Məhkəmə qərarları › İş №2(006)-134/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-134/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-134/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi hissədə hərbi xidmət dövründə aldığı güllə yaralanması səbəbindən sağlamlığına dəymiş ziyana görə qanunda təsbit edilmiş dövlət icbari şəxsi sığorta ödənişi öhdəçiliyinin cavabdeh AR Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Saatlı rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1992-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Qarabağ müharibəsində rus-erməni işğalçılarına qarşı vuruşan zaman xx.xx.1992-ci il tarixdə güllə yarası alaraq ağır yaralanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi hissəsində xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək döyüş bölgəsində aldığı güllə yarasından müayinə və müalicə olunmuşdur. Hərbi travmanı o, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. Bu hal Azərbaycan Respublikası DİN Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən ona verilən xx.xx.2014-cü il tarixli 11 saylı qərarında öz təsdiqini tapır. Qarabağ müharibəsi veteranıdır. Bütün bunlara baxmayaraq o, bu günə kimi hərbi xidmətkeçmə dövründə aldığı güllə yarasından sağlamlığını itirməyi ilə əlaqədar hərbi qulluqçulara şamil edilən dövlət icbari şəxsi sığorta ödənişini ala bilməmişdir. Bununla bağlı cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etsə də, cavabdeh absurd bir cavab məktubu ilə qanunla müəyyən edilmiş sığorta ödənişinin ödənilməsindən imtina etmişdir. Cavabdeh tərəfindən ona dövlət icbari şəxsi sığorta ödənişinin verilməsindən imtina edilməsi tam olaraq əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək yuxarıdakı məzmunda izahat vermiş, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası qanununun tələbinə görə sığorta ödənişinin ödənilməsi üçün ya şəxsə əlillik təyin olunmalıdır, ya da xəsarətin dərəcəsi müəyyən olunmalıdır. İddiaçının isə əlilliyi yoxdur, xəsarətin dərəcəsi isə müəyyən olunmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsi tərəfindən verilən xx.xx.2020-ci il tarixli, 333 saylı arayışdan görünür ki, 1973-cü il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixə qədər Azərbaycan Ordusu sıralarında xidmət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli, 11 saylı qərarın surətindən görünür ki, İddiaçı hərbi xidmət dövründə aldığı və MN-nin N saylı hərbi hissəsində xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək müayinə və müalicədə olduğu xəstəlik – diaqnoz: “sol baldırın 1/3-nin yumşaq toxumalarının dəlib-keçən odlu silah yaralanması sümüklərin zədələnməməsi ilə”. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli, 07-07-594 saylı məktubundan görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Bu məsələyə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra baxılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X1” X3 T 06/2021 saylı rəyindən görünür ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən, o, xx.xx.1992 və xx.xx.1992-ci il tarixlərdə N saylı hərbi hissədə “sol baldırın 1/3-nin yumşaq toxumalarının dəlib-keçən odlu silah yaralanması” diaqnozu ilə müalicə olunmuşdur. Qeyd edilən xəsarət patronu güllə ilə doldurulmuş odlu silahdan açılmış atəş nəticəsində törənmiş, törənmə müddəti özünün göstərdiyi xx.xx.1992-ci il tarixə uyğun gələ bilə və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət almışdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanının 2-ci maddəsinə əsasən həmin dövlət sığorta orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həyata keçirir. İşin faktiki hallarına əsasən müəyyən olunur ki, İddiaçı hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmış, o hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, az ağır xəsarət almış, beləliklə də Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. İş materiallarında olan T 06/2021 saylı ekspert rəyindən göründüyü kimi İddiaçı aldığı xəsarət yüngül xəsarətin əlamətlərinə uyğun olmadığından az ağır xəsarət kimi qiymətləndirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, qanunvericilikdə xəsarətin yalnız 2 növünün qeyd olunması, az ağır xəsarətin qeyd edilməməsi şəxsin almış olduğu xəsarətin yüngül xəsarət kimi qiymətləndirilməsi və buna uyğun olaraq sığorta ödənişinin məbləğinin hesablanması üçün əsas ola bilməz. Belə ki, məhkəmənin qənaətinə görə qanunvericilikdə müəyyən boşluqların olması dövlət orqanları tərəfindən qanunun vətəndaşların ziyanına təfsir edilməklə hüquqlarının məhdudlaşdırılmasına yol verilməməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən xəsarət az ağır kimi qiymətləndirildiyindən sığorta ödənişinin hesablanması ağır xəsarətə görə aparılmalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 11.000 manat sığorta məbləğinin 25 faizi, yəni 2750 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 2750 (iki min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar