Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1286/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçı X3, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçılar İddiaçı1 və X3 cavabdeh «xxxx» ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı1 və X7 cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC tərəfindən ona vurulmuş maddi ziyana görə 600 manat, mənəvi əzaba görə 2000 manat, cəmi 2600 manat pul vəsaitinin ona ödənilməsi və aldatma və saxtakarlıq yolu ilə ondan pul almağa çalışmalarını və Beynəlxalq qanunlara hörmətsizlik göstərdiyini nəzərə alaraq məsul şəxs Fərəcov A.Ə. barəsində xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o - İddiaçı1 Məmməd oğlu xx xxxxxxxx 2018-ci il tarixdə "xxxx" ASC ilə ona məxsus BMV 5381 markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta olunması barədə PAA ********* saylı müqavilə imzalanmışdır. Sığorta öhdəlikləri tərəfindən tam yerinə yetirilmişdir. xx xxxxxx 2019-cu ildə ona məxsus BMV 5381 markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mersedes D320 markalı, ** AS *** dövlət nömrə nişanlı toqquşaraq yol qəza hadisəsi törətmiş və "xxxx" ASC tərəfindən dəymiş zərərə görə 5000 (beş min) manat məbləğində vəsait ödənilmişdir. Lakin, həmin vaxtdan iki ilə yaxın vaxt keçməsinə baxmayaraq "xxxx" ASC guya onun Azərbaycan Respublikası səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi olmadığına görə avtomobili idarə etmək hüququ olmamış bu səbəbdən Mersedes D320 markalı, ** AS *** dövlət nömrə nişanlı avtomobilin sahibinə ödənilmiş 5000 (beş min) manat vəsaiti ondan geri qaytarmağı tələb edir. Qeyd edir ki, o, Gürcüstan Respublikasının vətəndaşıdır, Azərbaycan Respublikası ərazisində daimi yaşamaq hüququ vardır, sürücülük vəsiqəsini Gürcüstan Respublikasında almışdır, sürücülük vəsiqəsi beynəlxalq standartlara uyğundur, ingilis və gürcü dilində qeydlər vardır. Bildirir ki, Gürsüstan Respublikasının vətəndaşlarının hazırda istifadə etdiyi sürücülük vəsiqəsi Avropada, Amerikada, Rusiyada bir sıra çox saylı ölkələrdə keçərlidir. Azərbaycan Respublikası da Avropa Konvensiyasının üzvüdür və həmin sürücülük vəsiqəsi burada da keçərlidir. Yeri gəlmişkən o, azərbaycan Respublikası DİN Baş Yol Polisi İdarəsinə sorğu ilə müraciət etmişdir. Ona bildirmişlər ki, bu vəsiqə Azərbaycanda keçərlidir, bunu hamı bilir. Bu aksiomadır, sorğuya da ehtiyac yoxdur. “xxxx" ASC-nin Rəyasət heyətinin sədr müavini Fərəcov A.Ə. tərəfindən imzalanıb ona ünvanlanmış xx xxxx 2019-cu il tarixli, AS- 19/1713 saylı məktub ərizəyə əlavə olunur. Bu məktubla Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş, icrası məcburi olan Avropa Konvensiyasının tələbi kobud şəkildə pozulmuş, beynəlxalq qanunlara etinasızlıq, saymamazlıq göstərilmiş, eyni zamanda onun hüquqlarının pozulmasına cəhd edilmiş, maddi ziyan vurulmuş, mənəvi və psixi zərərə məruz qoylmuşdur. Təbii ki, bunlara görə “xxxx" ASC cavab verməlidir. Telefon danışıqlarına, hüquqi müdafiəyə, avtomobil istismarına pul xərclənmiş, ən başlıcası onlarıbütün ailə üzvlərinin, yaxınlarının psixi gərginliyinə səbəb olmuşdur. Bildirir ki, Gürcüstan Respublikasında verilmiş sürücülük vəsiqəsinin Azərbaycan Respublikasında keçərli olmaması barədə qanun mövcud deyil. Olsa belə bu keçərli ola biməz. Məhkəmə iclasında iştirak edən iddiaçı X7 yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək bildirmişdir ki, Cəmiyyətlə İddiaçı1 arasında xx.xx.2018-ci il tarixdə PAA ********** saylı sığorta müqaviləsi bağlanması və "BMW 528İ" markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin İcbari sığortası növü üzrə sığorta təminatı almışdır. X6 xx.xx.2019-cu il tarixdə "BMW 5281" markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Hövsan- Suraxanı yolunda yol-nəqliyyat hadisəsi törətmiş və ''Mercedes Benz D320" markalı, ** AS *** dövlət qeydiyvat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 5000.00 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Suraxanı RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi xx.xx.2019- cu il tarixli, 096-1725-1219 saylı Arayışa əsasən X7 yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Cəmiyyətə təqdim olunmuş X5 məxsus DYİ00***** saylı Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə Azərbaycan Repsublikası ərazisində daimi yaşamaq üçün icazə almışdır. Bildirmək istəyirlər ki, hadisə ilə bağlı Cəmiyyətə təqdim olunmuş X5 məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, X7 "BMW 528İ" markalı, 99 GM 8X3 dövlət qeydiyyat nişanlı avtomobili Gürcüstan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə etmişdir. Yuxarıda qeyd olunanlara əsasən X7 yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt "BMW 528İ” markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Yuxarıda qeyd olunanlara əsasən, "xxxx" ASC sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 5000 (beş min) manat sığorta ödənişi məbləğində pul vəsaitini X2 tələb etmək hüququna malik olduğundan iddiaçılar İddiaçı1 və X3 "xxxx” ASC-yə qarşı maddi zərərə görə 600.00 (altı yüz) manat və mənəvi zərərə görə 2000.00 (iki min) manat, ümumilikdə 2600.00 (iki min altı yüz) manat "pul tələbinə dair” iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. DYİ seriyalı, 00***** saylı Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, Dövlət Miqrasiya Xidməti tərəfindən İlqar Qasımova xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasında daimi yaşamasına icazə verilmişdir. “xxxx” ASC-nin İdarə Heyəti sədrinin müavini A.Ə.Fərəcov tərəfindən İlqar Qasımova ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, İlqar Qasımovun ödənilmiş 5000 manat sığorta ödənişi məbləğində pul vəsaitini 10 gün müddətində ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə və AC 621958 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında müəyyən edilmişdir ki, “BMW 528İ minik” markalı, **-CM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının mülkiyyətçisi İddiaçı1dur. Nəqliyyat vasitəsi idarə edilməsi üçün İlqar Qasımova verilmişdir. İlqar Gasımova məxsus AH4539943 saylı beynəlxalq sürücülük vəsiqəsinin surətindən görünür ki, “B” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. Beləliklə işin mübahisələndirilməyən hallarından görünür ki, “xxxx” ASC ilə İddiaçı1 arasında ona məxsus "BMW 528İ" markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta olunmasına dair xx.xx.2018-ci il tarixdə PAA ********** saylı sığorta müqaviləsi bağlanmışdır. X7 xx.xx.2019-cu il tarixdə "BMW 528İ" markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Hövsan-Suraxanı yolunda yol-nəqliyyat hadisəsi törətmiş və ''Mercedes Benz D320" markalı, ** AS *** dövlət qeydiyvat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Suraxanı RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 096-1725-1219 saylı Arayışa əsasən X7 yol-nəqliyyat hadisəsində zərərvuran şəxs kimi müəyyən edilmişdir. Hazırda iddiaçılar İddiaçı1 və X7 cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC tərəfindən ona vurulmuş maddi ziyana görə 600 manat, mənəvi əzaba görə 2000 (iki min) manat, cəmi 2600 (iki min altı yüz) manat pul vəsaitinin ona ödənilməsi və aldatma və saxtakarlıq yolu ilə ondan pul almağa çalışmalarını və Beynəlxalq qanunlara hörmətsizlik göstərdiyini nəzərə alaraq məsul şəxs Fərəcov A.Ə. barəsində xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş edirlər. Cavabdeh tərəf isə öz növbəsində X3 yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt "BMW 528İ” markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq sürücülük vəsiqəsi olmadan idarə etdiyinə istinad edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Beləliklə məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Məhkəmə ilk öncə cavabdehin hərəkətlərinin qanunsuz olub-olmaması ilə əlaqədar iş materiallarında olan sübutların araşdırılmasının zəruri olduğunu qeyd edir. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı “xxxx” ASC ilə İddiaçı1 arasında ona məxsus "BMW 528İ" markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta olunmasına dair xx.xx.2018-ci il tarixdə PAA ********** saylı sığorta müqaviləsi bağlanmışdır. X7 xx.xx.2019-cu il tarixdə "BMW 528İ" markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Hövsan-Suraxanı yolunda yol-nəqliyyat hadisəsi nəticəsində ''Mercedes Benz D320" markalı, ** AS *** dövlət qeydiyvat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin 6-cı bəndinin 8-ci hissəsinə əsasən yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alması sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsas kimi müəyyən edilmişdir. Həmin Qanunun 35-1-ci maddəsinin 2-ci hissəsinin tələblərinə görə Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Həmçinin qeyd edilməlidir ki, həmin Qanunun 34-cü maddəsinin 8-ci bəndi (Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində qüvvədədir) ““Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” xx xxxxxx 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən çıxarılmışdır. “İcbari sığortalar haqqında” Qanunun 23.1.6-cı və 25.1.3-cü maddələrinə əsasən sığorta ödənişini vеrdikdən sonra müvafiq şəxslərə qarşı sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək sığortaçının hüququdur. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilərsə, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ suğorta olunana qarşı yaranır. Göründüyü kimi, icbari sığorta üzrə subroqasiya hüququ o zaman yaranır ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilsin. Beləliklə, sığortaçı sığortalıya (faydalanan şəxsə) əmlak sığortası üzrə sığorta ödənişini həyata keçirdiyindən, X3 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığından və onun yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olduğundan sığorta şirkətinin edilmiş sığorta ödəniş məbləğində zərər vuran şəxsin özünə (X5) qarşı subroqasiya hüququ yaranmışdır. Qeyd edilənlərə uyğun olaraq məhkəmə hesab edir ki, “xxxx” ASC iddiaçılar İddiaçı1 və X7ya münasibətdə hər hansı hüquqazidd hərəkətə yol vermədiyindən iddiaçılar Mülki Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq cavabdehin baş vermiş mülki hüquq pozuntusu ilə bağlı mülki məsuliyyətə cəlb edilməsi tələbi ilə çıxış edə bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia mənəvi zərərlə bağlı hissədə də təmin oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi işdə iştirak edən şəxslərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasının məqsədi tərəflərin və ya digər şəxslərin hərəkətlərindəki cinayətin əlamətlərinin prokurorun diqqətinə çatdırılmasıdır. Lakin mülki işin araşdırılması zamanı xüsusi qərardad çıxarılması üçün hər hansı əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia bu hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və X3 (İlgar Gasımovun) cavabdeh “xxxx” ASC-yə “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və X3 (İlgar Gasımovun) cavabdeh «xxxx» ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1286/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1286/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver