Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1295/2022 18.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən verilməli olan 9.588 manat sığorta ödənişi, üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi səbəbindən ona vurulmuş 1.500 manat mənəvi ziyan, 30 manat ödədiyi dövlət rüsumu olmaqla, cəmi 11.118 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili qanunamüvafiq qaydada icbari sığorta növü üzrə sığorta müqaviləsi (sığorta şəhadətnaməsi) əsasında sığortalamışdır. Bununla əlaqədar olaraq cavabdehlə onun arasında sığorta münasibətləri yaranmış və nəticədə ödədiyi 50 manat sığorta haqqı əvəzində cavabdeh tərəfindən RAA ********** nömrəli, BB 088744 nömrəli “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsi verilərək ümumlikdə 1 il müddətinə ona məxsus mənzil sığortalanmışdır. Sığorta müddəti xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək, sığorta məbləği isə 25.000 manat məbləğində müəyyənləşdirilmişdir. xx.xx.2020-ci il tarixində axşam saatlarında mənzilinin üst hissəsində (yəni yuxarı mərtəbədə) yerləşən digər mənzildən suyun axıdılıması başlanılmış və su bir neçə müddət axıdılaraq əmlakına ciddi maddi ziyan vurulmuşdur. Hadisə ilə əlaqədar dərhal cavabdeh "xxxx" ASC-nin “936” qaynar xətt telefon nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermişdir. Həmçinin də, binalarının yaxınlığında yerləşən 12 saylı MKİS-ə müraciət etməyə məcbur oldmuşdur. Hadisə baş verdiyi zaman o, su daxil olan mənzilə qalxmış, lakin həmin mənzildə heç kəs ona qapını açmamışdır. Bu sığorta hadisəsi nəticəsində mənzilinə ciddi maddi ziyan dəymişdir. Belə ki, mənzildə olan bütün divar kağızları (oboylar), rəng və emulsiya örtükləri, elektrik naqillərdə qısa qapanmalar baş vermişdir. Bütün bunlar nəticəsində mənzili yararsız vəziyyətə düşmüşdür. Baş vermiş sığorta hadisəsi haqqında cavabdehə məlumat versə də, şirkətin hər hansı bir nümayəndəsi gəlməmiş, ancaq bir neçə vaxtdan sonra telefon, eləcə də mobil telefonunda işlətdiyi “watsap” elektron tətbiqi vasitəsilə onunla əlaqə saxlanılmışdır. Cavabdehin nümayəndələri mənzilinə vurulmuş maddi ziyanın aradan qaldırılmasında əmin etsələr də, verdikləri vədə xilaf çıxmışdırlar. Aralarında olan icbari sığorta müqaviləsi üzrə verdikləri sığorta təminatından qərəzli olaraq boyun qaçıraraq üzərinə götürdükləri sığorta öhdəliklərinin yerinə yetirilməsində imtina etmişdirlər. Bu da yol verilməzdir, çünki icbari sığorta müqaviləsinin əsas prinsiplərinə, eləcə də ümumiyyətlə sığorta qanunvericiliyinə ziddir. Bu su basma hadisəsi nəticəsində sığortalanmış əmlaka ciddi ziyan dəymişdir. Belə ki, suyun axıdılması nəticəsində mənzil daxili bütün sahələr zədələnmişdir, elektrik naqilləri sıradan çıxmış, qısa qapanma baş vermişdir, divar kağızları, rəng örtükləri, lepkalar, döşəmə tamamilə yararsız hala düşmüşdür. Ancaq buna baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəlikləri qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırmışdır. Bu qanunsuz hərəkətlərlə ona həm də mənəvi ziyan vurulmuşdur. Belə ki, hamıya bəllidir ki, icbari sığorta növü Azərbaycan Respublikasının ərazisində hamı üçün məcburidir və cavabdeh üzərinə düşən öhdəliklərin yerinə yetirməməsi səbəbindən məcbur qalaraq təmirsiz mənzildə yaşamağa davam edir. Mənzilində kif salan ləkələrdən göbələk də yaranmışdır. Hamıya bəllidir ki, yaşayış sahələrində göbələklərin olması insan həyatı üçün çox təhlükəlidir. Bu sığorta hadisəsi nəticəsində mənzilinə dəymiş zərər mütəxəssislər tərəfindən hesablanmış və ümumlikdə 9.588 manat pul vəsaiti tələb olunur. Belə qanunsuz hərəkətlərlə cavabdeh qanunla müəyyənləşdirilmiş və bağlanılması məcburi olan daşınmaz əmlakın icbari sığortası müqavilələrin bağlanılmasından vətəndaşları yayındıracaqdır, əhali arasında icbari sığorta müqaviləsinə inamını azaldacaqdır. Çünki özünün maddi vəziyyəti mənzili tam təmir etdirməyə imkan vermir. Hadisədən 1 ildən artıq vaxt keçməsinə baxmayaraq, o, hələ ki, təmirsiz vəziyyətdə olan mənzilində ailəsilə yaşayır. Sonradan, iddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, nümayəndəsi və vəkili olduğu şəxs İddiaçı cavabdeh – "xxxx" ASC-yə qarşı iddia tələbi irəli sürərək, ona verilməli olan 9.588 manat sığorta ödənişi, cavabdehin üzərinə düşən öhdəliklərin yerinə yetirməməsi səbəbindən iddiaçıya vurulmuş 1.500 manat mənəvi ziyan, 30 manat ödədiyi dövlət rüsumu, cəmi 11.118 manat pulun tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə gedişatı zamanı iş üzrə məhkəmə ekspertizası keçirilmiş və ekspert rəyinə əsasən iddiaçının əmlakına (sığortalanmış əmlaka) baş vermiş sığorta hadisəsi nəticəsində təqribi olaraq 7.254 manat məbləğində zərər müəyyənləşdirilmişdir. Lakin hesab edir ki, əmlaka vurulmuş ziyan təqribi hesablandığından, məhkəmə tərəfindən iddia ilə birgə verdiyi ziyan aktı nəzərə alınmalıdır. Belə ki, AR MPM-nin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Digər tərəfdən qeyd etmək istəyir ki, iddia verməmişdən öncə cavabdehin qərəzli davranışına görə baş vermiş sığorta hadisəsini ətraflı və təxirəsalınmadan araşdırmamış, lakin sonradan onun tələbləri nəticəsində sığorta ödənişinin verilməsinə şifahi söz verilsə də, bu vədə riayət olunmayaraq ödənişdən imtina edilmişdir. Nəticə etibarı ilə həm aralarındakı olan icbari müqavilənin, həm də “İcbari sığortalar haqqında” AR Qanununun tələbləri kobud surətdə pozulmuşdur. Baxmayaraq ki, baş vermiş sığorta hadisəsi nəticəsində ona onsuz da maddi ziyan vurulmuşdur, cavabdehin bu qərəzli hərəkətləri nəticəsində ona üstəlik hələ mənəvi ziyan da vurulmuşdur. Cavabdehin bu qərəzli, aldadıcı hərəkətlər nəticəsində ona vurulmuş maddi ziyan vaxtında aradan qaldırılmamış və nəticə etibarı ilə ona mənəvi ziyan da vurulmuşdur. AR Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; 14.2.6. başqa şəxsə zərər vurulması; 14.2.8. fiziki və hüquqi şəxslərin digər hərəkətləri; 14.2.9. qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Daha sonra “İcbari sığortalar haqqında” AR Qanununun preambula hissəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsipləri aşağıdakılardır: 3.1.1. icbari sığortaların müvafiq sığorta növü üzrə sığorta marağı olan hər kəsə şamil edilməsi və məcburiliyi; 3.1.2. sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Həmin Qanunun 76-cı maddəsinə əsasən bu Qanundan irəli gələn mübahisələr, tərəflər arasında danışıqlar yolu ilə tənzimlənməsi mümkün olmadıqda, səlahiyyətli orqanlar tərəfindən, o cümlədən məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 77.1-ci maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər qanunla müəyyən edilmiş məsuliyyəti daşıyırlar. Həmin Qanunun 77.2-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş hər hansı sığorta təminatının tam və ya qismən könüllü sığorta müqaviləsində nəzərdə tutulması bu Qanunun Xüsusi bölməsinin müvafiq müddəaları ilə üzərinə icbari qaydada sığorta etdirmək vəzifəsi qoyulmuş şəxsləri bu vəzifəni yerinə yetirməməyə görə məsuliyyətdən azad etmir. Bundan başqa AR Mülki Məcəlləsinin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Bu səbəbdən, cavabdeh "xxxx" ASC-dən verilməli olan 9.588 manat sığorta ödənişi, sığorta ödənişini vatxında verməməklə onu gecikdirdiyinə görə sığorta ödənişi məbləğinin 0,1 % dəbbə pulu nəzərə almaqla, gecikdirmə müddəti xx.xx.2020-ci il tarixindən hesablanaraq (hər günə görə 9,58 manat * 790 gün = 7.574,52 manat dəbbə pulu əlavə olaraq) 7.574,52 manat dəbbə pulu, üzərinə düşən öhdəliklərin yerinə yetirməməsi səbəbindən ona vurulmuş 1.500 manat mənəvi ziyan, 30 manat ödədiyi dövlət rüsumu, cəmi 18.692,52 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanaraq bildirilmişdir ki, cəmiyyətləri ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə RAA********** saylı sığorta müqaviləsi bağlanmış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi sığorta olunaraq, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta təminatı almışdır. İddiaçı ərizə ilə şirkətlərinə müraciət edərək, sığortalanmış əmlaka maddi zərər dəydiyini bildirməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Təqdim edilmiş ərizəyə baxılmış, hadisə tam təfsilatı ilə araşdırılmışdır. "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş əmlaka texniki baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla, dəymiş ziyan 408 manat məbləğində müəyyən edilmişdir. Daha sonra, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 9.588 manat sığorta ödənişinin, 1.500 manat mənəvi zərərin və iddianın verilməsi üçün ödənilmiş 30 manat olmaqla, ümumilikdə 11.118 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qeyd olunan iddia ərizəsində göstərilən xüsusatlarla bağlı aşağıdakıları bildirmək istəyirlər. AR Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Qeyd olunan maddəyə əsasən xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını müəyyən etmək "xxxx" ASC-nin hüququdur. “İcbari sığortalar haqqında” AR Qanunun 20.1-ci maddəsinə əsasən əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. “İcbari sığortalar haqqında” AR Qanunun 16.2-ci maddəsinə əsasən zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” AR Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. “İcbari sığortalar haqqında” AR Qanunun 21.1.3-cü maddəsinə əsasən sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda sığorta ödənişi verilmir. Beləliklə, iddiaçının sığorta ödənişinin verilməsi ilə yanaşı, mənəvi zərərlə bağlı tələbi də əsassız hesab olunur. Cəmiyyətlərinin ödəniş etmək öhdəliyi yaranmadığından, mənəvi zərərlə bağlı öhdəliyi yaranmır. İddiaçının sığorta ödənişiin verilməsi ilə bağlı tələbi əsassız hesab olunur. Göstərilənlərə əsasən xx.xx.2020-ci il tarixdə baş vermiş hadisə ilə bağlı 408 manat sığorta ödənişinin verilməsi haqqında qərarları qanuni və əsaslı olduğu üçün İddiaçı "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddiasının 408 manat hissədə təmin olunması, qalan hissədə rədd olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında etiraz ərizəsini müdafiə edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın qismən təmin edilərək, iddiaçıya 408 manat məbləğində sığorta ödənişinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, onun nümayəndəsi və vəkilinin, o cümlədən cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı 057147 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi 46 saylı evin 127 saylı mənzili İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 12 saylı MKİS-in işçiləri tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktdan göründüyü kimi, Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi 46 saylı evin 127 saylı mənzilinin sahibi İddiaçı şikayət ərizəsinə əsasən onun yaşadığı və X1 məxsus 129 saylı mənzilə baxış keçirmişlər. İddiaçı ərizəsində 14-15 aprel 2020-ci il tarixlərində mənzilinə yuxarıda yaşayan qonşu tərəfindən su axıdıldığı göstərilmişdir. Baxış zamanı aşkar edilmişdir ki, 2-ci mərtəbədə, 129 saylı mənzildə yaşayan sakinlərin ehtiyatsızlığı və su xəttində olan nasazlıq nəticəsində aşağı mərtəbəyə su axaraq 27 saylı mənzilə maddi ziyan vurulmuşdur. Belə ki, mənzilin bütün otaqlarına və dəhlizə su axaraq tavanda qabarıq və çatlar əmələ gətirmiş, tualetlə hamamın dəhliz hissəsində divar kağızları qoparaq yararsız hala düşmüşdür. Mənzilə maddi ziyan dəymişdir. İş materiallarında olan şəhadətnamə nömrəsi RAA**********0 olan BB seriyalı 088744 saylı “daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsindən görünür ki, Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi 46 saylı evin 127 saylı mənzili "xxxx" ASC tərəfindən sığortalanmış, sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat məbləğində müəyyən edilmiş, sığorta müqaviləsi xx.xx.2019-cu il tarixdə qüvvəyə minməklə, xx.xx.2020-ci il tarixdə qüvvədən düşmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı ona məxsus mənzilə su sızdığını və s. qeyd edərək, sonda mənzilinə dəymiş ziyanın ödənilməsini sığorta şirkətindən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi 46 saylı evin 127 saylı mənzilinə aparılmış hesablama nəticəsində baş vermiş su axıntısı zamanı 9.588 manat məbləğində ziyan dəydiyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/979 saylı rəyindən görünür ki, Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi 46 saylı evin 127 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 7.254 manat məbləğində müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5213 saylı rəyindən görünür ki: 1-ci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə və ekspertiza təyini haqqında qərardadda göstərilən suala əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək (iddia tələbinin artırılmasına dair ərizənin verildiyi tarixədək), 7.254 manat sığorta ödənişi məbləğinin hər gecikdirilmiş gün üçün 0,1% həcmində dəbbə pulu hesablanmaqla, ödənilməli olan cəmi dəbbə pulu 5.581,07 manat təşkil edir. 2-ci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə və ekspertiza təyini haqqında qərardadda göstərilən suala əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək (iddia tələbinin artırılmasına dair ərizənin verildiyi tarixədək), 9.588 manat sığorta ödənişi məbləğinin hər gecikdirilmiş gün üçün 0,1% həcmində dəbbə pulu hesablanmaqla, ödənilməli olan cəmi dəbbə pulu 7.363,58 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi 46 saylı evin 127 saylı mənzili "xxxx" ASC tərəfindən sığortalanmış, sığorta məbləği 25.000 manat məbləğində müəyyən edilmiş, sığorta müqaviləsi xx.xx.2019-cu il tarixdə qüvvəyə minməklə, xx.xx.2020-ci il tarixdə qüvvədən düşmüşdür. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində, yəni xx.xx.2020-ci il tarixdə sığorta hadisəsi baş vermiş, Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi 46 saylı evin 127 saylı mənzilinə üst mərtəbədə yerləşən mənzildən su sızmış və nəticə etibarı ilə iddiaçıya məxsus mənzilə ziyan dəymişdir. Dəymiş ziyanın ödənilməsi ilə əlaqədar iddiaçı tərəfindən sığorta şirkətinə müraciət edilsə də, hər hansı bir müsbət nəticə əldə etmək mümkün olmamış və iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Bu Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci, 6.6-cı, 7- ci, 13.4-cü, 15.1-ci və 16.2-ci maddələrinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (əmlaka su sızması) baş verdiyindən və bunun nəticəsində maddi zərər çəkdiyindən, hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Sözügedən mənzilə dəymiş zərərin məbləği ilə əlaqədar tərəflər arasında mübahisə yarandığından, məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/979 saylı eskpert rəyinə əsasən, Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi 46 saylı evin 127 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyərinin təqribən 7.254 manat məbləğində müəyyən edildiyi qeyd edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/979 saylı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, məhkəmə hesab edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Eyni zamanda, məhkəmə onu da vurğulayır ki, ziyan dəymiş mənzilin təmir-bərpası üçün daha az vəsaitin xərclənməsinin mümkünlüyü barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi sığorta ödənişinin ödənilməsi hissəsində qismən əsaslı hesab edilməklə, qismən təmin edilməli, ekspert rəyinə uyğun olaraq cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı 7.254 manat məbləğində sığorta ödənişi ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə görə bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə qeyd edir ki, iddiaçı sığorta ödənişinin ödənilməsi ilə yanaşı həmin məbləğin gecikdirilməklə vaxtında ödənilmədiyinə əsaslanaraq, dəbbə pulunun ödənilməsini də xahiş etmişdir. Məhkəmə, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 725 manat məbləğinədək azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 725 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, sığorta ödənişinin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1.3-cü maddəsinə əsasən bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda sığorta ödənişi verilmir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini həmin hissədə əsaslandıra və buna dair hər hansı sübutlar təqdim edə bilmədiyinə görə iddia ərizəsi mənəvi ziyanın tutulması hissəsində təmin oluna bilməz. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 7.254 manat sığorta ödənişi, gecikdirilmiş sığorta ödənişinin əvəzi olaraq 725 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat və 100 manat olmaqla, cəmi 150 manat cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin qalan hissəsinin əsaslı olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 7.254 manat sığorta ödənişi, gecikdirilmiş sığorta ödənişinin əvəzi olaraq 725 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat və 100 manat olmaqla, cəmi 150 manat cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1295/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1295/2022
18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver