Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1231/2021 16.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «sığorta ödənişinin, digər xərclərin tutulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «sığorta ödənişinin, digər xərclərin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.000 manat sığorta ödənişi məbləği, 500 manat işlərin görülməsi xərcləri və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.530 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X3 arasında 30.07.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və «Mercedes Benz ML270 CDİ» markalı ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobili sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 08.04.2019-cu il tarixdə «Mercedes Benz ML270 CDİ» markalı ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri Nobel prospektində yol-nəqliyyat hadisəsi törətmiş və «Hyundai Matrix» markalı ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 5.000 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yolnəqliyyat hadisəsi ilə bağlı Xətai RPİ DYPŞ-dən ünvanlarına 13.04.2019-cu il tarixli AP0102116 saylı inzibati xəta haqqında protokol daxil olmuş, həmin protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Xətai RPİ DYPŞ-nin təqdim etdiyi 01.05.2019-cu il tarixli 101-16418 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt «Mercedes Benz ML270 CDİ» markalı ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi qeyd olunmuşdur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.2-ci, 25.2-ci maddələrinə və Mülki Məcəllənin bir sıra maddi hüquq normalarına istinad edən iddiaçı qeyd etmişdir ki, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 5.000 manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Bildirirlər ki, iddiaçı tərəfindən Cavabdeh ünvanına 08.10.2020-ci il tarixli AS-SHTD-20/278 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək iddiaçıya ödənilməmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, nümayəndələrinin üzürlü səbəbdən məhkəmə iclasına gələ bilmədiyini qeyd etmiş, məhkəmədən mülki işə nümayəndənin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" ASC ilə X3 arasında 30.07.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə «Mercedes Benz ML270 CDİ» markalı ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İcbari sığorta müqaviləsi 1 il müddətinə, 04.08.2018-ci il tarixdən 04.08.2019-cu il tarixədək bağlanmışdır. Cavabdeh 08.04.2019-cu il tarixdə «Mercedes Benz ML270 CDİ» markalı ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri Nobel prospektində yolnəqliyyat hadisəsi törətmiş və «Hyundai Matrix» markalı ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. 15 may 2019-cu il tarixdə yuxarıda qeyd olunan, baş vermiş yol-nəqliyyat hadisəsi barədə sığorta aktı tərtib olunmuşdur. Ziyan aktında göstərilən zərərin aradan qaldırılması üçün "xxxx" ASC 16 may 2019cu il tarixli 007568 saylı ödəniş tapşırığı üzrə 5.000 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. 13.04.2019-cu il tarixdə tərtib olunmuş AP seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Cavabdeh barəsində tərtib olunmuş MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda onun avtomobili idarə edərkən içkili vəziyyətdə olduğu qeyd edilmişdir. Bakı şəhər BPİ Xətai RPİ-nin "xxxx" ASC-yə təqdim etdiyi 01.05.2019-cu il tarixli 101-16418 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmişdir. Göründüyü kimi, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir və iddiaçının subroqasiya qaydasında tələb hüququ yaranmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2021-ci il tarixli 9/2209 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin, X1 və "xxxx" MMC-nin təqdim etdiyi qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2009-cu il buraxılışlı «Hyundai Matrix» markalı ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 3.422 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. 26.05.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2.000 manat pul vəsaiti ödənilmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında təsdiq olundu ki, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmiş və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən maddənin mənasına görə zərərin əvəzini ödəmək vəzifəsi yalnız bir nəfərin, yəni yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxsin üzərinə qoyula bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərini rəhbər tutaraq və iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, Cavabdeh oğlundan vurulmuş 3.422 manat məbləğində zərərin ödənilməmiş hissəsi olan 1.422 manat və ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait müştərək qaydada iddiaçı "xxxx" ASC və Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Vurulmuş 3.422 (üç min dörd yüz iyirmi iki) manat məbləğində zərərin ödənilməmiş hissəsi olan 1.422 (bir min dörd yüz iyirmi iki) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait müştərək qaydada iddiaçı "xxxx" ASC və Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. (X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-1231/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1231/2021
16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver