Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1180/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 95.000 manat sığorta ödənişi məbləğinin, 34.675 manat dəbbə pulunun, yekun olaraq 129.675 manat pul vəsaitinin və dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, sığorta qanunvericiliyinə uyğun olaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi bir il müddətinə, yəni xx.xx.2019-xx.xx.2020-ci illər üzrə, onunla cavabdeh-sığortaçı "xxxx" ASC arasında daşınmaz əmlakın icbari sığortası üzrə RPA********** saylı sığorta şəhadətnaməsi verilməklə 30 manat sığorta haqqı ödənilməklə 15000 (on beş) min manat sığorta məbləği həddində əmlaka vurulmuş zərərə görə müqavilə bağlanmışdır (RPA********** saylı əmlakın icbari sığorta şəhadətnaməsini əsli əlavə edilir). Bundan əlavə eyni gündə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi bir il müddətinə, yəni xx.xx.2019-xx.xx.2020-ci illər üzrə, onunla cavabdeh-sığortaçı "xxxx" ASC arasında İ-Pİ-0975/19 saylı könüllü əmlak sığortası şəhadətnaməsi verilməklə və 144 manat sığorta haqqı ödənilməklə 80.000 (səksən min) manat sığorta məbləği həddində əmlaka vurulmuş zərərə görə müqavilə bağlanmışdır (İ-Pİ-0975/19 saylı könüllü əmlak sığoratsı şəhadətnaməsinin əsli və 30 manat və 144 manat sığorta haqqının ödənilməsini təsdiq edən qəbzlərin əsli əlavə edilir). 15 oktyabr 2020-ci il tarixində yazılı ərizə ilə "xxxx" ASC-nin İdarə Heyətinin sədrinin adına ərizə verilməklə və izahat verilməklə bildirilmişdir ki, 2020-ci ilin avqust ayının 20-dən ayın sonuna qədər yağan leysan yağışlarından sonra evində çatlar əməl gəlmiş, 15 oktyabr 2020-ci il tarixində isə evinin bir divarı həmin səbəbdən uçmuşdur (ərizə və izahatın surəti əlavə edilir). 15 oktyabr 2020-ci il tarixində cavabdehin nümayəndəsi hadisə yerinə baxış keçirmiş, şəkillər çəkilmiş, evin divarlarında çatlar əmələ gəldiyi və evin bir divarının uçmasının baş verməsi və bunun təbii fəlakətdən baş verdiyi qeyd edilmişdir. Ona görə də daşınmaz əmlakın sığorta hadisəsinə və zərərinə dair ilkin akt yazılmış, aktı cavabdeh tərəfindən onun məsul şəxsi A.Həsənov və sığortalı kimi o imzalamışdır (aktın surəti əlavə edilir). Baş vermiş sığorta hadisəsi ilə əlaqədar olaraq cavabdeh "xxxx" ASC tərəfindən qiymətləndirmə və sığorta ekspertizası fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-yə müraciət olunmuş, fərdi yaşayış evinə baxış keçirilmiş, onun şəkilləri çəkilmiş, ekspert çatların torpaq çökməsi nəticəsində yarandığını, fərdi yaşayış evinin təmir işlərinin aparılması üçün dəymiş ziyanın məbləğinin 3.188,75 (üç min yüz səksən səkkiz) manat olması barədə AZSB-300/20 saylı 28 oktyabr 2020-ci il tarixli hesabat tərtib edərək cavabdehə göndərmişdir (hesabatın surəti əlavə edilir). Cavabdeh "xxxx" ASC bundan sonra özünün 22 fevral 2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyevə sorğu göndərərək qeyd olunan tarix üzrə aktivləşmənin qeydə alınıbalınmaması barədə məlumatın verilməsi xahiş edilmişdir (22 fevral 2021-ci il tarixli məkubun surəti əlavə olunur). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti bu sorğuya özünün xx.xx.2021-ci il tarixli 18/79 saylı məktubu və müvafiq arayış yazmaqla cavab vermiş və arayışda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirildiyini, tikilinin yerləşdiyi ərazidə təbii amillərin (ərazinin geoloji-geomorfoloji quruluşu, atmosfer çöküntüləri və s.) təsirindən çökmə prosesi müşahidə edilməsi, proses nəticəsində tikilinin divarlarında müxtəlif ölçülü (eni 3-5 mm) və istiqamətli çatlar əmələ gəlməsi barədə arayış tərtib olunaraq təqdim edilmişdir (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2021-ci il tarixli 18/79 saylı məktubu və müvafiq arayışın surəti əlavə edilir). Cavabdeh "xxxx" ASC bununla kifayətlənməmiş, müstəqil ekspert qiymətləndirici X4 dəvət etmiş, bu ekspert xx.xx.2021-ci il tarixində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirmiş, 19 aprel 2021-ci il tarixli rəy vermiş, rəydə əmlaka dəymiş zərərin dəyərinin müəyyən edilməsi və dəymiş zərərin səbəbinin müəyyən edilməsi məqsədi ilə aparıldığı qeyd eilmişdir. Ekspert 19 aprel 2021-ci il tarixli rəyində “müayinə olnunan fərdi yaşayış evinin daxili və xarici yük daşıyan divarlarında yaranmış çatlar, birinci və ikinci mərtəbədə döşəmənin çökməsi, döşəmə konstruksiyasının divarlardan aralanması, tavan örtüyünün yaranmış açılma halları, tikilinin bünövrəsində yaranmış çökmə səbəbindən baş verməsini“ bildirmişdir. Ekspert bu rəydə 0.16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 165.1 kv.metr, yaşayış sahəsi 57.6 kv. metr olan, 4 otaqlı fərdi yaşayış evinə dəyən zərərin 13843,00 (on üç min səkkiz yüz qırx üç) manat olacağını bildirmişdir (ekspert rəyinin surəti əlavə edilir). Cavabdeh "xxxx" ASC özünün sifariş verdiyi və dəvət etdiyi ekspert və mütəxəssislərdən əldə etdiyi rəy və hesabtları bir kənara qoyaraq 07 may 2021-ci il tarixli 1901\1 saylı məktubu ilə ona baş vermiş sığorta hadisəsi ilə bağlı bildirmişdir ki, “Müraciətiniz dərhal qeydiyyata alınmış və əmlaka dəymiş zərərin yaranma səbəbinin aydınlaşdırlması üçün tərəfimizdən müvafiq lisenziya əsasında qiymətləndirmə və sığorta ekspertizası fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-yə müraciət olunmuşdur. "xxxx" MMC-nin təqdim etdiyi AZSB-300/20 saylı hesabatda bildirilir ki, sözügedən əmlakda çökmə nəticəsində çatlar yaranmışdır. Bildiririk ki, hadisənin təfərrüatlarının daha detallı araşdırlması məqsədi ilə tərəfimizdən AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinə sorğu gönddərilmişdir. Sorğumuza cavab olarq təqdim edilən müvafiq sənədlərdə sığortalı əmlakın yerləşdiyi ərazidə təbii amillərin təsirindən çökmə prosesi müşahidə olunduğu, bunun nəticəsində tikilinin divarlannda çatlar əməl gəldiyi qeyd olunmuşdur. Bu hal isə əmlakın sığortalandığı “Daşınmaz əmlakın icbari sığortası” üzrə sığorta riskləri sırasına daxil edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, AR Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi səbəbindən "xxxx" ASC-nin 15 oktyabr 2020-ci il tarixli müraciət ilə əlaqədar məsuliyyəti yaranmır”. Bundan sonra tərəfimdən AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrilogiya Xidmətinə müraciət olunarq Ağsu şəhərində 2020-ci ilin avqust ayı ərzində qeydə alınmış yağışın miqdarı və növü barədə arayış verilməsi xahiş edilmiş, Xidmət özünün 20/M-294 saylı 20 avqust 2021-ci il tarixli məktubu ilə həmin dövrdə Ağsu Hidrometeoroloji stansiyasında qeydə alınmış yağıntı haqqında məlumatı təqdim etmişdir. Təqdim edilmiş bu məlumatdan göründüyü kimi 22 avqust 2020-ci il saat 22:20-dən 23 avqust 2020-ci il saat 19:00-a qədər olan dövr üzrə güclü yağış yağmış və yağıntının miqdarı 25.0 mm olmuşdur (xidmətin 20/M-294 saylı 20 avqust 2021-ci il tarixli məktubu və məlumatın əsli əlavə edilir). Cavabdeh "xxxx" ASC Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə istinad edərək baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi səbəbini əsas gətirərək sığorta ödənişinin verilməsindən imtina etmişdir. Cavabdeh "xxxx" ASC-nin bu imtinası tamamilə qanunsuz və əsassızdır, belə ki, onunla cavabdeh-sığortaçı "xxxx" ASC arasında daşınmaz əmlakın icbari sığortası üzrə RPA********** saylı sığorta şəhadətnaməsi (müqaviləsi) və eyni zmanada İ-Pİ-0975/19 saylı könüllü əmlak sığortası şəhadətnaməsi (müqaviləsi) üzrə sığortalanacaq risklər sadalanmış o cümlədən, təbii fəlakətlər sırasında tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi və s. göstərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrilogiya Xidmətinin 20/M-294 saylı 20 avqust 2021-ci il tarixli məlumatdan göründüyü kimi Ağsu şəhərində 22 avqust 2020-ci il saat 22:20-dən 23 avqust 2020-ci il saat 19:00-a qədər olan dövr üzrə güclü yağış yağmış və bunun nəticəsində "xxxx" MMCnin verdiyi hesabata əsasən evin divarlarında çatların torpaq çökməsi nəticəsində yarandığı, qiymətləndici ekspertin 19 aprel 2021-ci il tarixli rəyində tikilinin bünövrəsində yaranmış çökmə səbəbindən hadisənin baş verməsi, bundan əlavə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2021-ci il tarixli 18/79 saylı arayışında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin-tikilinin yerləşdiyi ərazidə təbii amillərin (ərazinin geoloji-geomorfoloji quruluşu, atmosfer çöküntüləri və s.) təsirindən çökmə prosesi müşahidə edilməsini və baş vermiş hadisənin təbii amillərin, atmosfer çöküntülərinin təsirindən çökmə prosessinin baş verdiyini rəsmən bildirilmişdir. Sığorta hadisəsi baş verdikdən sonra sığortaçıya məlumat verilmiş, 15 oktaybr 2020-ci il tarixində daşınmaz əmlakın sığorta hadisəsinə və zərərinə dair ilkin akt yazılmış, cavabdeh "xxxx" ASC-nin dəvət etdiyi Azsurvey” MMC AZSB- 300/20 saylı 28 oktyabr 2020-ci il tarixli hesabat tərtib edərək dəymiş ziyanın məbləğinin 3188,75 (üç min yüz səksən səkkiz) manat olması, müstəqil ekspert qiymətləndirici X5 19 aprel 2020-ci il tarixli rəyində dəyən ziyanın məbləğinin 13843,00 (on üç min səkkiz yüz qırx üç) manat olması və eyni zamanda bu rəylərdə tikilinin bünövrəsində yaranmış çökmə səbəbindən hadisənin baş verməsi göstərilmişdir. Tərəflər arasında bağlanılmış daşınmaz əmlakın icbari sığortası-RPAl907915308 saylı sığorta şəhadətnaməsi üzrə 15000 (on beş) min manat sığorta məbləği, İ-Pİ-0975/19 saylı könüllü əmlak sığortası şəhadətnaməsi üzrə 80.000 (səksən min) manat sığorta məbləği müəyyən edilmişdir ki, sığortaçı sığorta ödənişini bu sığorta məbləği həddində həyata keçirməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etiraz edərək bildirmişdir ki, işdə olan materiallar prosesin düzgün və tam tənzimləndiyini, "xxxx" ASCnin müvafiq müraciət üzrə məsuliyyətinin yaranmadığını sübut edir. Belə ki, İddiaçı xx.xx.2020-ci il tarixində verdiyi izahatda Ağsu şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 8 ünvanındakı fərdi yaşayış evinin divarlarının 2020-ci ilin avqust ayının təxminən 20-sindən ayın sonuna qədər yağan yağışlardan sonra çatladığını bildirmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2021-ci il tarixli 18/79 nömrəli məktubuna qoşma olaraq əlavə edilmiş arayışında xx.xx.2021-ci il tarixində həmin fərdi yaşayış evinin yerləşdiyi əraziyə keçirilmiş baxışa əsasən həmin ərazidə təbii amillərin (ərazinin geoloji-geomorfoloji quruluşu, atmosfer çöküntüləri və s.) təsirindən çökmə prosesinin müşahidə edildiyi, lakin çökmə prosesinin baş verməsi ilə əlaqədar məlumatın daxil olmadığı qeyd edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2021 -ci il tarixli 20/14-294 nömrəli Məlumatında 2020-ci ilin avqust ayı ərzində qeydə alınan yağıntı növü kimi yağış göstərilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinə əsasən nə çökmə, nə də yağış sığorta hadisəsi hesab olunmur. İddiaçı izahatında da qeyd etdiyi kimi divarların çatladığını 2020-ci ilin avqust ayında müşahidə etmiş, "xxxx" ASC-yə isə xx.xx.2020-ci il tarixində müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 923-cü maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Lakin İddiaçı nə "xxxx" ASC-yə, nə də səlahiyyətli dövlət orqanına zamanlı məlumat vermişdir. Bunun nəticəsidir ki, çoxsaylı rəylər və arayışlar mövcuddur. Yəni "xxxx" ASC həmçinin zərərin dəqiq yaranma səbəbini müəyyənləşdirmək imkanından məhrum olmuşdur ki, bu da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.1-ci maddəsinə əsasən sığorta ödənişinin verilməsindən imtinanın əsaslarından biridir. Göründüyü kimi "xxxx" ASC qanunvericiliklə və müqavilə İlə öhdəliklərini düzgün və tam icra etmiş, müvafiq müraciət üzrə isə məsuliyyəti yaranmamışdır. Bu səbəbdən məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Ağsu şəhəri, Bünuadzadə küçəsi, 8 saylı ev 0.1595 ha topaq sahəsi ilə mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 07 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə ********** nömrəli qeydiyyata alınmışdır. "xxxx" ASC tərəfindən İddiaçı adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli, RPA seriyalı ********** saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, sığortalı - İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən yaşayış evini 15.000 manat məbləğində xx.xx.2020-ci il tərixədək sığortalatmışdır. Daşınmaz risklərinin – yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cıhazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətlərinin baş verməsi nəticəsində zədələnməsi, məhv olması, yahud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmuşdur. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İ-Pİ-0975/19 seriyalı daşınmaz əmlakın sığortası müqaviləsindən görünür ki, sığortalı - İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən yaşayış evini 80.000 manat məbləğində xx.xx.2020-ci il tərixədək sığortalatmışdır. Sındırmaqla oğurluq nəticəsində əmlakın zədələnməsi və ya məhv olması, yanğından standart risklər, təbii fəlakətlər, oğurluq, qarət, üçüncü şəxslər tərəfindən əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi, su borularından axan suyun, buxarın və mayelərin vurduğu zərər, nəqliyyat vasitələrinin vurması sığorta hadisəsi hesab olunmuşdur. Şərtsiz azadolma məbləği oğurluq, qarət riskləri, hava nəqliyyat vasitələrinin vurduğu zərər üzrə 1.000 manat, digər risklər üzrə - Daşınmaz əmlakın icbari sığortası üzrə müəyyən olunmuş sığorta məbləği həddində müəyyən olunmuşdur. İddiaçı "xxxx" ASC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, ünvan 5vanında yerləşən ona məxsus olan yaşayış evinin divarı xx.xx.2020-ci il tarixdə naməlum səbəbdən uçmuşdur. Dəymiş ziyana görə sığorta ödənişinin verilməsinə göstəriş verilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli digər izahatından görünür ki, ünvan 6 ünvanında yerləşən ona məxsus olan fərdi yaşayış evinin divarları 2020-ci ilin avqust ayının təxminən 20-sindən ayın sonuna qədər yağan yağışlardan sonra çatlar yaranmışdır. Həmin bu ərəfədə çatlar çox az idi. xx.xx.2020-ci il tarixdə səhər saat 07:40 radələrində evinin divarı naməlum səbəbdən uçmuşdur. Uçan hissədə əvvəldən çat var idi. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, AZSB-300/20 saylı hesabatdan görünür ki, İddiaçı məxsus olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin divarlarında xx.xx.2020-ci il tarixdə yaranmış çatların səbəbi torpaq çökməsidir. Bunun nəticəsində evə dəymiş ziyanın məbləği 3.188,75 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin "xxxx" ASC-yə ünvanladığı ünvan 7ji və mühəndis-geoloji şəraiti haqqında xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinə, “PAŞA Sığorta" ASC tərəfindən daxil olmuş 0663/1 nömrəli, 22 fevral 2021-ci il tarixli müraciətə əsasən Hidrogeologiya və mühəndis-geologiyası qrupunun mütəxəssisləri tərəfindən 05 mart 2021-ci il tarixdə Ağsu şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 8 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi əraziyə vizual hidrogeoloji və mühəndis-geoloji baxış keçirilmişdir. Baxış zaman məlum oldu ki, Ağsu şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 8 ünvanında İddiaçı məxsus fərdi tikili relyefin düzən hissəsində yerləşir. Tikilinin yerləşdiyi ərazidə təbii amillərin (ərazinin geoloji-geomorfoloji quruluşu, atmosfer çöküntüləri və s.) təsirindən çökmə prosesi müşahidə edilmişdir. Proses nəticəsində tikilinin divarlarında müxtəlif ölçülü (eni 3-5 mm) və istiqamətli çatlar əmələ gəlmişdir. 15 oktyabr 2020-ci il tarixində sözügedən ünvanda çökmə prosesinin baş verməsi ilə əlaqədar sorğuya cavab olaraq bildiririk ki, Milli Geoloji Kəşfiyyat Xidmətinə vətəndaşlar tərəfindən ekzogen geoloji proseslərin baş verməsi ilə əlaqədar müraciət daxil olduqdan sonra mütəxəssislər tərəfindən həmin əraziyə mühəndis-geoloji baxış keçirilir. Məlumat üçün bildirilmişdir ki, Xidmətə Ağsu şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 8 ünvanında 15 oktyabr 2020-ci il tarixində çökmə prosesinin baş verməsi ilə əlaqədar məlumat daxil olmamışdır. Daşınmaz əmlaka dəymiş zərərə dair xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus ünvan 6 ünvanında 0,16 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 165,1 kvm, yaşayış sahəsi 57,6 kvm olan 4 otaqlı fərdi yaşayış evinə dəymiş ziyanın məbləği cəmi 13.843 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, “PAŞA Sığorta" ASC ilə ünvan 8 ünvanında yerləşən yaşayış evinin sığortalanması üçün “Daşınmaz əmlakın icbari sığortası” üzrə BB034245 saylı sığorta müqaviləsi bağlanmışdır. 15 oktyabr 2020-ci il tarixində şirkətə müraciət edərək sığortalanmış əmlaka zərər dəyməsi barədə məlumat verilmişdir. Müraciət dərhal qeydiyyata alınmış və əmlaka dəymiş zərərin yaranma səbəbinin aydınlaşdırılması üçün tərəfindən müvafiq lisenziya əsasında qiymətləndirmə və sığorta ekspertizası fəaliyyəti ilə məşğul olan “Azsurvey" MMC-yə müraciət olunmuşdur. "Azsurvey” MMC-nin təqdim etdiyi AZSB-300/20 saylı hesabatda bildirilir ki, sözügedən əmlakda çökmə nəticəsində çatlar yaranmışdır. Bildirilir ki, hadisənin təfərrüatlarının daha detallı araşdırılması məqsədi ilə tərəfindən AR Ekologiya və ləbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq təqdim edilən müvafiq sənədlərdə sığortalı əmlakın yerləşdiyi ərazidə təbii amillərin təsirindən çökmə prosesi müşahidə olunduğu, bunun nəticəsində tikilinin divarlarında çatlar əmələ gəldiyi qeyd olunmuşdur. Bu hal isə əmlakın sığortalandığı “Daşınmaz əmlakın icbari sığortası” üzrə sığorta riskləri sırasına daxil edilməmişdir. AR Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi səbəbindən "xxxx" ASC-nin 15 oktyabr 2020-ci il tarixli müraciət ilə əlaqədar məsuliyyəti yaranmır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2021-ci tarixli məktubundan görünür ki, 2020-ci ilin avqust ayında Ağsu hidrometereoloji stansiyasında qeydə alınan yağıntı haqqında məlumata əsasən yağışın növü və miqdarı mülayim, zəif mülayim və güclü yağış kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2350-9/2629 saylı ekspert rəyindən görünür ki, ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evindəki divarların zədələnməsi hadisəsinin nə vaxt baş verdiyini müəyyən etmək mümkün olmamışdır. İkinci, üçüncü və dördüncü suallar üzrə yuxarıda göstərilən əlamətlər nəzərə alınmaqla tədqiq olunan yaşayış evinin ayrı-ayrı konstruktiv elementləri üzrə zədələrin, o cümlədən divarlarda yaranan çatların, tavan və divarların, divar və döşəmənin birləşmə yerlərindəki aralanmaların, pəncərə və qapı boşluqlarının kənarlarında iri həcmli çatların, tavanın aşağı doğru çökməsinin və s. əmələ gəlməsi, hər hansı təsir zamanı yaranan silkələnmələr, atmosfer çöküntüləri ilə əlaqədar torpaq sürüşməsi, zəlzələ və eləcə də söküntü, qazıntı, tikinti-quraşdırma işləri və s. nəticəsində yaranan silkələnmələrdən əmələ gələ bilər. Tədqiq olunan yaşayış evinin yaxınlığında hər hansı söküntü, qazıntı, tikinti-quraşdırma işləri aparılmadığını, eləcə də iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin "xxxx" ASC-nə ünvanladığı xx.xx.2021-ci il tarixli 18/79 saylı məktubda qeyd olunan məlumatları nəzərə alaraq, ünvan 9 ünvanda yerləşən İddiaçı Qarkişi oğluna məxsus fərdi yaşayış evində əmələ gəlmiş qüsurların, həmin ərazidə təbii amillərin (ərazinin geoloji-geomorfoloji quruluşu, atmosfer çöküntüləri və s.) təsirindən çökmə prosesi nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilir. Tədqiq olunan yaşayış evinin daxili və xarici divarlarında şaquli və üfüqi istiqamətlərdə iki tərəfli keçici çatlar əmələ gəldiyini, suvaq qatının bəzi yerlərdə qopub töküldüyünü, divarların bir hissəsinin uçub töküldüyünü, hörgü daşlarının, ağac konstruksiyaların, divarların tavana və döşəməyə birləşmə yerlərinin bir-birindən aralandığını, pəncərə və qapı boşluqlarının kənarlarında iri həcmli çatlar əmələ gəldiyini və s. əlamətləri nəzərə alaraq, həmin evin faktiki vəziyyətdə bərpa olunması üçün ayrı-ayrı konstruktiv elementlərinin sökülərək yenidən inşa edilməsinin zəruri olduğu müəyyən edilir. Lakin yaşayış evinə dəymiş ziyanın məbləği, həmin ev üzrə müvafiq təşkilatların mütəxəssiləri tərəfindən müayinə tədqiqat işləri aparılaraq, bərpa işləri ilə əlaqədar yerinə yetirilməli söküntü, tikinti-quraşdırma, gücləndirmə və təmir işlərinin ümumi həcmi dəqiqləşdirildikdən və həmin işlərə dair layihəsmeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. Baxış zamanı evin ziyan dəymiş əşyaları təqdim edilmədiyindən, məhkəmə-əmtəəşünaslıq tədqiqatı aparılmamışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya məxsus Ağsu şəhəri, Dadaş Bünyadzadə küçəsi 8 ünvanında yerləşən yaşayış evi “Daşınmaz əmlakın icbari sığortası” üzrə RPA********** nömrəli və “Əmlak sığortası” üzrə İ-Pİ-0975/19 nömrəli sığorta şəhadətnamələri ilə "xxxx" ASC tərəfindən sığortalanmışdır. xx.xx.2020-ci il tarixində İddiaçı "xxxx" ASC-yə ərizə ilə müraciət edərək əmlaka zərər dəydiyini bildirmişdir. Hadisə ilə bağlı araşdırmaları aparan "xxxx" ASC sözügedən hadisə üzrə məsuliyyətinin yaranmamasına istinad edərək sığorta ödənişini həyata keçirməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 922.1-ci maddəsinə müvafiq olaraq sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinin tələblərinə görə daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: yanğın, ildırım düşməsi (36.1.1); məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı (36.1.2); elektrik naqillərində baş verən qısa qapanma (36.1.3); buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı (36.1.4); su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma (36.1.5); hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri (36.1.6); yerüstü nəqliyyat vasitəsinin dəyməsi (36.1.7); təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi (36.1.8); üçüncü şəxslərin hərəkətləri (36.1.9). Mülki qanunvericiliyin yuxarıda sadalanan maddələrinin məzmunundan göründüyü kimi sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxsə ödənilməsi üçün əsas olan sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Göründüyü kimi iddiaçının könüllü və icbari qaydada sığorta etdirdiyi fərdi-yaşayış evi qəzalı vəziyyətə düşmüşdür. Belə ki, iddia ərizəsindən və İddiaçı sığorta şirkətinə ünvanladığı xx.xx.2020-ci il tarixli izahatdan aydın olur ki, o, həmin tarixdə baş vermiş hadisəni 2020-ci ilin avqust ayının 20-dən ayın sonuna qədər yağan yağışlardan sonra evin divarında çatların əmələ gəlməsi, bunun nəticəsində divarın dağılması ilə əlaqələndirmişdir. İddiaçıya mülkiyyət hüququ ilə məxsus olan ünvan 10 ünvanında yerləşən yaşayış evinin zədələnməsinin səbəbinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşunaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2350-9/2629 saylı ekspert rəyinə əsasən sözügedən yaşayış sahəsindəki divarın dağılmasının həmin ərazidə təbii amillərin (ərazinin geoloji-geomorfoloji quruluşu, atmosfer çöküntüləri və s.) təsirindən çökmə prosesi nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilmişdir. Beləliklə tərəflər arasında daşınmaz əmlakın sığortası (icbari və könüllü) müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcudluğu və həmin münasibətlər qüvvədə olduğu dövrdə iddiaçının mülkiyyətində olan və cavabdeh tərəfindən sığortalanmış fərdi-yaşayış evinə zərər dəyməsi işin mübahisəsiz hallarıdır. Lakin iş materiallarına əsasən, hazırkı mübahisəyə səbəb olan amil (güclü yağış) icbari sığorta üzrə verilmiş şəhadətnamədə sığorta riski kimi nəzərə alınmamış, yəni daşınmaz əmlakın sığortası üzrə təbii fəlakətlər sığorta hadisəsi hesab olunsa da, şəhadətnamədə sadalanmış təbii fəlakət hesab edilən sığorta riskləri sırasında güclü yağışın yağması sığortaçının sığorta ödənişi üzrə öhdəliyin yaranması səbəbi kimi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixdə baş vermiş hadisə ilə əlaqədar sığortaçının RPA********** nömrəli “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsi üzrə sığorta ödənişinin verilməsi öhdəliyi yaranmamışdır. Mülki Məcəllənin 935.1.8-ci maddəsinin tələblərinə görə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığortaçının sığorta ödənişini verilməkdən imtina etməsi üçün əsaslardan biridir. Bundan başqa müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli, İ-Pİ-0975/19 seriyalı daşınmaz əmlakın sığortası müqaviləsinə əsasən İddiaçı məxsus olan Ağsu şəhəri, Dadaş Bünyadzadə küçəsi 8 ünvanında yerləşən fərdi-yaşayış evi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci tarixədək "xxxx" ASC tərəfindən təbii fəlakətlər riski üzrə şərtsiz azadolma - “Daşınmaz əmlakın icbari sığortası” üzrə müəyyən olunmuş sığorta məbləği olmaqla, 80.000 manat məbləğində könüllü sığorta növü ilə sığortalanmışdır. Mülki Məcəllənin 898.1-ci, 898.2-ci və 898.4-cü maddələrinə əsasən, icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir. “İcbari sığortalar haqqında” Qanunun 39.3-cü maddəsinin tələblərinə görə yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat; Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20.000 manat, azadolma məbləği 200 manat; digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat kimi müəyyən edilir. Baxılan iş üzrə tərəflər arasında imzalanmış sığorta müqaviləsindən görünür ki, sığorta riskləri bölməsində sındırmaqla oğurluq nəticəsində əmlakın zədələnməsi və ya məhv olması, yanğından standart risklər, təbii fəlakətlər, oğurluq, qarət, üçüncü şəxslər tərəfindən əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi, su borularından axan suyun, buxarın və mayelərin vurduğu zərər, nəqliyyat vasitələrinin vurması sığorta hadisəsi hesab olunmuşdur. Həmin müqavilə üzrə şərtsiz azadolma məbləği oğurluq, qarət riskləri, hava nəqliyyat vasitələrinin vurduğu zərər üzrə 1.000 manat, digər risklər üzrə - Daşınmaz əmlakın icbari sığortası üzrə müəyyən olunmuş sığorta məbləği (hazırki halda 15.000 manat) ilə müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, AZSB-300/20 saylı hesabata əsasən, İddiaçı məxsus olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərin məbləği 3.188,75 manat, daşınmaz əmlaka dəymiş zərərə dair xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, 13.843 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən isə iş üzrə məhkəmə-əmtəəşünaslıq tədqiqatının aparılmasının mümkün olmadığı bildirilmişdir. Qeyd edilənlərə görə məhkəmə hesab edir ki, könüllü sığorta üzrə baş vermiş hadisənin sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (təbii fəlakətlər) kimi qəbul edilməsi mümkün olsa da, yəni sığorta müqaviləsinə əsasən sığorta ödənişi həyata keçirmək üzrə qarşı tərəfin məsuliyyəti yaransa da, iş materiallarında olan mütəxəssis rəyləri ilə müəyyən edilmiş zərərin məbləği müqavilə üzrə müəyyən edilmiş şərtsiz azadolma mələğindən az olduğu üçün hazırki iddianın bu əsasla təmin edilməsi mülki qanunvericiliyin tələblərinə ziddir. Çünki azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia “sığorta ödənişinin ödənilməsi” hissəsində rədd edilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1180/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1180/2022
29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver