Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1315/2021 02.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət dövründə xəsarət alması ilə bağlı qanunla nəzərdə tutulmuş 6600 manat icbari sığorta pulunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında yaralanmışdır. Hal-hazırda 2-ci qrup əlildir. Əlilliyi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda alınmışdır. Məlum olduğu kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı itkin düşmüş hərbi qulluqçuların və şəhidlərin ailə üzvlərinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən sığorta pulu verilir. Şəhid ailələri və Qarabağ əlilləri artıq neçə müddətdir ki, sığorta pulunun ödənilməsində yaranan problemlərə etiraz edirlər. Belə ki, 2006-cı ilə qədər sığorta haqqını ala bilməyən şəhid ailələri və müharibə əlilləri indi onlara qanundakı son dəyişiklikdə qeyd edilən məbləğin ödənilməsini tələb edirlər. 1997-ci ilin may ayının 20-də "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanun qəbul edilmişdir. Orada göstərilmişdir ki, Azərbaycan ordusunun əsgər və zabitləri yaralananda və ya şəhid olanda ona sığorta haqqı verilməlidir. Həmin qanunda yazılıb ki, qanun qüvvəyə minənədək sığorta hadisəsi baş verdiyi andan 3 il müddətinə qədər sığorta pulu ödənilməlidir. 2006-cı ildə verilən qərara əsasən, şəhid olan şəxsin ailəsinə sığorta pulu 11.000 manat məbləğinə qaldırılmışdır. Birinci qrup əlil olanlara həmin məbləğin 80 faizi – 8.800 manat, ikinci qrup əlil olanlara 60 faizi – 6.600 manat, üçüncü qrup Qarabağ əlillərinə 40 faizi – 4.400 manat ödənilməlidir. Ancaq hazırda bu pullar həmin şəxslərə ödənilmir. "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 27-ci maddəsinə əsasən, hərbi xidmətə çağırılan hər bir şəxs dövlət tərəfindən məcburi qaydada sığorta olunur. Həmin hərbi qulluqçunun həyatına dəyən ziyandan asılı olaraq dövlət ona sığorta ödənilməsini öhdəsinə götürür. Qanunun bu tələbi x xxxxxx 1992-ci il tarixdən indiyə qədər qüvvədədir. Sadəcə olaraq keçən illər ərzində sığorta məbləğində dəyişikliklər olub. Təəssüf ki, bu gün bu kateqoriyadan olan insanların müəyyən bir hissəsi bu məbləği adi qaydada yox, məhkəmə yolu ilə almaq məcburiyyətindədirlər. Dövlət Sığorta Şirkəti heç bir qanuni əsas olmadan, 1997-ci ildə qəbul olunmuş "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununu əsas götürərək həmin kateqoriyadan olan hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulan sığortanın verilməsindən imtina edir. İmtinanı da orunla əsaslandırır ki, guya 1997-ci ilə qədər hərbi qulluqçulara sığortanın verilməsi üçün heç bir hüquqi sənəd olmayıb. Halbuki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununda olan "Hərbi qulluqçuların dövlət tərəfindən məcburi sığortalanması" adlı maddə, həmin qanun qəbul edilən vaxtdan, yəni xx xxxxxx 1991-ci il tarixindən mövcuddur və həmin vaxtdan da bu qanun hərbi xidmətə başlayan bütün hərbi qulluqçuların dövlət tərəfindən məcburi sığortalanması üçün hüquqi əsasdır. Belə ki, hərbi qulluqçuların sığorta edilməsi barəsində olan qanunun 27-ci maddəsində göstərilir ki, "Hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmək), xəsarət almaq (yaralanmaq, kontuziya almaq), səhhəti korlanmaq, hərbi xidmət keçirilməsi ilə bağlı bədbəxt hadisələr və ya xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəkildə sığortalanmalıdırlar. Bu da onu göstərir ki, 1991-ci ilin dekabrından, yəni Silahlı Qüvvələrimiz yarandığı gündən onun sıralarında xidmət edən hər bir hərbi qulluqçu iradəsindən asılı olmayaraq dövlət tərəfindən məcburi sığorta olunmalıdır. Bütün bunlar qarşı tərəfin sığortanın ancaq 1997-ci ildən sonra xidmət edənlərə düşməsi ilə əlaqədar şəxsi maraqlarına xidmət edən mülahizələrinin əsassız olduğunu təsdiq edir. Lakin bütün bunlara baxmayaraq, bu kateqoriyadan olan onlarla şəhid ailəsinin və Qarabağ müharibəsi əlilinin hüquqları sözügedən şirkət tərəfindən pozularaq onlara ödənilməli olan sığorta məbləği indiyə qədər ödənilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək yuxarıdakı məzmunda izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan SX seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx xxxx 1992-ci il tarixdən xx xxxxxxxx 1992-ci il tarixədək Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx xxxxxxxx 1992-ci il tarixdə kəllənin kənarından dəlib keçən güllə yarası almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı “Baş beynin güllə yaralanmasından sonra sol göz almasının çıxarılması, sifətin yumşaq toxumalarından güllənin çıxarılması. Mərkəzi sinir sisteminin pozulması, kəskin asteno – nevrotik vəziyyət. Sağ tərəfli otit” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı xəsarətlə əlaqədar ikinci qrup əlillik müəyyən edilmişdir. İş materiallarında olan Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 2008 saylı qərarın arayışın surətindən görünür ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin sentyabr ayında yaralanmasının nəticəsində “Baş beynin güllə yaralanmasından sonra sol göz almasının çıxarılması, sifətin yumşaq toxumalarından güllənin çıxarılması. Mərkəzi sinir sisteminin pozulması, kəskin asteno – nevrotik vəziyyət. Sağ tərəfli otit” diaqnozu qoyulmuş, xəsarət Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli 07-07-592 saylı məktubundan görünür ki, “Hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının həmin dövr üçün qüvvədə olan qanunvericiliyinə istinadən bildirilmişdir ki, sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən 3 il ərzində əlillik dərəcəsi aldıqdan sonra sığorta ödənişini almaq hüququ vardır. Sənədlərdən göründüyü kimi, İddiaçı 1992-ci ildə həqiqi hərbi xidmət zamanı xəsarət alaraq təxris olunmuş və bununla əlaqədar İİ qrup əlillik dərəcəsi almışdır. Buna görə də müraciət etmək hüququndan uzun müddət keçdiyi üçün Qanunda nəzərdə tutulan sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanının 2-ci maddəsinə əsasən həmin dövlət sığorta orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həyata keçirir. İşin faktiki hallarına əsasən müəyyən olunur ki, İddiaçı hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmış, o hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, ona 2-ci qrup əlillik dərəcəsi təyin olunmuş, beləliklə də Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 60 faizi, yəni 6600 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-1315/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1315/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver