Məhkəmə qərarları › İş №2(006)-115/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-115/2022

14.03.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-115/2022 14.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X2, Cavabdeh və onun nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “19.10.2017ci il tarixli müqavilənin ləğvi və ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış 19 oktyabr 2017-ci il tarixli “Əvəzləşdirmə” müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilməsi və cavabdeh tərəfindən MTK-ya təhvil verilmiş qaraj söküldüyündən müqavilə üzrə həmin qarajın razılaşdırılmış dəyərini təşkil edən 26000 (iyirmi altı min) manat və əlavə sahəyə görə ödənilmiş 13900 (on üç min doqquz yüz) manat, cəmi 39900 (otuz doqquz min doqquz yüz) manatın cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi (vəkili) X2 izahatında bildirdi ki, İddiaçıMTK ilə Cavabdeh arasında ünvan 1 ünvanında inşa edilən yaşayış binasının “D” blokunda, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 55.8 kv.metr təşkil edən 1 otaqdan ibarət yaşayış sahəsinin 56000 (əlli altı min) manat təşkil edən pay dəyərinin alınması üçün 19.10.2017-ci il tarixli əvəzləşdirmə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh ümumi sahəsi 55.8 kv.metr təşkil edən yaşayış sahəsini əldə etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən tərtib olunmuş Texniki pasporta əsasən ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 1saylı binanın qarşısında yerləşən, ümumi sahəsi 23.8 kv.mter təşkil edən qaraj sahəsini qarşılıqlı razılaşma əsasında 26000 manat dəyərləndirərək İddiaçı MTK ilə əvəzləşdirir və əlavə olaraq 30000 manat ödəmək öhdəliyini üzərinə götürmüşdür. Eyni zamanda tərəflər qalıq borc məbləğini təşkil edən 30000 manatın ilkin olaraq 7000 manatının ödənilməsinə, bundan sonra qalıq borc məbləğini təşkil edən 23000 manatın isə hissə-hissə və bu müqaviləyə əlavə edilmiş qrafik üzrə 40 ay müddətində ayda 575 manat olmaqla ödənilməsinə dair razılığa gəlmişlər. Müqaviləyə əsasən cavabdeh tərəfindən MTK-Ya sonuncu dəfə 19.12.2018-ci il tarixdə 575 manat ödənilməklə ümumilikdə 13900 manat pul ödənilmişdir. 1 il 9 ay müddət keçməsinə baxmayaraq ödənilməyən 16100 manat vəsaitin ödənilməsi istiqamətində cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Bununla da MTK-ya xeyli miqdarda ziyan vurulmuşdur. Belə ki, MTK keçən 1 il 9 aya yaxın müddət ərizndə sözügedən yaşayış sahəsini başqa bir şəxsə sata və böyük gəlir əldə edə bilərdi. Müqavilə üzrə öhdəliklərin icra olunması üçün Cavabdeh dəfələrlə şifahi şəkildə bildirilmiş və nəhayət 10.09.2020-ci il tarixli, 37 nömrəli xəbərdarlıq məktubu ünvanlanmışdır. Göstərilənlərə əsasən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh ifadəsində bildirdi ki, müqavilə 19 oktyabr 2017-ci il tarixdə bağlanıb. Evin qiyməti 56000 manat məbləğində dəyərləndirilib. Onun 26000-ni qarajla, 26000-ni isə hissə-hissə ödəmə ilə əvəzləşdirilmişdir. 36 ay müddətində evi təhvil verməli idilər. Lakin, onu aldadıblar. 2019-cu ilin noyabr ayında müraciət etmiş, lakin onu qəbul etməkdən imtina etmişlər. 19 dekabr 2018-ci il tarixdə sonuncu dəfə ödəniş etmişdir. Buna görə də, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X3 iddia ərizəsinə etiraz edərək, onun təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 19 oktyabr 2017-ci il tarixli, 07 nömrəli müqavilədən görünür ki, bir tərəfdən İddiaçı Mənzil Tikinti Kooperativi, digər tərəfdən Cavabdeh (“payçı” adlandırılacaq) “Əvəzləşdirmə” müqaviləsi bağlamış, vətəndaş Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu İcra Hakimiyyətinin Başçısının 174 saylı, 20 iyul 2017-ci il tarixli Sərəncamı əsasında Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasının “D” blokunda, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 55.8 kv.metr təşkil edən 1 otaqdan ibarət yaşayış sahəsinin 56000 təşkil edən pay dəyərinin alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən tərtib edilmiş Texniki Pasporta əsasən ona məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 1 saylı binanın qarşısında yerləşən, ümumi sahəsi 23.8 kv.metr təşkil edən qaraj sahəsini qarşılıqlı razılaşma əsasında 26000 manat dəyərləndirərək İddiaçı MTK ilə əvəzləşdirir və əlavə olaraq 30000 manat ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Tərəflər əlavə sahə üçün qalıq borc məbləğini təşkil edən 30000 manatın ilkin olaraq 7000 manatının ödənilməsinə, qalıq borc məbləğini təşkil edən 23000 manatın hissə-hissə və bu müqaviləyə əlavə edilmiş qrafik üzrə 40 ay müddətinə ayda 575 manat olmaqla ödənilməsinə dair razılığa gəlmişlər. Bununla yanaşı, “Kooperativ” bu müqavilə üzrə nəzərdə tutulmuş müddət ərzində qeyd olunan yaşayış və ya qeyri-yaşayış sahəsini təhvil almaq, tikinti işləri tam başa çatdıqdan sonra müqavilədə nəzərdə tutulmuş qaydada ümumi sahəsi 55.8 kv.metr təşkil edən yaşayış sahəsini təmirsiz şəkildə “Payçı” ya təhvil-təslim edilməsi öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan 30.10.2017-ci il tarixli İddiaçı MTK tərəfindən verilən Arayışa əsasən, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu İcra Hakimiyyətinin Başçısının 174 saylı, 20 iyul 2017-ci il tarixli Sərəncamı əsasında Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasının “D” blokunda, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 55.8 kv.metr təşkil edən 1 otaqdan ibarət yaşayış sahəsinin 56000 təşkil edən pay dəyərinin alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən tərtib edilmiş Texniki Pasporta əsasən ona məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 1 saylı binanın qarşısında yerləşən, ümumi sahəsi 23.8 kv.metr təşkil edən qaraj sahəsini qarşılıqlı razılaşma əsasında 26000 manat dəyərləndirərək İddiaçı MTK ilə əvəzləşdirir və əlavə olaraq 30000 manat ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh qalıq borc məbləğini təşkil edən 30000 manatın ilkin olaraq 7000 manatını 30.10.2017-ci il tarixdə ödəyir. Qalıq borcu 23000 manat təşkil edir. İş materiallarında olan 22.02.2018-ci il tarixli İddiaçı MTK tərəfindən verilən Arayışa əsasən, 19.10.2017-ci il tarixli müqaviləyə və həmin tarixli ödəniş cədvəlinə əsasən qalıq borc məbləğini təşkil edən 23000 manatın qrafik üzrə fevral ayı üçün 575 manatını “Kooperativ”ə ödəmişdir. Qalıq borcu 21275 manat təşkil edir. İş materiallarında olan Cavabdeh ünvanlanan 10.09.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, “Kooperativ”ə olan borcu 16100 manat təşkil edir ki, həmin məbləğin dəymiş zərərlə birlikdə 5 iş günü ərzində MTK-ya ödənilməsi ondan tələb olunmuş, göstərilən müddət ərzində borc məbləği ödənilmədiyi təqdirdə onunla bağlanmış müqavilənin ləğvi və vurulmuş ziyanın ondan tutulması barədə iddia ərizəsilə müvafiq məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli 2(006)-875/2021 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı “pul” tələbinə dair cinayət işi üzrə yekun qərar qəbul edilənədək, Nəsimi rayon Məhkəməsinin icraatında olan İddiaçı MTK-nın Cavabdeh qarşı “19.10.2017-ci il tarixli müqavilənin ləğvi və ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair 2(006)-875/2021 saylı mülki iş üzrə icraat dayandırılmışdır. Cavabdeh İddiaçı MTK-nın nümayəndəsi (vəkili) X2 17.05.2021-ci il tarixdə ərizə ünvanlayaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli 2(006)-875/2021 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə qərardad qəbul edilməsini, eyni zamanda həmin tarixdə şikayət təqdim edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli 2(006)-875/2021 saylı qərardadını ləğv edərək, işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli, 2(006)-875/2021 saylı qərardadından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-875/2021 saylı, 19 mart 2021-ci il tarixli qərardadından şikayət vermək üçün müddətin buraxılmamış hesab olunması, iddiaçının nümayəndəsi (vəkili) X2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1030- 8200/2021 saylı, 16.08.2021-ci il tarixli qərardadından görünür ki, şikayət təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli, 2(006)-875/2021 saylı qərardadı dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan hazırki mülki iş üzrə Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək, mülki iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. İş materiallarında olan 30 oktyabr 2017-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən sonuncu ödəniş 30.12.2018-ci il tarixdə edilmiş, 14950 manat məbləğində qalıq borc qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən əqdlər birtərfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.12.2021-ci il tarixli, 2(006)-6928/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı “ödənişi qəbul etməyə məcbur edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 19 oktyabr 2017-ci il tarixli 07 saylı müqaviləyə əsasən, cavabdeh İddiaçı MTK ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi 1 saylı binanın qarşısında yerləşən daş qarajını 26000 dəyərləndirərək söküb əvəzində ona Binəqədi rayonu 18-ci Dağlıq küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının “D” blokunun 4-cü mərtəbəsində ümumi sahəsi 55,8 kv.metr təşkil edən birotaqlı mənzili 56000 manat dəyərləndirərək tikib təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən, o qarajından əlavə müqavilə bağlanarkən ilkin olaraq 7000 manat ödəniş etmiş, qalan 23000 manatı isə 40 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Bir il ərzində ödənişləri vaxtında etmişdir. Cəmi 16300 manat borcu qalıb. Lakin, “Covid-19” pandemiyası ilə əlaqədar gəlirlərinin olmaması, həyat yoldaşının virusa yoluxması səbəbindən bir neçə ay ödəməni həyata keçirə bilməmişdir. Buna görə də, 2020-ci il sentyabr ayında qalan borcunu ödəməyi üçün cavabdehə müraciət etdikdə ona müqavilənin ləğv olunduğu bildirilib və ödəmək üçün gətirdiyi pulun qəbulundan imtina edilib. Bununla da, cavabdeh müqavilə öhdəliklərini icra etməkdən boyun qaçırmış və ona öhdəliyini icra etməyinə mane olmuşdur. Digər tərəfdən cavabdeh mənzili də tikib təhvil verməyib. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 157.5 – 157.7-ci maddələrinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə çağırış vərəqəsini aldığı vaxtdan götürdüyü və ya götürülməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli qərarında xüsusi qeyd etmişdir ki, “əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır”. Qanunverici MM-in 157.5 – 157.7-ci maddələrində zəruri şərtlərin mövcudluğu halında əmlakın, onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə edildiyi təqdirdə əldə edənin vicdanlı sahib kimi prezumpsiyasını tanıyaraq vindikasiyanın qeyrimümkünlüyünü müəyyənləşdirmişdir. Bu cür yanaşma isə əmlakın faktiki hüquqi vəziyyəti baxımından deyil, əldə edənin (vicdanlı sahibin) həmin əmlakla bağlı əşya hüququna malik olmasını tanımaqla onun müdafiəsinin təmin olunması məqsədindən irəli gəlir. Əmlakın üçüncü şəxsə keçməsində mülkiyyətçinin birbaşa və ya dolayısı iştirakının olmaması, əldə edənin (vicdanlı sahibin) əmlakla bağlı hüquqlarının yaranmasının əsasının isə onun mülkiyyətçisilə bağlanan əqddən törənən əlaqələrə söykənməməsi, onun mülkiyyətçiyə geri qaytarılmasına məhdudiyyət qoyan təminatın əqdin etibarsız hesab edilməsilə bağlı iddia ilə dəf olunmasını istisna edir. Digər tərəfdən restitusiya etibarsız hesab olunmuş əqdlə əlaqədar əmlakın, onun iştirakçısına (tərəfə) verilməsini nəzərdə tutursa, vindikasiya özgəsinin qanunsuz sahibliyindəki əmlakın belə şəxslə əqd bağlılığı olmayan üçüncü şəxsə - mülkiyyətçiyə geri qaytarılmasını müəyyənləşdirir. Bu baxımdan əqdin etibarsız hesab edilməsilə bağlı qaydaların MM-in 157.5 – 157.7-ci maddələrinin tələblərinin nəzərə alınmadan tətbiqi vicdanlılıq faktorunun hüquqi təyinatını və əhəmiyyətini heçə endirərək mülkiyyətçiyə bu müdafiə vasitəsindən məhdudiyyətsiz istifadə etməklə nəinki ilk əqdin, habelə sonradan bağlanmış bütün əqdlərin etibarsız hesab olunması və əmlakın naturada qaytarılmasını (o, cümlədən vicdanlı sahibdən) tələb etmək imkanı yaradardı. Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin ləğvi tələbi onu ehtiva edir ki, müqavilə bağlanarkən qanunun tələblərinə əməl edilmiş, lakin hazırda şəraitin dəyişməsi nəticəsində həmin müqavilənin icrası qeyri-mümkün olmuşdur. İş materiallarından da göründüyü kimi müqavilənin ləğvi üçün kifayət qədər əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı MTK-nın Cavabdeh qarşı “19.10.2017-ci il tarixli müqavilənin ləğvi və ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MTK-nın Cavabdeh qarşı “19.10.2017-ci il tarixli müqavilənin ləğvi və ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar