Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1103/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdeh (eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qanuni nümayəndəsi) Cavabdeh1 iştirakı ilə, İddiaçı X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "bağışlanma müqaviləsinin ləğv edilməsi və s." tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olmuş ünvan 1 ünvanında yerləşən, sahəsi 56,3 kv.metr olan 2 otaqlı mənzilin X1 adına hədiyyə verməklə bağışlanmasına dair Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən rəsmiləşdirilmiş və reyestrdə 4Ə-388 nömrə ilə qeyd edilmiş 06 iyun 2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilin xüsusi mülkiyyət hüququ ilə X1 adına qeydə alınmasına dair çıxarışın ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən, sahəsi 56,3 kv.metr olan 2 otaqlı mənzilə mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 56,3 kv.metrdən ibarət 2 otaqlı mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrində xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. Bu barədə Azərbaycan Respublikası DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən iddiaçının adına MH seriyalı, № ******* nömrəli, 27.09.2007-ci il tarixli Çıxarış verilmişdir. İddiaçı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli hökmü ilə CM-nin müvafiq maddələri ilə təqsirli bilinərək üzünmüddətli azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən cəza çəkdiyi Azərbaycan Respublikası Penitensiar Xidmətinin 8 saylı cəzaşəkmə müəssisəsində olarkən adına olan əmlakların idarə edilməsi barədə 24 dekabr 2015-ci il tarixdə həyat yoldaşı Cavabdeh1 Zərif qızının adına etibarnamə vermişdir. Həyat yoldaşı Cavabdeh1 etibarnaməni verdikdən sonra iddiaçının onun adına olan əmlakları özgəninkiləşdirəcəyinə əsaslı şübhələr yarandığından Cavabdeh1 verdiyi 24 dekabr 2015-ci il tarixli etibarnamənin ləğv edilməsi üçün həmin vaxt müalicə aldığı Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisinin adına 11 fevral 2016-cı il tarixdə ərizə ilə müraciət etmişdir. İddiaçı sözügedən etibarnaməni ləğv etməsi barədə Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəhbərliyinin vasitəsilə 11 fevral 2016-cı il tarixdə Cavabdeh1 yazılı qaydada bildiriş göndərmiş, bildirişdə cəza çəkdiyi Azərbaycan Respublikası Penitensiar Xidmətin 8 saylı cəzaşəkmə müəssisəsində olarkən adına olan əmlakların idarə edilməsi üçün həyat yoldaşına verdiyi 24 dekabr 2015ci il tarixli etibarnaməni ləğv etdiyini bildirərək, həmin etibarnaməni geri qaytarmasını Cavabdeh1 tələb etmişdir. Lakin sonradan, yəni 2020-ci ildə iddiaçı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra bilmişdir ki, Cavabdeh1 etibarnamənin ləğv edildiyini əvvəcədən bildiyi halda, ləğv edilmiş həmin etibarnaməni 06 iyun 2016-cı il tarixdə Bakı şəhəri 14 saylı Notariat kontoruna təqdim edərək iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən, sahəsi 56,3 kv.metr olan 2 otaqlı mənzili azyaşlı oğlu - 14.09.2007-ci il tarixdə doğulmuş X1 adına hədiyyə verməklə bağışlamışdır. Daşınmaz əmlakın oğlu Nihad Quliyevə bağışlanması Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən 06 iyun 2016-cı il tarixdə Daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlanması yolu ilə rəsmiləşdirilərək Reyestrdə 4Ə- 388 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, № ******* nömrəli, 09.06.2016-cı il tarixli Çıxarışdan göründüyü kimi, ünvan 1 ünvanında yerləşən mənzil X1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Beləliklə göründüyü kimi, iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin Nihad Quliyevin adına Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmasına əsas həmin əmlakın Bakı şəhəri 14 saylı notariat kontorunun 06 iyun 2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanması haqda qanunsuz müqaviləsi olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 (eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qanuni nümayəndəsi) iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı onun həyat yoldaşıdır, onlar 29.04.2005-ci ildə nikaha daxil olmuşlar. Birgə nikahdan 02.08.2006-cı il təvəllüdlü qızı, X3 və 14.09.2007-ci il təvəllüdlü oğlu X6 anadan olmuşdur. İddiaçı 26.07.2008-ci ildə onun razılığı və xəbəri olmadan qeyri-qanuni yolla nikahı pozmuşdur. 24.04.2009-cu ildə həbs edildikdən sonra ona nikahı pozduğu barədə bildirmiş və 12.10.2010-cu il tarixdə yenidən nikaha daxil olmaqlarını xahiş etmişdir. Nikahı pozmasının səbəbini soruşduqda müxtəlif bəhanələr söyləmiş və üzr istəmişdir. 12.10.2010-cu ildə nikahlarını yenidən bərpa etdirmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi Nəsimi rayonu, 28 may küçəsi, ev 11, mənzil 24 ünvanında yerləşən, sahəsi 56,3 kv.metrdən ibarət 2 otaqlı mənzil onların birgə mülkiyyətləridir. Həmin mənzilə dair 27.09.2007-ci il tarixdə Azərbaycan Respublikası DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən İddiaçı adına Çıxarış verilmişdir. İddiaçı həbs cəzası çəkdiyi illər ərzində onu müvafiq orqanlarda, aidiyyatı qurumlarda, idarə və təşkilatlarda, məhkəmə və icra orqanlarında və s. o, səlahiyyətli nümayəndəsi kimi təmsil etmişdir. Hətta hər hansı bir yerə təqdim etdiyi etibarnamənin qüvvədə olduğunu yoxlamaq üçün hər dəfə Penitensiar Xidmət, cəza çəkdiyi müəssisələr, Müalicə müəssisəsi daxil olmaqla, o cümlədən həbsxana rejiminin daxili qaydalarını pozduğuna görə karslarda olduğu müddətlərdə onlarla əlaqə saxlanılmış və yalnız ondan sonra həmin etibarnaməni qəbul etmişdirlər. Necə ola bilər ki, ləğv olunmuş etibarnaməni heç bir notariat orqanı müəyyən edə bilməsin. İddiaçı 14 mart 2013-cü ildə ona verdiyi etibarnamənin etibarlılıq müddəti 14 mart 2016-cı ildə bitəcəyi halda, 24 dekabr 2015-ci ildə yenidən ona etibarnamə təqdim etməklə, etibarlılıq müddəti 24 dekabr 2018-ci ildə bitəcəyini qeyd etməyinə baxmayaraq, 11.02.2016-cı ildə etibarnaməni ləğv etdiyini iddia etmişdir. İki ay müddətinə etibarnaməni dəyişdirməyə qərar verən İddiaçı öz ailəsinə qarşı da qanunsuz əməllərini icra etməyi üçün planlar hazırlayırmış. İddiaçı ona təqdim etdiyi etibarnamələrdə “bağışlamaq, hədiyyə etmək, o cümlədən almaq-satmaq” sözləri qeyd edərkən bu əməliyyatların icra olunmasına özü razılıq vermiş olur və sonra da cəza çəkdiyi müəssisələrdə müəssisə daxili dələduzluq əməlləri nəticəsində saxta sənədlər əldə etməyə nail olduğunu və etibarnaməni ləğv etdiyini iddia etmişdir. İddiaçı iddia ərizəsində “cavadbeh Cavabdeh1 əmlakımı özgəninkiləşdirib” deyə qeyd etdiyi özgə onun oğlu X4r. İddiaçı 18 mart 2020-ci il tarixdən həbsxanadan azadlığa buraxılmış, eyni mənzildə övladları ilə birgə yaşamaqlarına baxmayaraq, ondan məhkəməyə hazırkı iddia ilə bağlı müraciət etməsi barədə məlumat verməmişdir. İddiaçı 12 il həbs cəzası çəkmiş, ailəsi və övladlarının yanına gələndən sonra anladı ki, ona ailə, uşaq deyil, özünün qeyd etdiyi kimi azadlığının dadını çıxarmaq lazımdır. Lakin həbsxanada olduğu 12 il ərzində ailə onun üçün problemlərinin həlli və tələbatlarının ödənilməsi üçün vasitə olmuşdur. Ataları İddiaçı əsassız iddia tələbi övladlarına, o cümlədən oğluları X5 psixoloji təsir etmiş və sarsıntı keçirmişlər. İddiaçı ömrünün 20 ildən çoxunu müxtəlif maddələrlə əməllərinə görə həbslərdə məhbus həyatı yaşamasına baxmayaq, yenə də islah olunmamışdır. İddiaçı öz həyat təcrübəsinə əsaslanaraq, növbəti hədəfi kimi ailəsini planlaşdırdığı hərəkətlərinin qurbanına çevirmək niyyətindədir. İddiaçı iddia ərizəsində qeyd etdiyi Nəsimi rayonu, 28 may küçəsi, ev 11, mənzil 24 ünvanında yerləşən, sahəsi 56,3 kv.metrdən ibarət olan 2 otaqlı mənzilin etibarnamə əsasında oğluları X5 bağışlanmasını iddaçı İddiaçı razılığı və tələbi əsasında etmişdir. Qeyd olunan mənzil obyekt kimi fəaliyyət göstərirdi. Nazimin qardaşı həmin əmlakı bankda girov qoymuşdur. Nazim yalvarmışdır ki, əmlakı girovdan qurtarın və ondan sonra mütləq oğlullarının adına keçirin. Ona etibarnamənin ləğvi ilə bağlı heç bir bildiriş gəlməmişdir. 12 il həbsdə, 9 ay isə həbsdən çıxdıqdan sonra evdə iddiaçıya baxmışdır. İndi isə onun xəbəri olmadan ona qarşı iddia qaldırmışdır. İddiaçı iddia ərizəsində qeyd olunan halların heç biri olmamışdır. İddia tam əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin MH seriyalı ******* №-li çıxarışının surətindən görünür ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 544 nömrəli reyestr kitabının 50057 nömrəli vərəqində 27.09.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 24 dekabr 2015-ci il tarixli etibarnamənin təsdiq edilmiş surətinə əsasən görünür ki, İddiaçı etibarnamə ilə ünvan 3 ünvanında qeydiyyatda olan həyat yoldaşı Cavabdeh1 (AZE № 0******* seriyalı) harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq iddiaçının bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, o cümlədən almaq satmaq, hədiyyə qəbul etmək, hədiyyə vermək və ya bağışlamaq, dəyişmək, əmlak ipotekası (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üz haqq-hesab aparmağı, miras qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan o cümlədən bank orqanlarından, poçtdan teleqrafdan bütün əsaslar üzrə iddiaçıya çatan əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesab üzərində sərəncam verməyi, poçt, teleqram, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ ictimai təşkilatlarda iddiaçının adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilməli bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ icarə vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Cavabdeh1 etibar etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində, faktiki Müalicə Müəssisəsində saxlanılan İddiaçı tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinə ünvanlanan ərizənin surətindən görünür ki, İddiaçı Cavabdeh1 verdiyi etibarnamənin ləğv olunmasından ötrü zəruri tədbirlər görülməsini xahiş etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində, faktiki Müalicə Müəssisəsində saxlanılan İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanan bildirişin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı sonuncuya 24.12.2015ci il tarixdə saxlanıldığı 8 saylı cəzaçəkmə müəssisəsində verdiyi etibarnaməni geri götürmüş, etibarsız hesab etmiş, xitam verilməsi üçün rəsmi müraciət etmişdir. Bildiriş 11 fevral 2016-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi, Ədliyyə polkovnik leytenantı İsmayılov Elgiz tərəfindən qəbul edilmişdir. İş materiallarında olan İddiaçı (hədiyyə verən) və X6 (hədiyyə alan) arasında bağlanmış 06.06.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 11 ünvanında yerləşən 24 saylı mənzili X5 bağışlamışdır. Sözügedən müqavilə İddiaçı əvəzinə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində 24.12.2015-ci il tarixdə verilmiş 19 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh1, X1 əvəzinə azyaşlı olması səbəbindən Cavabdeh1 tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* №-li çıxarışının surətindən görünür ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 544 nömrəli reyestr kitabının 50057 nömrəli vərəqində 09.06.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə görə, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanun tələbindən görünür ki, əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun. Bu səbəbdən, hazırda Məhkəmənin qarşısında duran əsas vəzifə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin qanunun tələblərini pozmaqla bağlanmış olub-olmamasını müəyyən etməkdir. İddiaçının öz mövqeyini əsaslandırmaq üçün irəli sürdüyü dəlil ondan ibarətdir ki, o, cavabdehin adına verdiyi etibarnaməni ləğv etmiş, bundan sonra cavabdeh ona məxsus mənzili müvafiq səlahiyyəti olmadan bağışlama müqaviləsi əsasında oğullarına bağışlamışdır. Beləliklə, həmin müqavilə iddiaçının iradəsinin könüllü ifadəsini əks etdirmir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir ki: Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 362.3.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiqlənmiş etibarnamələri notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur. Həmin Məcəllənin 365.1.3-cü maddəsinə əsasən etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Həmin Məcəllənin 365.2-ci maddəsinə əsasən etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 366.1-ci maddəsinə əsasən Etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı etibarnaməni verdikdən sonra onu ləğv etmiş, bu barədə bildirişi cəzaçəkmə müəssisəsinin müdiriyyətinin vasitəsi ilə öz həyat yoldaşı Cavabdeh1 göndərmiş, bununla da həmin vaxt cəzaçəkmə müəssisəsində olan iddiaçı edə biləcəyi hər şeyi etmiş, xəbərdar etmə vəzifəsini lazımi qaydada icra etmişdir. Cavabdeh1 isə həmin an müvafiq səlahiyyəti olmadan iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 11 ünvanında yerləşən 24 saylı mənzili iddiaçı ilə birgə nikahdan olan oğulları X5 bağışlamışdır. Beləliklə, məhkəmənin qənaətinə görə iddia tələbi əsaslı olduğundan təmin edilməli, ünvan 1 ünvanında yerləşən, sahəsi 56,3 kv.metr olan mənzilin X1 adına hədiyyə verməklə bağışlanmasına dair Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən rəsmiləşdirilmiş və reyestrdə 4Ə-388 nömrə ilə qeyd edilmiş 06 iyun 2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməli, həmin mənzilin xüsusi mülkiyyət hüququ ilə X1 adına qeydə alınmasına dair çıxarış ləğv edilməli və İddiaçı ünvan 1 ünvanında yerləşən, sahəsi 56,3 kv.metr olan mənzilə mülkiyyət hüququ bərpa edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə X6 arasında 06 iyun 2016-cı il tarixdə bağlanmış, Bakı şəhəri 14 saylı notariat kontorunda 4Ə-388 nömrə ilə reyestr qeydiyyatına alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin, ünvan 1 ünvanında yerləşən, sahəsi 56,3 kv.metr olan mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X1 adına aparılmış reyestr qeydi və RX seriyalı, ******* nömrəli, 09.06.2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən, sahəsi 56,3 kv.metr olan mənzilə mülkiyyət hüququ bərpa edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-1103/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1103/2021
07.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver