Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1258/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda Qarabağda döyüşlərə Mingəçevir şəhər Hərbi Komissarlığı tərəfindən 1992-ci ilin mart ayında çağırılmışdır. Həmin vaxtdan Azərbaycan Respublikası ərazisi uğrunda erməni işğalçı ordusuna qarşı Ağdərə bölgəsində N saylı hərbi hissənin tərkibində döyüşmüş və yaralanmışdır. Döyüşdüyü müddətdə hərbi xidməti vəzifəsini yerinə yetirərkən 1993-cü ilin iyul ayında Ağdərə bölgəsində Umudlu kəndində ağır yaralanmışdır. İki aya yaxın müalicə olunmağına baxmayaraq, nəticədə Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyası tərəfindən “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarını vermişlər. 1993-cü ildən yaralı olmağına baxmayaraq, iddiaçıya qanunla verilməli olan sığorta pulu verilmir. Göstərilənlərə əsasən iddiaçının hərbi xidmət dövründə səhhətinin pozulması səbəbindən sağlamlığına dəymiş ziyanla bağlı ona hərbi qulluqçulara qanunla şamil edilən dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 01.06.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanına əsasən 02 avqust 1997-ci il tarixə kimi Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmə verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Həmin Fərmanda xəsarət və əlillik qrupu almış, xidmətə yararsız kimi tərxis olunmuş hərbi qulluqçulara birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmamışdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı həqiqi hərbi xidmət dövründə xəsarət almış olsa da, həmin xəsarətin dərəcəsi ilə bağlı hər-hansı bir sənəd işin materiallarında mövcud deyildir, eyni zamanda ona əlillik dərəcəsi təyin olunmamışdır. Belə olan halda iddiaçıda yaranmış xəstəlik “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununa əsasən sığorta hadisəsi sayılmır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1258/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1258/2022
30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver