Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1168/2021 21.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2002ci ilədək N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. xx.xx.2001-xx.xx.2001-ci ilə qədər hərbi xidməti dövründə vəzifəsini yerinə yetirərkən hərbi travma almış və 91 saylı Hərbi Hissədə müayinə və müalicə olunmuşdur. Hərbi xidmət dövrü aldığı yaralanma (travma) ilə əlaqədar 2017-ci il tarixdə ona 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Əlilliyin səbəb əlaqəsi "Hərbi travmadır, hərbi xidməti vəzifəsini yerinə yetirərkən" ifadəsi ilə göstərilmişdir. Lakin bu günə qədər o, 2-ci qrup əlillər üçün nəzərdə tutulan sığorta ödənişini ala bilməmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ərizə ilə müraciət etmiş, məktubla imtina cavabı verilmişdir. Göstərilənlərə əsasən cavabdehdən onun xeyrinə İİ qrup müharibə əlili kimi 6600 (altı min altı yüz) manat məbləğində icbari sığorta haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 iddia tələbini qəbul etməmiş və bununla bağlı etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, hərbi qulluqçuların icbari sığorta qaydalarını müəyyən edən və tənzimləyən «Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin «ç» bəndinə görə hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi xidmət dövründə xəstələnməsinə görə həqiqi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar 3 il müddətində sığorta olunana əlillik təyin olunduqda: İ qrup əlilliyə görə – 80 faiz; İİ qrup əlilliyə görə – 60 faiz; İİİ qrup əlilliyə görə – 40 faiz məbləğində sığorta ödənişi verilir. Beləliklə, işdə olan sənədlərə əsasən iddiaçı əlillik istefaya buraxıldığı 3 il müddətindən sonra təyin edildiyi üçün sığorta ödənişinin verilməsi qanunauyğun deyildir. Çünki bu hadisə 3 il müddətində baş vermədiyi üçün sığorta təminatına aid deyildir. Baş vermiş hadisənin sığorta hadisəsi hesab olunması üçün «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində qeyd olunan aşağıdakı zəruri hallar baş verməlidir: baş vermiş hadisə hərbi qulluqçuların hərbi xidməti vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması nəticəsində baş verməlidir. Ehtiyatda və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar sığorta olunana əlillik 3 il müddətində təyin olunmalıdır. Yəni əlilliyinə səbəb olmuş hadisə xidmət edərkən (xidmət dövründə) baş vermiş hər hansı bir hadisə (xəsarət) və ya haldır (xəstəlikdir). Hadisənin sığorta hadisəsi hesab olunması üçün əlilliyin 3 il müddətində təyiin olunması şərti qanunverici tərəfindən təsadüfən müəyyən edilməmişdir. Belə ki, hərbi xidmətlə əlaqədar əlillik, hərbi xidmət zamanı alınmış yaralanmanın (travma, kontuziya, zədələnmə) və ya xəstəliyin bilavasitə nəticələrinə görə, yaxud da bunların fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. Buna görə də 3 il müddət keçdikdən sonra təyin olunan əlillik halına (riskinə) sığorta təminatı verilməmişdir. Göründüyü kimi əlilliyin 3 il müddətində təyin olunması şərti imperativ normadır və baş vermiş hadisənin isığorta hadisəsi hesab olunması üçün bu müddətin gözlənilməsi zəruridir. Beləliklə İddiaçı əlillik təxris olunduğu gündən 3 il müddətindən sonra təyin edildiyi üçün sığorta ödənişinin verilməsi qanunauyğun deyildir. Çünki bu hadisə 3 il müddətində baş vermədiyi üçün sığorta təminatına aid deyildir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci ilədək N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. Hərbi hissə döyüş bölgəsində yerləşdiyi qeyd edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının surətindən görünür ki, İddiaçı 2-ci qrup əlildir. Əlilliyin səbəbi: hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillikdir. Diaqnoz: Baldır sümüklərinin, aşıq-baldır oynağı daxil olmaqla sınığı, hərbi xidmət zamanı sağ baldır sümüklərinin aşağı 1/3-nin, sol baldır sümüklərinin orta 1/3 yerinidəyişən açıq-sınıqları, sağ topuğun çıxığı. Oynağın ankilozu, sağ aşıq-baldır oynağının postravmatik ankilozu. Paraplegiya və tetraplegiya, hər iki aşağı ətrafın paraplegiyası, əzələlərin atrofiyası, dayaq-hərəkət funksiyasının ciddi pozulması, qamış sinirinin baldır səviyyəsində travması, sol incik və sağ qamış sinirlərinin postravmatik nevriti. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 944 №-li, xx.xx.2017-ci il tarixli Qərarının surətindən görünür ki, İddiaçı Xocalı RHK tərəfindən 2000-ci ildə hərbi xidmətə çağırılmış, hərbi xidmət keçərkən xx.xx.2001-ci ildə aldığı və xx.xx.2001-ci 12 10.2001-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma - diaqnoz: “Sağ baldırın küt travması. Sağ qamış və incik sümüklərinin yerim açıq sınığı. Travmatik şok İİ dərəcə” və xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma diaqnoz: “Sağ baldır sümüklərinin aşağı 1/3-nin yerinidəyişən açıq sınığı, sağ topuğun yarımçıxığı. Sağ baldır nənnin İlizarov aparatı ilə osteosintezi (xx.xx.2001)” (Azərbaycan Respublikası SHXÇDX-nin Xocalı rayon bölməsinin xx.xx.2017-ci il tarixli 3 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli, 13 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.2001-ci il tarixli çıxarış epikrizi, N nömrəli hərbi hissədən verilmiş xx.xx.2001-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisi cərrahın rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR”. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx.xx.2020-cİ il tarixli, 07-07-420 saylı məktubundan görünür ki, cavabdeh iddia müddətinin keçməsini əsas gətirərək müraciətin icrasından imtina etmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. İş materiallarından göründüyü kimi, İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. Belə olan halda, İddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 60 faizi, yəni 6600 manat İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, İddiaçı 6600 (altı min altı yüz) manat sığorta ödənişinin verilməsinə dair müvafiq öhdəlik cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat icbari sığorta məbləği tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-1168/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1168/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver