 888.2-ci maddəsinə əsasən əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sığorta hadisəsinin baş vermə tarixi xx.xx.2022-ci il olmaqla həmin vaxtda sığorta müqaviləsi qüvvədə olmuşdur. Cavabdeh iddiaçıya ünvanladığı bildirişdə sığorta məbləğinin ödənilməsindən imtina əsası kimi onunla şirkət arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KSK********** saylı "X1 Tam Sığortası” üzrə müqavilədə sığortalanmış nəqliyyat vasitəsini idarə edən sürücülər siyahısında X5 barədə məlumatların olmamasını qeyd etmişdir. “Fiziki şəxslərə təqdim edilən X1 tam sığortası üzrə sığorta qaydaları”nın 5.3-cü bəndinə əsasən sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. Məhkəmə qeyd edir ki, İddiaçı Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya şirkəti ilə aralarında razılaşdırılmış ərizədə sürücülər haqqında məlumatda yalnız İddiaçı barədə məlumatlar əks olunmaqla, avtomobilin ondan başqa digərləri tərəfindən idarə edilməsi halında dəyən zərərin sığorta təminatına daxil olmaması, belə hallarda sığorta ödənişinin verilməyəcəyi şərtləndirilmişdir. Lakin, Tərtər rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, sığorta hadisəsi avtomobil hər hansı şəxs tərəfindən idarə edilərkən deyil, həyətdə statik vəziyyətdə olarkən baş vermişdir. Beləliklə, avtomobilin kənar təsir olmadan alovlanmaqla yanması iş materialları ilə sübuta yetirilmişdir. Cavabdeh etirazında iddianın rədd edilməli olmasının əsası olaraq müqavilə bağlanan zaman şirkətə təqdim olunan avtomobillə yanan avtomobilin eynilik təşkil etmədiyini irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı sığorta şəhadətnaməsində əks olunmuş avtomobilin fərdi əşya kimi identifikasiya olunmasını bildirən BAN/VİN kodu ilə yanan avtomobilin BAN/VİN kodu eynilik təşkil etməklə, cavabdehin bu dəlilləri öz təsdiqini tapmamışdır. Ümumiyyətlə, nəqliyyat vasitəsinin ban nömrəsinin fərdi xüsusiyyət daşıması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamədən də görünür. Həmin əsasnamənin 2.6-cı bəndinə əsasən, nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi,... və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda cavabdehin “xüsusi qərardad qəbul edilərək qeyd olunan cinayət xarakterli hüquq pozuntusu ilə bağlı prokurora məlumat verilməsi” bağlı xahişinə münasibətdə məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərinin olmadığı qənaətinə gəlmişdir. Beləliklə, sığorta hadisəsi müqavilə qüvvədə olduğu vaxt baş verməklə iddiaçının sığorta hadisəsi üzrə sığorta məbləğini almaq hüququ yaranmışdır. Lakin, sığorta şəhadətnaməsindən müəyyən olunur ki, avtomobil sığorta olunardən 100 manat azadolma ilə şərtləndirilmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ-100 manat sığorta məbləğindən-11000 manat-çıxılmaqla iddiaçıya ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 10900 manat sığorta ödənişi alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 123 manat tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Ləğv prosesində olan Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya şirkətindən 10900 manat sığorta ödənişi və 123 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar