Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-118/2021 04.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət dövründə xidməti vəzifələrinin icrası zamanı vəfat etmiş keçmiş hərbi qulluqçu oğlu X2 görə ona 11.000 manat sığorta pulunun ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X4 Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda xidmətləri olmuşdur. O, düşmənlə üzbəüz döyüş mövqelərində təmas xəttində Gədəbəy rayonunun ərazisində hərbi xidmət keçərkən xidməti vəzifələrinin icrası zamanı ağır xəstələnmiş və 24.01.2000-ci il tarixində kəskin ürək damar çatmamazlığı nəticəsində Alakol Hərbi Hospitalında vəfat etmişdir. Zərdab rayonu, Məlikumudlu kənd qəbirstanlığında dəfn olunmuşdur. Zərdab rayonu, Məlikumudlu kənd İcra nümayəndəliyi tərəfindən 01.02.2000-ci il tarixində onun ölüm faktını təsdiq edən AZ-İ № 047891 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Lakin bu günədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində Müdafiə Nazirliyinin döyüşən hərbi hissəsində hərbi xidmət keçərkən xidməti vəzifələrinin icrası zamanı vəfat etmiş oğluna görə icbari sığorta pulu ala bilməmişdir. Dövlət Sığorta Kommersiya Şirkətindən aldığı məktubda bildirilir ki, güya ona 1.100 manat ödənilmişdir. Lakin bu pulun onun ailəsində alındığını heç kim təsdiq edə bilmir. Oğlu subay olduğundan qeyd edilən pulu almaq hüququ ona və onun ərinə aid olmuşdur. Övladları o dövrdə kiçik olmuşlar. Hesab edir ki, sığorta məbləği onun ailəsinə ödənilməmişdir. Ona görə də, hərbi xidməti vəzifələrinin icrası zamanı vəfat etmiş oğluna görə qanunla nəzərdə tutulan sığorta məbləğinin ödənilməsi üçün Dövlət Sığorta Kommersiya Şirkətinin etirazı əsassızdır. İddiaçı nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında iddianı qəbul etmədi və iddiaçının müraciətinə verilmiş cavab məktubunu müdafiə edərək bildirdi ki, İddiaçı oğlu Ə.M.İsrəfilovun həlak olması ilə əlaqədar Şirkətin elektron informasiya bazasına əsasən Zərdab rayon Dövlət Sığorta filialı tərəfindən ******* manat (1100 yeni manatla) sığorta məbləği 26 iyul 2000-ci il tarixdə onun varisinə (vərəsələrinə) ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı mərhum X1 doğma anasıdır. Azərbaycan Respublikası Zərdab rayon İcra Hakimiyyəti Başçısının Məlikumudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07.02.2019-cu il tarixli, 32 saylı arayışdan görünür ki, X5 N yanvar 2000-ci ildə hərbi hissəyə getmiş və hərbi hissədə olarkən vəfat etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin 14.01.2021-ci il tarixli, 487 saylı arayışından görünür ki, X5 02.01.2000-ci il tarixdə keçmiş Zərdab rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmiş və N saylı hərbi hissədə xidmət edərkən 24.01.2000-ci ildə kəskin ürək-damar çatmamazlığı nəticəsində vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədən göründüyü kimi, X5 24.01.2000-ci il tarixdə kəskin ürək damar çatmamazlığından vəfat etmişdir. Zərdab rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 05.02.2019-cu il tarixli, 101 saylı arayışdan görünür ki, X1 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 01.01.2000-ci ildən 24.01.2000-ci ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X1 nikah haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 11.11.2020ci il tarixli sorğuya cavab məktubundan görünür ki, X1 hər hansı miras əmlakına dair açılmış vərəsəlik işi aşkar edilməmişdir. Beləliklə, rəsmi sənədlərdən göründüyü kimi, X5 həqiqi hərbi xidmətdə olarkən xidmət dövründə yaranmış xəstəlikdən 24 yanvrar 2000-ci il tarixdə hərbi hissədə olarkən vəfat etmişdir. Mərhumun anası İddiaçı ərizə ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək, qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə sığorta ödənişinin ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 13.03.2019-cu il tarixli, 07-07-370 saylı cavab məktubundan görünür ki, İddiaçı oğlu Ə.M.İsrəfilovun həlak olması ilə əlaqədar Şirkətin elektron informasiya bazasına əsasən Zərdab rayon Dövlət Sığorta filialı tərəfindən ******* manat (1100 yeni manatla) sığorta məbləği 26 iyul 2000-ci il tarixdə onun varisinə (vərəsələrinə) ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. 25.12.1991-ci il tarixdə qəbul edilmiş və 01.01.1992-ci ildən qanuni qüvvəyə minmiş «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərin sosial təminatına dövlət zəmanət verir. «Hərbi qulluqçuların və digər dövlət qulluqçularının dövlət tərəfindən mütləq şəxsi sığortalanmasına dair» Azərbaycan Respublikası Prezidentinin 08.02.1992-ci il tarixli 563 saylı Fərmanı ilə sığortalanmanın faydasının, şərtlərinin və məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 15.02.1992-ci il tarixli, 99-6 saylı qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin 08.02.1992-ci il tarixli 563 saylı Fərmanına əsasən, sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.02.1992-ci il tarixli, 99-6 və 04.08.1992-ci il tarixli, 426-20 saylı qərarları ilə iddiaçı icbari sığortalanmışdır. Sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.06.1998-ci il tarixli, 140 saylı qərarına əsasən Nazirlər Kabinetinin həmin qərarları qüvvədən düşmüşdür. Göründüyü kimi, iddiaçının oğlu hərbi xidmətdə olduğu müddət ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərilən qərarlarına əsasən icbari sığorta olunduğundan, iddiaçı, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikasının 03.10.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. «Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, bu qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin «ç» bəndinə əsasən, xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunan xidmətdə (toplanışdan) olduğu zaman həlak olduqda (öldükdə) sığorta məbləğinin 100 faizi məbləğində sığorta ödənişləri verilir. Göstərilən Qanunun 3-cü maddəsinə və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən, hərbi qulluqçuların sığortaçısı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətidir. Bu səbəbdən, iddiaçının oğlu hərbi xidmət dövründə qazanılmış xəstəlikdən vəfat etdiyindən, iddia tələbi sığorta ödənişinin verilməsinə dair hissədə əsaslıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçıya cavab olaraq 1.100 manat sığorta məbləğinin X1 varisinə (vərəsələrinə) ödənildiyi qeyd edilsə də, iş materiallarından görünür ki, Ə.M.İsrəfilovun adına vərəslik işi açılmamışdır. Habelə cavabdeh bu halı, yəni 1.100 manat sığorta pulunun X1 varisinə (vərəsələrinə) ödənilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 11.000 (on bir min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 11.000 (on bir min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-118/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-118/2021
04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver