Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1185/2021 13.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 6.600 (altı min altı yüz) manat məbləğində sığorta pulu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 1993-cü ildə həqiqi hərbi xidmətə çağrılmışdır və həmin döyüşlərdə fəal iştirak etmişdir. Elə həmin müharibədə hərbi xəsarət almış xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında müayinə və müalicə almışdır. Hal-hazırda xx.xx.2011-ci ildən ona İİ qrup Qarabağ əlilidir. Xəstəlik diaqnozunu yəni Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarını da Sizə ünvanlamışdır. Bu səbəbdən o hərbi qulluqçulara aid icbari şəxsi sığorta haqqında Azərbaycan Respublikası Konstitusiyasının Məhkəməsinin qəbul etdiyi 12, 16 və 25-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərədə tutlmuş sığorta məbləği ödənilməlidir. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Məhz bu qanuna söykənib Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət ünvanlamış, lakin ona mənfi cavab vermişdilər. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə iddiaçıya verilmiş cavabda qeyd olunur: “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının həmin dövr üçün qüvvədə olan qanunvericiliyinə istinadən bildiririk ki, sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən 03 il ərzində əlillik dərəcəsi aldıqdan sonra sığorta ödənişi almaq hüququ vardır. İş materiallarında olan № 023276 saylı vəsiqədən görünür ki, İddiaçı İİ qrup müharibə əlilidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli qərarından görünür ki, Ağdam RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, 1995-ci ildə fərarilik etmiş, Qarabağ qarnizonu hərbi prokurorluğunun xx.xx.1999-cu il tarixli məktubuna əsasən qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ildə kimi Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: “Tək-tək nevrotik reaksiyalarla müşayiət olunan nevrasteniya. Kəskin pielosistit. Xroniki qastroduodenit. Hipotonik tipli NSD”. “Hərbi Travmadır. Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik verilmişdir. O, sığorta ödənişinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, lakin sığorta ödənişi verilməmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 60 faizi, yəni 6.600 manat məbləğində sığorta ödənişi iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, istinad olunan hüquq normalarına əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə iddiaçıya verilmiş cavab qanunun tələblərinə uyğun deyil, həmin cavab əsassızdır və iddiaçının tələbi əsaslı olduğuna görə iddiaçıya cavabdeh tərəfindən sığorta ödənişi ödənilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 6.600 (altı min altı yüz) manat məbləğində sığorta pulu tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 6.600 (altı min altı yüz) manat məbləğində sığorta pulu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1185/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1185/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver