Məhkəmə qərarları › İş №2(006)-1224/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1224/2022

03.02.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1224/2022 03.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2017-ci ilin sentyabr ayında iddiaçı "xxxx" ASC-nin Bakı şəhərinin Nərimanov rayonunun Xətai prospektində yerləşən Baş idarə ilə kredit müqaviləsi bağlamışdır. Müqavilə 10.000 manat məbləğində 36 ay müddətinə bağlanmışdır. İddiaçı "xxxx" ASC-nin daimi müştərisi olmuşdur. İddiaçı uzun illərdir Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində qulluq etmişdir. Ali təhsilli, mayon rütbəsindədir. Dövlət mükafatına layiq görülmüşdür. "xxxx" ASC-nə dəfələrlə bildirmişdir ki, bağlanan kredit müqaviləsi qanunvericiliyə ziddir. İlk dəfə iddiaçı bu barədə yazılı olaraq 2017-ci ilin oktyabr ayında bildirmişdir. Həmin vaxt xahiş etmişdir ki, artıq bağlanmış və hüquqi qüvvəsinə minmiş bank institutu ilə müqavilə qanunvericiliyin tələbinə ziddir və müqaviləni yenidən tərtib edərək imzalanmması daha məqsədəmüvafiqdir. Bank təşkilatı onun təkliflərinə heç bir münasibət bildirməmişdir. İddiaçı kredit müqaviləsinə heç bir münasibət bildirməmişdir. İddiaçı kredit müqaviləsinə əsasən 3 ay ərzində vaxtlı-vaxtında ödəyirdi. Sonra "xxxx" ASC bğlanmışdır. İddiaçının kredit ödənişini heç kim qəbul etmirdi. Çox qəribə haldır ki, kredit götürən şəxs krediti ödəmək istəyir, lakin ödəyə bilmir. Sonra 24.06.2019-cu il tarixdə iddiaçı həbs olunmuşdur və onsuzda ləğv olunmuş bank təşkilatına krediti ödəyə bilmədiyi vəziyyət yeni yaranmış hüquqi statusda ödəmə imkanlarını daha da məhdudlaşdırmışdır. İddiaçı Əmanətlərin Sığortalanması Fonduna da müraciət etmişdir, lakin oradan da heç bir cavab gəlməmişdir. Hazırda "xxxx" ASC ilə bağladığı kredit müqaviləsi mövcud deyil, telefon birinin mövcud olmadığı və etibarsız hesab edilməlidir. "xxxx" ASC bağlanandan sonra səlahiyyətlər Əmanətlərin Sığortalanması Fonduna keçmiş və "xxxx" ASC ləğv proeində olan "xxxx" ASC hüquqi statusunu almışdır. Baş vermiş hüquqi hadisə kredit müqaviləsinin tərəflərdən birinin mövcud olmamasına gətirib çıxartmışdır. Qüvvədə olan qanunvericiliyin tələbinə əsasən ikitərəfli müqavilənin bir tərəfi olmadığı halda müqavilə etibarsız hesab edilir. Həmçinin qarşı tərəf olan "xxxx" ASC-nin hüquqlarının təmsil edən və səlahiyyətlərini həyata keçirən təşkilatın və ya fiziki şəxsin təmsilçiliyi barəsində də iddiaçıya qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hər hansı bir sənəd təqdim edilməmişdir. İddiaçı mülki qanunvericiliyə əsasən ləğv prosesində olan "xxxx" ASC-nin səlahiyyətlərini həyata keçirən Əmanətlərin Sığortalanması Fonduna bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsini ünvanladığı pretenziyada təklif etmişdir. Həmçinin həmin pretenziyada ləğv prosesində olan "xxxx" ASC-nin səlahiyyətlərini həyata keçirən Əmanətlərin Sığortalanması Fondu ilə yeni kredit müqaviləsinin imzalanması təklif etmişdir. Pretenziya 24.06.2021-ci il tarixdə ləğv prosesində olan "xxxx" ASC-nin səlahiyyətlərini həyata keçirən Əmanətlərin Sığortalanması Fonduna göndərilmişdir. Pretenziyada göstərilən təkliflərin qəbul edilməsi və ya rədd edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Həmin gündən artıq 20 gün keçmiş və heç bir cavab gəlməmişdir. "xxxx" ASC-nin bağlanması və sonradan ləğv prosesində olması, həmçinin iddiaçının həbs olunması şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir və müqavilə, xüsusilə kredit müqaviləsi AR Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən ləğv edilməlidir. Göstərilənlərə əsasən "xxxx" ASC ilə 2017-ci ilin sentyabr ayında bağladığı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

4. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir, lakin məhkəməyə ərizə ünvanlayaraq iddia ilə bağlı izahatını bildirmiş və iddia tələbini təmin olunaraq onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılması xahiş edilmişdir.

6. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Belə ki, işin materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 12.09.2017-ci il tarixli 003869 nömrəli Bank Xidmətləri Müqaviləsinə 5 saylı (KM008T********) 12.09.2017-ci il tarixli Əlavədən görünür ki, bank tərəfindən İddiaçı 36 ay müddətinə, illik 30%-lə 10.000 manat məbləğində kredit verilmişdir.

9. İş üzrə İddiaçı tərəfindən ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış 18.06.2021-ci il tarixli pretenziyanın surətindən görünür ki, o, ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna onunla yenidən kredit müqaviləsinin imzalanmasını təklif etmiş və onun təklifini 10 gün müddətində qəbul edərək icra edilməsini xahiş etmişdir. 10 .İş materiallarında olan ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış 14.07.2021-ci il tarixli məktubun surətindən görünür ki, ləğv prosesində olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 12.09.2017-ci il tarixli KM008T09170007S01 saylı kredit müqaviləsi üzrə ona 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Ləğv prosesində olan "xxxx" ASC qarşısında 12.09.2017-ci il tarixli KM008T09170007S01 saylı kredit müqaviləsi üzrə 05.07.2021-ci il tarixinə bank əməliyyat sistemində 9461,91 manat məbləğində əsas, 10.099,72 manat məbləğində faiz, 5552,88 manat cərimə borcu olmaqla 25114,51 manat məbləğində borc öhdəliyi mövcuddur. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 12.09.2017-ci il tarixli kredit müqaviləsi hal-hazırda qüvvədədir və borcun ödənilməsi tövsiyə olunur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Məhkəmə iclasında müəyyən olundu ki, hazırda iddiaçı 12 sentyabr 2017-ci il tarixli kredit müqaviləsini mübahisələndirərək bunu qeyd edir ki, həmin kredit müqaviləsinə əsasən 3 ay ərzində ödəniş etmiş, sonra bank bağlanmış və o, kredit borcunu ödəmək istəyəndə onun kredit ödənişləri heç kim qəbul etməmişdir. İddiaçı kredit müqaviləsinin yenidən tərtib edilməsini banka təklif etsə də, bank tərəflər arasında bağlanmış kredit müqaviləsinin qüvvədə olmasını və iddiaçının banka cəmi 25.114,51 manat borcun olmasını göstərilmişdir. Hazırda iddiaçı həmin kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bi.lərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 13 .Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.

14. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

15. Göründüyü kimi, iddiaçı etibarsız hesab etdiyi kredit müqaviləsini bankla könüllü şəkildə bağlamış, iddiaçı müqavilə şərtləri ilə razılaşdığını öz imzası ilə təsdiq etmiş, bununla da, öz iradə ifadəsini açıq surətdə bəyan etmişdir.Həmçinin mübahisəli kredit müqaviləsi hal-hazırda qüvvədədir və həmin kredit müqaviləsi üzrə Banka olan borc ödənilməmişdir.

16. Məhkəmə həmçinin qeyd edir ki, qeyd olunan bank tam ləğv olmamış, ləğv etmə prosesinə düşmüşdür ki, bu anda onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu müəyyən edilmişdir. X1 isə hazırda hüquq qabiliyyətinə malik olmaqla borclulardan kredit vəsaitlərinin yığılmasını həyata keçirdir.

17. Beləliklə, tərəflər arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı qanuni əsas mövcud olmamış, iddiaçının kartına tutma isə onun ərizəsinə və müqavilənin şərtlərinə uyğun olaraq yönəldilmişdir.

18. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri).

19. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

20. Göründüyü kimi, qanunverici tərəfindən əqdin etibarsız hesab edilməsi əsasları subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnifləşdirilmişdir. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricən düzgün ifadə olunmamasını ehtiva edir. Bu baxımdan, məhkəmə qeyd edir ki, hər hansı əqdin (o cümlədən kredit kartı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu və bu iradənin doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir.

21. Hazırkı halda iddiaçı qanunverici tərəfindən müəyyən edilmiş əqdin etibarsızlığı hallarından hər hansı birinin mövcudluğuna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, məsələyə sübutetmə yükü aspektindən yanaşdıqda sözügedən halların sübut edilməsi hazırkı mülki işdə məhz iddiaçının üzərinə düşür.

22. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12 mart 2020-ci il tarixli qərarında qeyd olunmmuşdur ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir.

23. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir.

24. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

25. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

26. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir:

27. - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir;

28. - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir;

29. - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır;

30. - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.

31. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır.

32. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

33. Məhkəmə xüsusilə vurğulayır ki, hətta mübahisə predmeti olan kredit müqavilələsi iddiaçının qeyd etdiyi əsaslar səbəbilə etibarsız olsaydı belə, iddiaçı tərəfindən bu əqdin etibarsızlığını mübahisələndirmə müddəti ötürüldüyündən, tələb rədd edilməlidir.

34. Çünki, Mülki Məcəllənin 354.1-ci və 354.2-ci maddələrinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

35. İddiaçı, əqdin əhəmiyyətsiz əqd olduğuna, istinad etdiyindən, həmin tələbə MMnin 354.1-ci və 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddət şamil edilir. Həmin müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. Hazırki işin hallarından və tərəflərin izahatlarından belə məlum olur ki, iddiaçı mübahisə predmeti olan kredit müqaviləsi bağlanarkən öz hüquqlarının pozulduğunu bilməli idi.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə 15 aprel 2011-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur.

37. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

40. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir.

41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar