Məhkəmə qərarları › İş №2(006)-1197/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1197/2025

30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1197/2025 30.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi , İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmlaka dəyən zərər üçün sığorta ödənişinin ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmlaka dəyən zərər üçün sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2024-cü il tarixində **-LM-*** dövlət qeydiyyat nişanlı, “Toyota-Prius (hibrid)” markalı avtomobil üçün icbari sığorta müqaviləsi bağlanılıb. 13 oktyabr 2024-cü il tarixdə **-LM- *** dövlət qeydiyyat nişanlı “Toyota-Prius (hibrid)” markalı avtomobillə Aeroport yolu Binə qəsəbəsində qəza hadisəsi baş verib. Hadisə yerinə polis əməkdaşı gələrək avtomobilin şəkillərini çəkib. Günah qarşı tərəfdə olub. İddiaçı hadisə yerində "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxlayıb. Sığorta nümayəndəsi gəlməyib və ona şəkilləri göndərməsi üçün telefon nömrəsi verilib. İddiaçı şəkilləri göndərib və maşının sürülmədiyini bildirdikdə ona evakuatorla maşını lazımi yerə aparması və məbləğin də qarşılanacağı deyilib. Lakin hadisənin üzərindən bir neçə gün keçməsinə baxmayaraq sığorta şirkətindən xəbər gəlməmişdir. Onun şirkətə zəng etməsilə ona maşının şəkillərinə baxılıb qiymətləndiriləcəyi deyilib. İddiaçı zərərin çox olduğunu bildirdikdən sonra ona servis nömrəsi verib ora aparmağı bildiriblər. İddiaçı evakuatorla maşını həmin servisə aparmış və orada Ruslan adlı şəxs maşına baxmışdır. Ruslan adlı şəxs hibrid avtomobilləri düzəltməyi bilmədiyini bildirib. Maşının motoru yerindən çıxıb, sürətlər qutusu ilişib, spidometrində bütün işıqlar yanır. İddiaçı əgər həmin servis bunları düzəldə bilmirsə, başqa servisə aparmasını soruşub. Həmin servis bunu müsbət qarşılayıb və əlavə detalların lazım olacağı halda onların bunu qarşılayacağını bildirib. O, maşını hibrid maşınların düzəldildiyi servisə aparıb və orada düzəltdirib. Bir müddət sonra ona sms-lə 550 manat qiymətləndirmə məbləğinin qeyd olunduğu qiymətləndirmə haqqında məlumat gəlib. İddiaçı maşına daha çox xərcinin çıxdığını bildirərək narazı olub. Yenidən aparılan qiymətləndirmə ilə isə 650 manat məbləğində qiymətləndirilib. İddiaçı servisə ümumi olaraq 1335 manat ödəniş edib, bufer təmir olunmayıb, kondisionerin frionu vurulmayıb və əlavə olaraq da 100 manat evakuatora ödəyib. Sığorta şirkətinin məbləği ödəməkdən imtina etdiyini anlayınca o, Mərkəzi Banka müraciət edib. Mərkəzi Bankdan ona sığorta agentlərinin adlarının olduğu siyahı verilib. Ona sığorta agentlərindən istədiyini seçmək imkanının olduğu bildirilib. O, sığorta agentini seçib və ona işin həll ediləcəyi bildirilib. O, bundan sonra arxayın olub və gözləyib. Bir müddət sonra ona sms-lə 670 manat qiymətləndirmə edildiyi bildirilib. Bu sənəd ona rəsmi formada göndərilməyib və məbləğ yenə də onun xərcini qarşılamayıb. Göstərilənlərə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən avomobilinə dəyən zərərin əvəzinin ödənilməsi üçün ümumilikdə 1750 manat ödənişin tutularaq ona verilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. 3.Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə qarşı etirazını mülahizə formasında təqdim edərək bildirmişdir ki, 13 oktyabr 2024-cü il tarixdə **-LM-*** dövlət qeydiyyat nişanlı, “Toyota-Prius C (hibrid)” markalı və **-SH-*** dövlət qeydiyyat nişanlı, Hyundai Accent markalı avtonəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Xəzər rayon DYPŞ tərəfindən təqdim olunmuş sənədlərə əsasən **-SH-*** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtonəqliyyat vasitəsinin sürücüsü təqsiri olan şəxs, **-LM-*** dövlət qeydiyyat nişanlı, “Toyota-Prius C (hibrid)” markalı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi və sürücüsü isə zərərçəkən qismində tanınmışdır. **-SH-*** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtonəqliyyat vasitəsi icbari sığorta üzrə "xxxx" ASC-də, **-LM-*** dövlət qeydiyyat nişanlı, “Toyota-Prius C (hibrid)” markalı avtonəqliyyat vasitəsi icbari sığorta üzrə "xxxx" ASC-də sığortalanmışdır. Zərərçəkən-**-LM-*** dövlət qeydiyyat nişanlı, “Toyota-Prius C (hibrid)” markalı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı öz icbari sığortaçısına "xxxx" ASC-yə müraciət etmişdir. **-LM-*** dövlət qeydiyyat nişanlı, “Toyota-Prius C (hibrid)” markalı avtonəqliyyat vasitəsi servisə yönləndirilmiş, qiymətləndirmə həyata keçirilmiş, dəymiş zərər 550 manat məbləğində müəyyən edilmişdir. İddiaçı zərərin miqdarı ilə razılaşmamış, müstəqil ekspertiza təyin olunmuş, məhz onun seçdiyi müstəqil ekspert tərəfindən qiymətləndirmə həyata keçirilmiş, dəymiş zərər 670 manat məbləğində müəyyən edilmişdir. Odur ki, hazırki stiuasiyada İddiaçı məhkəməyə müraciət edərək 1750 manat məbləğində zərərin dəydiyini iddia etməsi tamamilə əsassızdır. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə etdiyini bildirərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, PPA********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumata əsasən **-LM-*** dövlət qeydiyyat nişanlı, “Toyota-Prius C (hibrid)” markalı avtonəqliyyat vasitəsi sığortalı İddiaçı tərəfindən sığortaçı "xxxx" ASC-də sığortalanmışdır. 8.Mülki işin materiallarında olan "xxxx" ASC-nin sifarişi əsasında müstəqil sığorta eksperti tərəfindən verilən müstəqil ekspert rəyinə əsasən **-LM-*** dövlət qeydiyyat nişanlı, “Toyota-Prius C (hibrid)” markalı avtonəqliyyat vasitəsinə dəyən zərər 670 manat həcmində qiymətləndirilmişdir. 9.Mülki işin materiallarında olan “Hybrid Servis” tərəfindən verilən avtomobilin qüsur aktına əsasən **-LM-*** dövlət qeydiyyat nişanlı, “Toyota-Prius C (hibrid)” markalı avtonəqliyyat vasitəsinə dəyən zərər 1335 manat həcmində qiymətləndirilmişdir. 10.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 332310 nömrəli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən “Toyota Prius (hibrid) C“ markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri 40 manat, zəhmət haqqı 510 manat olmaqla dəyən zərər cəmi 550 manat olaraq qiymətləndirilmişdir. 11.Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 43- 373/2025 nömrəli ekspertiza rəyinə əsasən 13 oktyabr 2024-cü il tarixdə baş vermiş hadisə nəticəsində “Toyota Prius (hibrid)” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa işlərinə ümumi 1.233 manat vəsait tələb olunur. Xidmət haqqı "xxxx" MMC-nin taarif cədvəlinə müvafiq olaraq 300 manat təşkil edir. 12.Mülki işin materiallarına həmçinin, “Toyota Prius (hibrid)” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkilləri və flaşkart əlavə edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 13.Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixli icbari sığorta müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan “Toyota Prius (hibrid)” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh sığorta şirkətində sığortalanmışdır. xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəymişdir. İddiaçı dəymiş zərərin ödənilməsi ilə bağlı sığorta şirkətinə müraciət etmiş, keçirilən ekspertiza nəticəsində təyin edilən məbləğlərlə razılaşmayan iddiaçının özü tərəfindən müstəqil ekspert rəyi əldə edilmişdir. 14.Hazırda iddiaçı, avtomobilinə dəymiş zərərin əvəzi olaraq ümumilikdə 1750 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 15.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 897.1-ci maddəsinə əsasən icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur; 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır; 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir; 926-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir; 935.1, 935.1.4-cü maddələrinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: - Sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 16.“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun: 18.1-ci maddəsinə əsasən Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. 52-1.1-ci maddəsinə əsasən aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yolnəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir: 52-1.1.1. zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; 52-1.1.2. yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. 52-1.2-ci maddəsinə əsasən zərərçəkənin bu Qanunun 52-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tələb irəli sürməsi onu zərərvurana qarşı zərərin sığorta məbləğindən artıq hissəsinin ödənilməsi tələbi ilə çıxış etmək hüququndan məhrum etmir. 56.1-ci maddəsinə əsasə üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. 17.İşdən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan “Toyota Prius (hibrid)” markalı, **- LM-*** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" ASC-də sığorta etdirmiş, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəymişdir. Dəymiş ziyanın ödənilməsi ilə əlaqədar iddiaçı tərəfindən sığorta şirkətinə müraciət edilsə də, dəymiş zərərin məbləği ilə bağlı tərəflər arasında razılıq əldə edilmədiyindən hər hansı bir müsbət nəticə əldə etmək mümkün olmamış və iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 18.Məhkəmə hesab edir ki, İddiaçı, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (yol-nəqliyyat hadisəsinin baş verməsi) baş verdiyindən və bunun nəticəsində maddi zərər çəkdiyindən, hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 19.Hazırda tərəflər arasında mübahisə sığorta ödənişinin məbləği ilə əlaqədardır. Belə ki, iddiaçı baş vermiş sığorta hadisəsi nəticəsində ona məxsus avtomobilə 1.750 manat ziyan dəydiyini iddia edir, cavabdeh isə buna etiraz edərək dəymiş ziyanın 550 manat təşkil etdiyini bildirir. Qeyd edilən fikir ayrılığını araşdırmaq məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilərək keçirilmiş, xx.xx.2025-ci il tarixli, 43-373/2025 nömrəli rəyə əsasən “Toyota Prius (hibrid)” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər 1.233 manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçıya məxsus avtomobilə iddiaçının iddia etdiyi kimi 1.750 manat deyil, 1.233 manat ziyan dəymişdir. 20.Məhkəmə rəyi vermiş ekspertin xüsusi biliyinin olduğunu və rəydə müəyyən edilmiş məbləğin işin digər halları ilə uyğunluq təşkil etməsini nəzərə alaraq, həmin rəylə razılaşır və cavabdehdən sığorta müqaviləsi üzrə 1.233 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulmasını işin hallarına uyğun sayır. 21.Qeyd edilən rəyin mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Belə ki, məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş sual üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. 22.Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili də nəzərə alınaraq məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 23.Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. 24.Beləliklə də məhkəmə hesab edir ki, iş üzrə əldə edilmiş xx.xx.2025-ci il tarixli, 43- 373/2025 nömrəli ekspert rəyi iş materiallarında olan digər sübutlara münasibətdə daha obyektiv və mötəbər hesab edildiyindən həmin ekspert rəyi əsas götürülməklə iddia tələbi qismən təmin edilməli, “Toyota Prius (hibrid)” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin 1.233 manat məbləğində olduğu müəyyən edilməli və dəymiş zərərin əvəzi olaraq 1.233 manat cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 25.Həmçinin, iddia tələbi qismən (70% təmin edilib) təmin edildiyindən, ekspertiza xərcinin 210 (iki yüz on) manatı cavabdeh "xxxx" ASC-dən, 90 (doxsan) manatı isə İddiaçı tutularaq "xxxx" MMC-nin VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: Kapital Bank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX hesabına ödənilməlidir. 25.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 26.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən “Toyota Prius (hibrid)” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 1.233 (min iki yüz otuz üç) manat məbləğində sığorta ödənişi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərcinin 210 (iki yüz on) manatı cavabdeh "xxxx" ASC-dən, 90 (doxsan) manatı isə İddiaçı tutularaq "xxxx" MMC-nin VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: Kapital Bank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar