Məhkəmə qərarları › İş №2(006)-1240/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1240/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1240/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qarabağ döyüşlərində Şəhid olmuş oğlu hərbi qulluqçu Əsgərxanov Seymur Şahsuvar oğluna görə 11.000 manat məbləğində birdəfəlik sığorta ödənişinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, oğlu Əsgərxanov Seymur Şahsuvar oğlu 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və Şəhid olmuşdur. O, Füzuli Rayon Məhkəməsinin 27 iyıın 1994-cü il tarixli qətnaməsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilmiş, Sumqayıt şəhər məhkəməsinin 16 aprel 2007-ci il tarixli qətnaməsi ilə ölmüş elan edilmişdir. İddiaçı və onun həyat yoldaşı xəstə olduqları üçün vərəsəliklə bağlı sənədlərin toplanılmasına görə X1 etibarnamə vermişlər və həmin şəxs onların adından etibarnamə ilə çıxış edərək xx.xx.2007-ci il tarixdə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməni alsa da, onlar şəhid ailəsinin üzvlərinə çatası 11000 manat məbləğində pulu almamışdılar. Vərəsəliklə bağlı toplanan sənədlər cavabdeh təşkilata təqdim olunmuş və həmin vaxt sığorta ödənişi ilə bağlı dövlət səviyyəsində göstərişin olmadığı bildirilmiş və bu illər ərzində heç bir vəsait ödənilməmişdir. İddiaçı sığorta ödənişinin ödənilməsinin AR ƏƏSMN-nin üzərinə qoyulması barədə iddia ilə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin iş üzrə cavabdeh 3-cü şəxs qismində cəlb olunmuş və həmin vaxt guya sığorta ödənişinin xx.xx.2007-ci il tarixdə onlara ödənildiyini bildirmişdir. Lakin cavabdeh onun, həyat yoldaşının və yaxud da buna səlahiyyəti olan hər hansı bir nuümayəndənin imzası olan ödəniş sənədini təqdim etməmiş və bunu həmin sənədlərin vaxtının keçməsi səbəbindən məhv edilməsi ilə izah elmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası sığorta müqaviləsinə əsasən həyata keçirilir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında üçüncü şəxsin, yəni sığorta olunanın (faydalanan şəxsin) xeyrinə bağlanır və həmin müqavilədə sığorta olunan (faydalanan şəxslər) barədə məlumatlar, sığortalının və sığortaçının vəzifələri və məsuliyyəti, sığorta olunan şəxsə sığorta Ödənişinin verilməsi qaydası, habelə sığortalı tərəfindən sığorta haqlarının ödənilməsi qaydası və s. öz əksini tapır. Müvafiq icra hakimiyyəti orqanı ilə müqavilə bağlayaraq sığortaçı sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda, sığorta olunana (faydalanan şəxsə) qanunvericiliklə müəyyən olunmuş sığorta ödənişini vermək öhdəliyini öz üzərinə götürür. Sığortaçının bu öhdəliyi mülki hüquq müqaviləsindən irəli gəlsə də, o, sığorta ödənişini edərkən sığorta olunanla (faydalanan şəxslə) münasibətlərdə dövlətin adından çıxış edir, Konstitusiyadan irəli gələn həmin şəxslərin həyatına və yaxud saglımlığına vurulmuş zərərə görə dövlətin kompensasiya ödəmək vəzifəsini həyata keçirərək, həm də publik funksiyanı yerinə yetirir. Sığortaçının bu funksiyanı öz üzərinə götürməsi sığortalını müqavilə üzrə öhdəliklərini yerinə yetirmək, dövləti isə həmin xərclərin lazımi qaydada maliyyələşdirilməsini təmin etmək vəzifəsindən azad etmir. İddiaçının oğlu 1994-cü il tarixli qətnamə ilə hərbi əməliyyatlar zamanı itkin düşmüş, 2007-ci il tarixli qətnamə ilə isə ölmüş elan olunmuşdur, bu halda Şəhid ailə üzvünə hesablanan kompensasiyanın - 11000 manat məbləğində vəsaitin tələbi ilə bağlı cavabdeh təşkilata qarşı ümumi məhkəmə qaydasında iddia qaldırılmalıdır. Cavabdeh tərəfindən iddiaya etirazın əsasları: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.01,2023-cü il tarixli, 2(103)- 888/2023 nömrəli Qətnaməsinin 38-43-cü bəndlərində qeyd olunur; "38. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, 1997-ci ii avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş yə hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat məbləğində birdəfəlik ödəmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilməlidir. Belə ki, yuxanda istinad olunan Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanından görünür ki, 1997-ci ii avqustun 2-də "Hərbi qulluqçuların dövlət icbari soxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvə və mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və va xəsarət alması zamanı sığorta ödənişlərinin veritməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə: bağlı malivvə təminatı məsələsi həli edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, hərbi qulluqçuların həlak olması, itkin düsməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza məhz xx.xx.1997-ci il tarixdə formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və "Hərbi qulluqçuların dövlət icbari səxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır, iddiaçının oğlunun həlak olması həmin Qanunun təsiri dairəsinə düşmədiyinə görə də sözügedən Qanunun tətbiqindən əvvəl baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişlərinin verilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır. Ona görə ki, Azərbaycan Respublikası Prezidentinin 18 may 2021-ci il tarixli 1340 nömrəli Fərmanının 2.7-ci bəndində dövlət İcbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ plan şəxslərdən bəhs edilir ki, həmin şəxslərin dairəsi, onların hüquq və vəzifələri yuxarıda göstərilən Qanunla tənzimlənir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli fərmanı ilə sığorta ödənişi deyil, birdəfəlik ödəmənin verilməsi qərara alınmışdır. İstinad olunan qanunvericiliyə və mövcud məhkəmə təcrübəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları ilə Şirkət arasında icbari şəxsi sığorta fəaliyyətinin həyata keçirilməsinin əsasını təşkil edən icbari sığorta müqavilələri Qanunun qüvvəyə minməsindən sonra bağlanmağa başlandığına görə və dolayısı ilə iddiaçının oğlu, mərhum Əsgərxanov Seymur Şahsuvar oğlunun xidmətdə olarkən itkin düşdüyü dövrdə - 1993-cü ildə İcbari şəxsi sığorta fəaliyyəti həyata keçirilmədiyindən, hərbi xidmət zamanı sonuncunun həyat və sağlamlığı icbari şəxsi sığorta edilməmişdir. Qeyd edilənlərə əsasən cavabdeh tərəf iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 etiraza uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Füzuli rayon Hərbi Komisarlığının 4-cü şöbəsi tərəfindən verilmiş 4/45 saylı, xx.xx.2007-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Əsgərxanov Seymur Şahsuvar oğlu xx.xx.1993-cü il tarixdə hərbi xidmət keçən zaman itkin düşmüş, xx.xx.2007-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 2-2019 saylı qətnaməsi ilə S. Əsgərxanov ölmüş elan edilərək, qətnamənin qanuni qüvvəyə mindiyi gün, yəni 17 may 2007-ci il tarix onun ölüm günü kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş /əlavə və dəyişiklərlə/ “Şəhid adına əbədilməşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Qərarın tələblərinə uyğun olaraq 1972-ci il təvəllüdlü Əsgərxanov Seymur Şahsuvar oğlu şəhid sayılmış və atası Əsgərxanov Şahsuvar Əsgərxan oğlu, anası İddiaçı şəhid ailəsi hesab edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2-2019 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən 27 dekabr 1972-ci ildə doğulmuş Əsgərxanov Seymur Şahsuvar oğlunun ölmüş elan edilməsi, qətnamə qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılması qət edilmişdir. Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1972-ci ildə verilmiş İ-ЖГ seriyalı, 480100 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əsgərxanov Seymur Şahsuvar oğlu xx.xx.1972-ci il tarixdə doğulmuşdur. Şəhadətnamədə atasının Əsgərxanov Şahsuvar Əsgərxan oğlu, anasının isə İddiaçı olduğu müəyyən edilmişdir. Sumqayıt şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş, AZ-İ serialı, 252431 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əsgərxanov Seymur Şahsuvar oğlu xx.xx.2007-ci il tarixində ölmüş və bu barədə akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 826 nömrə ilə qeyd edilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2007-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci ildə vəfat etmiş Əsgərxanov Seymur Şahsuvar oğlunun vərəsələri atası Əsgərxanov Şahsuvar Əsgərxan oğlu və anası İddiaçı müəyyən edilmişdir. Şəhadətnamə üzrə miras əmlakı Dövlət Sığorta Agentliyində olan sığorta pulu olduğu qeyd edilmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Əsgərxanov Seymur Şahsuvar oğlu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən ölmüş elan edilmişdir. Həmin qətnamə əsasında Əsgərxanov Seymur Şahsuvar oğlunun 1992-ci ilin aprel ayında həqiqi hərbi xidmətə getdiyi, xx.xx.1993-cü ildə Gövşadlı kəndi uğrunda gedən döyüşlərdə xəbərsiz itkin düşdüyü, həmin tarixdən bu günədək 30 ilə yaxın müddət keçməsinə baxmayaraq onun haqqında hər-hansı məlumatın əldə edilmədiyi müəyyən olunmuşdur. X2 Şahsuvar oğlunun həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman ölməsi halı işin mübahisələndirilməyən halıdır. Hazırda iddiaçı oğlu Əsgərxanov Seymur Şahsuvar oğluna görə 11.000 manat məbləğində birdəfəlik sığorta ödənişinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək, hazırki mülki iş üzrə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin subyektiv cavabdehlik daşımadığına istinad etmişdir. Hazırki tələblə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə cavabdeh kimi qoyulmuş orqanın - Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin bu iddia üzrə cavabdehlik daşımalı olub-olmadığı müəyyən edilməlidir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci hissəsinə əsasən birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Həmin Fərmanın 4-cü hissəsinə əsasən Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 2.7-ci və 2.8-ci hissəsinə görə dövlət icbari şəxsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təstiq edən sənədlərin tarixi 2021-ci ilin yanvarın 1-dən əvvələ aid dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxlərə sığorta ödənişi Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən, sığorta hadisəsi hesab edilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2020-ci il dekabrın 31dən sonraya aid olan dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişini almaq hüququ olan şəxlərə sığorta ödənişinin həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən Dövlət Sosial Müdafiə Fondu tərəfindən təmin edilir. Sadalanan qanun normalarının tələbinə görə, 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçulara birdəfəlik ödəmələr Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən, həmin tarixdən sonra, yəni dövlət icbari şəxsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci ilin yanvarın 1-dək olan kateqoriya şəxslərə birədəfəlik sığorta ödənişinin Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən, adı çəkilən sənədin tarixi 2020-ci ilin dekabrın 31-dən sonraya aid şəxslərə isə sığorta ödənişi 2022-ci il yanvarın 1-dən etibarən Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. Hazırkı işdə iddiaçının oğlu Əsgərxanov Seymur Şahsuvar oğlu 1993-cü il tarixində Birinci Qarabağ müharibəsində aparılan hərbi əməliyyatlar zamanı itkin düşmüş, Sumqayıt Şəhər Məhkəməsinin 2-1019-2007- saylı, xx.xx.2007-ci il tarixli qətnaməsi ilə ölmüş elan olunmuş və qətnamə qanuni qüvvəyə mindiyi gün onun ölüm günü hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti sığorta ödənişinin hesablanaraq ödənilməsi ilə bağlı iddiaçının qarşısında öhdəlik daşıyır və hazırki mülki iş üzrə əsl cavabdehdir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 151-ci maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. “Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli Azərbaycan Respublikası Qanununun sonradan edilmiş dəyişiklərlə 27-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinin a) bəndinə əsasən sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə sığorta ödənişləri sığorta məbləğinin 100 faizi nisbətlərində verilir “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanının 2-ci maddəsinə əsasən həmin dövlət sığorta orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həyata keçirir. Göründüyü kimi iddiaçının oğlu Əsgərxanov Seymur Şahsuvar oğlu hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan müvafiq qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmışdır. O, Sumqayıt Şəhər Məhkəməsinin 2-2019 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən hərbi əməliyyatla əlaqədar itkin düşdüyü və bu əməliyyatların qurtardığı gündən iki ildən artıq müddətin keçdiyi üçün ölmüş elan edilmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən məhkəmənin qənaətinə görə sığorta hadisəsi baş verdiyindən sığorta məbləğinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Dövlət Sığorta Kommersiya Şirkətinin Əsgərxanov Seymur Şahsuvar oğlunun qanun üzrə vərəsəsi olan iddiaçıya müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarının araşdırılması nəticəsində qeyd edilən məbləğin Əsgərxanov Seymur Şahsuvar oğlunun qanun üzrə vərəsələrinə verilməsi öz təsdiqini tapmamışdır (hazırki mülki iş materiallarına əsasən). Həmçinin məhkəmə qeyd edir ki, müharibə əlilləri, şəhid ailələri ölkədə sosial qayğıya ehtiyacı olan əsas təbəqələrdən biridir və hər zaman diqqət mərkəzində olublar. Onların sosial problemlərinin həlli, gündəlik həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində mütəmadi addımlar atılır. Bu, dövlət siyasətidir, ədalətli siyasətdir və yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunvericiliyin tələblərində də öz əksini tapmışdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 11.000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllə 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Nəticə hissəsi: Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 11.000 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar