Məhkəmə qərarları › İş №2(006)-117/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-117/2025

09.02.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-117/2025 09.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Şirinov Əli Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18.064 (on səkkiz min altmış dörd) manat məbləğində pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 aylıq gecikdirmə ortalama 365 gün etdiyindən və hər gün üçün əmək haqqının minimum bir faizi müəyyənləşdirildiyindən gecikdirilən müddət üçün 6042 (altı min qırx iki) manat ödənilməlidir. Həmçinin Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Halbuki, iddiaçı ilə son haqq-hesab edilməmişdir. İllik əmək məzuniyyəti 30 gün müəyyən edildiyindən və iddiaçı faktiki 1 il 5 ay müddətində qeyd olunan şirkətdə çalışdığından məzuniyyət pulu olaraq 43 gün * 56 manat = 2408 manat hesablanmalıdır. Əmək Məcəlləsinin 195 və 196-cı maddələrinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən əsassız və qanunsuz olaraq verilmədikdə və bu hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda məhkəmənin hökmü ilə işçiyə dəyən maddi ziyan ödənilir. Bakı şəhərinin mərkəzindən uzaq yaşamağı və iş yerinin şəhərdə yerləşməsi gediş-gəlişini çətinləşdirirdi. Bu niyyətlə əmək haqlarının cəmi nəticəsində ailəsinə avtomobil almaq niyyətini müdiriyyətə dəfələrlə bildirmişdir. Çünki kredit götürmək istədiyi "xxxx" MMC əmək haqqının son 6 aylıq çıxarışını tələb edirdi. İddiaçının isə əmək haqqı ödənilmədiyi üçün tələbi icra edə bilmirdi. Sonda məcbur qalaraq oğlu – Orxan Süleymanlı öz adına kredit götürərək ailələrinə maşın aldı. Lakin bu onlara çox baha başa oturdu. Belə ki, iki il müddətinə 25 faiz kreditlə 10.000 manat pul götürərək maşın ala bildi. Faizin pul adekvatı 2814 manat təşkil edir. Yekun olaraq ona haqqı olan 6800+6042+2408+2814=18.064 manat pul ödənilməlidir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək ödənilməmiş əmək haqqının tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, qiyabi qətnamə qəbul edilməklə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.

6. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni nəzərdən keçirərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

7. Bakı 14 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş X1 (İMS) X2 xx.xx.2023-cü il tarixli MŞB/14/2023-00958 nömrəli arayışdan görünür ki, Cavabdeh MMC İMS-də iştirak etməmiş, İddiaçı iştirak etmiş və 50 manat mediasiya xərci, 10 manat poçt xərci ödəmişdir.

8. X3 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirilərkən iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətsiz əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi və xx.xx.2023-cü il tarixdə təqdim edilən əmək haqqı bank çıxarışından son haqqhesabının sonuncu iş günü ona ödənilmədiyi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən X3 Xidmətinin Bakı şəhər idarəsinə təqdim olunmuş məktub və sənədlərdə son haqq-hesabının ödənilmədiyi məlum olmuşdur. Bu səbəbdən də Cavabdeh MMC-nin direktoru X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Son haqq-hesabının ona ödənilməsinə dair Cavabdeh MMC-nin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir.

9. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, işçi xx.xx.2021-ci il tarixdə işə başlamaqla, əmək müqaviləsi müddətsiz bağlanmışdır. İşçiyə hər ay 1115 manat əmək haqqı ödənilməsi razılaşdırılmış, daha sonra əmək müqaviləsinə dəyişiklik edilməklə, xx.xx.2022-ci il tarixdən 1356 manat məbləğində əmək haqqı ödənilməsi razılaşdırılmışdır.

10. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, işçi xx.xx.2022-ci il tarixdə istehsalat şöbəsinin rəisi vəzifəsində işə başlamaqla, əmək müqaviləsi müddətsiz bağlanmışdır. İşçiyə hər ay 1699 manat əmək haqqı ödənilməsi razılaşdırılmışdır.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-1298/2024 nömrəli qərardadında görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinin, əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ona xitam verilməsi ilə əlaqədar əmrlərin və elektron informasiya sisteminə daxil edilmiş bütün bildirişlərin, xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək olan müddət ərzində İddiaçı əmək haqqı ödənilib-ödənilməməsi barədə ətraflı məlumatın, ödənildiyi təqdirdə təsdiqedici sənədlərin (ödəniş tapşırığının və s.), ödənilmədiyi təqdirdə isə səbəbləri barədə ətraflı məlumatın, İddiaçı müraciəti nəticəsində X3 Xidmətində aparılmış araşdırmalar barədə ətraflı məlumatın və toplanmış müvafiq araşdırma materiallarının (inzibati tənbeh tətbiqi barədə qərar, protokol, cərimənin ödənilməsi və s.) təqdim edilməsi Cavabdeh MMC-dən, Cavabdeh MMC-nin direktoru Nümayəndə və X3 Xidmətindən tələb edilməsi qərara alınmışdır.

12. İddiaçı tərəfindən "xxxx" MMC-nin direktoruna ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.2025-ci il tarixdən öz vəzifəsindən azad edilməsi xahiş edilmişdir.

13. "xxxx" MMC-nin 01-230213 nömrəli, xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, İddiaçı 13 fevral 2023-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi əmr edilmişdir.

14. Əmək müqaviləsinə xitam verilməsinə dair haqq-hesab verəqəsindən görünür ki, xx.xx.2021-xx.xx.2023-cü il dövrü üçün 38 istifadə edilməmiş məzuniyyət gününün olduğu və 1532,05 manat pul ödənilməli olması qeyd edilmişdir.

15. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərardan görünür ki, vətəndaş İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilən zaman son haqq-hesabı əmək məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq sonuncu iş günü ödənilmədiyinə görə Cavabdeh MMC-nin direktoru X4 800 manat cərimə edilmişdir.

16. Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli 9/8181 nömrəli rəyindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, əmək müqaviləsinə və təqdim edilmiş sənədlərə (bank hesabından çıxarış, əmrlər və s.) əsasən 04 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək olan müddət ərzində əmək haqqı ödənilməmiş və əmək müqaviləsində nəzərdə tutulmuş aylıq 1.699,00 manat əmək haqqı (vergilər və sosial ayırmalar tutulmadan) nəzərə alınmaqla 04 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməli əmək haqqı 6.796,00 manat məbləğində müəyyən edilmişdir.

17. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 9/8181 nömrəli ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.

18. Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli 9/2417 nömrəli rəyindən görünür ki, Birinci sual üzrə - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, əmək müqaviləsinə və təqdim edilmiş sənədlərə (bank hesabından çıxarış, əmrlər və s.) əsasən 04 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixinədək olan müddət ərzində əmək haqqı ödənilməmiş və əmək müqaviləsində nəzərdə tutulmuş aylıq 1.699,00 manat əmək haqqı (vergilər və sosial ayırmalar tutulmadan) nəzərə alınmaqla 04 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməli əmək haqqı 6.796,00 manat məbləğində müəyyən edilmişdir. İkinci sual üzrə - göstərilən səbəblərdən (sənədlərin tam təqdim edilməməsi) xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilədək olan müddət ərzində Cavabdeh MMC tərəfindən İddiaçı istifadə edilməmiş məzuniyyətə görə ödənilməli kompensasiyanın məbləğini müəyyən etmək mümkün olmamışdır. İddiaçı bank hesabından çıxarışına əsasən xx.xx.2024-cü il tarixədək Cavabdeh MMC tərəfindən İddiaçı istifadə edilməmiş məzuniyyətə görə ödənilməli kompensasiya məbləğləri və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməli əmək haqqı məbləğləri ödənilməmişdir. Üçüncü sual üzrə - hazırkı rəyin təsviri hissəsində göstərilənlərə əsasən, yəni ələ çatacaq əmək haqqını müəyyən etmək mümkün olmadığından Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməmiş əmək haqqının hər gecikdirilmiş gün üçün 1%-i ilə hesablanmaqla xx.xx.2022-ci ildən hazıradək cavabdeh tərəfindən iddiaçıya ödənilməli məbləğ üzrə hesablamalar aparılmamışdır.

19. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 9/2417 nömrəli ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.

20. Mülki iş materiallarına iddiaçının bank hesabından çıxarış, əmək müqaviləsi barədə bildirişlər, işəgötürənin müvafiq əmrləri, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli, DSMF Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubları və onlara əlavə edilmiş sənədlər, həmçinin 2 ədəd CD-disk əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

21. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdeh tərəfindən ona ödənilməmiş əmək haqqının ödənilməsini xahiş edir. Cavabdeh isə nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş, məhkəməyə “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə vəsatət göndərərək əmək haqqı hesabından çıxarışlar əsasında ödənilməmiş əmək haqqının hesablanması barədə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.

22. İddiaçının cavabdeh müəssisədə işləməsi, xx.xx.2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi və istehsalat şöbəsinin rəisi vəzifəsində işləməklə 1699 manat əmək haqqı alması iş materialları ilə təsdiq edilir.

23. İddiaçıya cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək haqqı ödənilib-ödənilməməsinin müəyyən edilməsi məqsədilə müvafiq rəyin verilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli ekspert rəylərindən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək olan müddət ərzində iddiaçıya cavabdeh tərəfindən əmək haqqı ödənilməmişdir. Əmək müqaviləsində nəzərdə tutulmuş aylıq 1.699,00 manat əmək haqqı (vergilər və sosial ayırmalar tutulmadan) nəzərə alınmaqla 04 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməli əmək haqqı 6.796,00 manat məbləğində müəyyən edilmişdir.

24. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə hazırkı iş üzrə iddia ərizəsinə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

c) Məhkəmənin mövqeyi və iş üzrə gəldiyi nəticə:

25. Məhkəmə qeyd edir ki, hazırkı iddianın əsas mahiyyəti işçiyə, yəni iddiaçıya xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdeh tərəfindən əmək haqqının ödənilib-ödənilməməsidir. Məhkəmə tərəfindən müəyyən edilir ki, cavabdeh tərəfindən məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi xahiş edilmiş və ekspertiza keçirilmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyinə görə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

26. Məhkəmə hesab edir ki, iş üzrə məhkəməyə təqdim edilmiş bitərəf ekspert rəyləri ilə cavabdeh tərəfindən iddiaçıya 04 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməli əmək haqqının ödənilmədiyi və həmin məbləğin 6.796,00 manat məbləğində olduğu müəyyən edilmişdir. İddiaçı ekspert rəyi ilə razılaşmış, cavabdeh isə münasibət bildirməmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyləri şübhəli deyil və mötəbər hesab edilməlidir.

27. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu və sübutlarla öz təsdiqini tapdığı üçün təmin edilməlidir.

d) Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 2-ci maddə, 3. hissə. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 83-cü maddə 2.hissə. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 154-cü maddə, 1. hissə. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 172-ci maddə, 1. hissə. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 297-ci maddə, Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır.

29. “Nümayəndənın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 115.0, 115.0.1. Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

31. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək ödənilməli olan 6.796 manat məbləğində əmək haqqı alınaraq İddiaçı verilməliməlidir.

32. İddia təmin edildiyi üçün iş üzrə ödənilmiş 60 manat məbləğində mediasiya xərci Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməli, keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 200 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Nəticə:

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 242-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək ödənilməli olan 6.796 (altı min yeddi yüz doxsan altı) manat məbləğində əmək haqqı alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh MMC-dən tutularaq İddiaçı verilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Cavabdeh qiyabi qətnamə ona rəsmən təqdim edildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar