Məhkəmə qərarları › İş №2(006)-1125/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1125/2021

18.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1125/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdeh «xxxx» ASC nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «kredit müqaviləsinin ləğv edilməsi tələbi»nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «kredit müqaviləsinin ləğv edilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə iddiaçının atası X3 “Cavabdeh“ İKB ASC -dən 25.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin kreditin yüklülüyünün təmin olunması üçün Xətai rayonu, Mehmandarov küçəsi, ev 76, mənzil 50 ünvanında yerləşən mənzili girov qoymuşdur. Baş vermiş bəzi iqtisadi çətinliklər, inflyasiya nəticəsində iddiaçının atasının kreditin vaxtlı-vaxtında ödəmə imkanları məhdudlaşmış və nəticədə müəyyən vaxt verilmədən “Cavabdeh“ İKB ASC xx.xx.2018-ci il tarixdə həmin kreditin, girov predmeti olan mənzilin hərrac vasitəsi ilə satılaraq tam ödənilməsinin təmin edilməsi barədə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bu iddia ilə əlaqədar Xətai Rayon Məhkəməsində 2(011)-6548/2018 saylı mülki işə baxılmış və iddia təmin edilmişdir. İddiaçının atası tərəfindən kreditin götürülməsi barədə onun əvvəllər məlumatı olmuşdur, lakin hansı əsaslarla və hansı şərtlərlə götürülməsi ilə bağlı maraqlanmamışdır. Yalnız bu yaxınlarda mənzilin hərraca çıxarılaraq satılması ilə bağlı məlumatlandı. Həmin mənzildə qanunla iddiaçının əmlak payı olduğuna görə bank tərəfindən kredit üçün ipoteka yüklülüyünə mənzilin qəbul edilməsi üçün onun razılığı tələb olunmalı olduğu halda bu edilməmiş və onun qanunla qorunan hüququ pozulmuşdur. Göstərilənlərə əsasən X3 və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 21-G1- 1-0-329-15 saylı müqavilənin ləğv olunması və həmin müqavilədən irəli gələn şərtlərə yenidən baxılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh «xxxx» ASC nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, «Nikoyl» İKB ilə X3 arasında bağlanmış xx.xx.2015ci il tarixli, 21-G1-1-0-320-15 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən X2 36 ay müddətinə, illik 25% olmaqla, 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, «Nikoyl» İKB ilə X3 arasında bağlanmış xx.xx.2015ci il tarixli ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində ipoteka qoyanın mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən, 50,84 kv.m ümumi sahədən ibarət 76 nömrəli evin 50 saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, hazırki iş üzrə iddiaçı onun atası X3 ilə «Nikoyl» İKB arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Göründüyü kimi xx.xx.2015-ci il tarixli, 21-G1-1-0-320-15 saylı kredit müqaviləsi üzrə Banka olan borc tam ödənilməmişdir. Bu səbəbdən müqaviləyə xitam verilməsi mümkün deyil. Məhkəmə, onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mahiyyət etibarı ilə kredit müqaviləsinin etibarsızlığını tələb edir. İddiaçının ləğv edilməsini (etibarsız hesab edilməsini) tələb etdiyi kredit müqaviləsi onunla deyil, atası X3 ilə bağlanmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının sözügedən kredit müqaviləsini mübahisələndirməyə subyektiv hüququ yoxdur. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi iddiaçının subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələblərini irəli sürməsi tələblərinin əsassız olduğuna dəlalət edir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «kredit müqaviləsinin ləğv edilməsi tələbi»nə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «kredit müqaviləsinin ləğv edilməsi tələbi»nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar