Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-127/2022 02.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 21.000 (iyirmi bir min) manat məbləğində sığorta ödənişi və 2.289 (iki min iki yüz səksən doqquz) manat dəbbə pulunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, “Şimali” DRES 1/4045 saylı bağ evi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 18.05.2018-ci il tarixli RX ******* saylı Çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Bağ evi BB 239297 saylı 26.05.2020-ci il tarixli sığorta şəhadətnaməsi əsasında, daşınmaz əmlakın icbari sığortası qaydasında "xxxx" ASC-də sığortalanmışdır. Sığorta müqaviləsinin müddəti 1 il təşkil edir və 25.05.2021-ci il tarixdə qüvvədən düşür. 21 iyul 2020-ci il tarixdən 22-iyul 2020-ci il tarixə keçən gecə və səhərə yaxın əsən fırtına küləyi nəticəsində ona məxsus bağ evinin darvazası (dür-alüminium materiallı) yararsız vəziyyətə düşmüşdür. Şirkətə sığorta hadisəsi barəsində məlumat verdikdə müraciəti qeydiyyata alınmışdır. Bundan şirkətin mütəxəssisi bağ evinə gələrək sığorta hadisəsini qeydə almış, müvafiq foto-şəkillər çəkilmiş, onun izahatı və ərizəsi alınmışdır. Daha sonra bağ evinə qiymətləndirmə fəaliyyəti ilə məşğul olan ekspert gəlmiş və müvafiq qiymətləndirmə işi aparmışdır. Bir müddət keçdikdən sonra həmin ekspert, şirkətin Sahib adlı əməkdaşı ilə təkrarən bağ evinə gəlmişdir. Sahib adlı əməkdaş ekspertin təqdim etdiyi rəylə razı olmadıqlarını bildirərək, özünündə darvazaya baxmaq istədiyini bildirmişdir. O, darvazaya baxış keçirməyə başlamışdır. Bu zaman qapıya nə qədər ziyan dəydiyini soruşmuş, ekspert isə 11.000 manata yaxın məbləğin müəyyən edildiyini bildirmişdir. Həmin halı sığorta şirkətinin Sahib adlı əməkdaşı da təsdiq etmişdir və həmin məbləğlə razı olmadıqlarından təkrar baxışa gəldiyini bildirmişlər. Halbuki, iddiaçı bir neçə mağaza ilə maraqlanmış və hamısı bildiriblər ki, darvaza təmirə yaramadığı üçün yeni darvaza quraşdırılmalıdır. Yeni darvazanın dəyəri isə 17.000 - 21.000 manat arasında dəyişir. Şirkətin əməkdaşı tərəfindən baxış keçirilərkən darvaza sökülərək yerə qoyulmuş və darvazanın deformasiya olub-olmamasının müəyyən edilməsi üçün lazer cihazdan istifadə olunmuşdur. Yoxlama zamanı darvazanın diaqonal üzrə deformasiyaya uğradığı müəyyən olunmuşdur. Sonradan darvaza yenidən əvvəlki vəziyyətinə qaytarılmışdır. 11.08.2020-ci il tarixdə şirkətə etdiyi müraciətdən 20 gün keçdikdən sonra ona məxsus ***-***-**-** saylı mobil nömrəyə SMS gələrək darvazanın 2800 manat məbləğində qiymənləndirildiyi qeyd olunmuşdur. Xüsusi ilə nəzərə alınmalıdır ki, darvazanın materialı dür-alüminiumdur və bu cür darvazaların qiyməti yüksəkdir. Ekspertin baxış zamanı darvazanın 11.000 manat civarında dəyərləndirdiyini bildirməsinə, şirkətin əməkdaşının həmin halı təsdiqləməsinə və məhz buna görə onun baxış keçirməsini bildirməsinə baxmayaraq hazırda şirkət sığorta məbləğinin 2800 manat olduğunu bildirir. İddiaçı bu məbləğə etiraz etmişdir və qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirmə fəaliyyətinin aparılması üçün müstəqil ekspertin cəlb edilməsini xahiş etmişdir və “Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydaları”-na 7 saylı əlavə edilmiş “sığorta sahəsində yardımçı hüquqi şəxslərin və müstəqil ekspertlərin 16.07.2020-ci il tarixinə olan reyestr məlumatları”-da qeydiyyatdan keçmiş "Əmlak Ekspert Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) hüquqi şəxs olan müstəqil ekspert kimi cəlb edilməsini təklif etmişdir. Şirkət qətiyyən həmin ekspertin cəlb ediləcəyini bildirmiş və bunu onunla əsaslandırmışdır ki, şirkətin həmin ekspertlə müqaviləsi yoxdur. Bundan sonra sığorta şirkəti ona 2800 manat məbləğində sığorta ödənişi təklif etməsinə baxmayaraq, bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən verilmiş 11.08.2020-ci il tarixli məktuba əsasən, 21.07.2020-ci il tarixdə sığorta obyetinə aid ərazidə fırtına küləyi olmadığından sığorta hadisəsi baş verməmişdir. Bununla da ona sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İddiaçı etiraz edərək bildirmişdir ki, sığorta hadisəsi 21.07.2020-ci il tarixdə deyil, 22.07.2020-ci il tarixdə baş vermişdir. Buna görə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə təkrar sorğu verilməlidir, çünki sorğu düzgün verilməmişdir. Sığorta şirkəti tərəfindən təkrar sorğu verilmiş və daxil olmuş məktubda sığorta predmetinə dair ərazidə fırtına küləyinin əsməsi bildirilmişdir. Bundan sonra iddiaçı şirkətlə əlaqə saxlamış və təkrarən müstəqil ekspertin cəlb edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilən arayışa əsasən, ona məxsus bağ evinin darvazası təmirə yaramadığından, yenisi ilə əvəz edilməlidir. Yeni qapının dəyəri isə 21.000 manat təşkil edir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta ödənişinin məbləği 25.000 manat müəyyən edilmiş, darvazanın dəyəri isə 21.000 manat təşkil etmişdir. Göründüyü kimi, hesablanmış məbləğ müəyyən edilmiş sığorta ödənişi məbləğini aşmır. Daha sonra İddiaçı məhkəməyə “iddia tələbinin həcminin artırılmasına dair” yazılı ərizə təqdim edərək, cavabdeh Paşa Sığorta” ASC-dən 21.000 (iyirmi bir min) manat məbləğində sığorta ödənişinin və 14.112 (on dörd min yüz on iki) manat dəbbə pulunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iddia ərizəsinə dəqiqləşdirməni Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin göstərişinə uyğun olduğundan iddianın bu formada dəyişdirilməsini qəbul etmişdir. Məhkəmədə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı ilə "xxxx" ASC arasında Bakı şəhəri, Xəzər rayonu, Şimali Dres qəsəbəsi, 1/40- 45 bağ evi ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin sığortalanması üçün RPA ********** saylı sığorta şəhadətnaməsi tərtib olunmuşdur. 23 iyul 2020-ci il tarixində İddiaçı şirkətimizə müraciət edərək sığortalanmış əmlaka zərər dəydiyini bildirmişdir. Daxil olmuş müraciət üzrə əmlakın zərər dəymiş hissəsinə müvafiq sığorta şəhadətnaməsi ilə təminat verilmədiyindən "xxxx" ASC tərəfindən ödənişdən imtina edilmişdir. Belə ki, baş vermiş hadisə nəticəsində iddiaçıya məxsus bağ evinin həyətyanı sahəsində yerləşən giriş darvazasına zərər dəymişdir. Lakin, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 35.4-cü maddəsinə əsasən, yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, ıəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. Göründüyü kimi daşınmaz əmlakın icbari sığortası üzrə hansı hissələrə təminat verilməsi qanunvericiliklə tənzimlənir və sözügedən darvaza təminata daxil edilməmişdir. Mülki Məcəllənin 22.2-ci maddəsinə əsasən, sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə ibari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. İddiaçı öz ərizəsində müxtəlif qanunvericilik aktlarına istinad etməklə həyətyanı sahədə yerləşən giriş daravazasının əsas yaşaşıy evi ilə birlikdə vahid əmlak olduğunu iddia etməkdədir. Lakin, sığorta münasibətləri üzrə münasibətlərin əsasını təşkil edən RPA ********** saylı sığorta şəhadətnaməsi əmlakın konkret olaraq 553.23 kv\m hissəsinə təminat verildiyini müəyyən etmişdir. Belə ki, sözügedən müqavilənin daşınmaz əmlaka dair məlumatların əks olunduğu 3-cü maddəsində əmlakın dövlət reyestrindən çıxarışı qeyd edilmişdir. Halhazırda İddiaçı hüququ rəsmiləşdirilən çıxarış üzrə daşınmaz əmlakın ümumi sahəsi 553.23 kv\m olduğundan sığorta müqaviləsi üzrə əmlakın həmin sahəyə aid olan hissələrinə təminat verilməkdədir. Bakı şəhəri İcra Hakimiyyətinin Bağlar təsərrüfatının İnkişaf və istismar birliyinin verdiyi “Əsas quruluşlar” sənədinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şimali Dres qəsəbəsi, 1/40- 45 ünvanında yerləşən bağ evinin 553.23 kv\m hissəsinə yaşayış mənzili, yaşamalı otaqlar, mətbəx, balkonlar, yaşayış mənzillərinin yekunu və sairə hissələr aiddir. Həmin sənədə əsasən, dəmir darvaza (3.60x3.0) tikinti yekuna daxil olmayan sahədir. Baş vermiş hadisə Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə baş vermiş hadisə sığorta hadisəsi hesab edilmir və "xxxx" ASC-nin bu hadisə ilə əlaqədar ortaya çıxmış zərərə görə məsuliyyəti yaranmır. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* №-li Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, “Şimali DRES”, 1/4045 saylı bağ evi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə 18.05.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində 160 nömrəli reyestr kitabının 15917 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 239297 №-li Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, “Şimali DRES”, 1/4045 saylı bağ evi 26.05.2020-ci il tarixdə sığorta olunmuşdur. Sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat, sığorta haqqı 50 manat müəyyən olunmuşdu. İş materiallarında olan Milli Hidrometeorologiya Xidmətinin 21.07.2020-ci il tarixlərdə Bakı hidrometeoroloji stansiyasında müşahidə olunan hava şəraiti haqqında məlumatdan görünür ki, 21.07.2020-ci il tarixdə Maştağa Hidrometeoroloji stansiyasında 8 ballıq çox möhkəm külək müşahidə olunmuşdu. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" ASC-yə ünvanlanmış məktubundan görünür ki, bildirilir ki, daşınmaz əmlaka dair icbari sığorta müqaviləsinin bağlanmasına əsas olan sənəddə göstərilən ümumi sahəyə daxil olan fərdi yaşayış evləri sığorta predmetini təşkil edir və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 35.4-cü maddısi üzrə müəyyən edilmiş zərərlə təminat verilir. İş materiallarında olan "xxxx" ASC-nin İddiaçı ünvanlanmış 20 oktyabr 2020-ci il tarixli məktubdan görünür ki, bağ evinə dair təmir xərci qiymətləndirici ekspert tərəfindən 2800 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" Şirkəti tərəfindən verilən 30 iyul 2020-ci il tarixli təklifdən görünür ki, şirkət əməkdaşları tərəfindən bağ evinin giriş darvazasının qiymətləndirilməsi aparılmışdı. Qiymətləndirilmənin nəticələrinə əsasən, hazırda bağ evində quraşdırılmış və baxış keçirilmiş darvazanın yenisinin bazar dəyəri 21.000 manat təşkil edir. İş materiallarından görünür ki, İddiaçı məhkəməyə yazılı vəsatət təqdim edərək, mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1227/2021 saylı, 09.12.2021-ci il tarixli qərardadından görünür ki, mülki iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. Məhkəməyə 10 may 2022-ci il tarixində Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 28 aprel 2022-ci il tarixli 10/212-9/155 saylı ekspert rəyi daxil olmuşdur. Həmin ekspert rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, “Şimali DRES”, 1/4045 saylı bağ evinin giriş-çıxış darvazasının istifadədə olması nəzərə alınmaqla hazırki orta bazar qiyməti təxminən 15.000 manat məbləğində müəyyən olunmuşdu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 135.4 maddəsinə görə, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir; 135.10 maddəsinə əsasən, adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1 maddəsinə əsasən, icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır; 13.2 maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 35.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 36.1.8-ci maddəsinə əsasən, daşınmaz əmlakın təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. 40.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqqının məbləği əmlakın təyinatından və xüsusiyyətindən asılı olaraq faiz dərəcəsi ilə ifadə olunan tariflərin sığorta məbləğinə tətbiq edilməsi ilə müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və məhkəmə baxışı zamanı təyin edilmiş “məhkəmə-əmtəəşünaslıq ekspertizasının” 28 aprel 2022-ci il tarixli 10/212- 9/155 saylı rəyindən müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, “Şimali DRES”, 1/4045 saylı bağ evinin maddi zərər dəymiş giriş-çıxış darvazasının əsaslı təmiri və bərpası üçün çəkiləcək xərcin ümumi dəyəri 15.000 manat məbləğindədir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, “Şimali” DRES 1/4045 saylı bağ evinin həyatyanı sahəsində quraşdırılmış darvazasının təbii fəlakət nəticəsində zədələnməsi sığorta hadisəsi hesab edilməli və cavabdehin sığorta ödənişinin verilməsindən imtina edilməsi qanuna zidd və əsassızdır. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Odur ki, ekspertin rəyi iş üzrə sübut kimi qəbul edilməklə, daşınmaz əmlaka dəymiş zərərin məbləğini məhkəmə 15.000 manat və həmin sığorta məbləğindən 250 manat azadolma məbləği çıxılmaqla 14.750 manat məbləğində müəyyən edir. İddia tələbinin “...14.112 manat dəbbə pulunun tutularaq ona ödənilməsi...” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən, bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, «məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 124-cü maddəsinə görə «İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutulmalı və Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 218.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 14.750 (on dörd min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi və 2.289 (iki min iki yüz səksən doqquz) manat dəbbə pulu, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməli, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 14.750 (on dörd min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi və 2.289 (iki min iki yüz səksən doqquz) manat dəbbə pulu, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-127/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-127/2022
02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver