Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1348/2023 11.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən ona 5.300 manat pul vəsaitinin ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2-ci Qarabağ müharibəsi qazisidir və 2016-cı il aprel döyüşlərində vuruşmuşdur. O, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC ilə kredit müqaviləsi bağlayıb 13.178 manat məbləğində pul götürmüşdür. 2020-ci ildə 44 günlük müharibə zamanı ayağının sinirindən və başından xəsarət almışdır. xx.xx.2022-ci il tarixdə postkontuzion sindrom, kəllədaxili travma, travmatik katarakta nəticəsində İİİ qrup müddətli əlillik almışdır. Müharibədə yaralanandan sonra, Hərbi Hospitala müalicəyə göndərilərkən müalicə almaqla yanaşı həm də hərbi hissədə xidmətini davam etdirirdi. xx.xx.2021-ci ildə "xxxx" ASC müraciət edib kredit götürmüşdür. Həmin vaxt o, əlillik alacağını və tərxis olunacağını bilmirdi. Bundan 6 ay sonra Hərbi Həkim Komissiyası onun tərxis olunması barədə sənəd vermişdir. Hazırda o, banka qalan borc məbləğinin ödənilməsində çətinlik çəkdiyi üçün "xxxx" ASC-nin sığortaçısı olan "xxxx" ASC-yə müraciət edib onun banka qalan pul məbləğinin ödənilməsini xahiş etmişdir. Lakin, Sığora təşkilatı tərəfindən ona müqavilə şərtinə görə 6.800 manat pul ödəmək əvəzinə, cəmi 1.500 manat ödəniş edilmiş, qalan məbləği ödəməkdən imtina etmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçı "xxxx" ASC ilə xx.xx.2021-ci il tarixli M-Lİ P125328/21 №-li Kredit götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsi bağlayaraq həyatını müvafiq sığorta risklərindən sığorta etdirmişdir. İddiaçıya İİİ dərəcəli əlillik təyin edilməsi barədə sığorta şirkəti tərəfindən tam və hərtərəfli araşdırma aparılmış, onun sığorta müqaviləsi bağlayarkən cəmiyyətə verdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə sorğular əsasında sənədlər toplanmışdır. Sənədlərə əsasən müəyyən olunmuşdur ki, sığortalı İddiaçı sığorta müqaviləsi bağlanarkən özünün səhhəti barədə sığortaçıya yanlış məlumat vermişdir. Bu hal isə sığortaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta ödənişinin verilməsindən imtina etməyə əsas yaratdığından, baş vermiş hadisəyə görə sığorta ödənişinin verilməsindən imtina edilmiş və bu barədə "xxxx" ASC-yə surəti tanışlıq üçün iddiaçıya göndərilməklə xx.xx.2022-ci il tarixli rəsmi məktub göndərilmişdir. Belə ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından əldə edilmiş 2020-ci ilə məxsus müvafiq olaraq 6528 saylı xəstəlik tarixindən çıxarışda (çıxarış epikrizində) qeyd olunur ki, «deməsinə görə xx.xx.2020-ci il tarixdən özünü xəstə hesab edir. Səbəbini Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən atılan minamyot mərmisinin yaxınlıqda partlaması nəticəsində sağ budun arxa 1/3-də və dizaltı çuxur nahiyəsindən xəsarət alması ilə əlaqələndirir. xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına göndərilmişdir. Daha ixtisaslı müayinə və müalicə üçün xx.xx.2020-ci il tarixdə SQ BKH-yə təxliyə edilmişdir». Eyni zamanda iş materiallarında olan xx.xx.2021-ci il tarixli 12860 №-li Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının arayışından görünür ki, sığortalıya «sağ incik sinirin postravmatik neyropatiyası, sağ ayağın yad cisimləri, barotravma, soltərəfli kəskin koxlear, soltərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 4 metr, sağ qulaqda 6 metr, məsafədən eşitməsi, sol gözün kataraktası» diaqnozu qoyulmuşdur. İddiaçıya 23 yanvar 2022-ci il tarixdə «postkontuzion sindrom, kəllədaxili travma, travmatik katarakta» diaqnozu ilə İİİ dərəcəli əlillik təyin edilmişdir. İstinad olunan sənədlər qanunvericiliyin tələblərinin sığorta müqaviləsinin tərəfi olan sığortalı İddiaçı tərəfindən pozulduğunu təsdiq edir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-21 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları»nın 5.2.2-ci bəndinə əsasən sığorta müqaviləsi üzrə təminat verilmədiyi hallarda sığorta olunanın hərbi əməliyyatlarda fəal iştirakı nəticəsində baş vermiş hadisə sığorta hadisəsi hesab edilmir. Qaydaların 6.6-cı bəndinə, habelə Mülki Məcəllənin 911.2ci maddəsinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Lakin sığorta müqaviləsi bağlanarkən iddiaçı səhhətinin real vəziyyəti barədə özünə məlum olanları doğru şəkildə bildirməli olsa da, sığorta müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ərizə formasını imzalayaraq sığortaçıya ümumi sağlamlıq vəziyyətini poza bilən heç bir xəstəlik keçirmədiyini, əlavə olaraq ərizə formasında əlillik almasına səbəb olan halın olmadığını öz imzası ilə sığortaçıya bəyan etmişdir. Əldə edilmiş tibbi sənədlərlə isə bu məlumatın əksi sübut olunaraq onun müqavilə münasibətlərinə daxil olanadək müvafiq diaqnozla müayinə və müalicə olunduğu müəyyən olunur. Bununla da İddiaçı sığortalı olaraq özünün səhhəti barəsində sığortaçıya doğru məlumatlar verməməklə, Qaydaların 9.2.5-ci yarımbəndində göstərilən (9.2.5. sığorta müqaviləsi bağlanarkən sığortalanma haqqında ərizə formasında göstərilən və özünə məlum olan, sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat vermək) vəzifəsini yerinə yetirməmişdir. O, həmçinin yalan və yarımçıq məlumat verməyin sığorta ödənişinin imtina üçün əsas olduğu barədə sığortaçı tərəfindən xəbərdar edildiyini sözügedən ərizə formasını imzamaqla təsdiqləmişdir. Qaydaların 18.1.3-cü bəndinə, habelə MM-nin 935.1.6-cı maddəsinə əsasən sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Eyni zamanda vurğulamağı zəruri hesab edir ki, «Kredit götürən şəxslər üçün Həyat Sığortası Şəhadətnaməsi»nin 4-cü bəndinə istinadən sığortalıya xəstəlik və ya bədbəxt hadisə nəticəsində İİİ dərəcə əlillik təyin edildiyi halda sığorta ödənişinin həcmi sığorta məbləğinin 10 %-i həcmində, 1.500 manatdan çox olmamaq şərti ilə müəyyən edilmişdir. Qeyd etdiyi kimi, sığortalının sığortaçıya yanlış məlumat verməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsas təşkil edir, lakin hər bir halda sığorta ödənişinin verilməsindən imtina üçün heç bir əsas olmasaydı belə sığortaçı kimi cəmiyyətin öhdəliyi sığorta şəhadətnaməsinin 4-cü bəndinə istinadən yuxarıda qeyd olunan məbləğ ilə (1.500 manat) məhdudlaşardı. Belə ki, Cəmiyyət öz humanist mövqeyindən yanaşaraq, sığortalının Vətən Müharibəsi zamanı göstərdiyi qəhrəmanlıq üçün təşəkkür əlaməti olaraq 1.500 manat həcmində güzəştli ödənişin verilməsi barədə qərar qəbul etmiş və sözügedən vəsait iddiaçıya ödənilmişdir. Yəni istənilən halda, Sığortaçı olaraq bu hadisə üzrə Cəmiyyətin ödəyə biləcəyi maksimum məbləğ artıq sığorta şirkəti tərəfindən ödənilmişdir. Beləliklə, sadalananlar Qaydaların 5.2.2, 6.6, 9.2.5 və 18.1.3-cü bəndlərinə, eləcə də Mülki Məcəllənin 911.2 və 935.1.6-cı maddələrinə uyğun olaraq sığorta ödənişinin verilməsindən imtinanın qanunvericilikdə müəyyən edilmiş əsaslarını yaratdığından sığortaçı düzgün olaraq İddiaçı sığorta ödənişinin verilməsindən imtina etmişdir. Yuxarıda qeyd etdiklərinin nəzərə alınaraq, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 məhkəmə iclasında hazırki mülki iş üzrə qəbul ediləcək qərarı məhkəməsin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin və 3-cü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, İddiaçı (sığorta olunan) ilə "xxxx" ASC (sığortaçı) arasında xx.xx.2021-ci il tarixdə sığorta müqaviləsi bağlanmaqla, sığorta olunanın həyatı müvafiq sığorta risklərindən sığorta edilmişdir. Bu barədə sığorta olunana M-Lİ P125328/21 saylı «Kredit götürən şəxslər üçün həyat sığortası» şəhadətnamə təqdim olunmuşdur. Qanunvericiliyə görə sığorta olunan şəxs sığortaçıya yanlış məlumat verməməlidir. Belə ki, tam, dolğun məlumatların verilməməsi, yanlış məlumat verilməsi nəticəsində sığortaçı sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olur. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, cavabdeh sığorta şirkəti tərəfindən iddiaçıya İİİ qrup üzrə əlillik dərəcəsinin təyin edilməsi barədə tam və hərtərəfli araşdırma aparılmışdır. Sığorta şirkəti sığorta müqaviləsi bağlanarkən iddiaçının şirkətə verdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə sorğular verərək, iddiaçının sağlamlıq durumu ilə bağlı tibbi sənədləri toplamışdır. Müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlə sığorta müqaviləsi bağlayarkən səhhəti barədə sığortaçıya yanlış məlumat vermişdir. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının təqdim etdiyi 6528 saylı xəstəlik tarixindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən özünü xəstə hesab edir. Səbəbini Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən atılan mina atan mərmisinin yaxınlıqda partlaması nəticəsində sağ budun arxa 1/3-də və dizaltı çuxur nahiyəsindən xəsarət alması ilə əlaqələndirir. xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına göndərilmişdir. Daha ixtisaslı müayinə və müalicə üçün xx.xx.2020-ci il tarixdə SQ BKH-yə təxliyə edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2021-ci il tarixli 12860 saylı arayışından görünür ki, İddiaçı «Sağ incik sinirin postravmatik neyropatiyası, sağ ayağın yad cisimləri, barotravma, soltərəfli kəskin koxlear, soltərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 4 metr, sağ qulaqda 6 metr, məsafədən eşitməsi, sol gözün kataraktası» diaqnozu qoyulmuşdur. İddiaçıya 23 yanvar 2022-ci il tarixdə «postkontuzion sindrom, kəllədaxili travma, travmatik katarakta» diaqnozu ilə İİİ qrup üzrə əlillik dərəcəsi təyin edilmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış sığorta müqaviləsinin tərəflərindən biri olan İddiaçı tərəfindən müqavilənin digər tərəfinə səhhəti, sağlamlıq durumu ilə bağlı yanlış məlumat verilmişdir. Bu səbəbdən, sığortaçı olan cavabdeh "xxxx" ASC tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta ödənişinin verilməsindən imtina edilmiş və bu barədə "xxxx" ASC-yə, eləcə də surəti tanışlıq üçün iddiaçıya göndərilməklə xx.xx.2022-ci il tarixli rəsmi məktub göndərilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-21 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları»nın 5.2.2-ci bəndinə əsasən sığorta müqaviləsi üzrə təminat verilmədiyi hallarda sığorta olunanın hərbi əməliyyatlarda fəal iştirakı nəticəsində baş vermiş hadisə sığorta hadisəsi hesab edilmir. Həmin Qaydaların 6.6-cı bəndinə, eləcə də Mülki Məcəllənin 911.2-ci maddəsinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. İş materiallarından göründüyü kimi, sığorta müqaviləsi bağlanarkən iddiaçı səhhətinin real vəziyyəti barədə özünə məlum olanları doğru şəkildə bildirməli olsa da, sığorta müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ərizə formasını imzalayaraq sığortaçıya ümumi sağlamlıq vəziyyətini poza bilən heç bir xəstəlik keçirmədiyini, əlavə olaraq ərizə formasında əlillik almasına səbəb olan halın olmadığını öz imzası ilə sığortaçıya bəyan etmişdir. Təqdim edilmiş sənədlərlə sübut olunur ki, iddiaçı cavabdehlə müqavilə münasibətlərinə daxil olanadək müvafiq diaqnozla müayinə və müalicə olunmuşdur. Bununla da, iddiaçı sığortalı olaraq özünün səhhəti barəsində sığortaçıya doğru məlumatlar verməməklə, «Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları»nın 9.2.5-ci yarımbəndində göstərilən (sığorta müqaviləsi bağlanarkən sığortalanma haqqında ərizə formasında göstərilən və özünə məlum olan, sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat vermək) vəzifəsini yerinə yetirməmişdir. Halbuki, iddiaçı yalan və yarımçıq məlumat vermənin sığorta ödənişinin imtina üçün əsas olduğu barədə sığortaçı tərəfindən xəbərdar edilmiş, müvafiq ərizə forması ilə tanış olaraq imzalamışdır. Yuxarıda adı çəkilən Qaydaların 18.1.3-cü bəndinə, habelə Mülki Məcəllənin 935.1.6-cı maddəsinə əsasən sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Bundan başqa, «Kredit götürən şəxslər üçün Həyat Sığortası Şəhadətnaməsi»nin 4-cü bəndinə istinadən sığortalıya xəstəlik və ya bədbəxt hadisə nəticəsində İİİ dərəcə əlillik təyin edildiyi halda sığorta ödənişinin həcmi sığorta məbləğinin 10 %-i həcmində, 1.500 manatdan çox olmamaq şərti ilə müəyyən edilmişdir. Yuxarıda qeyd olunduğu kimi, sığortalının sığortaçıya yanlış məlumat verməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsas təşkil edir. Sığorta ödənişinin verilməsindən imtina üçün heç bir əsas olmasaydı belə sığortaçı kimi cəmiyyətin öhdəliyi sığorta şəhadətnaməsinin 4-cü bəndinə istinadən 1.500 manat məbləği ilə məhdudlaşırdı. Təqdim olunmuş sənədlərdən görünür ki, cavabdeh "xxxx" ASC sığortalının Vətən Müharibəsi zamanı göstərdiyi qəhrəmanlıq üçün təşəkkür, mənəvi borcun yerinə yetirilməsi əlaməti olaraq 1.500 manat həcmində güzəştli ödənişin verilməsi barədə qərar qəbul etmiş və həmin vəsait İddiaçı ödənilmişdir. İstənilən halda, Sığortaçı olaraq bu hadisə üzrə cavabdehin ödəyə biləcəyi maksimum məbləğ sığorta şirkəti tərəfindən ödənilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilərkən Qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət edilmişdir. Digər sözlə ifadə etdikdə, «Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları»nın 5.2.2, 6.6, 9.2.5 və 18.1.3-cü bəndlərinə, həmçinin Mülki Məcəllənin 911.2 və 935.1.6-cı maddələrinə uyğun olaraq sığorta ödənişinin verilməsindən imtina üçün qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcuddur. Cavabdeh tərəfindən iddiaçının sığorta müqaviləsi üzrə hər hansı hüququ pozulmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «pul» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «pul» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1348/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1348/2023
11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver