Məhkəmə qərarları › İş №2(006)-1232/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1232/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1232/2021 07.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi ilə İddiaçı AAA-nin cavabdeh BBB-a qarşı "pulun tutulması" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı AAA cavabdeh BBB-a qarşı "pulun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, AAA ilə X7 arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “BMW 728” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh BBB xx.xx.2019-cu il tarixdə “BMW 728” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı Saray-Xırdalan yolunda yol-nəqliyyat hadisəsi törətmiş və “Chevrolet Cobalt” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün AAA 600,00 (altı yüz) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Abşeron RPİ DYPŞ-nin “xxxx” ASC-yə təqdim etdiyi xx.xx.2019-cu il tarixli. 128-54131-1219 saylı Arayışa əsasən cavabdeh BBB yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Hadisə ilə bağlı iddiaçıya təqdim olunmuş cavabdeh BBB-a məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, cavabdeh BBB “BMW 728” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili Gürcüstan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə etmişdir. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh BBB yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “BMW 728” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq sürücülük vəsiqəsi olmadan idarə etmişdir. İddiaçı tərəfindən cavabdeh BBB-un ünvanına xx.xx.2020-ci il tarixli, AS-SHTD-20/249 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək iddiaçıya ödənilməmişdir. Göstərilənlərə əsasən 600,00 (altı yüz) manat sığorta ödənişi məbləğinin, 1 400,00 (bir min dörd yüz) manat işlərin görülməsi xərcinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 2 030,00 (iki min otuz) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı AAA-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı AAAnin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, iş yükü ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiklərini və bununla əlaqədar işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh BBB məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən işə həmçinin, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki,iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, xx.xx.2018-ci il tarixli PAA********** №-li müqavilə ilə sığortalı X7 tərəfindən “BMW 728” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobil AAA-də icbari sığorta növündə sığortalanmışdır. xx.xx.2019-cu il tarixli sığorta aktının surətindən görünür ki, sığortalı X7 tərəfindən sığortalanmış “BMW 728” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2019-cu il tarixində “CHEVROLET COBALT” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur və nəticədə sığorta hadisəsi baş vermişdir. Həmin aktdan görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “CHEVROLET COBALT” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 600 manat təşkil edir, AAA tərəfindən ödənilmiş sığorta ödənişinin məbləği 600 manat təşkil etmişdir. DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş № TP ******* saylı xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, BBB idarə etdiyi “BMW 728” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. xx.xx.2019-cu il tarixli, 012983 №-li ödəniş tapşırığından görünür ki, AAA tərəfindən X3 hesabına 600 manat pul köçürülmüşdür. İş materiallarından gürünür ki, cavabdeh BBB nəqliyyat vasitəsini Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş, ** OB ***975 seriyalı sürücülük vəsiqəsi ilə idarə etmişdir. Bakı şəhəri 14 saylı Notariat Ofisindən daxil olan xx xxxx 2021-ci il tarixli, 810 nömrəli məktuba əlavə edilmiş notariat işlərindən görünür ki, “BMW 728” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı BBB-a xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə nəqliyyat vasitəsinin idarə olunmasına dair etibarnamələr verilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətindən daxil olan xx.xx.2021-ci il tarixli, 33/1014 nömrəli məktubdan görünür ki, BBB-un 2010, 2011, 2012, 2013 və 2016-cı illərdə dövlət sərhədindən çıxışı və girişi olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X2 mülkiyyətində olan, BBB-un istifadəsində olan və AAA tərəfindən icbari sığortalanmış “BMW 728” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti olmadan idarə edərkən cavabdeh BBB yol hərəkəti qaydalarını pozaraq, X5 məxsus olan, X3 istifadəsində olan “CHEVROLET COBALT” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən X6 dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmişdir. Hazırda isə sığorta şirkəti sığorta aktına əsasən ödədiyi 600 manat məbləğində pulun və çəkilmiş xərclərin subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Göründüyü kimi yol-nəqliyyat hadisəsi vaxtı cavabdeh BBB yüksək təhlükə mənbəyi olan “BMW 728” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti olmadan idarə etmişdir. Belə ki, BBB-a ** OB ***975 seriyalı sürücülük vəsiqəsi Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən xx.xx.2010-cu il tarixdə verilmişdir. Həmin tarixdən sonra BBB ölkə ərazisinə daxil olduğu vaxtdan uzun müddət keçməsinə baxmayaraq, sürücülük vəsiqəsini müəyyən edilmiş qaydada dəyişdirməmiş və bu səbəbdən ölkə ərazisində həmin sürücülük vəsiqəsi əsasında nəqliyyat vasitələrini idarə etmək hüququnu itirmişdir. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobili idarə etmək səlahiyyəti olmayan BBB tərəfindən idarə edildiyindən, habelə, BBB-un DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş № TP ******* saylı xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokola əsasən təqsirli olması sübuta yetirildiyindən həmin mənbənin vurduğu zərərə görə BBB məsuliyyət daşımalıdır. Odur ki, qeyd olunan əsaslara görə AAA-nin subroqasiya hüququ yaranmışdır və 600 (altı yüz) manat sığorta ödənişini geri tələb etməkdə haqlıdır. Eyni zamanda, iddiaçı tərəfindən işlərin görülməsi xərcinə görə əlavə olaraq 1400,00 (bir min dörd yüz) manat məbləğində pul tələb edilməsi üçün əsas iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamışdır. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan həmin hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin olunduğundan, məhkəmə xərcləri də (iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilən dövlət rüsumu) həmin nisbətdə tərəflərə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 600 (altı yüz) manat sığorta ödənişi məbləğinin və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manatın 10 (on) manatı, cəmi 610 (altı yüz on) manat məbləğində pul cavabdeh BBB-dan tutularaq iddiaçı AAA-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh BBB-dan subroqasiya hüququ əsasında 600 (altı yüz) manat sığorta ödənişi məbləğinin və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manatın 10 (on) manatı, cəmi 610 (altı yüz on) manat məbləğində pul tutularaq iddiaçı AAAnə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar